Sumqayıt teatrının uğuru
“Sənət inkişaf etməlidir. Bunu unutmaq olmaz! Mən
mədəniyyətin, o cümlədən teatrın
inkişafı üçün daxili bir məhəbbətlə
çalışmışam və özümdə daxilən
güclü məsuliyyət hiss etmişəm!”
Heydər Əliyev
İlıq bahar fəslinin
başlanğıcında, H.Ərəblinski adına
Sumqayıt Dövlət Musiqili Teatrı, görkəmli
yazıçı-dramaturq, publisist Aqşin Babayevin «Xilaskar» əsərini
Bakı tamaşaçılarına təqdm etdi. Qeyd etmək
lazımdır ki, Sumqayıt teatrı yarandığı 40 il
müddətində tələbkar Bakı tamaşaçıları
qarşısında mütəmadi olaraq çıxış
etmiş, onların rəğbətini qazanmışdır.
A.Babayevin bu əsəri
Sumqayıt teatrında bir neçə il öncə
hazırlansa da, Bakı ictimaiyyətinə ətirli bahar
çiçəkləri kimi bahar günlərində təqdim
olundu.
Tamaşa müasir Azərbaycan
dövlətinin memarı və qurucusu, ümummilli lider və
böyük siyasətçi Heydər Əliyevin
1990-1994-cü illəri əhatə edən gərgin fəaliyyətindən
və Azərbaycanda siyasi şəraitin sabitləşdirilməsindən
bəhs olunur.
A.Babayevin bir
yazıçı-dramaturq kimi bu mövzuya müraciəti etməsi
ona görə diqqətəlayiqdir ki, əsərdə həmişə
əzilən, sərvəti talanan, əsarət və müstəmləkəçilik
taleyi ilə barışmayan bir xalqın mübarizə
tarixini əks etdirmişdir. Müəllif eyni zamanda əsərdə
xalqın ziddiyyətli tarixi mübarizəsini və bu
mübarizənin mərkəzində duran, yeni tarix yaradan,
tarixi şəxsiyyət Heydər Əliyevin fəaliyyətini
olduğu kimi, məharətlə, incəliklə
açıb göstərmişdir.
Bütün zamanlarda
yeni tarix yaradan, böyük işlər və qələbə
üçün doğulan şəxsiyyətlər
haqqında çox əsərlər yazılıb, bu əsərlər
səhnədə və ekranlarda nümayiş etdirilib. Makedoniyalı
İsgəndər, Y.Sezar, Napoleon, Çingizxan, Əmir Teymur,
Stalin və başqaları. Bu gün A.Babayevin bir
yazıçı-vətəndaş kimi xidməti ondadır
ki, öz xalqının keşməkeşli tarixinə və
bu tarixin mərkəzində dünyanın hər yerindən
görünən, nəhəng, siyasi xadim Heydər Əliyev
obrazını ədəbiyyata və səhnəyə gətirmişdir.
Yazıçı o dövrü və o dövrdəki şəxsiyyətləri
olduğu kimi, hadisələri, insanların mövqelərini bədii,
əlvan və poetik boyalarla canlandırır.
Məhz belə bir
mövzuya müraciət etdiyinə görə, Sumqayıt
teatrı alqışa layiqdir. Bu bir həqiqətdir ki, teatr o
zaman canlı və maraqlı olur ki, o, öz tarixini,
xalqının həyatını, torpağını, onun
coğrafiyasını və şəxsiyyətlərini əks
etdirir.
Haşiyə:
Bütün sahələrdə fenomen şəxsiyyət olan
Heydər Əliyev son otuz ildə, istər sovet, istərsə
də müstəqillik və keçid dövründə Azərbaycan
mədəniyyətinə, teatrına böyük diqqət və
qayğı göstərmişdir. Əlbəttə, bu
çox geniş bir mövzunun söhbətidir. Mən bu
yazımda ulu öndərin Sumqayıt teatrı haqqında
fikirlərini xatırlatmaq istəyirəm. H.Əliyevin
Sumqayıt teatrına xüsusi diqqət göstərməsi
nöqtəbə-nöqtəsinə qədər mənim
gözlərim qarşısında baş verib. İstər
Bakıda, Akademik Milli Dram Teatrında Hüseyn Cavidin 100 illik
yubileyində, istərsə də 1982-ci il martın 22-də Nəriman
Həsənzadənin «Bütün Şərq bilsin»
tamaşasında H.Əliyev düz 40 dəqiqə səhnədə
Sumqayıt teatrı haqqında ətraflı söhbət
açdı. Mənim və H.Mehbalıyevanın təklifini
diqqətlə dinlədi, sonra teatra bina tikilməsinə
göstəriş verdi. Sumqayıtın 4-cü, 5-ci və
9-cu mikrorayonları ərazisini özü təyin etdi. Həmin
ərazidə məhz Sumqayıt teatrı üçün
yeni bina tikildi. Bu da bir tarixdir.
...Sumqayıt
teatrında çox maraqlı tamaşalara quruluş
vermiş, teatrın baş rejissoru, respublikanın əməkdar
artisti Firidun Məhərrəmov tamaşaya maraqlı bir forma
tapıb. Rejissor tamaşanın səhnə quruluşunu
teatrın baş rəssamı - əməkdar rəssam
Mübariz Gəncəli ilə birlikdə uğurlu səhnə
tərtibatı ilə həll ediblər. Səhnənin mərkəzində
nəhəng və monumental obrazlı tribuna - xitabət
kürsüsü, tamaşaya bir əzəmət verir, bu
tribuna sanki öz nəhəng və cəsarətli sahibini
gözləyir, sahibinin intizarındadır. Tribuna xalqa - millətə
düzgün yol göstərməklə barəbər,
demokratiya simvolu və öyüd-nəsihət, əxlaq
kürsüsüdür.
Tamaşanın mərkəzində
Heydər Əliyev obrazı durur və bu nəhəng tarixi
şəxsiyyətin obrazını əməkdar artist Namis
Şirməmmədov yaradır. Öncə
tamaşaçıda müəyyən tərəddüdlər
oyanır - görəsən, H.Əliyev kimi dünya
miqyaslı nəhəng bir şəxsiyyətin
obrazını səhnədə yaratmaq mümkün
olacaqmı?!
Obrazın səhnəyə
ilk gəlişi və görünməsi sanki zalı sehrlədi.
Gurultulu alqışlar ətrafa yayıldı... Bu
alqışlar sevincdən doğurdu.
Xalq-tamaşaçı
öz liderini, ölməz rəhbərini ilk dəfə
teatrın səhnəsində aktyor ifasında
alqışlayırdı. Bu əsl sənət qələbəsi idi. Aktyorun
görünüşü, yerişi, duruşu,
baxışı, nitqi, təmkinli, əzəməti və
plastikası - sanki əbədi liderin özü idi. Çox
sevindirici tarixdir ki, Heydər Əliyev kimi görkəmli şəxsiyyətin
obrazı məhz Sumqayıt teatrında yarandı. Bu,
Sumqayıt teatrının böyük qələbəsidir və
Bakı teatrlarına haqlı bir mesajdır. Deməli,
teatr uğurlu yaradıcılıq və axtarış
yolundadır. Xatırladaq ki, bu tamaşadan sonra «Rossiya» filmində
Namis Şirməmmədov ümummilli liderimiz H.Əliyevin
rolunu bir daha canlandırmışdır.
Tamaşadakı konfliktin əsasını
təşkil edən obraz, xanım Şədr
obrazıdır. Bu obrazı yaradan respublikanın əməkdar
artisti Fəranə Musayevadır. Bu tamaşada məhz
xanım Şədr rolunda biz aktrisanı kamil, ustad, sənətin
texnikasına mükəmməl yiyələnmiş bir sənətkar
kimi görürük. Aktrisa səhnədə dinamik və
olduqca təmkinlidir. Onun səhnədə hər
görünüşü, əzəməti, səhnəni
dolduran sehrli aurası tamaşaçıya çox şey
verir. İstər-istəməz tamaşaçı
aktrisanın məharətinə heyran olur və onun cazibəsindən,
sehrindən ayrıla bilmir.
Bu tamaşada Fəranə
Musayevanın sənətkarlığı mənə müqtədir
sənətkarlarımız Hökümə Qurbanovanı,
Şəfiqə Məmmədovanı xatırlatdı. Əgər
sənətçi öz ifası ilə
tamaşaçını məftun edə bilirsə,
tamaşaçı ondan doymursa, gözlərini bir an ondan
çəkə bilmirsə, deməli, sənətkar kamil
ustaddır.
Aparıcılar - İlahə Səfərovanı,
Rauf Ağakişiyev də maraqlı və yaddaqalandırlar. Xüsusən R.Ağakişiyev məndə bu
obrazın elə məhz müəllifin öz obrazı
olduğu təəssüratını yaratdı. Onun şəxsiyyət
kimi öz ideyası - əqidəsi uğrunda axıra qədər
mübarizəsi, inadkarlığı və sonda haqq yolunda qələbəsi
bizdə fərəh hissi oyadır.
Saqqallı Həmzə
sanki cilddən-cildə girən buqələmundur. Əqidəsiz,
ideyasız, məsləki olmayan bu ümumiləşmiş
tipi respublikanın əməkdar artisti Vidadi Məmmədov
çox məharət və ustalıqla yaddaşlara həkk
edir.
Respublikanın əməkdar
artisti Ulduzə Nəsirova, İraməddin Bağırov,
respublikanın xalq artisti Məzahir Süleymanov və Svetlana Həkimova
da yaddaqalan obrazları ilə seçilirlər.
Tamaşada tarixi
anları bir daha bizə xatırladanlar, maraqlı konflikt və
hadisə yaradıcıları cənab deputatlardır. Onların hər birinin öz
mövqeyində haqlı olması, tamaşaya maraq və
dinamika gətirir. Tamaşada olan hadisələri sanki müəllif
dəqiqliklə stenoqramdan götürüb, rejissor isə bu
hadisələri cilalayıb, səhnə həllini tapıb və
onu daha da baxımlı edib.
Onu da qeyd edim ki, bəzi
obrazların fiziki görünüşü bizdə
çaşqınlıq və tərəddüd yaradır. Mən bəzi əlahəzrət
aktyorların və rejisorun nəzərinə bir daha
çatdırıram ki, karikatura, şərtilik, simvolika
öz yerində, fəqət teatrda hər şey aydın
olmalıdır, teatr tapmaca deyil, tapmacanı açandır.
Teatr görünməyəni - görünən edən,
güzgü və sənət məbədidir.
Rejissor və teatr necə
ümummilli lider Heydər Əliyevin aktyor seçimini dəqiq
və düzgün, portretini olduğu kimi tapıbsa, deputatlar
da qrim və parikdən dəqiq istifadə etməli idi. Obrazı
oynanılan şəxsiyyətlər bizim
yaddaşımızdadır, onlar tarixi insanlar və bizim
ünsiyyətdə olduğumuz adamlardır.
Onu deyim ki, tamaşa
küll halında bitkindir, formaca maraqlıdır, oynaq
plastikaya, dinamikaya malikdir.
Finalda xalqı öz ətrafında
birləşdirib böyük qələbələr və əbədi
dövlətçilik ideyalarına qovuşduran dahi rəhbərimizin
Qələbə təntənəsi zalı ayağa
qaldırır və bizi işıqlı sabaha səsləyir.
Əli Nur,
Respublikanın əməkdar
artisti
Mədəniyyət.- 2009.- 13 may.- S. 3.