«Asta çal balabanı...»
Bugünlərdə
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Qalib Soltanoğlunun «Asta çal balabanı...» kitabı işıq üzü görüb. Kitab məşhur sənətkar,
ustad balabançı,
kalvalı Əli Dədəyə (Kərimova)
həsr olunub. Kitabın müəllifi Qalib Soltanoğlu 50 ilə yaxındır ki, Ağsu rayonundakı
Kalva kənd orta məktəbində ana dili və
ədəbiyyatımızın tədrisi ilə məşğul olur. Kalva və onun
yörəsindəki 4 kəndin
tarixindən bəhs edən «Yurd sorağında - Kalva»
(2000) kitabının müəllifidir.
«Asta çal
balabanı...» onun ikinci kitabıdır.
Kitaba Ədəbiyyat və İncəsənət
Arxivinin direktoru Maarif Teymur ön
söz yazıb: «Böyük ustad, kalvalı Əli Dədə (Kərimov Əli Zülfüqar oğlu) haqqında Qalib Soltanoğlunun yazdığı kitab müqəddəs bir iş kimi ürəyimi
titrətdi. Oxudum, sevindim... Əli Dədə özü isə Cabbar Qaryağdıoğlu, Üzeyir
Hacıbəyov, Əhməd
Bakıxanov, Qurban Primov, Bülbül və onlarla böyük musiqiçilərimizlə
dostluq edib. Hələ
1930-cu illərdə dahi
bəstəçimiz, xalq
havalarını nota köçürən,
milli operamızın banisi Üzeyir bəyin tapşırığı
ilə Bülbül kalvalı Əli kişinin 40-a yaxın el havasını lentə köçürüb və
onların hissəsi indi Azərbaycan Dövlət Radiosunun «Qızıl fond»unda qorunur. Respublika Xalq Yaradıcılığı
Evində Əli Kərimovla bağlı sənədlər qorunub saxlanılır. Ustad Əli
Dədənin yaradıcılığı
onun çağdaşları
olan musiqişünasların,
sənət bilicilərinin
diqqətini çəkmişdi.
Qara zurnanın atası ona görə xoşbəxt sənətkarlardan
olub ki, hələ sağlığında
onu öyrənməyə
başlayıblar. Tədqiqatçı Bayram Hüseynli bundan ötrü Kalvaya getmiş, bir neçə ay ustadın evində qonaq olmuş, onun zurna, balabanla
bağlı bütün
dünyasını öyrənmişdi.
1984-cü ildə Moskvada rus dilində
B.Hüseynli və T.Kərimovanın müəllifliyi
ilə «Əli Kərimov» adlı kitab işıq üzü görüb.
Əli Dədənin dövlət
radiosunun «Qızıl
fond»unda qorunan havalarından başqa, qalan havacatlarından xəbər yoxdur. Kim bilir, bəlkə
onlar da itməyib, «xalq havası» adı ilə çalınır,
səsləndirilir, ancaq
yaradıcısının adı
çəkilmədən. Bu kitaba kimi el sənətkarının həyat
və yaradıcılığından
bir neçə məqalə, radioverilişləri
hazırlayan Qalib müəllim dəyərli
bir iş görüb. Kitaba daxil olan xatirələr, Əli Dədəyə həsr olunmuş şeirlər də maraqlıdır.
Az qala
unudulan balabançı
Əli kişilni gənc nəslə tanıtdıran Qalib müəllimə bu xeyirxah işdə Mədəniyyət və
Turizm Nazirliyi dayaq oldu. Bu işin gerçəkləşməsinə
yardımçı olanlara
sayğımı bildirirəm».
Qalib Soltanoğlu belə bir mövzuda
kitab yazmasının səbəbi haqqında bunları bildirir: «Əli Kərimovun sənəti ilə bağlı danışmaq,
doğrusu, mənim üçün böyük
məsuliyyətdir. Xalq mahnılarını,
aşıq havalarını,
muğamlarımızı dinləyəndə
bir anlığa özümü unuduram.
Qara zurnanın, yastı balabanın səsi gələndə ruhum bütünlüklə yenidən
köklənir. O ki
ola Əli
Dədənin bənzərsiz,
sehrli çalğısına.
Onun çalğısı möcüzəlidir.
Mən ustadın havacatlarını dinləyəndə,
su kimi yumşaq,
qayalar kimi sərt, buludlar kimi uca, gün
kimi odlu, qış kimi soyuq oluram... Ə.Kərimovla bağlı el arasında
çoxlu xatirələr
var. Mən onlardan bacardığım qədər
toplaya bildim. Doğrudur, ustadın sənətinin daha ciddi, elmi
yöndən araşdırılmasına
ehtiyac var. Bu kitabı
Əli Dədənin anadan olmasının 135 illiyinə kiçik töhfə kimi yazdım. Ötən ilin dekabr ayında dövlət radiosunun «Sarıtel» verilişinin bir buraxılışı Əli
Kərimova həsr olundu. El sənətkarının
anadan olmasının
100 illiyinin keçirilməsinin
də təşəbbüskarı
mən olmuşdum,
1974-cü ildə onun
yubileyi doğma Kalvada və Şamaxıda böyük
təntənə ilə
keçirildi. İnanıram ki, ustadın 135 illiyi də layiqincə keçiriləcək».
Ə.Kərimovun adı XIX əsrin
sonu, XX əsrin birinci yarısı peşəkar xalq yaradıcılığının ən görkəmli nümayəndələri ilə
bir sırada durur. O, Q.Primov, C.Qaryağdıoğlu, S.Şuşinski,
Keçəçi oğlu
Məhəmməd, Mirzə
Məhəmmədhəsən, aşıqlardan Hüseyn Bozalqanlı, Ələsgər,
Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir,
Ü.Hacıbəyov, S.Rüstəmov,
Ə.Bakıxanov, Bülbül
kimi görkəmli sənətkarların yaxın
dostu və çağdaşı olub.
Əli Kərimov zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox
böyük sənətkarlıqla
çalıb, eləcə
də onların imkanlarını texniki baxımdan genişləndirib.
Müəllif yazır:
«Əli Dədənin
böyük işi odur ki, o, zil
tembrli zurnanı peşəkar kamera alətinə çevirib.
O, təkcə çalğıçı
yox, həm də çoxlu mahnıların müəllifi,
Azərbaycan milli musiqisinin irəliləməsində
önəmli rol oynayan sənətkar olub. Əli Dədənin çalğısı
bugünkü çalğıya
oxşamır. Onun çalğısında
türkün qədimliyi,
döyüşkənliyi görünür,
eşidilir, duyulur.
Onun çalğısı əski
türk yurdu olan Kalvadan ucalan
ulu babalarımızın
səsidir. Həmin səs
həmişə bizimlədir.
Əli dədədən öncə
də Kalvada zurna sənəti olub, indi də
var. Ustadın nəticəsi
Qənimət Qədirov
babasının döyüşkən
nəfəsini yaşadır.
Demək,
soy yaşayır, türk
ulusumuzun zurna kimi böyük dəyəri itmir. Ustad sənətkar Əli Kərimovun adına bağışladığım kitabın işıq üzü görməsinə
yardımçı olan
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinə sayğılarımı bildirirəm».
«Ustad
haqqında deyimlərdən»
bölümündə Ə.Kərimovun
sənəti ilə bağlı deyilmiş bəzi fikirlər toplanıb.
«Mirzə Məhəmmmədhəsən
“Humayun” və “Şur” dəstgahlarını
məharətlə oxuyarmış.
Bəzən zəngulə vura-vura,
dizin-dizin məclisin ortasına kimi gələrmiş. O, uzun
illər balabançı
ustad sənətkar Əli Kərimovla da yoldaşlıq etmişdir».
Ərtoğrul Cavid,
Hüseyn Cavidin oğlu, musiqiçi
«Əli Kərimov
balaban, zurna ifaçılığında Azərbaycanımızın
zəngin, əlvan musiqi xəritəsində
özümlülüyü ilə seçilən Şirvan musiqiçilərindən
ibarət ifaçılar
nəsli yetişdirmişdir.
Kalvalı ustad Əli
kişi 88 illik ömrü boyu bilgin sənətkarlarla çalıb-çağırıb».
Rafael Hüseynov,
millət vəkili,
«Əli Kərimovun öz barmağı var... O, xüsusi ifaçılıq tərzinə
malik idi. O, ifa tərzinin dərinliyi və düşündürücülüyü ilə texniki imkanlarının hüdudsuzluğu,
sadəliyi və müdrikliyi ilə fərqlənirdi. Onun yüksək ifaçılığı
həmişə dinləyicilərin
qəlbinə yol tapırdı... O, gözəl
musiqiçi və gözəl insan idi. Onun mehribançılıq və sadəliyi, çətin anlarda insanların köməyinə
gəlməsi, onu tanıyanların yaxşı
xatirindədir. Mən
bu görkəmli insanın əziz xatirəsini daima əziz tuturam...»
Əhməd Bakıxanov,
musiqiçi, xalq artisti
“Aşıq Şamil və balabançı Əli Dədə İsmayıllının Diyallı,
Topçu, Qalacıq kəndlərində tez-tez
olardılar... Tale Əlinin çaldığı
balabandan qopan həzinliyi ancaq Şamilin səsindən ötrü, Şamilin qüdrətdən qaynayan
şaqraq səsini isə Əlinin balabanından qopan sehrli nəvadan ötrü yaradıb.”
Musa Yaqub,
şair
«Vaxtilə Azərbaycanda «Humayun» muğamının
məşhur ifaçıları
olub. Bu ifaçılardan
biri istedadlı xanəndə Mirzə Məhəmmədhəsən (1831-1907) idi. Onun oxumasında «Şur», «Çahargah», «Mahur», «Rast», «Bayatı - Şiraz», «Zabul» ilə yanaşı, «Humayun» da var
idi. Görkəmli balabançalan Əli
Kərimovun dediyinə
görə, o, «Humayun»u
12 və ya 17 şöbə və guşədən ibarət
bir dəstgah kimi oxuyardı. Əli Kərimov özü «Humayun»u Mirzə Məhəmmədhəsəndən öyrənib və balabanda bu muğam
dəstgahını saat
yarıma çalıb».
Ramiz Zöhrabov,
musiqişünas
“Balabançının çaldığı muğamlar,
xalq havaları nəcib hisslər aşılayır. Onun bəmdə
və zildə gəzişmələri qəlbləri
ehtizaza gətirir”.
«Pravda» qəzeti,
1939-cu il, 24 avqust
Elçin
Mədəniyyət.- 2009.- 20 may.- S. 6.