"Ürəkləri fəth
edən bəstəkar
Azərbaycan tar məktəbinin yaranmasında müstəsna
xidmətləri olanlardan biri də Səid Rüstəmovdur. O,
1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur.
Böyüdükcə də qəribə,
anlamadığı sirli bir dünyanın sehri get-gedə onu
özünə çəkirdi. Bu, musiqinin sehri idi.
Balaca Səidin musiqidən əlavə, rəsm çəkməyə
də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə
gedirmiş. Rəssamlıq məktəbi musiqi texnikumu ilə
bir binada yerləşirdi. S.Rustəmovun musiqi istedadı müəllimlərdən
birinin diqqətini cəlb edir. Üzeyir Hacıbəyovun
yanına aparır...
Musiqi məktəbləri
üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən
biri olanda da, ilk “Tar məktəbi” dərs vəsaitini yazanda
da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq
çalğı alətləri orkestrinin bədii rəhbəri
və baş dirijorunun köməkçisi, sonralar isə
orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov
adına klubun Mahnı və Rəqs Ansamblının, Azərbaycan
Dövlət mahnı və rəqs ansamblının rəhbəri
vəzifəsində çalışanda da, öyrətmək
məharəti ilə, tar pedaqoqu kimi nəzərə
çarpmışdır. O, tar və dirijorluq ixtisası
üzrə gənc kadrlarının hazırlanması işinə
də xüsusi diqqət yetirirdi.
S.Rüstəmovun
pedaqoji fəaliyyətinin mühüm bir dövrü
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyası ilə bağlı olub. O vaxt Azərbaycan
musiqisinə Üzeyir bəy rəhbərlik edirdi. Peşəkar
musiqi təhsili təzə-təzə yaranırdı. S.Rüstəmov
tarda yaxşı çalırdı. Bir gün Üzeyir bəy
onun tar çalmağını eşidir. O vaxt xalq
çalğı alətləri üçün not
yazısı yox idi. Üzeyir bəy həm tar, həm də
digər alətlər üçün not yazısını
yaradırdı. S.Rüstəmov özünün musiqi
istedadını Üzeyir bəyin köməyi ilə
canlandırdı.
Çox keçmir ki,
tar məktəbini yaratmaq Səid Rüstəmovun adı ilə
bağlanır. Bu məktəbin bünövrəsi Üzeyir
bəylə birlikdə qoyularaq inkişaf edirdi. S.Rüstəmov
Konservatoriyanın Şərq şöbəsini qurtaran ilk azərbaycanlı
idi. O, Üzeyir bəydən dərs alaraq, Şərqdə I
not tar dərsliyini yazır. Bu dərslik 1935-ci ildə
çap olunur. I nəşr bu günə kimi tar məktəbi
üçün yeganə kitabdır ki, bütün Şərqdə
tar və tara oxşar alətləri həmin kitabdan öyrənirlər.
Bu nəşr Üzeyir bəyin gördüyü işlərin
davamıdır.
Üzeyir bəy Azərbaycan
Xalq Çalğı Alətləri Orkestrini yaratdıqdan
sonra S.Rüstəmov orkestrin konsertmeystri, həm də dirijor
köməkçisi olur. Bir il işlədikdən sonra o,
orkestrdə Üzeyir bəyin köməkçisi vəzifəsini
icra edir. Şərqdə birinci professional not
çalğı alətləri orkestri olan bu musiqi kollektivinin
ifasında dünya və Azərbaycan bəstəkarlarının
klassik əsərləri ifa olunurdu.
1938-ci ildə S. Rüstəmov
Moskvada keçirilən ilk incəsənət dekadasına həmin
orkestrlə gedir. O, "Arşın mal alan" musiqili
komediyasını orkestr üçün
köçürmüşdü. S. Rüstəmov Moskvadan
qayıtdıqdan sonra “Əməkdar incəsənət xadimi”
fəxri adına və ilk dəfə "Şərəf
nişanı" ordeninə layiq görülür.
Təxminən elə o
vaxtlar S. Rüstəmov öz gücünü bəstəkar
kimi də sınaqdan keçirir. Təsadüfən onu dram
teatrına Cəfər Cabbarlının pyeslərindən
birinə musiqi yazmağa dəvət edirlər. İlk
sınaq onun bəstəkarlığında körpü rolunu
oynayır. Tamaşaya yazdığı musiqi bəstəkara məşhurluq
gətirir. İlk tamaşasına yazdığı
"İntizar" mahnısının isə sonra ayrıca həyatı
başlanır. Beləliklə, S.Rüstəmov 20-yə
yaxın tamaşaya musiqi yazır.
Onun ən
tanınmış mahnılarının sırasında “Qurban
adına”, “Alagöz”, “Hardasan” və s. adını çəkmək
olar.
Mahnı
yaradıcılığı da S. Rüstəmova
şan-şöhrət gətirir. Təkcə bəstəkarın
"Anamın laylası" mahnısını xatırlamaq
kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin
olduğunu bilək. "Anamın laylası"nda bəstəkar
bütün hisslərini ifadə edib. Onun
mahnılarının sayı 100-dən çoxdur. S.Rüstəmov
orkestr üçün əsər və pyeslərdən
başqa, komediyalara da musiqi yazırdı. "Beş
manatlıq gəlin", "Durna" və "Rəisin
arvadı" komediyalarına musiqi yazıb. Komediyalara
yazdığı musiqi də ona böyük şöhrət
gətirir.
Səid Rüstəmov
1983-cü ilin iyun ayında, 76 yaşında vəfat
etmişdir.
Turan
Mədəniyyət.- 2009.- 13 may.- S. 5.