Modern kinomuzun
qaranquşu - «Yaramaz»
- 20
Kinorejissor Vaqif
Mustafayevin quruluş verdiyi «Yaramaz» filmində (ssenari müəllifi
Ramiz Fətəliyev, Vaqif Mustafayev. 1988-ci il) boşanan
qadın cer-cehizini qaytarır. Bunların fonunda özəlliklərini
vəsf etdiyi əri Hətəmin (Mamuka Kikaleyşvili)
ayaqyolunun qapısı üzərinə vurduğu
(çırmanıb çiş edən oğlan
uşağı təsvir olunan mis lövhəni də qoparmaq
istəyən ataya (Əli Musayev) mane olması
audiovizuallığı artırır. Hamı
çıxıb getdikdən sonra gizləndiyi şkafdan əlindəki
kiçik yolkayla çıxan uzun tumanlı Hətəmin
oyuncaq çıl-çıraq yandırıb, fit verərək
kibrit qutularından düzəltdiyi qatarı döşəmədə
«sürməsi», televiziya ekranındakı informasiya
materialının təsiri ilə mənzilindəki əşyaları
italiyalılarsayağı bayıra atması, hadisələri
komediya istiqamətinə yönəldir. Həyətdəki
tonqal başında gördüyü İradənin (Larisa
Boradina) yeni ilini, əlindəki yanar
çıl-çırağı bağışlamaqla təbrik
edən Hətəmin səhərlər mindiyi metronu
ölümə bənzətdiyini dediyi psixoloqla zarafatlaşması,
işə çatarkən rəqs etməsi komizmi davam etdirir.
Axşam qonşu Maşallahın (Yaşar Nuriyev)
avtomaşının qapısını açması ilə
onun atası yıxılır. Nəvəsinə qızıl
əsgər papağı bağışlasa da, onu qovan baba
Nikolayı öldürdüyünü danışır. İlk
dəfə rastlaşdığı Hətəmin
yaxşı və təmiz adam olduğuna görə çətinliklərlə
üzləşəcəyini bildirən Mirzə babanın
(Ağahüseyn Kərimov) mənzili genişləndirmək
naminə kənddən gətirilməsinin üzə
çıxması mozaik struktur yaradır.
Diqqət yetirək,
çalışdığı limonad zavodunun laboratoriyasının
işçiləri bir-birlərinə arxa çevirdiklərinə
görə üzr istəyirlər. İşçilərin ələ
saldıqları Hətəmin təklifilə yanında
gülünc vəziyyətə salındığı
direktorun (Hamlet Xanızadə) limonadın tərkibini
saxtalaşdıranları yaramaz adlandıraraq kabinetdən
qovması reallığı postmodernizmə xas
parçalanmış güzgü estetikasında yaradır.
Hətəm kinoteatrdan
çıxarkən yanındakı İradənin siqaret
çəkməsinə heyrətlənir. Onun əlilə
küçədəki oğlanlara döydürülməsi,
doqquz uşaq və bir maaşla dolanan mühəndisin tikintidən
oğurluq edərkən Mirzə babanın hay salması ilə
durdurulması filmin estetikasını davam etdirir.
Fabrikdə çəkiliş
aparan televiziyonçulara müsahibə verərkən filmin qəhrəmanı
Hətəm yenidənqurmanın getmədiyini deyib, direktorun
(Hamlet Xanızadə) üzdə rəğbətini qazanmaqla
boynuna demokratiyanı inkişaf etdirmək missiyası qoyulub.
Digər tərəfdən,
yerli komitənin qərarı ilə işdən qovulan Hətəmin
yenidən evdə kibrit qutusundan düzəltdiyi qatarı
sürməsi informasiyanın fasiləsizliyini təmin etməklə,
postmodernizmə sədaqəti qoruyur.
Ürək dərmanı
qəbul edib demokratiyanın onu cana gətirdiyini bildirən
direktorla, küçədə siqaret çəkən
uşağın çağırtdırdığı balaca
qızın atası tərəfindən döyülən Hətəm
gülüş obyektinə çevrilməklə janr təyinatını
qoruyur.
Zarafatla yoldan keçən
oğlanın arxa cibinə qoyduğu 1000 manatı əldən
çıxır. Dərisindən pul qabı düzəldilən
timsaha acıyır. Nəhayət, Mirzə babanın
ölümündə Hətəm günahkar sayılaraq mənzilinin
açarları əlindən alınır. Hətəmin vəziyyətinin
çıxılmazlığı acı gülüş
doğurur.
Mərhumun Hətəmi
yanına çağıraraq, Maşallahın mənzillə
bağlı planını yarımçıq qoyduğuna
heyifsilənməsi, tezliklə bu mərasimə gələcək
miləmil paltolu kəs haqqında fikrinin tamamlanmaması hadisələrə
fantasmaqorik çalar verir və siqaret çəkməklə
fasiləyə çıxan ağıçı (ağı
deyən) qadının həvəslə yenidən dil-dil
ötməsi komizmi davam etdirir.
Mirzə babanın
söylədiyi kimi, matəm mərasiminə gələn Qəzənfər
Mamedoviç (Həsənağa Turabov) ayaqyolunun
qapısına vurulmuş mis lövhədəki
çırmanmış oğlan uşağına nəzər
salır. Bundan sonra o, Hətəmi fabrik direktoru vəzəfəsinə
təyin edir. Bu situasiya da əşyaya dramaturji status verməklə,
hadisələri də gözlənilməz istiqamətə
yönəldir. Əhvalı yüksələn və çəkici
alaraq mis lövhədə fiqur döyən Hətəmin
mövzu fantaziyasında öz uşaqlığı ilə
rastlaşması, artıq, fantasmaqoriyanı üsluba
çevirə bilir.
Hətəm ayaqyolu
lövhələri istehsalını basmaqəlib üsulu ilə
artırmaqla, nazir Bəşir Quliyevin (Hüseyn Muradov)
özünün də fabrikə marağını
artırır. Kabinetindəki iclasda masanın altına
düşən gələmi axtararkən gələcək
katibəsinin ayağına vurulur. Maşallah isə
uşaqlarının əhatəsindəki hamilə
arvadını göstərib, tezliklə qonşuların mənzillərini
ələ kecirəcəyini deməklə,
yırtıcılığın simvoluna çevrilir. Nazir
sürücüsü işıqforlara məhəl qoymadığına
həsəd aparır. Bütün bunlar komizmi artırmaqda
davam edir.
Hətəm
sürücüsünə 100 manat verir. Bildirir ki, əgər
vəzifədə qalsa, ona 1000 manat verəcək. Möhtəşəm
kabinetində dibçək güllərinə su verən,
boy-buxunlu köməkçinin (Rasim Balayev) gətirdiyi su ilə
qarqara edib siniyə tüpürən cılız, xırdaboy
nazir Bəşir Quliyevdən xeyir-dua alması, təbrikləri
paravoz kimi şütüyə-şütüyə qəbul
etməsi Qəzənfər Mamedovicin itaətindən
çıxması fərqli personajları standart münasibətlərdən
çıxarmaqla bu epizodu da postmodernist ruhda həll edir.
İndi o,
sürücüsünə ayda 1000 manat verir. Maşınla
gedərkən yolüstü vaxtilə onu ələ salan
yeniyetməni döyür və şahidi rüşvətlə
ələ alır. Timsah dərisindən hazırlanmış
pul qabını alıb sevgilisi İradəyə
bağışlayarkən indi insanlara yazığı gəldiyini
söyləyir. Bununla belə, fabriki istehsalat birliyinə
çevirərək müavin yerinə Qəzənfər
Mamedoviçi deyil, təzə köynəyinə mürəkkəb
ləkəsi salmaqla susdura bildiyi Hacını (Hacı
İsmayılov) təyin edən Hətəm də, həbs
edilmiş, amma türmədə xan kefində yaşayaraq
hakimyətini davam etdirən Bəşir Quliyeviç də
hadisələri yeni kontekstdə inkişaf etdirir.
Filmdə
qonşuların mənzillərini zəbt edərək
oğluna sünnət toyu edən Maşallahın məclisinə
gələn, artıq söz sahibi olan Qəzənfər
Mamedovicin qarşısında Hətəm «Mən əclafam!»
deyib rəqs edir. Rüşvət götürməyən
müfəttişə bütün qazandıqlarını
verir. Sevdiyi İradəni zorla soyundurub özünə tabe
etdirdiyi məqamda komsomol katibinin burnundan qan
açılması kinomuzun ilk erotik kadrlarından birini
köhnə ideologiyanın iflası kontekstində təqdim
etməklə epizoda bədii dəyər qazandırır.
Diqqət edək, Hətəm
baş verənlərdən bezərək, özünü
asmaq istəyir. Hətəmin o dünyada
rastlaşdığı Mirzə babadan milmil köynəkli
adama yaxınlaşmaq yox, uzaqlaşmaq gərək olduğunu
eşidir. Onun özünü cəhənnəmə
atması yuxu kimi təqdim olunduqdan sonra tavanı deşib
çıxan Maşallahla rastlaşması məkanı
struktura qoşur.
Eskalatorla metronun dərinliklərinə
enən Hətəmin qatarda akkardeon çalıb oxuyan erməni
müğənnisi Boka ilə rastlaşması və qır
qazanından uzaqlaşıb məscidə tərəf gedərkən
həlak olması filmi finala çatdırır.
Aydın Dadaşov,
Professor
Mədəniyyət.- 2009.- 15 may.- S. 8.