O illərin ədəbiyyatı
Biz xalq olaraq istiqlalımız uğrunda mübarizə
apardıq. Onun uğrunda kifayət qədər
şəhidlər verdik, sürgünlər, həbslər
yaşadıq. Amma hər zaman inandıq ki, iqbalımız
istiqlalımızdadır. Bu inamla ədəbiyyatımız
da isiqlal savaşımızın yanında oldu. Tariximizin
1918-20-ci illərini yaddaşa çevirən ədəbiyyatımız
37-ci il repressiyasının güllələrinə tuş gəlsə
də, əslində öz məfkurəsinə xəyanət
etmədi. Azadlıq carçısı olan ədəbiyyatımız
1918-ci ildə qurulan respublikanın azadlıq
işığını sonrakı nəsillərə
daşıdı.
Ədəbiyyatımızın 18-ci ili
Azərbaycan Demokratik
Respublikasının qurulmasına zəmin yarandığı
dövrdə xalqımız tarixinin ən həyəcanlı
günlərini yaşayırdı. Ədəbiyyat milli istiqlal günlərinə
yaxınlaşmanın sevinci içində yaşayır,
böyük ümidini bütün həssaslığı ilə
tərənnüm edirdi. Soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının
vəhşi işgəncələrinə davam gətirməyərək
həlak olmuş şair Əliyusif hadisələrin
inkişafını bu ilhamlı beytlərlə təsvir
edirdi:
Çox dolaşdım əski
Şərqin ölü, hissiz yurdunu,
Sübh olmuşdu, fəqət
bir oyanan görmədim.
Anlamazdı kimsə onun o
şübhəli dərdini,
Ağlamazdı ona kimsə,
qəlbi yanıq görmədim.
Dedilər ki, öksüz
Şərqin xəzan görmüş bağında,
Yeni başdan qızıl
güllər, yasəmənlər açacaq,
Yatmış yurdu qardaş
kimi dirilt, qaldır, oyandır,
Ürəyində sönməyəcək
bir həqiqi od yandır!..
Yaradıcılığa
yeni başlayan digər şairləri də belə nikbin
görüşlər və romantik hisslərlə həyəcanlı
idilər. Az zamanda bir
çox ədəbi məclislər açılır və
jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi,
Abdulla Şaiq və başqaları bir çox yeni əsərlər
nəşr edirlər. Bunlardan Hüseyn Cavidin “Şeyx Sənan”ını,
Məhəmməd Hadinin “Eşq ilahəsi”ni, Əhməd
Cavadın “Qoşması”nı, Cəfər Cabbarlının
“Qız qalası”nı və sairləri qeyd etmək olar.
Milli
şair Əhməd Cavadın 28 may İstiqlal günü
münasibəti ilə hürriyyət ilahəsinə
müraciət etdiyi “Nədən yarandım?” son dərəcə
lirikdir.
Sən qüdrətin aşıb
coşan vaxtında,
Mələklərin
gülüşündən yarandın!
Sehr dilli bir
fırçanın əliylə,
Ahuların duruşundan
yarandın!
Ay işığı
gözəlliyin, qızlığın,
Çiçəklərlə
öpüşündən yarandın!
Həmin
dövrdə yaranan ədəbiyyat erməni vandalizminin törətdiyi
mart qırğınlarını da unutmurdu. İstedadlı nasir Seyid Hüseyn məlum
hadisələrlə bağlı iki hekayə yazaraq çap
etdirir."İsmailiyyə" hekayəsi
"İstiqlal" qəzetində (1919,4 mart) "Həzin
bir xatirə" adlı hekayə isə "Azərbaycan"
qəzetində (1919, 20-26 avqust) çap edilmişdir. Seyid
Hüseyn “İsmailiyyə” hekayəsi haqqında belə
yazırdı: "İsmailiyyə - o milli əməllərimizin
doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan
fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini
bir ana kimi bəsləyib tərbiyə verən, millət
arasında nəşr edən mərkəz, o gözəl və
sevimli bina". Hekayədə "İsmailiyyə"
canlı obraz, əsərin baş qəhrəmanı, namus rəmzi,
mədəniyyət emblemi kimi təsvir edilmişdir. Ermənilər
təkcə köməksiz, ixtiyar insanları deyil, məscidlərin,
mətbəələrin, mədəniyyət abidələrinin
də üzərinə hücuma keçmiş, onları məhv
etməkdən, yandırıb-dağıtmaqdan çəkinməmişdilər.
Seyid Hüseyn Azərbaycan oxucusuna "İsmailiyyə"ni
memarlıq abidəsi, istiqlal məfkurəsinin beşiyi kimi təqdim
edərək onu yandıranlara nifrət aşılamağa
nail olmuşdur. Adı unutdurulmuş ziyalı-şairimiz
Hacı Səlim Səyyah (1869-1933) əslən keşləli
olsa da, Vilnüsdə anadan olmuş, on il Bakıda
yaşamış (1873-1883), dörd il Qahirənin "Əl-Əhzəd"
Universitetində oxumuş, Suriyada "Sehr-ül-hilayə"
adlı kitabı çıxmışdır. 1900-cü ildə
Bakıya qayıdan şair "Nəşri-maarif" xeyriyyə
cəmiyyətində 1 saylı məktəbin direktoru
olmuş, "Məktəb" adlı mətbəə
açaraq 1915-17-ci illərdə iyirmiyədək şeir və
nəsr kitablarını çap etdirmişdir. Mart hadisələri
ərəfəsində Bakıda faciənin
iştirakçısına çevirilən H.S.Səyyah bu
mövzuda bir neçə şeir və məqalə yazmışdır.
Bunlardan ən təsirlisi "Mart ayı" sərlövhəli
təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı
sakini Cəmo Cəbrayılbəyli FTK-ya verdiyi izahatında
belə yazırdı: "1918-ci ilin martında ermənilər
top mərmiləri ilə Cümə məscidini və onunla
üzbəüz yerləşən mədrəsəni
xarabalığa çevirdilər. O zaman məsciddə
çoxlu qadınlar, uşaqlar, qocalar gizlənmişdi.
Onların arasında şəhərin ən hörmətli
ağsaqqallarından olan axund Molla Cəfərqulu da var idi. Erməni
bandaları məscidə soxulur, axundu tapıb gözlərini
çıxarırlar, dilini, burnunu və qulaqlarını kəsirlər,
üzünün və başının dərisini diri-diri
soyurlar. Sonra işgəncə ilə öldürürlər.
Məsciddə gizlənən arvad-uşaqları isə qatillər
diri-diri yandırırlar".
Bu
tükürpərdici dəhşətli mənzərə
yazıçı təxəyyülünün məhsulu deyil,
şahid ifadəsi, tarixi faktdır. Bu həqiqətlər amansızlığın və qəddarlığın
miqyası baxımından yalnız erməni təfəkkürünün
məhsulu, erməni cəza və işgəncə
üsulunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız
işgəncə növlərinin, vəhşilik nümunələrinin
şahidi olan Hacı Səlim Səyyah "Mart ayı"
şeirində yazırdı:
Ermənilər əldə
bomba, süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə
minlərcə gəlin, arvad, uşaq,
Südəmərlər nizə
nukində çalardı əl-ayaq.
Nalə, yalvarmaq bu qövmə
hərgiz etməzdi əsər.
Məhəmməd
Hadinin "Şühadeyi hürriyyətimizin ərvahinə
ithaf" şeiri mart soyqırımının birinci
ildönümü münasibətilə yazılmış və
"Azərbaycan" qəzetinin 31 mart 1919-cu il tarixli 147-ci
sayında çap olunmuşdur. Şair soyqırımının qurbanlarını
haqlı olaraq azadlıq uğrunda canından keçmiş
şəhidlər adlandırır.
Sizin məzariniz iştə
qülubi-hürriyyətdir,
Bu sözlərim ürəyimdən
qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı
millətim əsla,
Əmin olun buna, ey ziynəti
cəhani-fəna,
Sizinlə
buldu bu millət həyati nur istiqbal.
Müraciət
etdiyimiz bədii nümunələrlə tarixi faktları,
Fövqəladə Təhqiqat Komissiyasının
topladığı və rəsmiləşdirdiyi
materialları, sənədləri müqayisə və təhlil
etdikdə belə qənaətə gəlmək olar ki, sənət
əsərlərində həyat həqiqətləri daha
inandırıcı, qabarıq və təsirli verilmişdir.
Faciənin səbəbləri - kökü və məqsədi bədii əsərlərdə düzgün müəyyənləşdirilmiş, erməni vəhşiliyi, erməni qəddarlığı inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii əsərlərin əsas qayəsini təşkil edir. Vətənpərvər ədiblərimizin ürək yanğısını, fəryadını sözündə, sətrində yaşadan bu əsərlərin arxiv qaranlığından çıxarılaraq milli istiqlal işığında mükəmməl tədqiqinə və təhlilinə hələ də ehtiyac duyulmaqdadır. Çünki yaxın tarixə kimi bu azad ədəbiyyatı arxivlərdə sovet ideologiyası unutdurmuşdu. Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata beynəlmiləl proletar məzmunu verməyə çalışdı. Bununla barışmayanlar isə tezliklə 37-ci liln repressiyaları ilə üzləşməli oldular.
Sovetlər
içində
Lakin sovet
ideologiyası milli Azərbaycan ruhunu çürütmək və
burada “proletkult” deyilən bir mədəniyyət yaratmağa
bütövlükdə nail ola bilmir. Ədəbiyyat əski
ustadların əlində idi. Görünüşdə
mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin
bəzən sərtliyini, bəzən də diplomatca
yumşaqlığını dadan bu yazıçılar
öz çətin və ağır
yaradıcılıqları ilə məşğul idilər.
Məsələn, tezliklə “Molla Nəsrəddin”i əlindən
alınacaq Cəlil Məmmədquluzadə “Kamança”
adlı bir pyes yazır. Erməni-müsəlman
toqquşması əsnasında bir erməni
kamançaçı ondan intiqam istəyən bir
türkün əlinə keçir. Lakin sənətkar hər
iki millət üçün ortaq olan bir musiqi çalmaqla
düşməninin qəlbini yumşaldır və beləliklə,
ölümdən qurtarır. Pyesi o zaman səhnəyə
qoymurlar.
Yazıçının
“Anamın kitabı” adlı başqa bir əsəri də
çox böyük rəğbət doğurur. Üç
oğul müxtəlif məmləkətlərdə
oxumuşlar: İran məktəbinin şagirdi molladır,
özü ilə əski sxolastik zehniyyətini gətirmişdir.
Türkiyə tərbiyəsi alan ikinci oğul Azərbaycan
şivəsini İstanbul ağzı ilə dəyişdirməyi
bir mərifət sayır. Rusiyada təhsil görmüş
üçüncü oğul isə tamam başqa şeylərdən
zövq alır. Ailədə ixtilaf başlayır. Bu
qarışıqlıqdan bezmiş ixtiyar ana oğullarına
öyüd verərək kitabından uzaqlaşmamağı
tövsiyə edir. Cəmiyyəti öz ana kökündən
ayırmaq istəyən kommunistlərə, xalqı “Anamin
kitabı”na çağıran bu əsər xoş gələ
bilməzdi və bu əsərin səhnə həyatına da
qadağa qoyulmuşdur.
Süleyman
Sani Axundovun “Laçın yuvası” adlı pyesi də eyni
aqibətlə üzləşmişdir. Əhvalat Qarabağda
cərəyan edir. Azərbaycanlı gənc bir kommunist
Qarabağın keçilməz meşələrindən
birində yerləşən bəy qəsrini tutur. İnqilabçının
nişanlısı olan qız ondan üz çevirir. Lakin
ingilabçı uzun bir monoloqla qızı inandırmağa
çalışır, inqilabın lazım olduğunu ona
sübut etmək istəyir. “Yalnız bu yolla müsəlman məmləkətlər
dünya imperializminin əlindən qurtulacaqlar” - deyir.
Pyesin sosial
səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu
inqilabçılığı qırmızı senzuraya
çox da xoş gəlməmişdi.
Hüseyn
Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra
bir çox mənzumələr yazır. Bunlardan “Topal Teymur” və
“Peyğəmbər” əsərləri sovet rəhbərlərini
daha çox narahat edir. Şairin bu iki əsəri oxucularda
olduqca dərin təsir buraxır. Öncə
oynanılmasına icazə verilən “Topal Teymur”
tamaşaçıları həyəcana gətirir. Dövlət
teatrında pyes bir neçə dəfə oynanılır. Əhali
türklüyün ümumi qəhrəmanı Teymurləng
obrazını müsbət planda qəbul edir. Əsl həqiqəti
sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini
qadağan edirlər.
Azərbaycan
XX əsrin 20-ci illərində itirdiyi istiqlalına elə həmin
əsrin sonlarında yenidən qovuşdu.
İstiqlal
şairinin o illərdə ürəyindən qopan misralar bu
gün dillər əzbəridir:
Sən
bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa,
yaşa, çox yaşa, ey şanlı Azərbaycan!..
Sabutay
Mədəniyyət.- 2009.- 27 may.- S. 12.