Sənin üçün nağıl axşamı

 

Cavid Zeynallı

  

  

(Hekayə)

 

-Mən sənin üçün hər şey etməyə hazıram.

-Məsələn, nə?

-Bilmirəm. Amma hiss edirəm ki, həyatım səndən ibarətdir.

-Mənim üçün hər şey edərsən?

-Hə. Sənə qurban ola bilərəm.

-Lazım deyil. Ayaqlarımı yuyarsan?

-...

-Ayaqlarımdan öpərsən?

-...

-Niyə sarsıldın? Bəlkə, təhqir etdim səni?

-Utanmaz. Gedirəm, bir də axtarmayacam səni.

...Baş açmıram səndən. Getmişdinsə, üç gündən sonra bu nə mesajdır yazmısan “Kim deyirsə, insanın qüruru olmalıdır, yalandır. Məni səndən ayrı salan zəhləmgetmiş qürurumdur. Yollardakı izlərinə qurban olum”.

Hım... Heç olmasa, qurbanlıq sevginin yeddisini də qeyd edəydin... Bir də sən bilmirsən ki,mən qürurla da məzələnə bilirəm?!

  

   * * *

 

Tələbə vaxtı tanış olduğum,sonralar elə həyatın tələbəlik qayğılarını bir yerdə çəkdiyimiz dostum Üzeyir dünən telefonuma mesaj göndərib. Yazır: “Mən sənə deyəndə ki, Leyli məni sevir, sən inanmırdın. Gülürdün mənə. Gör Həcərə nə deyirmiş: Qızım hər gün atasından nağıl istəyir. Atası da bir-iki gün «Məlikməmməd»i «Göyçək Fatmaya» qarışdırıb nağıl uydururdu. Axırda, nədənsə, bunu özünə sığışdırmadı. Elə mən də pis oldum. Kitab dükanından nağıl kitabı alıb evə gətirdim. Acıqlandı, mən bunu başımdan eləyirəm, sən mənim üçün iş açırsan, - dedi. Mən qəhərdən boğulanda qızım boynumu qucaqlayıb doluxsundu: “Mən nağıl danışan ata istəyirəm”. Yaxşı ki,atası bu sözləri eşitmədi. «Düz beş il əvvəl Leyli üçün yazdığım balaca kağız parçasını Həcərdən göndərib mənim üçün. Oxuyub dəhşətə gəldim. O vaxt mən ona yazmışdım: ”Ən böyük arzum qızımız üçün nağıl danışmaqdır”.

Tələbə vaxtı Leylinin Üzeyirə olan bezikdirici laqeydliyi, nədənsə, xoşuma gəlmirdi.Mənə elə gəlirdi ki,Leyli hərəkətləri ilə Üzeyirə “Sən mənə lazım deyilsən,demək heç kimə lazım deyilsən” söyləmək istəyirdi. Bu fikrimi dostumuz, Leylinin yaxın rəfiqəsi Həcərə də demişdim. Üzeyiri isə inandıra bilməyəndə ona gülürdüm.

Üzeyirin mesajının davamı: “İstəmirdim sənin də qanını qaraldım.İndi qızım üçün nağıl oxuyuram deyə, yadıma düşdü yazdım...

  

   * * *

 

Bilirəm, sən də mənimlə üç-dörd günlük kəndimizi ziyarət etmək istərdin.Daha doğrusu, özün dediyin kimi, sən qiyabi də olsa tanıtdığım kəndimizin əyri-üyrü torpaq yollarında əl-ələ verib pay-piyada yol getməyimizi arzulardın... Sapsarı bənizli günəbaxan zəmilərinin içində gizlənib “doydum” deyənə qədər boyun-boğazımdan öpmək sonra da günəbaxan çiçəklərini dimdikləyən boz sərçələrin ”pırr” eləyib uçmasından diksinib qorxa-qorxa “gedək” deməyi də ürəyindən keçirib xəyal qurardın. Bunları mənə aramsız etdiyin zənglərin, göndərdiyin mesajların deyir. Mən də sənin istəyinlə üç günlük kənd həyatımdan yazacam. Özü də bilirsən haradan? Həyətimizdəki qara tut ağacının ən hündür budağından. Bilirəm, təəccüblənəcəksən. Kəndimiz dağın ətəyində yerləşdiyi üçün telefonumun şəbəkə korluğu var. Nə isə... Hə, onu da deyim ki, sənin mesajlarını almaq üçün tut ağacında telefon üçün yuva da tapmışam. İçində iki çilli yumurta olan qaranquş yuvası!

Oxu yazdıqlarımı: “Yanımda olmağını istərdim. Səni anamla, bacılarımla, qardaşımla tanış edərdim. Bibimin “şəhərdən qızımız gəlib” deməyindən sonra səni necə öpüb-oxşadığını görərdim. Divarlarını Türkan Şorayın şəkilləri bəzədiyi uşaqlığımın sevgili beşiyi olan palçıq suvaqlı balaca otağımla tanış edərdim.Paslı dəmir çarpayımın altında gizlətdiyim məktəb dəftərlərimə baxardın. Sonra da bizim kəndin adamlarının necə istiqanlı, qayğıkeş olduğunu görüb şəhərin fikirli, harasa tələsən adamlarına heyrət edərdin. Bəlkə də, yazığı gələrdi...

Axşamüstü mal-qaramızı örüşdən gətirdim. Xəyalımda səni tərkimə alıb lap uzaqlara qaçırdığım Qəmər atı minmişdim. At qocalıb, əvvəlki deyil. Anam danaları eyitmək üçün inəklərin altına buraxandan sonra dəmir vedrənin içində ağappaq südün xırda köpükləri görünməyə başladı. Elə bu vaxt həyətimizin dəmir darvazasının səsini eşitdim. Qonşumuz Humayın utancaqlıqla gülümsəyən üzünü görəndə təəccübləndim. “Yekə qız olub” - ürəyimdə fikirləşdim. Əl verib görüşdük. Anam ağzına qədər dolu süd vedrəsini Humaydan evə göndərdi. Mənə də dedi ki, qızı evə aparım,itdən qorxur. Sonra Humay çörək bişirməkdə də anama köməkçi oldu.Xəmir kündələdi, təndirə od saldı. İsti təndir çörəyi ilə motal pendirini də anam Humaydan göndərmişdi mənim üçün. Axşam kiçik bacım boynumu qucaqlayıb qulağıma pıçıldadı:

- Bilirsən anam Humayı niyə çağırmışdı?

Özümü elə apardım ki, guya heç nə bilmirəm.

- Sənə göstərmək üçün.

Öz-özümə güldüm.

- Xoşun gəldisə, de, gedim anamdan muştuluq alım”

- O hələ uşaqdır.

- On birinci sinifdə oxuyur e, nəyi uşaqdır?

-Uşaqdır.

-Sənin şəhərdə istədiyin var?

-Sən hardan bilirsən?

-Köynəyini ütüləyəndə cibindən şəkil tapdım.

-Hım.

-Bu il Humayda Bakıda məktəb oxuyacaq, həkimliyi.

...Vəssalam. Sənə yazmaq istədiklərim bu qədər. Amma gərək yazmazdım. Bilirəm ağlayacaqsan. Nə isə... Keçmiş olsun. Darıxma, yanına qayıdıram.

...Hə, yaxşı yadıma düşdü, axşam mənə zəng etmə. Telefonum qaranquşun yuvasında olacaq. Yazıqdır,yuvasından perik düşməsin...

 

   * * *

 

-Ürəyin nə istəyir?

-Bilmirəm.

-Necə yəni bilmirəm.

-Əslində nə istədiyimi yaxşı bilirəm. Amma qorxuram ki, uşaq ağıllı olduğuma güləsən.

-Bu dəfə gülmərəm.

-Sabah da gülə bilməyəcəksən.

-Başa düşmədim.

-Nağıl istəyirəm səndən. Sonra hər şeyi başa salacam.

-Hım. Nədən danışım sənə.

-Ürəyin nədən istəyir.

-Yaxşı. Diqqətlə qulaq as.

...“Əslində bu nağıl deyil, olmuş əhvalatdır. Keçən qış Balaxanı zibilliyində tanış olduğum qoca bomj danışıb mənim üçün. Elə nurani siması var idi ki... Dilim gəlmir deməyə,amma gördüyüm başqa iyrənci bomjlara oxşamırdı. Bir az söhbət edəndən sonra özümə yaxın bildim.Baba deyəndə acıqlandı,sonra pərt olduğumu görüb gülümsədi.

- Mənə zibillik şahzadəsi de.

- Etiraz edəndə yenə gülümsədi.

- Yaxşı ürəyin nə istəyir de.

Sonra öyrəndim ki,daha bomj olmağın daşını atacaq. Yaxınlıqda yaşayan bir alverçiyə kömək edib onun üçün satmağa dəmir-dümür yığacaq. Həmin alverçi də əvəzində gecələmək üçün yer, bir də qəpik-quruş verməyi boyun alıb.. Deyirdi ki, ölsəm də bu iş yerimi itirmərəm. İş yeri... İlahi!!!. -Öz-özümə fikirləşdim. Suraxanıda qaynaqçı işləyən uzaq qohumumuzun həyətində bir qalaq gərəksiz dəmir-dümür yığılmışdı.Hərdən onlara gedəndə arvadı ərinin qarasınca deyinib məndən kömək istəyirdi ki, bu dəmir-dümürü başından rədd eləsin. Maşın tutub qocanı özümlə apardım qohumumgilə. Razılıq edib hərdən ona baş çəkməyimi istədi.

Nə isə... Bunları elə belə dedim.

Qoca deyir dünyanı yarıcan edən müharibənin üçüncü ilində mənim beş yaşım olub.Bundan bir il əvvəl anam beşinci uşağı doğanda qan azlığından öldü.Sonra atamı müharibəyə apardılar. İki bacı,iki qardaş qonşumuz Seydi əmi ilə arvadı Səlminaz xalanın ümidinə qaldıq. Bir gün Səlminaz xala ağlaya-ağlaya mənə dedi ki,Seydi əmini də apardılar. Dörd  biz, beş də onların öz uşaqları qaldıq Səlminaz xalanın üstündə. Bundan sonra gün-güzəranımız ağır keçdi. Səlminaz xalanın cehiz gətirdiyi inəyin südü olmasaydı, hamımız acından ölərdik. Adətən, inəyi örüşdə mən otarırdım. Bir dəfə örüşdən evə qayıdanda bizdən on-on beş ev kəndin aşağısında yaşayan Topal Cümşüdlə həyətimizin taxta darvazasında rastlaşdım. Onu müharibəyə aparmamışdılar. Kəndimizdə qalan üç-dörd kişidən biri idi. Kolxozda anbardar işləyirdi. O vaxt bilmirdim, amma sonra eşitdim ki, özü balta ilə qəsdən ayağını yaralayıb. Nədənsə, Cümşüd məni görən kimi tutulan təhər oldu. Nə isə demək istədi,sözünün dalını gətirə bilmədi. Həmin axşam Səlminaz xala yaman fikirliydi. Amma mənə görə o sevinməliydi. Bilirsən niyə? Evimizə o vaxt camaatın tapmadığı qara çörək gəlmişdi. Daha doğrusu, kim isə gətirmişdi. Bizi yatırandan sonra Səlminaz xala Seydi əminin şəklini haradansa tapıb evin gözəgəlimli yerində pəncərənin şüşəsinə keçirmişdi. Səhəri gün axşam mən həmin şəkli pəncərənin şüşəsində görmədim. Səlminaz xaladan da utandım soruşmağa ki, onu niyə çıxarıb. Üç-dörd gün sonra şəklin bir parçasını nimdaş palazımızın altından tapdım. Bundan sonra daha yemək sarıdan korluq çəkmədik. Evimizdə həmişə ət, yağ, düyü olurdu. Hələ mənim xoşladığım qara xurma da olurdu. Biz hamımız yavaş-yavaş Topal Cümşüdü çox istəməyə başlamışdıq, ona əmi deyirdik. Çox vaxt gecələr biz yatandan sonra Cümşüd əmi bizə gəlirdi və mən sevinirdim ki, o, Səlminaz xalanı da bizi də qorxmağa qoymaz.

...Sonra müharibə qurtardı.Atam da Seydi əmi də qayıtdılar.Bundan sonra bir daha Topal Cümşüd bizə gəlmədi.

Qoca illər sonra Səlminaz xalanın ölüm ayağında Seydi əmi ilə aralarındakı söhbəti və Səlminaz xalanın bacısı qızına dediyi vəsiyyətsayağı sözlərdən də danışdı mənə.

Seydi əmi Səlminazı çox istəyirmiş.Arvad xəstə yatan gündən onun yanında olarmış.

-Ürəyin nə istəyir?

-Acam, amma iştahım da yoxdu.

-Əriştə supu bişirim?

-Yox.

-Bəs nə istəyirsən?

-Qazanda sür-sümük var. Onu itə ver, dünəndən acdır.

-İt vaxtıdır?

-Ac qalmasın.

-Sür-sümüyü vermişəm.

-Toyuqlara dən ver.

-Toyuq vaxtıdır? Sən, yeməyə nə istəyirsən?

-Toyuqların dənini ver. Sonra mən də istəyəcəm.

Səlminaz xalanın bacısı qızı toyuqlara dən vermək üçün bayıra çıxmaq istəyəndə arvad onu qoymayıb. Deyib ki,sən yanımda qal. Seydi əmi otaqdan çıxan kimi Səlminaz xala ağlayıb. Bacısı qızına Topal Cümşüd haqqında danışıb. Aralarında nə olubsa hamısını...Deyib uşaqlar acından ölməsin deyə eləmişdim...

-Seydiyə deyərsən ki, ondan cənnətə getmək haqqı istəyirdim. Üzüm gəlmədi...

Vəssalam...

- Sən, niyə ağlayırsan?

- ...

-Eşitmədin?

-Sən, bunu mənə qəsdən danışdın?

-Bəlkə də.

-Ağlamağımın da səbəbin bilirsən?

-Təxminən. Amma istəyirəm öz dilindən eşidim.

-Bilmirəm necə deyim, çətindir.

-Çox sadədir.De ki,səndən əvvəlkilərin heç birindən üzüm gəlməyib,səndən istəyirəm.Sabah nişanımdır halallıq ver...

 

 

Novxanı, 2009

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 13.