Turistlərə nə verək?
Mütəxəssislərin fikrincə, Azərbaycanda
suvenir zavodunun bərpasına ehtiyac var
Azərbaycan artıq
yeni bir marşrut kimi turistlərin diqqətini cəlb edir. Bu maraq
ildən-ilə artmaqdadır.
Ölkəmizə səfər
edən insanlarda Azərbaycan haqqında təsəvvürləri genişləndirmək
və yeni turistlər cəlb etmək məsələsi
həm dövlətin,
həm də bütün vətəndaşların
marağında olmalıdır.
Çünki bu il ölkənin
gələn turistə
layiqli təqdimatı,
milli dəyərlərimizin
lazım olan səviyyədə təbliği
növbəti il həmin turistin özü ilə bir neçə insanı gətirməsi deməkdir. Bu məsələdə
turistlərə təklif
edilən suvenirlər
də böyük rol oynayır.
Qeyd edək ki, xarici
ölkələrdə bu fakta çox böyük önəm
verilir. Xüsusilə turizmin inkişaf
etdiyi ölkələrin
iri şəhərlərində
xüsusi suvenir mağazaları var ki, turistlər yalnız ordan alver edə bilərlər. Eyni zamanda
ölkəyə gələn
yüksək səviyyəli
qonaqlara xüsusi hazırlanmış suvenirlər
təqdim edilir ki, bunlarda da
həmin ölkənin
tarixini, mədəniyyətini,
dövlət atributlarını
əks etdirən ştrixlər olur. Bu mövzuda bugünlərdə
Almaniyada səfərdə
olan əməkdaşımızın
dedikləri diqqətimizi
cəlb etdi. Onun dediyinə görə, getdikləri mağazalarda satılan bütün suvenirlərin üzərində
Berlinin şəkli, Almaniyanın xəritəsi,
tarixi-mədəniyyət abidələrinin
təsviri əks olunub.
Bəs görəsən, Azərbaycanda
vəziyyət necədir?
Turistlərə suvenir təqdim
edən mağazalar fəaliyyət göstərirmi?
Ümumiyyətlə, suvenirlərin hazırlanmasına
nəzarət varmı?
Bu suallarla Mədəniyyət
və Turizm Nazirliyinin Turizm İdarəsinin müdiri Aydın İsmiyevə müraciət etdik. Onun dediyinə görə, bu gün Azərbaycanda
və bölgələrdə
müxtəlif sexlər
suvenir istehsalı ilə məşğul olur. Amma onlara konkret hansısa qurum tərəfindən heç
bir nəzarət olunmur: «Bizim qonaqlarımız olanda həmin sexlərə əvvəlcədən sifariş
verirk. Bunlar kiçikhəcmli suvenir xalçalar, kəlağayılar
və s. ola
bilər. Əsas olan budur ki, həmin suvenirlər başqa ölkələrin istehsalı
olmasın». Aydın
müəllim çıxış
yolu kimi əvvəllər Bakıda
mövcud olan suvenir zavodunun bərpasının vacibliyini
vurğuladı: «Dövlətin
nəzarətində olan
suvenir zavodunun olması yaxşı olardı. Bu, əvvəlki
zavodun fəaliyyətinin
bərpası şəklində
də ola
bilər. Əsas olan budur ki, turistlərə təqdim olunan suvenirlər Azərbaycan mədəniyyyətini, dövlət
atributlarımızı, tariximizi
əks etdirsin».
Azərbaycan Turizm
İnstitutunun turizm biznesinin təşkili və
texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi
Bahadur Bilalovun dediyinə görə, ölkəmizə gələn
turistlərə müəyyən suvenirlər təklif olunur:
«Məsələn, “Karvansaray” restoranının içərisində,
Fəvvarələr meydanında səyyar suvenir
satışı təşkil olunur. Təbii ki,
ölkəmizə gələn
əcnəbi mütləq
aldığı suvenirdə
Azərbaycanın tarixinin,
mədəniyyətinin, abidələrimizin
bir parçasını
görmək istəyəcək.
Bu, Azərbaycanın bayrağı,
gerbi də ola bilər.
Yəni turist vətəninə qayıdanda zaman keçsə də aldığı suvenirlərə
baxan kimi yadına salmalıdır ki, bunu Azərbaycandan
alıb. Həmçinin bu, bölgələrimizə
də aiddir. Məsələn, Şəkinin suvenir
mağazalarında həm
Azərbaycanı, həm
də Şəkinin özəlliklərini əks
etdirən suvenirlər
satılmalıdır». Hazırda bu profilli mağazalarda satılan suvenirlərin çeşidinin, keyfiyyətinin
kifayət etmədiyini
deyən B.Bilalov problemdən çıxış
yolu kimi Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində bu məqsədlə xüsusi
komissiyanın yaradılmasını
məsləhət gördü:
«Bu komissiya turistlərə
təklif edilən suvenirlərin siyahısını
dəqiqləşdirməli, onların çeşidini
müəyyənləşdirməlidir. Çünki suvenirlər ölkənin
bir parçasıdır.
Ona görə də onların hazırlanmasına
nəzarət mütləq
lazımdır. Özü də
bu məsələdə
çox diqqətli olmaq, digər ölkələrin suvenirlərini
təkrar etməmək
lazımdır».
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 22 may.- S. 8.