Azərbaycan kinosunun Rəsul Rza erası
Azərbaycanda kinonun bünövrəsi XIX əsrin
sonlarından qoyulsa da, kinematoqrafiyamız ardıcıl fəaliyyətə
1920-ci illərin əvvəllərində başladı. İlk
olaraq Azərbaycan Foto-Kino İdarəsi yaradıldı.
Sonralar həmin idarənin tərkibində fəaliyyət
göstərmiş müxtəlif tədris studiyaları milli
kinomuzun inkişafında böyük rol oynadı. Müxtəlif
sənətkarlar bu studiyalarda aktyor sənətindən, ssenari
yaradıcılığından, kino texnikasından dərs
verirdilər. Bir müddət sonra Bakıda indiki «Azərbaycanfilm»
kinostudiyasının sələfi olan «Azərfilm» fəaliyyətə
başladı. Şəmsəddin Abbasov, Rəsul Rza, Mehdi
Hüseyn, Sabit Rəhman, Adil İsgəndərov və
başqa tanınmış şəxslər müxtəlif
vaxtlarda kinostudiyaya rəhbərlik etmişlər. Kinostudiyaya rəhbərlik
etmiş hər bir şəxs özünəməxsus tərzdə
milli kinonun inkişafı üçün işlər
görüb. Qeyd edək ki, kinostudiyanın adı da müxtəlif
illərdə dəyişmişdir. Günümüzə
C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası adı ilə
gəlib çatıb.
Mayın 19-u
1942-44-cü illərdə «Bakı» kinostudiyasına rəhərlik
etmiş mərhum şairimiz Rəsul Rzanın doğum
günü idi. R.Rza haqında yetərincə məqələlər,
kitablar, yaradıcılığına dair monoqrafiyalar
yazılıb. Bu baxımdan onun ədəbiyyat sahəsində
gördüyü işləri yenidən yada salmağa
lüzum görmürük.
Kino tariximizi tədqiq edən
Aydın Kazımov yazır: «R.Rza «Bakı»
kinostudiyasını təhvil götürəndə ən
primitiv üsullarla işləyən kinofabrikin təkcə bir
film çəkiliş pavilyonu, əllə işləyən,
həftədə beş gün təmirə dayanan
aşkarlama laboratoriyası, bir yük maşını,
iki-üç filmçəkmə aparatı, «Nuhdan qalma»
dörd-beş proyektoru var idi».
Rəsul Rzanın rəhbərliyi
dövründə və müharibədən sonrakı illərdə
Bakı kinostudiyasında «Bəxtiyar», «Sovqat», «Vətən
oğlu», «Bir ailə», «Sualtı qayıq «T-9» bədii filmləri
və bütün dünyaya səs salan «Arşın mal alan»
(1945) kinokomediyası çəkilmişdir. Bundan başqa «Fətəli
xan», «Bakının işıqları» və s. tammetrajlı bədii
və sənədli filmlər çəkilmişdir.
II Dünya müharibəsi
illərində «Bakı» kinostudiyası plyonka və kameraların
çatışmadığı bir vaxtda xalqı səfərbərliyə
çağıran sənədli və qısametrajlı bədii
filmlərin istehsalına üstünlük verirdi.
Maraqlıdır ki,
müharibədən çıxmış br dövlət
(SSRİ) birdən-birə «Arşın mal alan» filminin çəkilişlərinə
başlayır. Bundan başqa Fətəli xan haqqında
çəkilən tammetrajlı filmi də yüksək qiymətləndirirlər.
Doğrudur, filmdə texniki çatışmazlıqlar və
o dövrün pafosu həddən ziyadə nəzərə
çarpır. Texniki çatışmazlıqar içərisində
boğulan o dövrün kinostudiyası R.Rzanın rəhbərliyi
altında müəyyən uğurlar əldə etdi. Ən
azından «Arşın mal alan» filminin onun rəhbərliyi
dövründə çəkilməsi deyilənləri bir
daha sübut edir. Yaddan çıxarmayaq ki, «Arşın mal
alan» filmi Moskvada məşhur kinomanlar tərəfindən
müzakirə edilərkən böyük ajiotaj
yaratmışdı.
Rəsul İbrahim
oğlu Rzayev (1910-1981) 1934-37-ci illərdə Moskvada
Ümumittifaq Dövlət Kinematoqrafçılar
İttifaqında təhsil almış, fasilələrlə
10 il ərzində kino sahəsində müxtəlif vəzifələrdə
işləyib. 1937-38-ci illərdə kinostudiyanın ssenari
şöbəsinin rəisi, 1942-44-cü illərdə
direktoru, 1944-46-cı illərdə Kinematoqrafiya İdarəsinin
rəisi, 1946-49-cu illərdə Azərbaycan kinematoqrafiya naziri
olmuşdur.
A.Kazımov yazır:
«...Rəsul Rza kinematoqrafiya sahəsində, ilk növbədə,
ssenari yoxluğunun aradan qaldırılması və ssenarilərin
keyfiyyətlə hazırlanıb istehsala buraxılmasında,
müharibədən sonrakı film qıtlığı
dövründə kino istehsalının qaydaya
salınmasında, kinostudiyanın maddi-texniki bazasının
möhkəmləndirilməsində böyük zəhmət
çəkmişdir. Ən əsası isə çəkilən
filmlərin Azərbaycan həyatı, məişəti və
tarixi ilə bağlılığına, sənət
baxımından yüksək keyfiyyətli olmasına
xüsusi diqqət yetirmiş, bu sahədə bir sıra
konkret işlər görmüşdür».
R.Rzanın film
yaradıcılığı da diqqəti cəlb edir. O, ilk əvvəl
filmlərdəki musiqilərə söz, sonralar isə bir
neçə ssenari («Ordenli Azərbaycan» - R.Təhmasiblə
birlikdə, «Qızıl üzük» və s.)
yazmışdır. O, ssenari şöbəsinin müdiri vəzifəsində
işlədiyi illərdə «Dəcəl dəstə»
uşaq bədii, «Bakılılar» və «Kəndlilər»
tarixi-inqilabi, müasir mövzuda «Hazır ol!» və «Yeni
horizont» bədii filmləri çəkilmişdir. 1946-cı
ildə onun sədrliyi ilə neft mövzusunda ədəbi
ssenarilərin respublika müsabiqəsi keçirilmişdir. Eyni
zamanda diktor mətnlərinin və Azərbaycan kinosu məcmuələrinin
hazırlanmasında əlindən gələn köməyi əsirgəməmişdir.
Onun kinematoqrafiya naziri
olduğu illərdə «28 Aprel» kinoteatrı inşa
edilmişdir. Şəxsən onun təşəbbüsü
ilə bir sıra kinoteatrların adları dəyişdirilmişdir:
«Krasnıy Vostok» - «Azərbaycan», «Bakkomuna» - «Bakı»,
«Xudojestvennıy» - «Nizami», «Proletariy» - «Vətən», «Spartak» -
«Araz» adlandırılmışdır.
R.Rzanın adı həmişə
kinematoqrafiya sahəsində çalışan insanlar tərəfindən
hörmətlə yad edilir.
Aytək
Mədəniyyət.- 2009.- 20 may.- S. 10.