Gədəbəydə kənd mədəniyyət
işçiləri ilə
görüş
Nazirliyin məsul əməkdaşlarının
bölgələrə səfərləri maraqla
qarşılanır
Mayın 19-da Gədəbəy Rayon Mədəniyyət
evində mədəniyyət işçilərinin
ümumrayon toplantısı keçirildi. Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə rayonlarda belə toplantıların keçirilməsi
artıq ənənə halını alıb. Nazirliyin
İcra Aparatının rəhbəri Firudin Qurbanovun
başçılıq etdiyi işçi qrupunu salamlayan Gədəbəy
rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzayev
ölkəmizdə ildən-ilə sürətlənən
iqtisadi inkişafın mədəniyyət, elm, təhsil, səhiyyə,
idman və digər sahələrdə də öz müsbət
əksini tapdığını söylədi. Ölkə rəhbərliyinin
həyata keçirdiyi uğurlu siyasətin Gədəbəyin
də sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə
dəyişdiyini, rayonda böyük tikinti-quruculuq və
abadlıq işlərinin vüsət
götürdüyünü deyən icra
başçısı fikrini konkret faktlarla əsaslandırdı.
O, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının yerlərdə uğurlu icrasından və
bugünlərdə Gədəbəydə Qızıl
zavodunun işə salınmasından danışdı.
Mədəniyyət və
Turizm Nazirliyinin İcra Aparatının rəhbəri Firudin
Qurbanov nazirliyin əməkdaşlarından ibarət
işçi qrupunun üzvlərini toplantı
iştirakçılarına təqdim etdi. Azərbaycanın
iqtisadi inkişafında qeyri-neft sektorunun xüsusi çəkisinin
ildən-ilə artdığını nəzərə
çatdıran natiq, son illərdə şəhər və
bölgələrdə istifadəyə verilən istehsal
müəssisələri ilə yanaşı, turizmin
inkişafı üçün də ölkəmizdə
çox böyük işlər görüldüyünü
qeyd etdi. Turizmlə bağlı şöbə və
sektorların nazirliyin tərkibində əhəmiyyətli yer
tutmasını da F.Qurbanov bu vacib sahəyə olan diqqət və
qayğıdan irəli gəldiyini söylədi. Mədəniyyətlə
sıx bağlı olan turizmə dövlətin böyük dəstək
verdiyini deyən nazirlik rəsmisi, son üç ildə bu sahənin
inkişafı ilə əlaqədar ölkə rəhbərinin
200-ə yaxın fərman və sərəncam
imzaladığını, bu istiqamətdə xüsusi
proqramlar, böyük layihələr həyata
keçirildiyini xatırlatdı. Natiq bildirdi ki, əgər
1950-ci ildə dünyada turistlərin sayı 23 milyon nəfər
olubsa, bu rəqəm 2006-cı ildə 1 milyardı
ötüb. Təbii ki, turistlərin sayı artdıqca, gəlir
də ona uyğun olaraq çoxalır. Çıxışçı
onu da qeyd etdi ki, ölkəyə gələn hər turist 7-8
adamın işlə təmin olunması deməkdir. Artıq
ölkə turizmində infrastrukturun yarandığını
söyləyən F.Qurbanov, son bir il ərzində Bakıda və
regionlarımızda 50 hotelin tikilib istifadəyə verildiyini
dedi. O, məruzəsində son illərdə mədəniyyət
sahəsində əldə olunan uğurlardan da geniş
söz açdı. Ötən ilin dekabrında
paytaxtımızda «Mədəniyyətlərarası dialoq»
mövzusunda Avropa Şurası ölkələri mədəniyyət
nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq
konfransı Azərbaycanda gerçəkləşən mədəniyyət
siyasətinin uğuru kimi qiymətləndirən aparat rəhbəri,
prezident İlham Əliyevin və Avropa Şurasının
baş katibi Terri Devisin iştirak etdiyi həmin beynəlxalq tədbiri
ölkəmizin mədəni həyatında mühüm hadisə
adlandırdı. 2009-cu il üçün Bakının
İslam Mədəniyyəti Paytaxtı elan olunmasını
Azərbaycan mədəniyyətinin qədim tarixi, zənginliyi
və son illərdə güclü inkişafı kimi səciyyələndirən
F.Qurbanov, bu proqram çərçivəsində ölkəmizdə
silsilə tədbirlərin ilboyu davam edəcəyini söylədi.
Ötən ilin sonunda Bakıda Beynəlxalq Muğam Mərkəzinin
açılışını ölkə rəhbərinin mədəni
irsimizə göstərdiyi qayğı kimi dəyərləndirən
natiq, bu ilin martında paytaxtımızda 20 ölkə təmsilçisinin
iştirak etdiyi möhtəşəm Muğam
Festivalının keçirilməsini də mədəniyyətimizin
dünyada təbliğ olunması işinin davamı
olduğunu bildirdi. O, bu mühüm işlərin həyata
keçirilməsində Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban Əliyevanın da müstəsna xidmətlər
göstərdiyini diqqətə çatdırdı. Siyasətin
mədəniyyətin bir qolu olduğunu deyən
çıxışçı bildirdi ki, ölkəni təbliğ
etmək baxımından mədəniyyətin, ədəbiyyatın
və idmanın daha böyük imkanları var. Azərbaycan
Uşaq Simfonik Orkestrinin ötən il Parisdə - YUNESKO-nun
Baş iqamətgahında və Strasburqdakı
çıxışlarının, təkrarsız muğam
ustası Alim Qasımovun ABŞ-da, Yaponiyada və bir sıra
Avropa ölkələrində verdiyi möhtəşəm
konsertlərin, Bakıda keçirilən və dünyanın
məşhur simfonik orkestrlərinin iştirak etdiyi
Rostropoviç festivallarının mədəniyyətimizin təbliğ
olunmasında böyük rol oynadığını deyən
F.Qurbanov, bu uğurların arxasında Azərbaycan mədəniyyət
strukturlarının ildən-ilə möhkəmlənən
maddi-texniki bazasının durduğunu söylədi. Natiq,
respublikamızdakı mədəniyyət müəssisələrinin
əsaslı təmirindən danışmağı da
unutmadı. Heydər Əliyev Sarayı dünya
standartlarına uyğun, yüksək səviyyədə,
Nizami adına Ədəbiyyat Muzeyi, Rus Dram Teatrı və
Kukla Teatrının da tam təmir olunduğunu söyləyən
F.Qurbanov, hal-hazırda bu istiqamətdə işlərin davam
etdirildiyini dedi. Nazirlik rəsmisi bildirdi ki, Dövlət
İncəsənət Muzeyində aparılan əsaslı təmir
işləri isə başa çatmaq üzrədir. Onu da deyək
ki, haqqında məlumat verilən mədəniyyət
ocaqlarının videogörüntüləri xüsusi ekranda
nümayiş etdirilirdi. Maddi-mədəniyyət abidələrinin
qorunmasından da danışan F.Qurbanov, respublikamızda
qeydiyyatdan keçmiş 6300-dən çox mədəniyyət
abidəsinin olduğunu xatırlatdı. Onlardan ikisi -
İçərişəhər və Qobustan Təbii
Qoruğu YUNESKO-nun Mədəni İrs siyahısına
salınıb. Bu işdə ölkə prezidenti İlham Əliyev,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban Əliyevanın böyük səy göstərdiyini
diqqətə çatdıran
çıxışçı, bu siyahıya digər abidələrimizin
salınması üçün də müəyyən
işlərin görüldüyünü qeyd etdi. Yaxınlarda
başa çatmış «Eurovision» yarışmasında Azərbaycan
təmsilçiləri - Araş və Aysel Teymurzadənin III
yerə böyük uğur və mədəniyyətimizin təbliği
baxımından əhəmiyyətli fakt olduğunu
vurğulayan F.Qurbanov həmçinin bildirdi ki, bu işin təşkilati
tərəfinə dövlətin dəstəyi olmasaydı, bu
qələbə də olmazdı. SSRİ-nin
dağılmasından sonra kinematoqrafiya sahəsində bir
durğunluq yarandığını deyən natiq, bu vəziyyəti
şərtləndirən bir amilin də dünyada internet və
peyk şəbəkəsinin inkişafı ilə
bağlı olduğunu söylədi. Bu, kinonu bir qədər
arxa plana keçirdi. O, həmçinin kino
avadanlığının fiziki və mənəvi cəhətdən
köhnəlməsini də bu sahəni geri çəkən
səbəblərdən biri kimi səciyyələndirdi. Son
illər dövlətin kino sahəsinə diqqətinin
artdığını söyləyən F.Qurbanov, bu
yaxınlarda prezident İlham Əliyevin iştirakı ilə
Dövlət Film Fondu binasının
açılışını xüsusi qeyd etdi. O, son illər
«Cavad xan», «Hökmdarın taleyi» bədii və bir çox sənədli,
uşaq filmlərinin çəkildiyini də kinomuzun uğuru
kimi dəyərləndirdi. Çıxışçı,
kitab nəşri sahəsindəki yeniliklərdən, yüksək
poliqrafik keyfiyyəti ilə seçilən
kitablarımızın beynəlxalq kitab sərgilərində
layiqli yer tutduğundan, kitabxana sistemi və muzeylər şəbəkəsi
işinin də təkmilləşdirilməsi
üçün xeyli iş görüldüyündən də
danışdı.
Sonra toplantı
iştirakçılarına söz verildi. Mərkəzi
Kitabxana Sisteminin direktoru Duman Nağıyev Mədəniyyət
və Turizm Nazirliyinin işçilərinə belə bir
toplantının Gədəbəydə keçirildiyinə
görə minnətdarlığını bildirdi. O, qeyd etdi
ki, Gədəbəydə kitabxana 1932-ci ildən fəaliyyətə
başlayıb. Hazırda rayonda 109 kitabxana var. Ümumi kitab
fondu 574 min nüsxədir ki, onun da 156870-i prezident İlham Əliyevin
12 yanvar 2004-cü il tarixli sərəncamı ilə çap
olunmuş kitablardır. D.Nağıyev nəzərə
çatdırdı ki, əsas çətinlik kitabxana
binasının əsaslı təmiri və yeni
avadanlıqların alınması ilə bağlıdır. Rayon
Tarix Diyarşünaslıq Muzeyinin direktoru Afət Allahverdiyeva
bildirdi ki, bu il diyarşünaslıq muzeyinin
yaradılmasının 20 ili tamam olur. Muzey əsaslı şəkildə
təmir olunub. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə
dəstəyi ilə bədii tərtibat işləri
aparılmış, yeni ekspozisiyalar qurulmuşdur. Muzeyin
ekspozisiyalarında ulu öndər Heydər Əliyevin
1969-1982-ci illər, 1993-2003-cü illər hakimiyyət
dövrü, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan
xalqının mili azadlıq uğrunda mübarizəsi,
Qarabağ müharibəsi, 20 Yanvar, 31 Mart, 26 fevral soyqırımları,
ölkəmizin apardığı daxili və xarici siyasət,
neft strategiyası və iqtisadiyyatda əldə olunan nailiyyətlər
də öz əksini tapmışdır. Slavyanka kənd
Musiqi məktəbinin direktoru İlham Zeynalov öz
çıxışında bildirdi ki, rəhbərlik etdiyi mədəniyyət
ocağının təzə binaya böyük ehtiyacı
var. Prezident təqaüdçüsü, el
aşığı İsfəndiyar Rüstəmov
qonaqları salamladı, mədəniyyət işçilərinə
göstərdiyi qayğıya görə prezident İlham Əliyevə
minnətdarlığını bildirdi. O, söylədi ki,
ötən il mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Gədəbəydə olub. O, ilk mədəniyyət
naziridir ki, rayonumuza qədəm basıb. Bu diqqətə
görə ona «Sağ ol!» deyirəm. Gədəbəy rayon Mədəniyyət
və Turizm şöbəsinin müdiri Fazilə Məmmədova
öz çıxışında qeyd etdi ki, Rüstəm Əliyev
kəndində iş adamı İsgəndər Sadıqov
öz hesabına mədəniyyət evini təmir etdirir.
Digər
çıxışçılar da görülən işlərdən
və mövcud problemlərdən danışdılar. Sonda
yenidən çıxış edən Mədəniyyət və
Turizm Nazirliyi İcra Aparatının rəhbəri Firudin
Qurbanov toplantı iştirakçılarının söz
açdığı problemlərin işçi qrupu tərəfindən
qeydə alındığını və yaxınlarda
nazirliyin Gəncədə keçiriləcək regional
müşavirəsində müzakirə olunub həllini
tapacağını söylədi.
Həmin gün
işçi qrupunun üzvləri rayon mərkəzindəki mədəniyyət
müəssisələrində və Xar-xar, Zəhmət,
Slavyanka, Söyüdlü, Gər-gər kəndlərindəki
klub və kitabxanalarda oldular.
Qorxmaz Şıxalıoğlu
Mədəniyyət.- 2009.- 22 may.- S. 3.