Ali mükafatın
3 sahibi
Azərbaycan dövlətinin siyasətində ölkənin
ictimai-siyasi həyatında, mədəni inkişafında,
quruculuq sahəsində xalqa xidməti ilə fərqlənənlərin
əməyinin qiymətləndirilməsi xüsusi yer tutur. Onlar
haqlı olaraq dövlətin təsis etdiyi müxtəlif adlar
və mükafatlarla təltif edilir. Bu, məhz cəmiyyətimizin
inkişafında müstəsna rolu olan şəxslərə
verilən tarixi qiymət olmaqla yanaşı, həm də
dövlətin onlara qayğısıdır. Sözsüz ki,
hər bir təltifin öz yeri, öz çəkisi və
öz sevinci var. Lakin mayın 10-u “Buta” sarayında ilk dəfə
olaraq təqdim edilən Heydər Əliyev
mükafatının bu təltiflər içində ali yeri
vardır. Mükafat ümummilli liderin adını
daşımaqla bərabər, həm də onun doğum
tarixində-mayın 10-da təqdim edilirdi. Bir daha qeyd edək
ki, 2004-cü ildə təsis edilmiş Heydər Əliyev
mükafatı ilk dəfə təqdim olunurdu və təqdimetmə
mərasimində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev də iştirak edirdi. Heydər Əliyev
Mükafatı Komissiyası mukafata layiq görülənlərin
yaradıcılıq yolunu və fəaliyyətini
araşdıraraq 2009-cu il 5 may tarixli iclasında qəbul etdiyi
qərarla Azərbaycan Respublikasının Prezidentinə
müvafiq sərəncam vermək üçün 3 namizəd
təqdim etmişdir. Mərasimdə prezident İlham Əliyev
çıxış edərək mükafatları namizədlərə
təqdim etdi.
İlk büstün memarı
Heydər Əliyev incəsənət
xadimləri ilə xüsusi münasibət saxlayırdı. Yəqin
bu onun daxili aləmi ilə bağlı idi. O, uşaqkən rəssamlığa,
sonralarsa memarlığa maraq göstərib. Heydər Əliyevin
Naxçıvandakı ilk büstünün heykəltəraşı
isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru,
məşhur heykəltəraş Ömər Eldarov
olmuşdur.
Milli liderimiz Heydər Əliyev
ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı
adına layiq görüləndə Mərkəzi Komitədən
gələn tapşırığa əsasən onun
büstü hazırlanmalı idi. Ulu öndərin heykəltəraş
Ömər Eldarovla tanışlığı da bundan sonra
yaranıb Heykəltəraş həmən dövrü belə
xatırlayır: «İlk dəfə Heydər Əliyevlə
Bakıda - Kamran Bağırovun otağında
görüşdük. O fikirləşib belə qərar
vermişdi ki, büstü mən hazırlamalıyam. Elə səhərisi
gün emalatxanama gəldi və ilk natura seansı oldu. O vaxt bu
təcrübədən təkcə Heydər Əliyev istifadə
etmirdi. Bilmirəm, həyəcanlı olduğumdan idi, ya nə,
etüd alınmadı. Biz təkrarən Moskvada
görüşdük». Naturadan hazırlanan bu büst
Naxçıvanda qoyulur. Ömər Eldarov deyir ki, Heydər Əliyev
incəsənət xadimləri ilə qeyri-formal tanış
idi. Yəqin, bu, onun daxili aləmi ilə bağlı idi. Onu
da qeyd edək ki, milli liderimiz Heydər Əliyevin Fəxri
Xiyabandakı memorial abidə kompleksi də Ömər Eldarovun
əsəridir.
Ömər Eldarov 1927-ci
ildə Dağıstan Muxtar Respublikasının Dərbənd
şəhərində anadan olub. Azərbaycan Rəssamlıq
Məktəbinin heykəltəraşlıq bölməsini
qurtardıqdan sonra o, peşə biliyini artırmaq məqsədilə
Leninqraddakı İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutunun heykəltəraşlıq
fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən
etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif
respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin
iştirakçısı olub. Sənətkarın
yaratdığı heykəllər dünyanın bir çox
muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər
sırasında şairə Natəvanın, şair Məhəmməd
Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın
görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın,
professor İhsan Doğramacının heykəlləri,
prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun,
rəssam Səttar Bəhlulzadənin, yazıçı
Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və
başqalarının qəbirüstü abidələrini
göstərmək olar. Eyni zamanda, sənətkar bir sıra
kamera xarakterli, kiçikhəcmli əsərlərin müəllifidir.Yaradıcılıqla
yanaşı, Ömər Eldarov həm də Azərbaycanın
ictimai və mədəni həyatının fəal
iştirakçısıdır. 1958-1968-ci illərdə o, Rəssamlar
İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci
ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq
üzrə Bakıdakı yaradıcılıq
emalatxanasının rəhbəri təyin edilib. Prezident
İlham Əliyev Azərbaycan təsviri sənətinin
inkişafındakı xüsusi xidmətlərinə görə
heykəltəraş, xalq rəssamı Ömər Eldarova Heydər
Əliyev mükafatını təqdim etdi. Qocaman heykəltəraş
onun sənətinə verilən bu yüksək qiyməti həyəcansız
qeyd edə bilmədi:
- Əziz dostlar! «Mən
xoşbəxtəm» desəm, bu, heç nə deməmək
kimi olar. Mən həyəcanlıyam, ona görə də,
danışığım səlis olmayacaq. Bu mükafatı
almaq mənim üçün çox böyük fərəhdir.
Bu, respublikamızda mövcud olan ən yüksək
mükafatdır. Bu mükafatı almaq məni ona görə
xüsusilə sevindirir ki, o, dövlətimizin banisi Heydər Əliyevin
adını daşıyır. Heydər Əliyev bu gün
çiçəklənən dövlətin iqtisadi və
başqa əsaslarını uzun illər boyu
yaratmışdır. Obrazlı şəkildə desək,
indi Azərbaycan dünyada kiçik, lakin ən parlaq və ən
dinamik inkişaf edən ölkədir! Çox sağ olun!
Fəaliyyətin başqa adı: “Xoş niyyət”
Prezident İlham Əliyev
Heydər Əliyev Mükafatını Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında səmərəli
fəaliyyətinə görə Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi.
“Son beş il ərzində
Heydər Əliyev Fondu, sözün əsl mənasında,
ümumxalq fondu olmuşdur. Bu Fondun xətti ilə aparılan
işlər, görülən tədbirlər, irəli
sürülmüş təşəbbüslər göz
qabağındadır. İstər təhsil, istər səhiyyə
sahəsində, mədəniyyət sahəsində, mənəvi
irsimizin qorunması işində, Azərbaycanın dünya
birliyində təbliğ edilməsi işində, Azərbaycanın
olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin geniş mənada
dünya birliyinə düzgün şəkildə
çatdırılması işində Heydər Əliyev
Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm.
Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər
iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən
sahədə istənilən məsələ həll oluna bilər.
Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir
sözlə xarakterizə etmək mümkündürsə, mən
“Xoş niyyət” deyərdim”.
Qeyd edək ki, Mehriban Əliyeva
1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı
ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri
23 saylı orta məktəbi qızıl medalla bitirərək
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olmuşdur. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva
Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə
bitirmişdir. Fəlsəfə elmləri namizədidir. 1
monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin
müəllifidir. 1988-1995-ci illərdə Moskva şəhərində
Dövlət Təhlükəsizliyi Elmi Tədqiqat
İnstitutunun poliklinikasında həkim-oftalmoloq vəzifəsində
çalışmışdır. 1995-ci ildə «Azərbaycan
Mədəniyyətinin Dostları» Xeyriyyə Fondunu
yaradıb, ona başçılıq edib.1996-cı ildə Azərbaycan,
ingilis və rus dilində çap olunan «Azərbaycan İrs» mədəniyyət
və tarix jurnalını təsis edib və onun redaktoru olub. 2002-ci
ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilib. Bu sahədə onun fəaliyyəti
Beynəlxalq Gimnastika Federasiyasının 2005-ci ilin Dünya bədii
gimnastika yarışının Azərbaycanda keçirilməsi
qərarıyla nəticələnib. 2004-cü ildə o, Heydər
Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis
edib. Həmin ildə M.Əliyeva folklor və musiqi ənənələrini
təbliğ etdiyinə görə «YUNESKO-nun xoşməramlı
səfiri» adına layiq görülməklə yanaşı,
Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə,
2004-cü il dekabrın 28-də isə Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində
MOK-un İcraiyyə Komitəsinə üzv
seçilmişdir. 2004-cü ildən Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci
ildə keçirilən sorğunun nəticəsinə əsasən
o, «İlin qadını» tituluna layiq görülüb. Həmçinin
o, «Yüzilliyin mesenatları» Beynəlxalq Xeyriyyə Fondu tərəfindən
təltif edilən «Yaqut Xaç» ordeninin ilk qadın
kavaleridir. İslam ölkələrinin elm, təhsil və mədəniyyət
təşkilatının - «İSESKO-nun xoşməramlı səfiri»
adına layiq görülüb. İndi onun fəaliyyətinə
görə aldığı mükafatlar sırasına ali bir
mükafat da əlavə edildi- Heydər Əliyev
mükafatı. Bu sözlər isə elə
mükafatçının özünə aiddir. Vətənimizə
ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər
Əliyev mükafatı ilə təltif olunmaq mənim
üçün ən böyük şərəfdir.”
8-ci simfoniyanın müəllifi
Dövlətimizin
başçısı ölkəmizin musiqi mədəniyyətinin
inkişafındakı xüsusi xidmətlərinə görə
bəstəkar, xalq artisti Arif Məlikova da Heydər Əliyev
mükafatını təqdim etdi. Hələ bəstəkarın
75 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan
Respublikası Prezidentinin sərəncamında deyilirdi.
“Arif Məlikov
yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin
parlaq səhifələrindəndir. Onun balet və
simfoniyaları, kinofilmlərə və dram tamaşalarına
musiqiləri, habelə müxtəlif janrlarda
yaratdığı digər əsərləri milli musiqi xəzinəmizin
ayrılmaz hissəsini təşkil edir”.
SSRİ xalq artisti,
Dövlət mükafatı laureatı, əməkdar incəsənət
xadimi, Azərbaycan Respublikasının xalq artisti, professor, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü Arif Məlikov
1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. 1958-ci ildə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasını bəstəkarlıq sinfi üzrə
bitirmişdir. “Məhəbbət əfsanəsi”, "İki
nəfər", "Bu torpaqda iki qəlb dastanı"
baletlərinin, səkkiz simfoniya, və simfonik poemaların,
Kamera instrumental, Xalq Çalğı Alətləri Orkestri
üçün əsərlərin və Nazim Hikmətin
sözlərinə 2 vokal silsilənın müəllifidir. O,
həmçinin bir çox teatr tamaşalarına və
kinofilmlərə musiqi bəstələmişdir. Hər zaman
“Mən xoşbəxt sənətkaram ki, Azərbaycanı
öz əsərlərimlə bütün dünyada sevdirirəm”
- deyən Arif Məlikov ali mükafata təqdim edilərkən
öz ürək sözlərini belə bildirdi.
“Xatirəsini
böyük ehtiramla yad etdiyimiz dahi şəxsiyyətin
qarşısında baş əyirəm və onun surəti həkk
olunan bu nişanı həmişə fərəhli günlərdə
fəxrlə döşümdə aparacağam. Mən Heydər
Əliyevlə uzun illər ünsiyyətdə olmuşam və
bu ünsiyyətin nəticəsində borc bildim ki, bir
neçə il üzərində işlədiyim “Səkkizinci
simfoniya”nı ona həsr edim. Bu yaxınlarda Prezidentin sərəncamı
ilə mənim yubiley günlərimi keçirəndə ilk
gecədə “Səkkizinci simfoniya” səsləndi. “Yeddinci
simfoniya” İhsan Doğramacıya həsr olunmuşdu. İki
simfoniya birlikdə səsləndi. Mən bununla fəxr edirəm.
İndi o, CD və DVD formasında buraxılıb. İnanıram
ki, onun dinləyiciləri bundan sonra da artacaq. Sizə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Çox sağ olun”.
P.S. “Mədəniyyət”
qəzetinin kollektivi də Heydər Əliyev mükafatına
layiq görülmüş şəxsləri təbrik edir və
onların sevincini bölüşür. Bildiririk ki,
mükafatçılar haqqında geniş yazıları
qarşıdakı saylarımızda diqqətinizə
çatdıracağıq.
Sabutay NAĞIYEV
Mədəniyyət.- 2009.- 15 may.- S. 3.