Əbədi sənət üçün
İstedadlı rejissor Məhərrəm Haşımovun
ölümündən 40 il
keçir
O, teatr sənəti tariximizə öz dəst-xətti ilə daxil olmuş sənətkarlardan
biri idi. Məhərrəm Haşımovun
teatrdakı 40 illik fəaliyyəti dövründə
müasir teatr sənəti özünün
həm təşəkkül,
həm yetkinləşmə,
həm də inkişaf dövrlərini
yaşayıb. Bir rejissor kimi o, müxtəlif dövrlərdə,
müxtəlif teatr məkanlarında həm sərt realizm, həm lirik-romantik üslub, həm də fəlsəfi-psixoloji
istiqamətlərlə üz-üzə
gəlib, onların hər birindən nəsə götürüb,
eyni zamanda hər birinə öz dəst-xəttindən
nəsə verib. Beləcə, yaddaşlarda
yorulmaz rejissor, novatorçu sənətkar
kimi qalıb.
Məhərrəm Haşımov
1912-ci il fevralın
2-də Bakıda anadan
olub. O, Moskvada təhsil almış ilk azərbaycanlı rejissorlardan
biri idi. 1936-cı ildə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu
bitirmişdi. Bakıya
döndükdən sonra
gənc rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında işlə
təmin edirlər. Gəncliyin, müasirliyin ruhunu tutmaq istəyən
rejissorun artıq ilk işlərində bu məqsəd özünü
aydın şəkildə
göstərirdi. Sərbəst
fikrə, cəsarətli
ifadə tərzinə
müəyyən qadağalara
baxmayaraq, Məhərrəm
Haşımov Gənc
Tamaşaçılar Teatrında
işlədiyi bir neçə illik zaman kəsimində novatorçu-rejissor kimi özünü tanıtdıra
bildi. O, Şillerin «Qaçaqlar», C.Cabbarlının
«Oqtay» kimi tamaşalarına quruluş
verdi, təzyiqlərlə
üzləşsə də,
öz iş prinsiplərini əsasən
qoruyub saxladı.
M.Haşımovun rejissura işinin ikinci əsas mərhələsi
onun fasilələrlə
20 ildən artıq işlədiyi Azərbaycan
Dövlət Rus Dram Teatrı ilə bağlıdır. Artıq
tanınan, sevilən rejissor bu teatra
ilk dəfə 1948-ci ildə
gəldi, bir müddət burada direktor və baş rejissor kimi fəaliyyət göstərdi. Rus Dram Teatrının səhnəsi
M.Haşımovun rejissorluq
məharətinin hərtərəfli
görünməsi, onun
inkişaf etməsi üçün əsl sənət məkanına
çevrildi. Məhz burada, bu teatrın
səhnəsində onun
rejissurası təkmilləşmiş,
cilalanmış, bədii
və fəlsəfi kamillik mərhələsinə
yetişmişdi.
Məhərrəm Haşımov
Rus Dram Teatrının
səhnəsində İ.Qasımovun
«Xəzər üzərində
şəfəq» (1950), C.Cabbarlının
«Aydın» (1957), M.Y.Lermontovun
«Maskarad» (1959), A.Arbuzovun
«İrkutsk əhvalatı»
(1960), B.Şounun «Milyonçu
qadın» (1966), V.Rozovun
«Ənənəvi toplantı»
(1968), N.Hikmətin «Domokl
qılıncı» (1969) və
onlarla digər tamaşalara quruluş vermişdir.
Lakin Məhərrəm Haşımovun işi təkcə bu iki teatrla bitmir.
Əlbəttə, onun
yaradıcılıq karyerasında
Rus Dram Teatrı müstəsna yer tuturdu, çünki layiq görüldüyü
dövlət mükafatlarının
əksəriyyətini Məhərrəm
Haşımov məhz
bu teatrdakı işlərinə görə
almışdı. Hələ
1951-ci ildə o, və
teatrın bir qrup yaradıcı heyəti SSRİ Dövlət
mükafatına layiq görülmüşdü. Bu mükafat
İmran Qasımovun «Xəzər üzərində
şəfəq» tamaşasına
görə verilmişdi.
…Həyatının sonunda,
1969-cu ildə aldığı
Axundov adına Respublika mükafatı da Məhərrəm Haşımova məhz insanın daxili dünyasına qapı aça bilməsinə görə verilmişdi. Bu
dəfə rejissor mükafata rus, SSRİ və dünya klassikası nümunələri
əsasında hazırladığı
səhnə əsərlərinə
görə layiq görülmüşdü.
M.Haşımov 1951-1956-cı illərdə
Azərbaycan Dövlət
Opera və Balet Teatrında, 1960-1965-ci illərdə
isə «Azərbaycanfilm»
kinostudiyasında direktor
vəzifəsində çalışmışdır.
Maraqlıdır ki, bu iki vəzifənin
arasında qalan illərdə də, kinostudiyadan uzaqlaşdığı
vaxtlarda da o, özünə mərhəm
saydığı Dövlət
Rus Dram Teatrına qayıtmışdı. Bir
şəxsiyyət kimi
onun mütəşəkkilliyi,
çevikliyi iki qaynaqdan - bədii yaradıcılıq imkanlarından
və inzibati-təşkilatçılıq
məharətindən intişar
tapırdı. Onun bütün ömür yolu, gördüyü işlər, əldə etdiyi uğurlar, hətta rastlaşdığı
çətinliklər belə
bunu deməyə əsas verir.
Həyatının son üç
ili yenə də Dövlət Rus Dram Teatrı ilə bağlı olmuşdur. 1966-cı ildə
o, növbəti dəfə
teatra gəldi və baş rejissor kimi «içəridən» tanıdığı
kollektivdə işləməyə
başladı. Onun sənət uğurları
da, sevincləri də, bəzən düçar olduğu uğursuzluqlar da, keçirdiyi mənəvi
sıxıntılar da
buradakı doğma divarlar arasında yaşanmışdı.
Elə bil yaxınlaşmaqda
olan ölümü
hiss etmişdi Məhərrəm
Haşımov. Belə
bir deyim var: insan həyat
bulağının tükəndiyini
hiss edəndə doğma
ocağına qayıtmağa
tələsir. Onun üçün ömrünü
qoyduğu Azərbaycan
Dövlət Rus Dram Teatrından daha isti, daha doğma
ocaq var idimi? Yəqin elə bu hissin
təsirilə də yenidən öz yerinə qayıtmışdı.
Sonuncu mükafatını
da (Axundov mükafatı) elə burada almışdı. Lakin bu zaman
amansız xəstəliyin
fəsadları artıq
özünü göstərməyə
başlamışdı.
Nədənsə bəziləri
M.Haşımovun ömür
yolu, alın yazısında Bəşir
Səfəroğlunun taleyi
ilə bir uyğunluq görürlər.
Yox, sənət uğurlarına görə
yox, bu öz
yerində. Bu uyğunluq
lənətə gəlmiş
xəstəlikdən, onun
gəldiyi zamanın, məkanın, «seçdiyi»
sənətkarların xalq
içərisində sevilməsinin
oxşarlığından, eyniliyindən irəli gəlirdi. Xəyalında
böyük yaradıcılıq
planları quran rejissor, Bəşirlə eyni vaxtda xəstə
yatırdı, eyni günlərdə, eyni şəhərdə müalicə
alırdı. M.Haşımov
daxilən optimist insan
idi, xəstəliyə
qalib gələcəyinə,
yaşayacağına inanırdı.
Ancaq Novruz bayramından iki gün ötməmiş Bəşirin ölüm xəbərini eşitdikdə,
elə bil içində nə isə qırıldı. Qarşıda isə hələ 40 gün vaxtı var idi, düz 40 gün. Bəşirin qırxına qədər...
Məhərrəm Haşımov
cəmi 57 il yaşasa da, teatrımız üçün
çox iş görmüşdür. Onun
səhnədə tətbiq
etdiyi maraqlı üslublar, orijinal rejissura fəaliyyəti bu gün də
öz əhəmiyyətini
saxlamaqdadır. Deyirlər,
sənətkarın işi
yaşayırsa, deməli,
özü də yaşayır. İstedadlı
rejissor Məhərrəm
Haşımovun dəst-xəttini
onun bir çox ardıcılları
yaşadır və inkişaf etdirirlər. Deməli, o ölməyib,
haradasa yenə də bizim yanımızda,
aramızdadır. Çalışıb
onu aramızdan getməyə qoymayaq.
Polad ZEYNALOV,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin İncəsənət
bilikləri şöbəsinin
müdiri
Mədəniyyət.- 2009.- 13 may.- S. 6.