Bakının heykəlləri
Min illərdən
bəri yaradılmış
heykəl nümunələri
bəşər tarixinin
canlı şahidləridir.
Təsadüfi deyildir ki, heykəltəraşlıq - insanın
nəcib əməllərini,
şərəf və
şöhrətini əsrlər
boyu yaşadan ən gözəl sənət növlərindən
sayılır. Tişə
ustaları öz dövrü üçün
xarakterik olan insan surətlərini təcəssüm etdirir. Heykəltəraşlıq əsərlərində
biz əsasən müsbət obrazlara təsadüf edirik.
Təsviri incəsənətin
geniş yayılmış
bir sahəsi olan heykəltəraşlıq
həyat hadisələrini
bədii obrazlar vasitəsi ilə əks etdirir. Heykəllərin, əsasən
iki növü vardır: Birincisi, həcmli və ya dəyirmi, (bunlara hər tərəfdən baxmaq mümkündür), ikincisi
isə səth üzərində qabartma şəklində yaradılan
heykəllərdir. Belə
heykəllərə barelyef
(və ya qorelyef) deyilir. Həcmli heykəllər statiya adlanan tək fiqurlu kompozisiya formasında, statuyetka adlanan kiçik ölçülü
heykəllər isə
büst formasında yaradılır.
Azərbaycanın paytaxtı
Bakı şəhərində
monumental heykəltəraşlıq, həmçinin dekorativ heykəltəraşlıq nümunələri
çoxdur. Onların bəziləri haqqında söhbət açmaq istəyirik.
Ümummilli liderimiz Heydər Əliyevin Bakıda onun adını daşıyan
sarayın qarşısında,
2005-ci il may ayının
10-da ucaldılan möhtəşəm
abidəsi ən gözəl monumental heykəltəraşlıq
nümunlərindən sayılır.
Heykəlin müəllifləri
Mixail Noqin və Salavat Şorlanov əsər üzərində gərgin
yaradıcılıq axtarışları
aparmışlar. Heykəlin
hündürlüyü 5,2 metr, ağırlığı
2,4 tondur. Tuncdan tökülmüş bu heykəlin ətrafına hərləndikcə tamaşaçı
onda yeni-yeni keyfiyyətlər görür,
bəşəri duyğulara,
qranit xarakterə və dahiliyə valeh olur.
…Bir qədər geriyə qayıdaq. Keçən əsrin 20-ci illərinin sonlarından etibarən plastik sənətin nümayəndələrindən olan P.V.Sabsayın yaradıcılığı diqqəti
cəlb edir. O, 1930-cu ildə M.F.Axundovun tuncdan tökülmüş
heykəlini yaratmaqla şöhrət qazandı.
Böyük mütəfəkkirə
həsr edilmiş monumental fiqurla postament arasındakı dəqiq nisbət, memarlıq üslubunun düzgün icrası, buradakı kiçik bağça ilə uyarlıq onun xarakterik xüsusiyyətlərindən
xəbər verir.
Nizami adına Ədəbiyyat Muzeyinin binası heykəltəraşlıqla
memarlığın sintezinə
ən gözəl nümunədir. Burada tətbiq olunan milli memarlıq
elementləri binanın
xarici görünüşünə
bir incəlik və zəriflik gətirir. Muzeyin qərb fasadının eyvanında qoyulmuş ədəbiyyatımızın görkəmli xadimlərinin
heykəlləri binanın
arxitekturası ilə
plastik əlaqə və həmahənglik təşkil edir. Burada F.Əbdürrəhmanov
Füzulinin, C.Qarayağdı
Vaqifin, E.Tripolskaya Natəvanın, P.Sabsay M.F.Axundovun, N.Zaxarov C.Məmmədquluzadənin,
S.Klyatski C.Cabbarlının heykəllərini ustalıqla
işləmişlər.
Böyük Nizaminin Bakının mərkəzində
qoyulmuş heykəli
o vaxt (1949-cu il) mühüm hadisə oldu. Heykəltəraş F.Əbdürrəhmanov, memar S.Dadaşov və
M.Hüseynovun hazırladıqları
bu abidə heykəltəraşlıqla memarlığın
uğurlu sintezidir. Bu heykəl-abidənin kürsiyyəsini
haşiyələyən tunc
barelyeflərdə şairin
poemalarından məlum
epizodlar maraqlı kompozisiyalarda, qabarıq formada təsvir olunmuşdur.
Bu heykəldən bir qədər aralıda, İçərişəhər divarlarının yaxınlığında
görkəmli satirik şair M.Ə.Sabirin heykəli ucalır (Heykəltəraş C.Qaryağdı,
memar Ə.İsmayılov
və Q.Əlizadə,
1958-ci il). Əlində
kitab, oturmuş halda təsvir olunan şairin baxışlarından «süzülüb
gələn» satirik misralar sanki tamaşaçını ovsunlayır.
Heykəltəraş F.Əbdürrəhmanovun
«Azad qadın» monumenti
də (memar M.Hüseynov, 1960-cı il)
respublika heykəltəraşlıq
məktəbinin uğurlu
nümunəsi sayıla
bilər. Qətiyyətlə çadrasını
atan qadın fiqurunun hündür, düzbucaqlı postament üzərində yerləşdirilmiş
heykəli bu sənət əsərini
daha dinamik, daha canlı göstərir. Əsərin
bədii məzmununda xəlqilik, millilik ruhu nəzəri cəlb edir.
Şöhrətli bəstəkar
Üzeyir Hacıbəyovun
Musiqi Akademiyasının
qarşısında qoyulmuş
abidəsi keçən
əsrin 60-cı illərinin
ən gözəl sənət əsərlərindəndir.
(Heykəltəraş
T.Məmmədov, memar
H.Muxtarov, 1960-cı il).
Əsərdə sanki
musiqi əsərinə
qulaq asan bəstəkarın psixoloji
vəziyyətinə münasib
bir formanın seçilməsi heykəltəraşın
istedadından xəbər
verir.
XVI əsr dahi Azərbaycan
şairi Məhəmməd
Füzulinin Teatr meydanında qoyulmuş heykəlinin (heykəltəraş
T.Məmmədov, Ö Eldarov,
memar H.Muxtarov, 1962-ci il) kompozisiya quruluşu, plastiklik, möhtəşəmlik, sakit
siluet bu sənət əsərini
daha məzmunlu, daha monumental göstərir.
«Azərbaycan» kinoteatrının
qarşısındakı XIX əsr şairəsi Xurşudbanu Natəvanın
xəyala dalmış
mərmər abidəsi
(heykəltəraş Ö.Eldarov,
memar F.Leontiyeva,
1960-cı il) obrazın
bədii həllinin poetikası ilə seçilir.
Heykəltəraş T.Məmmədovun
uğurlu işlərindən
biri də Triestdə faşistlərlə
mübarizədə həlak
olmuş xalqımızın
cəsur oğlu, Sovet İttifaqı Qəhrəmanı, partizan
Mehdi Hüseynzadənin
heykəlidir. Heykəltəraş, qorxu bilməyən Mehdini əlində qumbara tutaraq növbəti əməliyyat apardığı
anda təsvir etmişdir. Partizanın nifrət dolu gözləri, bir-birinə sıxılmış
dodaqları və üzünün cizgiləri
məharətlə işlənmişdir.
Böyük Vətən müharibəsi qəhrəmanlarından Kamal Qasımovun, Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Adil Quliyevin, Xıdır Mustafayevin və başqalarının obrazları Azərbaycan heykəltəraşlığında portret janrının inkişafından xəbər verir.
Heykəltəraş Zivər Məmmədovanın yaratdığı neft ustası Baba Pirməmmədin (1948), xalq artisti H.Sarabskinin (1947), xalq rəssamı Ə.Əzimzadənin (1946) və başqalarının portretləri gərgin yaradıcılıq axtarışlarının bəhrəsidir.
SSRİ xalq artisti Bülbülün (1953), xalq artisti Rəşid Behbudovun (1954), bəstəkar Cahangir Cahangirovun (1954) portretləri istedadlı heykəltəraş Cəlal Qaryağdı tərəfindən ustalıqla işlənmişdir.
Heykəltəraş F.Əbdürrəhmanovun
hazırladığı xalq
şairi S.Vurğunun onun adını daşıyan parkda ayaqüstü abidəsi o
böyük insanın
poetik dünyasından
xəbər verir.
Büst-heykəllər içərisində
tank qoşunları general-mayoru
Həzi Aslanovun Dağüstü parkda qoyulmuş abidəsi (heykəltəraş F.Abdürrəhmanov,
memar L.Qonsiorovski, 1948-ci
il) diqqəti çəkir. Heykəltəraşın
dəzgah kompozisiyası
və fiqurlu plastika sahəsində yaratdığı «Çoban»
(1950) və «Azərbaycan
qadını» (1951) heykəlləri
milli koloriti ilə diqqəti cəlb edir.
Dinamizm və obrazın mürəkkəb
psixologiyasının təsviri
C.Cabbarlının abidəsinə
(heykəltəraş E.Hüseynov,
memar Y.Qədimov,
1969-cu il) xas olan əsas xüsusiyyətdir.
Dəniz kənarında Bəhram Gurun (heykəltəraş Q.Sucəddinov,
A.Mustafayev, A.Rüstəmov,
1958-ci il) simvolik fiquru dekorativ hekəltəraşlığın maraqlı nümunəsidir.
T.Məmmədovun «Bəstəkar
Niyazinin portreti» (1967),
Ö.Eldarovun «Rəssam
S.Bəhlulzadə» (1968), E.Hüseynovanın
«Ailə» (1968) və H.Abdullayevanın lirizmlə
aşılanmış «Vəcihə
Səmədova» (1970) əsərləri
portret heykəltəraşlığı
sahəsində nailiyyət
sayılır.
Bakıda Şah İsmayıl Xətainin, H.B.Zərdabinin, Nəriman
Nərimanovun, Qara Qarayevin, Əzim Əzimzadənin, Əliağa
Vahidin, Yusif Məmmədəliyevin, Mikayıl
Müşfiqin, Hacı
Zeynalabdin Tağıyevin,
Ayna Sultanovanın, Puşkinin, Əlişir Nəvainin, Taras Şevçenkonun və başqalarının heykəlləri,
həmçinin qəbirüstü
abidələr görkəmli
şəxsiyyətlər haqında
tamaşaçıda ətraflı
təsəvvür yaradır.
Xocalı faciəsinə, şəhidlərimizin xatirəsinə
ucaldılan möhtəşəm
abilər müqəddəs
torpaqlarımız, azadlıq
və müstəqilliyimiz
uğrunda mübarizə
aparan övladlarımızın
qəhrəmanlıq, vətənpərvərlik
simvoludur.
Canalı Mirzəliyev
Mədəniyyət.- 2009.- 22 may.- S. 14.