Həyatı parodiya?
Həsən Cəbrayılov: «Təbii
ki, mənə qarşı münasibət yaxşı
olmadı»
Onun 60 yaşı olduğunu söhbətimizin
ortasında bildim. Doğrusu, inanmadım. Uşaqlıqdan AzTV
ekranından tanıdığım Həsən Cəbrayılovu
necə görmüşdüm, eləcə də qalıb.
Amma gülüş sənətinin «ucuzlaşıb,
bahalaşmasını» isə onun özündən öyrənmək
istədim. Beləliklə, proqrama başlayırıq.
Danışır: Həsən Cəbrayılov.
- Sənətə gələn hər bir gənc
özü üçün kimisə kumir seçir. Müəyyən
bir səviyyəyə çatandan sonra yolunu tapır,
üslubunu yaradır.
Parodiyaya ölkəmizdə ilk olaraq mən
başlamışam. Amma bu, o demək deyil ki, məndən əvvəl
bunu bacaranlar olmayıb.
Bu istedad çox müğənnilərdə olub və
var. Məsələn, Məmmədbağır Bağırzadə
xanəndələrimizi çox gözəl imitasiya edə
bilirdi. Amma o, bu sənətin ardınca getmədi.
Özümü bu sahədə görürdüm deyə,
repertuar hazırladım, bu sənətin inkişafı
üçün yollar axtardım.
Mən bir çox şəhərlərdə
keçirilən festivallarda, qastrol səfərlərində
olmuşam. İştirak etdiyim yarışlarda birincilik
qazanmışam. Moskvada, Tehranda, Ankarada, İstanbulda və b.
şəhərlərdə, tədbirlərdə iştirak etmişəm.
Məndə parodiyaya həvəs Azərbaycan xalq
muğamlarına olan sevgidən yaranıb. Mən muğamla məşğul
olmuşam və bu sahədə müəyyən bilgilərim
var. Ağabala Abdullayevi çox sevirdim. Teymur Mustafayev indi də
Ağabalanın yolu ilə gedir. Ağabala Abdullyev böyük
xanəndə idi. Özüm isə Rübabə
Muradovanın pərəstişkarı olmuşam. Mən
müğənni olmaq istəyirdim. Amma sovet dövründə
sənət aləminə olan təpkilər, normativlər
imkan vermirdi ki, hər kəs bu sahədə özünü
sınasın.
Mən Novruz Hüseynovu, Ağabala Abdullayevi, Məmmədbağırı
və başqalarını parodiya edə bilirdim. Bu istedadı
özümdə görüb peşəkar səviyyədə
bu sənətlə məşğul olmağa başladım.
Sonra onları parodiya etməyə başladım. Mən
özbək, tacik, ərəb, fars muğamlarını da
oxuyuram. Hətta uşaqlıqda hind filmlərinə baxıb
onları yamsılayırdım. Yavaş-yavaş bunları
konsert proqramı formasına gətirdim. Bildirim ki, həmin
dövrdə müsəlman ölkələrinin
mahnılarından istifadə etməyə icazə vermirdilər.
Yadımdadır, 1972-ci ildə sirkdə tədbir
keçirilirdi. O vaxt parodiya hələ inkişaf etməmişdi.
Səhnəyə çıxdım və fars, ərəb
musiqilərindən popurilər etdim. Ancaq mənə
qarşı münasibət yaxşı olmadı. Münsiflər
heyətində Əminə Dilbazi, Cahangir Cahangirov və
başqaları oturmuşdu. Onlar dedilər ki, proqramda ya xalq
mahnısı, ya da bəstəkar mahnısı
olmalıdır.
- Parodiya yarandığı ilk illərdə necə
qarşılanırdı?
- İlk vaxtlar hamıya maraqlı gəlirdi.
Məncə, indi də bu sahəyə maraq
çoxdur.
Bir dəfə
Maştağada toydaydım. Böyük
bir məclis idi. Məni dəvət etdilər
ki, öz çıxışıma başlayım.
Əvvəlcə, «Araz» radiosu proqramını parodiya elədim:
«Danışır Bakı. Saat 14-dür. Muğam və xalq mahnılarından ibarət
konsertimizə başlayırıq, oxuyur Teymur Mustafayev. Teymur Mustafayev də elə bildi ki, mən onu dəvət
edirəm ki, oxusun. O da mənim cavabımda muğam
üstündə cavab verdi: - Ay qardaş,
bunu adama qabaqcadan deyərlər. Mən də
Teymuru gözləmədən onun səsi ilə muğam
oxudum. Camaat gurultulu əl çaldı.
Teymur Mustafayev işin nə yerdə olduğunu
anladı və mənə və camaata tərəf baş əydi».
Məni həmin
çıxışımdan sonra «Radio Həsən»
çağırırlar. Ondan sonra minlərlə
parodiya yazdım. Təbii ki, həmin səhnəciklərdə
bədii əsərlərdən, milli satira və yumorlardan,
filmlərimizdən istifadə edirəm.
- Olubmu ki, hansısa məşhur
müğənnini parodiya edəsiniz, o da bundan inciyə?
- Olmayıb, amma bir dəfə
1977-ci ildə Mirzə Babayevlə bir konsertdə
çıxış etməli oldum. Ondan
soruşdum ki, Mirzə müəllim, olar sizi parodiya edim?
O da cavabında bildirdi ki, əgər mən onu yaxşı
yamsılaya bilməsəm, bir də bunu etməyəcəm. Onu parodiya edəndən sonra, xoşuna gəldi.
Bir dəfə Dərbənddə
konsert var idi. Muğam ustası Novruz
Feyzullayev qastrolda olduğundan gəlib çıxa bilməmişdi.
Mənə dedilər ki, burada onu sifətdən
tanıyan yoxdur. Elə sən onun əvəzindən
bir muğam oxuyarsan. Elan etdilər və
çıxdım onun «Rəna» mahnısını oxudum.
Səhnənin arxasına keçəndə ortaboy bir kişi mənə yaxınlaşıb dedi ki,
siz Novruz Feyzullayevsiniz? Mən də razı halda dedim: Bəli.
Əlini mənə uzadaraq dedi: Gəlin tanış
olaq: Novruz Feyzullayev.
Sən demə, Novruz
Feyzullayev özünü konsertə çatdırıb,
bundan da bizim xəbərimiz olmayıb.
İndi
çaşıb qalmışıq ki, Novruzu yenidən səhnəyə
hansı adla çıxaraq. Məni yenidən
səhnəyə çıxartdılar, 10-15 nəfəri, o
cümlədən Rusiyanın tanınmış
aktyorlarını, müğənnilərini parodiya elədim.
Yenidən elan etdilər ki, oxuyur Novruz Feyzullayev.
Ancaq tamaşaçılar hər şeyi normal
qarşıladı.
- Peşəkar səhnəyə nə
vaxt çıxdınız?
- İlk dəfə
böyük səhnəyə Moskvada çıxmışam.
Azərbaycanda mənə heç kim dəstək
olmayıb. Məni ilk dəfə təbrik edən
Şövkət Ələkbərova olub.
Bir dəfə konsertdən
çıxandan sonra Şövkət xanım mənə
yaxınlaşdı və dedi: «Oğlum, çox gözəl
çıxış idi. Amma sən çıx get burdan. Burdakılar parodiyanı başa düşmür».
1980-ci illərdə
Moskvada keçirilən Olimpiya oyunları ilə bağlı
böyük müsabiqə var idi. Mərkəzi
Komitədən məni çağırdılar ki, Moskvadan
parodiya janrı tələb olunub və biz sizi göndəririk.
Sovet
İttifaqının hər yerindən və dünyanın
bir çox ölkələrindən parodiyaçılar gəlmişdi.
Mən səhnəyə çıxdım.
Rus aktyor və müğənnilərini parodiya
edəndən sonra, ərəb radiosunun dilindən
çıxış edib, klassik ərəb muğamı
oxudum. Həmin vaxt mən ərəblərlə
bir otaqda qalırdım. Çıxışımı
başa vurandan sonra düşündüm ki, onlar gəlib mənim
əlimi sıxıb təbrik edəcəklər. Amma məni görəndə üzlərini
çevirdilər. Mən tərcüməçidən
səbəbini soruşdum. O mənə bildirdi ki, ərəblər
məndən inciyib. Çünki mən ərəb
dilini bilə-bilə bir həftədir onlarla
danışmıram. And-aman etdim ki, ərəb
dilini bilmirəm, sadəcə, mətni yazıb veriblər və
mən çoxlu məşq etmişəm.
Bundan başqa,
İranın mədəniyyət nazirinin qarşısında
çıxış etmişəm. 2003-cü
ildə isə 1-ci Tehran Yumor Festivalında dünya
çempionu olmuşam.
Həmin
yarışmaya hətta Hollivuddan, Fransadan sənətkarlar gəlmişdi.
Bilirsiniz ki, Fransa parodiyanın, pantomima sənətinin
beşiyidir. Mən həmin müsabiqədə
Edip Piafın səsi ilə də mahnı oxudum.
2005-ci ildə
Türkiyədə 7-ci Beynəlxalaq İncəsənət
Festivalı oldu. Orada rəqs, pantomima, musiqi və s. sahələr
üzrə yarışma keçirilirdi. Festival
stadionda keçirildiyindən çox səs-küy var idi.
Mən səhnəyə çıxanda elan
etdim ki, mənimlə birgə Bakıdan Zəki Müren də
gəlib. Onun adını çəkən
kimi stadiona sükut çökdü. Çıxışdan
sonra mənə təklif etdilər ki, orada konsert verim. Mənim qalmaq vaxtım başa çatırdı.
- Məlumdur ki, bu gün Azərbaycanda
parodiya janrına müraciət edənlərin sayı
artıb. Onlar arasında sizin xoşunuza gələni
varmı?
- Mən daha çox «Planet parni iz
Baku» studiyasının uşaqlarını bəyənirəm.
Onlarda həm güclü yumor, həm də
gözəl parodiya qabiliyyəti var. Yerdə qalanlar, məncə,
tam formada parodiyaçı deyil.
Parodiyanı ilk dəfə
peşəkar səviyyədə mən təqdim etdim. Məndən sonra bu sahədə keçmiş
sovetlər birliyində bir neçə nəfər ortaya
çıxdı. Həmin vaxtlar məni
Moskva teatrları dəvət edirdi. Mən
getmədim.
İndi isə bu
işlərlə məşğul olmağa vaxtım yoxdur.
Artıq neçə illərdir ki, Azərbaycan
Televiziyasının Arxiv şöbəsində
çalışıram. Neçə illərin
kino lentlərini, konsert proqramlarını bərpa etmişəm.
Keçən əsrin
20-40-cı illəri ilə bağlı ölkəmizdə
çəkilmiş kadrları bərpa edib yeni lentlərə
köçürürəm.
İşdən
ayrıla bilmirəm. Mən də gedərdim
toylara, pul qazanmağa. İndi ancaq məvaciblə
dolanıram. Beynəlxalq müsabiqələrə
gedəndə bir neçə dəfə məndən
soruşublar ki, sənin saytın varmı? Mənim
heç maqnitofonum belə yoxdur...
- Həsən müəllim, sizin
ilk illərdəki repertuarınızla sonrakı illərdəki
repertuar nə dərəcədə fərqlidir?
- Çox fərqlənir. Sonrakı illərdə mən məşhur beytlərdən
də istifadə etdim. Bu yaxınlarda
telekanalların birində cavan uşaqların
yarışması nümayiş etdirilirdi. Bir-birilərinə
elə sözlər işlədirlər ki... O sözləri
küçədə belə işlətməyə adam utanır. Tanınmış
gülüş ustalarından biri deyib: «Biz
aşağıların səviyyəsini öz səviyyəmizə
qaldırmağa çalışmalıyıq. Özümüz onların səviyyəsinə enməməliyik».
Mən istəyirəm ki, bizim
parodiyaçılar səthi gülüş yaratmasınlar.
- Məncə, bunun
üçün repertuar yaxşı olmalıdır.
- Doğrudur. Mənim
bir neçə kitabım çıxıb. Çalışıram ki, maraqlı repertuar
hazırlayım. Öz proqramımdakı
mətnləri özüm hazırlayıram. İndiki parodiyaçıların əksəriyyəti
mənim repertuarımdan bəhrələnir. Allahverdi Yolçuyev yaxşı
parodiyaçıdır, amma repertuarı zəifdir.
Telman Adıgözəlov da yaxşı parodiyaçı ola bilərdi. O, estradanın dalınca getmədi.
Qorxmaz Əlilini 1976-cı ildə mənim
yanıma gətirmişdilər ki, qiymət verim. Bir-iki nəfəri parodiya etməklə bu sənətə
gəlmək olmaz.
Məncə, parodiya
ustası günün nəbzini də tutmalıdır. Mətnlərdə müəyyən qədər tənqid
də olmalıdır.
- Nə üçün bizdə
parodiyaçılar tərəfindən mono-konsert verilmir? Məsələn,
Maksim Qalkinin, Cem Yılmazın konsertləri kimi.
- Mono-konsert üçün
proqramım hazırdır. Amma bəziləri
deyir ki, bunu çıxart, orasın kəs və s. Bir növ
senzura hiss olunur. Bundan başqa, konserti ərsəyə
gətirmək üçün vəsait lazımdır.
- Dediniz kitablarınız çap
olunub. O kitab parodiya sənəti ilə bağlıdır?
- İki kitabım
Bakıxanovlar nəsli ilə bağlıdır. Bu kitablara görə Bakıxanov və “1001
mahnı” milli mükafatlarına layiq görülmüşəm.
Üçüncü isə parodiya sənəti ilə
bağlı olan «Gül bir az»
kitabıdır.
- Bugünkü gənc
parodiyaçıların problemini nədə
görürsünüz?
- İndiki gənclikdə
çatışmayan cəhət mənəviyyat və maraq
dairələridir. Bu gün onlar
müğənnilərin paltarlarının qırmızı
və ya sarı olmağına baxır. Artıq
onlar Rəşidi, Şövkəti tanımırlar. Məncə, bu barədə düşünmək
lazımdır.
Cabir
Mədəniyyət. - 2009.- 20 may.- S. 7.