«Eurovision»un «Can»ı

 

İntiqam 

 

54-cü «Eurovision» müsabiqəsi Moskva şəhərində öz işini yekunlaşdırdı. Norveçi təmsil edən belaruslu Aleksandr Rıbak bu müsabiqənin tarixində ən yüksək xal toplayaraq birinci yeri tutdu. İkinci yeri İslandiya, üçüncü yeri Azərbaycan, dördüncü yeri Türkiyə qazandı. Yazmadığım digər statistik məlumatlar da maraqlananlar üçün bəllidir. İndi isə «Eurovision» müsabiqəsində müşahidə etdiyim bəzi nüanslara keçirəm.

Moskva müsabiqəsində Azərbaycanla Ermənistan yenidən üz-üzə gəldilər. Torpaqlarımızı işğal edən qonşu ölkə bu dəfə Azərbaycana «sataşdı». Düzü, bu manevrlər çox vaxt ermənilərin işinə yarayır. Elə bu manevrləri ilə yaşayırlar. Məncə, «Eurovision» müsabiqəsində onların bizə qarşı yürütdükləri məqsədli plan baş tutmadı. Tanışlıq çarxında Xankəndindəki abidəni necə yerləşdirmişdilərsə, elə çıxardası oldular. Onlar dünyaya (əsasən Avropaya) göstərmək istəyirdilər ki, Qarabağ bizimdir. Bunu yarımfinalda göstərə bildilər. Amma finalda Azərbaycan təmsilçiləri onların bu hücumunu dəf etdilər. Yəni ermənilər finalda özləri razılaşdılar ki, Qarabağ Azərbaycanındır. Yoxsa əksinə idisə, niyə «Çarx» müharibəsində geri çəkildilər? Deməli, özləri bunu yaxşı bilir.

Xalları elan edən zaman isə erməni qızı arxa fonda və əlində tutduğu kitabçada yenə həmin abidəni bizlərə nümayiş etdirdi. Əslində bu müsabiqədə hamı əyləncə hayındadı. Seyrcini ermənilərin nümayiş etdirməsi yox, ifaları maraqlandırırdı. Amma bu, o demək deyil ki, biz bunun qarşısını almalı deyilik. Onlar daim bizim əsəblərimizlə oynayıblar. Bu dəfə mərəzlərinə mübtəla oldular, oğurluqlarından qalmadılar.

Təqdim etdikləri musiqi Azərbaycan detalları ilə zəngin idi. Kompozisiyanın bütün detallarında bu, özünü göstərirdi. Hətta «can» deməkləri ilə bir daha sübut etdilər ki, bizim mədəniyyətin onlara təsiri böyükdür. Hələ üstəlik Moskvada bu kompozisiyanı Aslan adlı «aslan» bir azərbaycanlı igid hazırlayıb. Onlarınkı əzəldən belə gətirib. Urfaları bizdən olmasa, kündələri küt düşər. İndi Azərbaycanda çoxları Aslanın bu «aslanlığını» qınayır. Neyləməli, ermənilər belə öyrəniblər, bizsiz keçinə bilmirlər, erməniləri tarixboyu biz yontub düzəltmişik (ruslar buna «requlirovka» deyir).

Onu da deyim ki, ermənilər arzuladıqları və arzulamadıqları ölkələrdən elə bir səs də ala bilmədilər. Rusiya, Ermənistana xal yollamadı. Onlar bunu «Çarx» nümayişi ilə əvəzləmişdilər. Ancaq bütün bunları nəzərə alsaq, «Eurovision» müsabiqəsində ermənilərin istədikləri (yarışmadan kənar), demək olar ki, iflasa uğradı. Artıq bu cür siyasətin özü iflasa uğrayıb desək, yanılmarıq.

Sonda. Faktiki olaraq Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsinin yarımfinal mərhələsidir ermənilər Qarabağın onlara aid olduğunu iddia edirlər. Müharibənin final mərhələsində məcbur olacaqlar ki, Qarabağdan əl çəksinlər. Eynən «Eurovision»un final mərhələsində olduğu kimi.

 

 

Mədəniyyət.- 2009.- 20 may.- S. 8.