20 illik «Yaramaz»

 

Filmin təntənəli yubiley mərasimi keçirildi

 

Mayın 19-da Musiqili Komediya Teatrında Azərbaycanın görkəmli kinorejissoru Vaqif Mustafayevin çəkdiyi «Yaramaz» filminin 20 illiyi keçirildi.

Respublikanın tanınmış sənət adamlarının, rejissor, aktyor, yazıçıların, Milli Məclis üzvlərinin və digər sənət sahiblərinin iştirak etdiyi tədbiri öz maraqlı musiqi kompozisiyaları ilə «Natiq» ritm qrupu açdı. 

 

İlk olaraq söz tədbirin təşkilatçılarından olan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevə verildi. Kinorejissor Cəmil Quliyev Vaqif Mustafayevin yaradıcılığından danışaraq qeyd etdi ki, onun incə yumor hissi təkcə Azərbaycan deyil, dünya kinematoqrafiyasında öz sözünü deyib. Rejissor bildirdi ki, «Yaramaz» filmi dünyanın aparıcı festivallarında iştirak edərək mükafata layiq görülüb. Filmə öz heyranlığını gizlətməyən Cəmil Quliyev, tədbir iştirakçılarına maraqlı məlumatlar çatdırdı. C.Quliyev sözügedən filmin Karlovo-Varı Film Festivalında «Çarlinin qızıl əsası», Neapolda keçirilən Sorrento Beynəlxalq Festivalında «Vittoriya de Sika» adına qızıl mükafata layiq görüldüyünü tamaşaçılara çatdırdı.

Bundan əlavə, C.Quliyev məşhur italyan rejissoru Bernardo Bertaluççinin dünyanın 35 ən yaxşı filmi arasında «Yaramaz»ın da olduğunu vurğuladı.

Qeyd edək ki, «Yaramaz» filmi həm də Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vaqif Mustafayev və Ramiz Fətəliyev, bəstəkarı isə mərhum sənətkarımız Emin Sabitoğludur. Film dünyanın bir çox yerlərində, o cümlədən, Polşa, ABŞ, Yaponiya və digər ölkələrdə nümayiş etdirilib.

Cəmil Quliyevin çıxışından sonra ekranda «Yaramaz» filmində çəkilmiş və dünyasını dəyişmiş aktyorlar göründü. Mamuka Kikaleyşvili, Həsənağa Turabov, Hamlet Xanızadə, Ağahüseyn Kərimov, Məlik Dadaşov, Eldəniz Zeynallı, Cahangir Aslanoğlu, Hamlet Qurbanov, Tələt Rəhmanov, Çingiz Mustafayev, Mübariz Əlixanoğlu, Hüseyn Muradov, Əli Musayevin filmdə yaratdıqları rollardan parçalar nümayiş olunandan sonra səhnəyə filmdə çəkilmiş aktyorlar dəvət olundu.

Yaşar Nuri rejissor Vaqif Mustafayevə uğurlar arzuladı. O, bildirdi ki, V.Mustafayev aktyorları çətin vəziyyətlərə salandan sonra onları çəkiliş meydançasına çağırır və bu da filmin maraqlı alınmasına təsir edir.

Hacı İsmayılov, Səidə Quliyeva da çıxış edərək V. Mustafayevin maraqlı iş prinsiplərindən, orijinal üslubundan danışdılar. Hər iki aktyor zarafatla bildirdi ki, nədənsə «Yaramaz» filmindəki qəhrəmanlara onların öz adları verilib. S.Quliyeva xüsusi olaraq zarafatla şikayətlənərək V. Mustafayevdən gələcək filmlərdə başqa ad altında oynamaq istədiyini xahiş etdi.

Çingiz Əlioğlu çıxışında Vaqif Mustafayevin «Yaramaz» və «Milli bomba» filmlərini Azərbaycan kinematoqrafiyasının şah əsərləri saydığını bildirdi.

Yazıçı Çingiz Abdullayev «Yaramaz» filminin Azərbaycanı xaricdə necə tanıtmağı haqqında başına gələn hadisəni danışdı. O, 1989-cu ildə ilk dəfə bu filmi izləyəndən sonra xaricilərin bu filmi yüksək qiymətləndirdiklərini vurğuladı. Filmin qəhrəmanına gəldikdə, tanınmış yazıçı bu gün yaramazların olduğunu, onların əməyi ilə ticarətçilərin professor adını aldığı barədə gileyləndi. O, bildirdi ki, bu gün torpaqlarımızın düşmən tapdağında olması, insanların bir-biri ilə anlaşmalarında problemlərin olması, ziyalının adi insanlardan fərqlənməməsi, uşaqlarımızın kitabdan yayınıb pul dalınca qaçması məhz həmin yaramazların əməlləridir. Yazıçı Vaqif Mustafayevə uğurlar arzulayaraq, gələcəkdə ondan yeni filmlər gözlədiyini dedi.

Çıxış edən sənətkarlar Vaqif Mustafayevin Azərbaycan kinosunda öz yeri, öz üslubu olduğunu xüsusi vurğuladılar. Qeyd edək ki, «Yaramaz», «Nakəs», «Hər şey yaxşılığa doğru», «Yerlə göy arasında» s. filmlərin rejissoru olan V. Mustafayevin Azərbaycan kinosunun inkişafında xüsusi rolu var. Onun Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən sənədli filmləri dünyanın müxtəlif telekanallarında film festivallarında nümayiş olunub. Xüsusi olaraq, qeyd edim ki, V. Mustafayevin çəkdiyi, Heydər Əliyevə həsr olunmuş «Əsl məhəbbət haqqında» sənədli filmi Rusiyada keçirilən Teleforumda baş mükafatı qazanmışdır.

Yubiley tədbirində çıxış edən müğənnilər Sevda Ələkbərzadə, Eyyub Yaqubov, Manana da ifa etdikləri mahnılarla «Yaramaz» filminin yaradıcılarını təbrik etdilər.

Sonda Vaqif Mustafayev səhnəyə çıxaraq tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və filmdə çəkilmiş aktyorlarla birgə «Yaramaz» filminin 20 illiyinə təqdim olunmuş tortu kəsdi.   

 

 

Fehruz

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 11.