Muzeyşünaslığın inkişafına dəyərli töhfə

 

Muzeyçilik təcrübəsində diqqətçəkən məqamlardan biri də ekspozisiyaların estetik xüsusiyyətləri, onların muzey mühiti ilə düzgün əlaqələndirilməsi, ekspozisiya-interyer münasibətlərinin öyrənilməsi problemidir. Azərbaycan muzeyşünaslığı son illərdə bir sıra fundamental tədqiqatlarla zənginləşsə də, etiraf etmək lazımdır ki, muzeylərdə məkan estetikası məsələlərinə yetərincə fikir verilməyib. Tədqiqatçılarımız daha çox muzey tarixinə, qismən eksponatların təhlilinə üstünlük verirlər. Muzey ekspozisiyalarının qurulmasının estetik əsasları isə az öyrənilmişdir. Haqqında söz açmaq istədiyimiz monoqrafiya məhz bu mövzuya - muzey ekspozisiyalarının estetik əsaslarının öyrənilməsinə həsr edilmişdir. «Muzey ekspozisiyalarının estetik əsasları» adlı monoqrafiyanın müəllifi sənətşünaslıq namizədi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi Aludə Zeynalovadır.

 

Monoqrafiyanın birinci fəslində Azərbaycanda muzeyçilik ənənələrinin tarixi köklərindən, onun çoxəsrlik təkamül və təşəkkül yollarından danışılır. A.Zeynalova göstərir ki, ölkəmizdə muzeylər nisbətən gec - XIX-XX əsrlərin ayırıcında meydana gəlsə , əslində xalqımızın qədim zəngin muzeyçilik, kolleksiyaçılıq ənənələri olmuşdur. Vaxtilə Azərbaycan hökmdarlarının - Atabəylərin, Eldəgizlərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin başqalarının saraylarında qiymətli materiallardan nəfis şəkildə işlənmiş gözəl sənətkarlıq nümunələri, rəsm əsərləri, xalq yaradıcılığı inciləri mühafizə edilirdi. Həmin məlumatlar monoqrafiyada öz əksini tapmışdır ki, bu da milli muzeyçilik ənənələrimizin uzun illər nəzərdən kənarda qalmış köklərinin aşkar edilməsi baxımından, şübhəsiz, çox qiymətlidir. Burada ciddi elmi nəticələrlə yanaşı, həm bariz vətəndaş mövqeyi, Azərbaycançılıq ideyaları öz ifadəsini tapmışdır.

Monoqrafiyanın ikinci və üçüncü fəsilləri bilavasitə muzey ekspozisiyalarının estetik əsasları problemlərini əhatə edir. «Muzeyçiliyin bədii ictimai meyarları» adlanan ikinci fəsildə muzey işinin ümumi estetik əsasları, həmçinin interyer tərtibatında bədii texniki vasitələrin rolu problemi işıqlandırılır. Üçüncü fəsil «Bədii-estetik quruluş muzey işinin aktual problemləri» adlanır. Bu fəsildə müəllif Bakı şəhərində yerləşən bir sıra muzeylərdəki ekspozisiya xəttinin geniş estetik şərhini vermişdir. Nəzərdən keçirilən digər maraqlı cəhət isə muzeylərin müasir dövrdə ictimai-siyasi əhəmiyyəti ilə əlaqədardır.

Monoqrafiyanın «Regionlarda muzeylər» adlanan IV fəslində respublikamızın müxtəlif bölgələrində yerləşən muzeylərdən, onların quruluş xüsusiyyətlərindən, ekspozisiyalarının bədii-estetik həllindən danışılır. Fəsildə orijinal cəhətləri ilə seçilən materiallar üstünlük təşkil edir. A.Zeynalova muzeyşünaslıq elmimizdə ilk dəfə olaraq Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya xüsusiyyətlərinin geniş təhlilini vermiş, bir sıra maddi-mədəniyyət nümunələrini incəsənət əsərlərini təsvir etmişdir. Digər orijinal məqam isə Gəncə şəhərində yerləşən Heydər Əliyev xatirə kompleksinin ümumi təhlilindən ibarətdir. Monoqrafiyada bu kompleks əhatəli, sənətşünaslıq nöqteyi-nəzərincə peşəkar surətdə tədqiq olunmuşdur. Eyni sözləri Gəncə şəhərində yerləşən başqa bir muzey haqqında - xalq yazıçısı Mir Cəlalın ev-muzeyi haqqında da söyləmək olar. Bir daha qeyd edək ki, adıçəkilən muzeylərin bədii-estetik təhlili Azərbaycan muzeyşünaslığında ilk addımdır.

Monoqrafiyanın V fəslində qeyri-fundamental xarakterli, spesifik səciyyə daşıyan muzeylərimiz nəzərdən keçirilir. «Ev və müəssisə muzeyləri» adlanan bölmədə müəssisə muzeyləri və şəxsi muzeylər işıqlandırılır.

Söyləmək lazımdır ki, respublikamızda çox yayılmış olan ev-muzeylərinin heç də hamısı əhatəli şəkildə öyrənilməmişdir. Bir sıra muzeylər, o cümlədən H.Cavidin, Ü.Hacıbəyovun, S.Vurğunun ev-muzeyləri tədqiqatçılara yaxşı məlumdur. Bununla yanaşı, bəzi digər ev-muzeyləri, misal üçün L. M. Rostropoviçlərin ev-muzeyi barədə nəinki ictimaiyyətə, hətta əlaqədar elmi dairələrə belə az şey məlumdur. Bu baxımdan belə muzeylərin tədqiqata cəlb edilməsi, onların sənətşünaslıq təhlili çox faydalıdır muzeyşünaslığı yeni-yeni materiallarla zənginləşdirir.

Tədqiqat işində diqqətimizi cəlb edən başqa bir yenilik - müəssisə muzeylərinin öyrənilməsi, onların bədii-estetik xarakterinin tədqiq edilməsidir. Etiraf edək ki, respublikada say etibarilə üstünlük təşkil edən müəssisə muzeyləri barədə çox az mütəxəssisdə yetərli məlumat vardır. Bunun əsas səbəbi həmin muzeylərin muzeyşünaslarımız tərəfindən öyrənilməməsidir. A.Zeynalova məhz bu fakta diqqət yetirmiş, boşluğu doldurmağa çalışmış, bir çox müəssisə muzeyinin qısa, lakin faktik məlumatlarla zəngin, konkret təhlilini vermişdir. Bu, muzeyşünaslığımızda monoqrafiya xarakterli ilk analoji addımdır. Səhiyyə Tarixi Muzeyi, Azərbaycan Dövlət Dəmir Yolu Muzeyi, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Tarix Muzeyi, Televiziya Radio Tarixi Muzeyi, Milli Olimpiya Komitəsi Muzeyi, bir çox ali məktəblərin muzeyləri haqqında burada qiymətli məlumatlar yer almışdır.

Monoqrafiyanın sonuncu, VI fəslində Azərbaycan muzeyşünaslıq elminin bilavasitə özü, onun tərkib hissələri, əsas istiqamətləri, aparılan elmi-tədqiqat işlərinin peşəkar xarakteri tədqiqat müstəvisinə çıxarılmışdır. Müəllif bu fəsildə müxtəlif elm və təhsil müəssisələrinin, muzeylərin iş təcrübəsinə nəzər salmış, burada aparılan elmi-tədqiqatların muzeyşünaslıq elmi üçün faydalı olduğunu vurğulamışdır.

Monoqrafiyada müəllif muzeyşünaslıq anlayışının klassik səciyyəsini izah etməyə, belə demək mümkünsə, modelini qurmağa cəhd göstərir. Tədqiqatçı qeyd edir ki, muzeyşünaslıq elmi muzeyçilik fəaliyyətinin məcmusu olmaqla bərabər, geniş mənada həm muzey məsələləri ilə bağlı olan elmi-tədqiqat işlərini özündə ehtiva edir. Sözügedən elmi əsəri əhəmiyyətli edən bir sıra başqa cəhətlər var. Belə ki, kitabda ekspozisiyaların, interyer eksteryerin bədii-estetik xarakterini şərh edən yüzə yaxın fotoşəkil yerləşdirilmişdir. Kitabda yer alan müxtəlif nəticələr, elmi araşdırmalar bu şəkillər vasitəsilə öz əyani təsvirini tapır. Fotoşəkillər mətnlidir ardıcıllıqla nömrələnmişdir. Nömrə əsasında kitabın sonunda hər bir şəklin mətni verilmişdir. Mətnlər üç dildə - Azərbaycan, ingilis rus dillərindədir. Sonuncu iki dildə monoqrafiyada geniş xülasələr yer almışdır. Bu xülasələr kitabdan həmçinin xarici mütəxəssislərin istifadə edə bilməsinə şərait yaradır.

 

 

Elfira Qurbanova,

sənətşünaslıq namizədi, dosent

 

Mədəniyyət.- 2009.- 20 may.- S. 5.