Qoçaq Əsgərov hesabat verdi
Xanəndənin ifası yüksək
qiymətləndirildi
Heydər Əliyev Fondunun dəstəyi
ilə keçirilən muğam
müsabiqəsinin finalçılarından olan
xanəndə Qoçaq Əsgərovun Azərbaycan
Dövlət Filarmoniyasında "Saçın ucun hörməzlər" adlı konsert proqramı təqdim olunub.
Eyni zamanda onun Böyük Britaniyada hazırlanmış "Sarı gəlin"
diskinin təqdimat mərasimi keçirilib. Xatırladaq ki,
Böyük Britaniyanın "ARC Music" şirkətində buraxılan bu diskin işıq üzü görməsi bir
qrup erməninin "Sarı gəlin"
haqqında fikir və cəhdlərini alt-üst edib. Belə ki, diskin hazırlanması
zamanı britaniyalı musiqişünaslar
bu xalq
mahnısının keçmişi ilə
bağlı araşdırma aparıb və onun
Azərbaycana məxsus olduğunu göstərən
dəlillər üzə çıxıb. Bu
və digər məqamlar BBC radiosunun dinləyiciləri
ilə bölüşdürülüb.
Dəlillər eyni zamanda
musiqişünasların yazılarında əksini tapıb. Bu işin ərsəyə
gəlməsində Qoçaq Əsgərova
YUNESKO-nun eksperti Sənubər
Bağırova yaxından kömək olub.
Disk buraxılmazdan öncə isə
Q.Əsgərovun Böyük Britaniyada solo-konserti təşkil
edilib.
Filarmoniyada keçirilən konserti giriş sözü ilə açan
Sənubər xanım Qoçağın ikinci
imtahan qarşısında olduğunu
bildirdi. Xanəndənin ilk ifası "Mürği-səhər"lə
başladı. Daha sonra
"Zabul" segahını dəstgah
şəklində ifa edən Q.Əsgərov
repertuarını "Sarı gəlin",
"Saçın ucun hörməzlər"
və digər xalq mahnıları və təsniflərlə
zənginləşdirdi. Onu
Əliağa Sədiyevin rəhbərlik etdiyi
"Sarı gəlin" ansamblı müşayiət edirdi. Qoçaq Əsgərovun
ifasını dinləməyə gələn Azərbaycanın
xalq artisti Arif Babayev tələbəsi
haqqında xoş sözlər
danışdı:
"Qoçaq çalışqan tələbələrimdən
olub. Eyni zamanda o, vətənpərvər
insandır. Bildiyimə görə, atəşkəsdən əvvəl
könüllü hərbi hissəyə gedib və Füzulidə gedən
döyüşlərin birində ağır yaralanıb. Bir neçə il əvvəl
o, Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasında mənim tələbəm
oldu. Muğam
müsabiqəsində də özünü
sınadı və yüksək yerlərdən birinə layiq görüldü. Onun gələcəyinə inanıram. Qoçaq muğamlarımızın
inkişafında böyük işlər
görməyi qarşısına məqsəd qoyub".
Konserti dinləyən xanəndələr
Ağaxan Abdullayev, Sabir Abdullayev, Qəzənfər
Abbasov, Cabir Abdullayev Qoçaq Əsgərovun
ifasını yüksək qiymətləndirdilər.
Mədəniyyət. - 2009.- 20 may.- S. 6.