Uşaq nəşrləri
kommersiya deyil
«Beşik» nəşriyyatının direktoru Nərgiz
Cabbarlı: «Biz uşaqların
dünyagörüşünün formalaşmasında
iştirak etdiyimizin məsuliyyətini hər an hiss edirik»
Heç kimə sirr deyil ki, uzun müddət idi Azərbaycanda
uşaq nəşrləri sahəsində boşluq əmələ
gəlmişdi. Əlifba dəyişmişdi, birinci sinfə
gedən uşaq latın qrafikasını öyrənirdi, amma
bu qrafikada oxumaq üçün dərslikdən əlavə
heç nə yox idi. Uşaqların öz milli ədəbiyyatından,
milli folklorundan, dünya uşaq ədəbiyyatından xəbəri
olmurdu. Bir neçə il bundan qabaq Azərbaycan Prezidenti
İlham Əliyev latın qrafikası ilə kitabların
çap olunması barədə xüsusi sərəncam
imzaladı. İndi artıq rəngarəng dizaynı,
maraqlı və zəngin mətnləri ilə diqqəti cəlb
edən uşaq nəşrləri yaranmış boşluğu
doldurmaqdadır. Uşaq nəşriyyatları sırasına
yeni qoşulmasına baxmayaraq, keyfiyyətli uşaq ədəbiyyatı
nümunələri ilə maraq kəsb edən «Beşik» nəşriyyatı
da artıq kifayət qədər tanınır. Fəaliyyətə
«Mən və mənim dünyam» adlı geniş layihənin
icrası ilə başlayan nəşriyyat uşaqların tərbiyəsində,
milli ruhda böyüməsində, vətənpərvər
insan kimi yetişməsində yaxından iştirak edir. «Tariximizi,
milli-mənəvi dəyərlərimizi əks etdirən bu nəşrləri
dünya arenasına çıxarmaq arzusundayıq»-deyən nəşriyyatın
direktoru Nərgiz Cabbarlı ilə bir yaşlı «Beşik»in
həyata keçirdiyi layihələr və gələcək
planları haqda danışdıq.
- Nərgiz xanım, rəhbərlik
etdiyiniz nəşriyyat uşaqların latın qrafikasında
məktəbdənkənar oxuyacağı kitabların nəşri
ilə məşğuldur. Necə
düşünürsünüz, uşaqların belə nəşrlərə
maraqları getdikcə artır, yoxsa azalır?
- Deməzdim ki, bu maraq
bizim arzuladığımız səviyyədədir. Marağı
adətən kitab-satış sərgilərində,
özümüzün keçirdiyimiz satış-sərgilərdə,
müəyyən mərkəzi kitabxanaların rəhbərləri
ilə təşkil edilən görüşlərdə
müşahidə edirik, bir də təbii ki,
satışın nəticələrindən bilirik. Amma indi
heç kəsə sirr deyil ki, Azərbaycanda, ümumiyyətlə,
kitaba maraq əvvəlki illərlə müqayisədə həddindən
artıq azalıb. Şükürlər olsun ki, son 4-5 ili
müşahidə etdikdə cüzi tərpənişin
olduğunu görmək olur. O ki qaldı bizim nəşrlərə,
nəşriyyatımızın üstünlüyü
ondadır ki, başqa nəşriyyatların əldə etdiyi
nəticələrdən daha yaxşı nəticə əldə
etmişik. Bu da onunla bağlıdır ki, əvvəla, bizdə
indiyə kimi çap olunmamış elə mövzulara
müraciət edilir ki, bu gün orta məktəblərdə
ona tələbat var. Məsələn, tarixi şəxsiyyətlərlə
bağlı uşaqlara tarixi əsərləri oxumaq
tapşırılır. Amma bu mövzuda uşaqların
qavraya biləcəyi dildə yazılmış, səviyyəli
tərtibat verilmiş nümunələr demək olar ki,
yoxdur. Amma bizim dərc etdiyimiz «Güvəncin
nağılları» seriyasında Mətə xan, Hüseynqulu
xan, Şeyx Şamil, Babək, Tomris və b.-dan tutmuş bir
çox tarixi şəxsiyyətlərimiz, Azərbaycanın
tarixi əraziləri, yer adları ilə bağlı fərqli
nağıllar oxumaq mümkündür.
- Sizcə, uşaq
kitabları çap edən digər nəşriyyatlardan nə
fərqiniz var?
- Məncə, əsas fərq
bu işə kommersiya kimi yanaşmamağımızla
bağlıdır. Bu işin ideya müəllifi - təsisçi
Qoşqar Qarayevdən, layihənin məsləhətçisi
xalq yazıçısı Elçindən tutmuş ən
sıravi əməkdaşımıza kimi hər kəs buna
yaradıcılıq işi kimi yanaşır, uşaqların
dünyagörüşünün düzgün
formalaşdırılması istiqamətində məsuliyyətli
addım kimi dəyərləndiririk. Ümumiyyətlə, bu
ifadəni işlətməkdən xoşum gəlmir, amma indi
«uşaq ədəbiyyatı bazarı»nda kommersiya ilə məşğul
olanlar daha çox at oynadırlar. Çünki hamı bilir
ki, valideynin cibinə girmək üçün ən
yaxşı vasitə uşaqdır.
- Deməli, rəqabət
var?
- Əslində bu, rəqabət
də deyil. Çox az nəşriyyat var ki, müəyyən
nəşrlərində rəqabətin varlığı hiss
olunsun. Ədəbiyyatdan, kitabdan bir az xəbərdar olanlar
kitabların fərqini görə bilirlər. Yenə də təəssüf
ki, bizdə bəzi oxucular o səviyyədə deyil ki, bu
müqayisəni apara bilsinlər. Yalnız onu deyə bilərəm
ki, biz daha çox professionallarla iş görürük və
eyni zamanda gənclərin arasında yazıçı,
şair və ya rəssam seçəndə də onlara tənqidi
nöqteyi-nəzərdən yanaşıb,
yaradıcılığı həqiqi mənada nə isə
vəd edən yazıçılara üz tuturuq. Səbəb
də odur ki, uşaqların
dünyagörüşünün formalaşmasında
iştirak etdiyimizi unutmuruq.
- Nərgiz xanım, məlumdur
ki, sizin nəşriyyat bir neçə istiqamətdə
kitabların çapı ilə məşğuldur. Yəni həm
məktəbəqədər uşaqlar, həm də nisbətən
yuxarı sinif şagirdləri sinifdənxaric oxu kimi nəşrlərinizdən
faydalana bilir. Maraqlıdır, daha çox hansı yaşda
uşaqlarda kitaba maraq var?
- Məktəbəqədər
uşaqlar üçün nəşr etdiyimiz kitablara maraq
daha böyükdür. Bunun əsas səbəbi də odur ki,
bu yaşda olan uşaqların diqqətini cəlb etmək
üçün estetik görünüşlə
seçdiyimiz bədii nümunələr arasında
bütövlüyə, tamlığa, balansa nail olmuşuq. Yəni
uşaq seçim özünə qalanda rəngə, gözəlliyə
qaçır. Biz də bunu nəzərə alaraq
çalışırıq ki, rəssam işində
uşaqların ruhuna yaxın olan rəsmləri seçək.
Eyni zamanda mətnlər də oynaq, yumşaq, rahat oxunan və
az həcmli olmalıdır. Bunları nəzərə
aldığımız üçün də məktəbəqədər
uşaqlara aid olan nəşrlərimizdə daha çox
uğur qazanmışıq.
Amma nəşrlərimizin
oxucuya çatmaq problemi hələ ki həll olunmayıb. Həm
də bu, təkcə bizim deyil, bütün nəşriyyatların
problemidir. Məncə, hamıya bəlli olan bir həqiqətdir
ki, uşaq ədəbiyyatı məsələsində
dövlətin nəzarəti və dəstəyi mütləqdir.
Bu nəzarət oxuculara nəyin çatdırılması və
nəyin çatdırılmaması məsələsində
olmalıdır. Hər bir nəşriyyat isə
gördüyü işin keyfiyyətinə, peşəkarlığına
görə dəstəklənməlidir. Çünki elə
insanlar var ki, bu işi kommersiya məqsədilə yox, içərisində
olan həvəsə, yanğıya görə görür. Məsələn,
təsisçimizin ədəbiyyatla, kitabla bağlı
sevgisi, marağı, bu işə genetik
bağlılığı olmasaydı, yəqin ki, heç
riskə gedib nəşriyyatı təsis etməzdi.
İstəyirəm onu
da qeyd edim ki, həyata keçirdiyimiz ən böyük layihənin
məsləhətçisi Elçin Əfəndiyevdir. Bunun
özü də nəşriyyatımızın
üstünlüyüdür. «Beşik»də rəssamlarımızdan
tutmuş müəlliflərimizə qədər hamı nəinki
uşaq ədəbiyyatı, ümumiyyətlə, ədəbiyyat
və rəssamlıq sahəsində öz sözünü
demiş insanlardır.
- Bir nəşriyyat
olaraq, məktəb, rayon və mərkəzi kitabxanalarla əlaqələriniz
hansı səviyyədədir? Ümumiyyətlə,
kitabxanalar kitablarınızı almaqda nə dərəcədə
maraqlıdırlar?
- Kitabxanalarla əlaqə
yaratmaq üçün müxtəlif cəhdlər göstəririk.
Axundov adına Mərkəzi Kitabxana ilə
özümüzün təşəbbüsümüzlə
müəyyən əlaqələrimiz var. Bizimlə
münasibət qurmaq baxımından F.Köçərli
adına kitabxananın rəhbərliyinin, direktor Füzurə
xanımın əməyini xüsusi qiymətləndirmək
istəyirəm. Onlar bizim kitablarımızı nəinki
alırlar, hətta təbliğ də edirlər. «Uşaq ili»
çərçivəsində reallaşdırdıqları
bütün tədbirlərdə bizim nəşriyyatın
adı ön cərgələrdə olub. Bu, sırf
onların öz maraqlarının nəticəsində baş
tutur. Bu marağın arxasında da bizim nəşrlərimizlə
kitabxananın istəyinin üst-üstə düşməsi
dayanır. Başqa heç bir kitabxanadan hələ ki təkliflər
almamışıq. Bundan başqa, özümüzün təşkil
etdiyimiz satış sərgilərindən sonra valideynlər zəng
edirlər, ya iradlarını bildirirlər, ya da ki, təşəkkür
edirlər. Bu mənada oxucu ilə aramızda müəyyən
mənada əlaqə yaranıb. O ki qaldı kitabxanaların nəşriyyatlarla
əlaqələr qurmaqda maraqlı olmamasına, bu baxımdan
mən onları qınamıram, çünki kitabxanalar
özləri özlərini maliyyələşdirmir.
Sualınızla
bağlı bir şeyi də qeyd etmək istəyirəm ki,
bizim nəşriyyat cəmisi bir ildir ki, fəaliyyət
göstərir. Bu bir ildə də 4-5 aydır ki, ictimaiyyətə
açılmışıq. Bu müddətdə hesab edirəm
ki, çox şeyə nail olmuşuq.
- Ötən ilin
dekabrında «Mən və mənim dünyam» adlı layihə
çərçivəsində 72 adda kitabın təqdimatını
keçirdiniz. Layihə nə qədər uğurlu
alınıb və davamı olacaqmı?
- Bu layihəni elə
geniş masştabda nəzərdə tutmuşuq ki, hələ
7-8 il bundan sonraya qədər davam edəcək. Ümid edirik
ki, dövlət tərəfindən də bu layihəyə dəstək
olacaq. Çünki Azərbaycanda sırf uşaq ədəbiyyatı
üzrə ixtisaslaşmış nəşriyyat yoxdur. Biz də
yeni yaranmışıq və fəaliyyətimizi başqa
istiqamətlərə yönəltmək fikrimiz yoxdur. Məncə,
bu işə qoyulan sevgi, yanğı, vətəndaşlıq
və söz adamının məsuliyyəti diqqətdən kənar
qala bilməz.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 20 may.- S. 9.