Bəşəriyyətin fundamental sərvəti
onun müxtəlifliyidir
Azərbaycan mədəni müxtəlifliyə və
mədəniyyətlərarası dialoqa böyük diqqət
ayırır
Birləşmiş Millətlər
Təşkilatının təşəbbüsü ilə
mayın 21-i Ümumdünya Dialoq və İnkişaf naminə
Mədəni Müxtəliflik Günü kimi qeyd olunur. Qeyd edək
ki, 2001-ci ilin noyabrnda YUNESKO-nun Mədəniyyətlərin
Müxtəlifliyinə dair ümumi Bəyannaməsi qəbul
edildikdən sonra Baş Assambleya bu sənədi və onun həyata
keçirilməsi üçün Fəaliyyət
Planının əsas istiqamətlərini alqışlayıb
və 21 may tarixini Ümumdünya Dialoq və İnkişaf
naminə Mədəni Müxtəliflik Günü elan edib. Bir
sözlə, bu gün mədəni müxtəlifliyin dəyərləri
haqqında anlayışımızı artırmağa və
daha səmərəli şəkildə yanaşı
yaşamağı öyrənməyə imkan yaradır.
Hazırda mədəniyyətlərarası
və sülh naminə dialoqa hazır olan olan, ərazisində
yaşayan milli azlıqların hüquqlarına hörmətlə
yanaşan Azərbaycanda da Mədəni Müxtəliflik
Günü yüksək səviyyədə qeyd olunur, BMT-nin
Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü
ilə bu münasibətlə müxtəlif mədəniyyət
tədbirləri keçirilir. Təsadüfi deyil ki, BMT-nin İctimai
İnformasiya Departamentinin
Azərbaycandakı nümayəndəsi
Envera Selimoviç deyir: «Nəzərə
alsaq ki, incəsənətə mədəniyyətlərarası
dialoq üçün
qlobal dil kimi baxıla bilər, müxtəlif ölkələrdən olan
rəssamlar öz əsərləri ilə bizə bir daha
xatırladır ki, bəşəriyyətin fundamental
sərvəti onun müxtəlifliyidir. Qeyd
etmək lazımdır
ki, müxtəlif mədəniyyətlərin birləşdiyi
və eyni zamanda öz tolerantlığı ilə
məşhur olan bir məkan baxımından Azərbaycandan
daha qənaətbəxş
yer yoxdur».
Hazırda Azərbaycanda
rus, ukrain, kürd, laks, ləzgi, tat, tatar, gürcü, ingiloy,
talış, avar, Məshəti türkləri, yəhudi,
alman, yunan və başqa xalqların 20-dən çox müxtəlif
mədəni cəmiyyətləri fəaliyyət göstərir.
Üç dini cəmiyyətin- İslam,
xristiyan və iudaizmin nümayəndələri
bütün dövlət
tədbirlərində iştirak
edirlər. Mədəni
müxtəlifliyin dəstəklənməsi
və qorunması Azərbaycan Respublikasının
dövlət siyasətində
də öz əksini tapıb.
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev deyir ki, Azərbaycan tollerant bir
dövlətdir, ölkədə bütün xalqların və
dinlərin nümayəndələri eyni hüquqa malikdirlər:
«Bu müddəalar Azərbaycan Konstitusiyasında da təsbit
olunub. Hər bir Azərbaycan vətəndaşı mədəniyyətin
müxtəlif sahələrindən bərabər səviyyədə
istifadə edə bilər və bu da «Mədəniyyət
haqqında» qanunda öz əksini tapıb.
Mədəniyyət və
Turizm Nazirliyi yarandığı ilk gündən etibarən bu
sahəyə böyük diqqət yetirib. Nazirin sərəncamı
ilə hər iki ildən bir azsaylı xalqların incəsənət
festivalı keçirilir.
Bu festivallardan birincisi 2006-cı ildə,
ikinci isə 2008-ci ildə keçirildi.
Eyni zamanda hər iki festival çərçivəsində
azsaylı xalqların
mədəniyyəti və
perspektivləri mövzusunda
Azərbaycanda yaşayan
görkəmli alim və mütəxəssislərin
iştirakı ilə
elmi simpoziumlar keçirildi. Simpoziumlarda çox
qiymətli fikir mübadləsi aparıldı».
Fikrət müəllim
bildirir ki, hazırda nazirlik milli azlıqların və etnik
qrupların mədəni dəyərlərini inkişaf etdirmək
üçün konkret proqramlar həyata keçirir: «Azərbaycanın
effektli dövlət siyasəti ona gətirib
çıxarır ki, ölkə yavaş-yavaş beynəlxalq
aləmdə mədəni müxtəlifliyin
ixracçısına çevrilir. Bundan əlavə,
Azərbaycan Avropa Şurası, İslam Konfransı Təşkilatı
və İSESKO-ya üzv olan yeganə
dövlətdir. Bundan
çıxış edən
Mədəniyyət və
Turizm Nazirliyi bu yaxınlarda böyük mədəniyyətləri
və sivilizasiyaları
yaxınlaşdırmaq üçün
«Bakı prosesi»nin təşəbbüsçüsü
oldu. Bu fəxri
missiyanı yerinə yetirmək üçün
nazirlik tərəfindən
bu istiqamətdə müxtəlif tədbirlərin
keçirilməsi gözlənilir».
Bu faktlar göstərir
ki, Azərbaycan Respublikası mədəni müxtəlifliyə
və mədəniyyətlərarası dialoq məsələsinə
böyük diqqət ayırır, xalqlar arasında
sülhün və qarşılıqlı
anlayışın əldə olunmasında bütün beynəlxalq
təşəbbüsləri dəstəkləyir.
MEHPARƏ
Mədəniyyət.- 2009.- 22 may.- S. 9.