Milli irsi necə qoruyuruq?

 

Müasir dövrdə ölkəmizdə mədəniyyət və incəsənət sahəsində öz həllini tapmamış bir sıra vacib problemlər hələ də qalmaqdadır. Belə halların aradan qaldırılması üçün dövlət orqanları ilə yanaşı, sənət sahəsi ilə məşğul olan insanların da üzərinə məsuliyyət düşür. Öncədən deyək ki, vəziyyət heç də çıxılmaz deyil və qeydlərimizdə onların həlli yollarını da göstərməyə çalışacağıq. Bakıya gələn qonaqların ilk öncə görmək istədikləri yerlərdən biri İçərişəhər memarlıq kompleksidir. Müstəqilliyimizə qədər bu kompleks daha çox qədimliyi ilə diqqəti cəlb edirdisə, indi onun keçmiş əsrlərin abidəsi olduğuna inam azalıb. Səbəbi isə, bu unikal abidənin son dərəcə müasir üslubda «bərpa» edilməsi və yeni tikililərin əlavə olunmasıdır. Ətrafında ucaldılmış göydələnlər azmış kimi, kompleksə daxil olan qədim tikililər də bu «yeniliklərlə» əvvəlki görkəmini itirmək üzrədir. Artıq bu qədim guşənin «fatihəsi» oxunub, desək, yanılmarıq.

 

Konkret faktlara keçək.

İçərişəhərdə yerləşən Cümə məscidinin minarəsi də öz ilkin konstruksiyasından məhrumdur. Minarənin şərəfə-eyvan hissəsi əvvəl daşdan ibarət olmuş, sonra 1721-ci ildə paytaxtımıza hücum çəkən rus ordusu tərəfindən dağıdılmışdır. Hazırda bu hissə dəmirdən - özü də tamam başqa bir quruluşdadır. Bu isə minarənin qədimliyinə şəkk gətirən səbəblərdən biridir.

Əcdadlarımızdan bizə qalan dəyərli yadigarların yanından qürurla, möhtəşəmliyinə heyranlıqla keçirik. Bəs görəsən, bu incilərin bugünkü vəziyyəti və sonrakı taleyi niyə bizi düşündürmür?

Naxçıvanda yerləşən Qarabağlar türbəsinin günbəzi son vaxtlaradək dağıdılmış halda idi. Bərpadan sonra isə metal lövhələrlə örtülmüş günbəzlə bu XIV əsr abidəsinin gövdəsi arasında, sanki əsrlərlə zaman fərqi var. Əlbəttə, ölkədə belə tikililərin sayı çoxdur və adlarını saymaqla siyahını bir az da uzatmaq olar.

Ölkəmizin qərb hissəsinin işğalı zamanı dağıdılmış abidələri bərpa etmək və yaxud itirilənləri rəmzi olaraq yenidən yaratmaq da önəmli məsələlərdəndir.

1993-cü ilə qədər Ağdam rayonunda çox zəngin çörək muzeyi fəaliyyət göstərmişdir. Bu muzeydə Azərbaycanın ən qədim yaşayış məskəni, mədəniyyət və əkinçilik mərkəzlərindən olmasını sübut edən müxtəlif növ daşlaşmış dənli bitki qalıqları saxlanır və sırf bizim mətbəximizə məxsus olan müxtəlif çörək növləri nümayiş olunurdu. Lakin 1993-cü il işğalı zamanı muzeyi işçiləri bəzi eksponatları Bakıya gətirmiş, qalanları isə məhv edilmişdir. İndi məlum səbəblərə görə çörək muzeyini əvvəlki yerində bərpa etmək mümkün deyil. Amma salamat qalan eksponatları toplayıb ölkəmizə məxsus olan çörək və un məmulatları nümunələrini əlavə etməklə, Azərbaycanın başqa bir ərazisində eyni adlı bu muzeyi yaratmaq olar.

Məlumdur ki, dünyanın bir çox ölkələrində kulinariya muzeyləri yaradılmışdır. Məsələn, Moskvada İctimai Qida muzeyi fəaliyyət göstərir. Muzeyin zallarında qədim mətbəx ləvazimatlarını və müxtəlif çeşidli cihazları, XIX əsr restoranlarında stolların, süfrələrin bəzədilməsində istifadə edilən əşyaları görmək olar. Bu eksponatlar həm də beynəlxalq tədbirlərdə, şəhər və kənd məclislərində, mərasimlərdə göstərilən xidmət metodlarından, mətbəx mədəniyyətindən xəbər verir.

İctimai Qida muzeylərində, adətən, eksponatların bir hissəsini kulinarların işləri təşkil edir. Beynəlxalq müsabiqələrdə rəssam-qənnadıçılar karamel və şokoladın müxtəlif növlərindən kiçik ölçülü plastika nümunələrini elə incə yaradırlar ki, heykəltəraşlıqda istifadə olunan materiallarla bu iş, o qədər də uğurlu alınmaz. Belə ki, heykəltəraşlıq materialları olan gil, gips, mərmər və s. daha zərif işləmə imkanlarını məhdudlaşdırır. Başqa ölkələrdə keçirilən yarışlarda qənnadıçılar, karvinqlə məşğul olan kulinarlar, rəssam və heykəltəraşlarla birlikdə çalışırlar. Azərbaycanda isə bütün bu kimi vəzifələr onlardan birinin üzərinə düşdüyündən, istədiyimiz nəticəni əldə etməkdə çətinlik çəkirik. Təsviri sənətlə məşğul olan yaradıcı gənclərə təklif edərdik ki, öz fantaziya və qabiliyyətlərini bu sahədə də sınasınlar.

İctimai Qida muzeyinin yaradılması, həm də Azərbaycanda qədim qonaqpərvərlik ənənələrinin saxlanılması, təqdim olunması və təbliği baxımından əhəmiyyətlidir.

1990-cı illərin əvvəlindən başlayaraq bir qrup bazar dəllalı kəndbəkəd gəzib qədim qabları, xalçaları yeniləri ilə dəyişir və ya çox ucuz qiymətə satın alırlar. Sakinlər də bu əşyaların bədii və tarixi dəyərini bilmədiyindən buna dərhal razı olur, lakin onların sonrakı aqibətindn xəbərsiz qalırlar. Dəllalların arasında aldıqları əşya və xalçaları sonradan xarici ölkələrin nümayəndələrinə satıb külli miqdarda gəlir əldə edənlər kifayət qədərdir. Bunun da mənfi nəticəsidir ki, bəzən bu əşyaların bir çox dünya muzeylərində başqa ölkələrin adı altında nümayişini görürük. Belə halların qarşısını almaq üçün əhalini məlumatlandırıb qabaqcadan xəbərdar etmək və bu tarixi əşyaları sahiblərinin razılığı ilə öz muzeylərimiz üçün almaq daha yaxşı olmazmı? Ümumiyyətlə, muzeylərimizin səyyar yolla eksponat toplamaq ənənəsi unudulduğundan, ümummilli mallarımıza özgələr sahib çıxırlar.

Əsrlər boyu Azərbaycan dünya miqyasında öz zəngin ornamentli xalçaları ilə də tanınmışdır. Bu gün dünya bazarında İran xalçaçıları ilə rəqabət apara biləcək ölkələrdən biri də Azərbaycandır. Qəribə də olsa, hazırda İranın dövlət büdcəsinin az qala yarısı xalça satışı hesabına formalaşırsa, bizim büdcəmizdə xalçanın çəkisi yox dərəcəsindədir. Axı neftlə yanaşı, güvənməli xalça sənətinin imkanlarından niyə istifadə etməməliyik?

Çox vaxt xalça ornamentlərinin bizə mənsub olub-olmadığını, hansı məna daşıdığını, nəyi simvolizə etdiyini bilmədən müxtəlif parça və geyimlərdə tətbiq olunduğunu görürük. Xalçaçılıq sənəti milli mədəniyyətimizdə mühüm yer tutduğu üçün onun bəzəklərinin də yersiz istifadəsi yolverilməzdir.

Yuxarıda deyilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, rastlaşdığımız yaradıcılıq problemlərinin kökündə ümumilikdə incəsənətə qarşı etinasızlıq, biganəlik durur. Peşəkarların öz sahəsi üzrə çalışması və eyni zamanda, ixtisasca bir-birinə yaxın olan mütəxəssislərin birgə fəaliyyəti milli mədəniyyətimizin inkişafını təmin edə biləcək başlıca amillərdən biridir. Vəzifəsindən asılı olmayaraq bu məsuliyyəti hər kəsin özündə hiss etməsi də əsas şərtdir.

 

 

Səyyarə Namiqqızı,

sənətşünas

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 9.