Mədəniyyətimizdə elm və təhsil məsələləri
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin Elm və Təhsil Şöbəsi nazirliyin
iş planına uyğun olaraq elm və təhsil mövzusunda
ölkədə, həmçinin beynəlxalq miqyasda tədbirlərin
təşkili, normativ-hüquqi sənədlərin
hazırlanması, elmi-tədqiqat işlərinin
aparılması, nazirliyin tabeliyindəki elm-təhsil müəssisələrinə
metodiki köməklik göstərilməsi istiqamətində
səmərəli fəaliyyət göstərir. Şöbənin
müdiri Yaşar Əliyevlə söhbətmiz bu barədədir.
- Yaşar müəllim,
xahiş edirik, əvvəlcə, şöbənin xətti ilə
elm və təhsil mövzusunda son aylarda keçirilən tədbirlər
barədə oxucularımıza qısa məlumat verəsiniz?
- Maraqlı tədbirlər
çoxdur. Əlbəttə, bunların hamısı
haqqında uzun-uzadı məlumat vermək oxucular üçün
yorucu olardı. Ancaq son aylarda keçirilən bəzi tədbirlər
barədə qısa da olsa danışmağı lazım
bilirəm. Məlumdur ki, hər il ölkəmizdə Novruz
bayramı dövlət səviyyəsində qeyd olunur. Həmin
bayram ərəfəsində bizim təşkil etdiyimiz tədbir
təkcə çalıb-oynamaqla bitmədi, həm də
istedadlı uşaqların üzə çıxmasına
kömək etdi. Belə ki, mart ayının 16-17-də
Bakıda «Novruz-Bahar bayramı» adlı rəsm əsərlərindən
və əl işlərindən ibarət Respublika müsabiqə-sərgisi
keçirildi. Bu tədbirdə ölkənin 35 şəhər
və rayonundan uşaq rəssamlıq və incəsənət
məktəbləri şagirdlərinin 300-ə yaxın rəsm
və əl işləri təqdim olundu. Münsiflər heyətinin
qərarına əsasən 12 iştirakçı nazirliyin
diplom və pul mükafatına layiq görüldü. Hazırda
həmin sərginin kataloqu üzərində yekun işlər
aparılır.
Respublikada zəngin xor mədəniyyətinin
qorunub saxlanılması, inkişaf etdirilməsi, uşaq musiqi
və incəsənət məktəblərində xor fənninin
tədrisinin səviyyəsinin yüksəldilməsi,
xormeysterlərin yaradıcılıq fəaliyyətinin daha da
genişləndirilməsi məqsədi ilə aprel ayında
uşaq xor kollektivlərinin Bakı, Gəncə, Lənkəran,
Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində
VI Respublika müsabiqəsi keçirildi. May ayının 21-də
Bakı şəhərində müsabiqənin yekun tədbiri
keçiriləcəkdir.
Cari ilin aprel ayında
fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf
etdirilməsi, şagirdlərin ifaçılıq səviyyəsinin
yüksəldilməsi məqsədi ilə keçirilən gənc
pianoçuların Respublika müsabiqəsinə yekun vuruldu. May
ayının 16-da Bakı şəhərində
sözügedən müsabiqənin yekun tədbiri keçiriləcəkdir.
Bütün bunlarla yanaşı aprel ayının 21-də
Muzey Mərkəzində nazirliyin təşəbbüsü
ilə keçirilən turizm üzrə təhsil alan tələbələrin
I Beynəlxalq Bakı Konfransı uğurlu yekunlarla başa
çatdı.
Bugünlərdə
Bakıda xalq rəqslərinin təbii, milli ənənələrinin
qorunub saxlanılması və istedadlı gənclərin
aşkar edilməsində böyük rol oynayan uşaq rəqs
kollektivlərinin Respublika baxış-festivalı təşkil
olunmuşdur.
Mingəçevir Turizm
Kollecində turizm fənlərini tədris edən müəllimlər
üçün xarici ölkələrdən dəvət
olunmuş mütəxəssislərin iştirakı ilə təlim-treninqlər
keçirilmişdir.
Onu da qeyd edim ki, Nazirlər
Kabinetinin 2008-ci il 27 avqust tarixli sərəncamı ilə təsdiq
edilmiş «2009-2013-cü illər üçün Azərbaycan
Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq
məktəblərinin fəaliyyətinin
yaxşılaşdırılması üzrə
İnkişaf Proqramı»nın icrası ilə əlaqədar
da müəyyən tədbirlər
reallaşdırmışıq.
Turizm İnstitutunun
maddi-texniki bazasının vəziyyəti, elmi-pedaqoji kadr heyətinin
tərkibi, tədris, tərbiyə prosesinin, elmi-tədqiqat
işlərinn təşkili məsələləri ilə əlaqədar
olaraq bu tədris ocağında müvafiq təhlillər
aparılmış, aidiyyəti təkliflər nəzərdən
keçirilmişdir.
- Bəs xarici ölkələrdə
təşkil olunan tədbirlər haqqında nə deyərdiniz?
- Bu sualla bağlı əvvəlcə,
beynəlxalq əməkdaşlıq barədə qısaca məlumat
verim... İordaniya Haşimilər Krallığının
ölkəmizdəki səfirliyi ilə müvafiq
danışıqlar aparılmışdır. Bu ilin noyabr
ayında «İslamda gözəllik aləmi» adlı Beynəlxalq
elmi konfrans keçirməyi nəzərdə tutmuşuq. Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin xarici
ölkələrlə əməkdaşlıq əlaqələrinin
yaradılması məqsədi ilə Qazaxıstan
Respublikası Elm və Təhsil Nazirliyinin, həmçinin
Belarus Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rəhbərliyi ilə danışıqlar
aparılmışdır. Güman edirəm ki, bu
danışıqların nəticəsi olaraq nəzərdə
tutduğumuz planlar baş tutacaqdır.
Xəbər verildiyi
kimi, bu il mart ayında Moskva şəhərindəki
P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrinin təşkilatçılığı
ilə keçirilən folklor müsiqisindən və Azərbaycan
bəstəkarlarının əsərlərindən ibarət
konsertdə gənc muğam ifaçısı Elməddin
İbrahimov və onu müşayiət edən musiqiçilər
maraqlı konsert proqramı ilə çıxış
etmişlər.
Belarus
Respublikasının Mozir şəhərində gənc
istedadların VI Beynəlxalq Festivalında ölkəmizin gənc
musiqiçiləri müvəffəqiyyətlə
çıxış etmiş, onlar iki birinci yer
qazanmış və müxtəlif diplomlara layiq
görülmüşlər.
Bu il Bakı Xoreoqrafiya Məktəbinin,
uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin
şagird və müəllimlərinin xarici ölkələrdə
keçirilən müsabiqə və festivallarda
iştirakını təmin etmək üçün bir
sıra təşkilati işlər
görülmüşdür.
Dünya ölkələri
ilə mədəni əlaqələrin genişləndirilməsi,
müxtəlif xalqların mədəniyyətləri, adət-ənənələri
ilə yaxından tanışlıq, dostluq münasibətlərinin
yaradılması, uşaq yaradıcılığına
köməklik göstərmək məqsədi ilə
Uşaqların Beynəlxalq Müdafiə Günü - iyunun
1-də Bakı şəhərində «Şərq-Qərb
uşaqların gözü ilə» Beynəlxalq rəsm
müsabiqəsi təşkil ediləcək.
Ölkələrarası
mədəni əlaqələrin möhkəmləndirilməsi,
bədii və estetik zövqün
formalaşdırılması, xoreoqrafiya və rəqs sahələrində
yaradıcılıq nailiyyətlərinin zənginləşdirilməsi,
klassik, xalq, estrada və xoreoqrafiya sahəsində gənc
istedadların üzə çıxarılması
mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə
alaraq ilin son aylarında Bakıda «Sənətçilər
dialoq naminə» layihəsi əsasında «Şərq-Qərb»
Beynəlxalq rəqs festivalı təşkil olunacaq.
Bundan başqa,
qarşıdakı aylarda respublikamızın istedadlı
uşaqlarının Tbilisidə gənc pianoçuların IV
Beynəlxalq müsabiqəsində, Belçikada
Ümumdünya Folklor Festivalında, Moskvada «Moskva
dostlarını qarşılayır» adlı VI Beynəlxalq
Festivalında, Suriyanın Dəməşq şəhərində
gənc pianoçuların müsabiqəsində
iştirakları təmin olunacaqdır.
- Sizin şöbə
elm və təhsil məsələləri ilə əlaqədar
hüquqi-normativ sənədlərin hazırlanmasında da
iştirak edir...
- Bu yaxınlarda
nazirliyimizin sistemində fəaliyyət göstərən tədris
müəssisələrində pedaqoji kadrların işə
qəbulu qaydalarını tərtib etmişik. İndi bu
qaydaların təkmilləşdirilməsi üzərində
iş gedir.
Nazirliyin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzi ilə Rusiya Kulturologiya
İnstitutu arasında əməkdaşlıq sazişinin
layihəsini hazırlamışıq. Orta ixtisas təhsili
üzrə proqramların siyahısı müəyyənləşdirilmiş
və bu sənəd Nazirlər Kabinetinə göndərilmişdir.
- Qabaqcıl müəllim
və istedadlı şagirdlərin təltif edilməsi,
mükafatlandırılması adamda sevinc hissi oyadır...
- Əlbəttə,
müəllimlərimizin və şagirdlərimizin hər
hansı bir müvəffəqiyyəti bizi ürəkdən
sevindirir. Həmin uğurlarda zərrə qədər də
olsa, şöbəmizin köməyini hiss edəndə
böyük qürur hissi keçiririk. Uğurlar isə
göz qabağındadır... Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə
Bakı şəhərindəki L. və M. Rostropoviçlər
adına 21 saylı onbirillik musiqi məktəbinin şagirdi Zəhra
Yusiflinin adı Azərbaycanın gənc istedadlarının
«Qızıl kitab»ına yazılmış və o, respublika
prezidentinin xüsusi aylıq təqaüdünə layiq
görülmüşdür. Ölkə
başçısının sərəncamı ilə
Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin
müəllimi Elmira Abbasova «Əməkdar mədəniyyət
işçisi», Bakı Xoreoqrafiya Məktəbinin direktoru
Neylüfər Kərimova «Əməkdar müəllim» fəxri
adlarına layiq görülmüş, Bakıdakı Qara
Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin müəllimi
Təranə Babayeva isə «Tərəqqi» medalı ilə təltif
olunmuşdur.
Laçın şəhərinin
yaranmasının 85 illik yubileyi ilə əlaqədar rayonun
bir qrup mədəniyyət işçisi Mədəniyyət
və Turizm Nazirliyinin fəxri fərmanına layiq
görülmüşdür. Belə misalların
sayını artırmaq da olar.
...Sonda onu demək istəyirəm
ki, elmimiz və təhsilimiz mədəniyyətimizin yoluna nur
çiləyir. Mədəniyyətimiz elmimizin və təhsilimizin
işığında irəliyə doğru addımlayır,
böyük uğurlar qazanır, dünya mədəniyyətinə
qovuşur, getdikcə daha da zənginləşir və yeni məzmun
kəsb edir.
Müsahibəni yazdı:
Canalı Mirzəliyev
Mədəniyyət.- 2009.- 13 may.- S. 5.