İkincilər!!!
«A yoldaş, bir az sakit
olar?»
Əslində qəhrəmanlar
maraqsız adamlardır. Adətən,
birxətli yaşamağı,
ancaq qəhrəmanlıq
etməyi proqramlaşdırırlar.
Onların başqa seçimləri
yoxdur. Qəhrəmanları
kütlə üçün
maraqlı edən özlərindən çox,
ətraflarındakı ikinci
dərəcəli obrazlardır.
Əgər doktor Vatson olmasaydı, oxucu başladığı
araşdırmaları mütləq
uğurla başa çatdıran Şerlok Holmsdan çox tez doyardı. Yel dəyirmanları ilə döyüşən Don Kixotu
da Sanço Pançosuz təsəvvür
etmək qeyri-mümkündür.
Azərbaycan kinosu da həmin qəhrəmanlara
oxşayır. Filmlərdə
ikinci, üçüncü
dərəcəli obrazlar
və onları araya-ərsəyə gətirən
aktyorlar baş qəhrəmanlardan daha çox yadda qalır.
Bu yazı
belə aktyorlardan birinə - xalq artisti Eldəniz Zeynalova həsr olunur.
Yaratdığı obrazlara görə, 1999-cu ildə
«Humay ilahəsi» mükafatına layiq görülüb
Eldəniz Zeynalov Bakıda hərbçi ailəsində
dünyaya gəlib.
Eldəniz adını ona
həmin vaxt tamamilə təsadüf nəticəsində bu ailədə olan xalq şairi Səməd Vurğun verib. Eldəniz orta məktəbdə
oxuyanda tanınmış
aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinə
üzv yazılıb.
Aktyor kimi ilk təcrübəsi
Akademik Dram Teatrının
səhnəsində «Sevil»
tamaşasında oynadığı
Gündüz rolu olub. Teatr İnstitutunda rejissor
Adil İsgəndərovun
kursunda oxuyub.
Kinoda ilk dəfə Adil İsgəndərovun
«Əhməd haradadır?» musiqili kinokomediyasında
rəngsaz Əhməd
rolunda çəkilib
və bundan sonra bütün yaradıcılığını və həyatını milli kinomuzla bağlayıb. Görkəmli
aktyor, müəllimi A.İsgəndərovun xeyir-duası
ilə 30-dan artıq filmdə «İyirmialtılar»
(komissar Vəzirov), «Yaşamaq gözəldir, qardaşım» (Mustafa Sübhi),
detektiv «O qızı tapın» (Səyavuş),
«Mən nəğmə
qoşuram» (Sədr),
«Qızıl uçurum»
(Nuru bəy), «Bizim Cəbiş müəllim» (alverçi
Qulam), «Yeddi oğul istərəm» (kəndli Kazım), «Həyat bizi sınayır» (Məsi), «Yol əhvalatı» (Şikayətçi), «Babamızın
babasının babası»
(Həkim), «Əzablı
yollar» (Div) və «Ömrün səhifələri»
kinoalmanaxında («Rəqiblər»
novellasında Eldəniz)
çəkilib.
Kinoda ilk böyük rolu «Bir cənub şəhərində» filmindəki
Tofiq obrazı olub. Bunlardan əlavə E.Zeynalov
«Mozalan» satirik kinojurnalında da iştirak edib. Həmçinin «Təyyarələr enmədi» özbək filmində Yavər rolunu oynayıb və «Mosfilm»də istehsal olunmuş «Dulsineya Tobosskaya» filmində epizodik rolda çəkilib. İstedadlı aktyorun son işləri rejissor Vaqif Mustafayevin («Hər şey yaxşılığa
doğru», «Yerlə göy arasında» və s.) filmlərində
olub.
Onun simasında kinomuz bakılı obrazını itirdi
…Onlar filmin müəyyən
bir hissəsində peyda olarlar. Ya katalizator rolunu oynarlar - hadisələri qızışdırarlar və
ya düyünlərin
açılmasına kömək
edərlər. Ya da qısa bir replika
atıb sadəcə yoldan keçərlər və onları bir daha görə
bilməzsiniz. Amma unutmazsınız.
Bəzən bütün filmdən
təkcə onlar qalar yaddaşınızda.
İkinci dərəcəli,
epizodik rollar... Və onların ifaçıları...
Qəhrəmanları oynamaq asandır.
Onsuz da filmin davam
etdiyi müddət ərzində bütün
diqqətlər baş
qəhrəmanda cəmlənir,
əhvalatlar onun ətrafında cərəyan
edir. Tamaşaçı ilk epizoddan ondan
nə gözləməli
olduğunu bilir.
Aktyor da tamaşaçının
gözləntilərini reallaşdırır.
Epizodik rollar ifaçısının
işi daha çətindir. Onlar vəzifələrini
yerinə yetirməkdən
əlavə, həm də səsləndirməli
olduqları balaca cümlə ilə, ya bircə baxışla
xarakter büruzə verməli, əsas qəhrəmanların fonunda
itməməlidirlər. Eldəniz Zeynalov kimi aktyorlar
bu prosesin formulunu tapmışdılar.
Bu formul səmimilikdir.
Tamaşaçı ilə
səmimi olmaq, ona onun özünü,
qonşusunu, yaxşı
tanıdığı tanışını
göstərmək... Eldəniz Zeynalovun
yaratdığı obrazların
hamısı adi insanlar, məişət torunda çabalayan, həyatın dolanbaclarında
sağ qalmağa, ailəsini birtəhər dolandırmağa çalışan,
bir sözlə, başını aşağı
salıb öz çax-çuxu ilə məşğul olan balaca adamlardır. Kəndli Kazımın («Yeddi oğlu istərəm») parodoksal cəmiyyətin absurd tələblərinə
uymaqdan, bayrağı
gah damın başına sancmaqdan, gah da çıxarmaqdan
başqa nə çarəsi var. Onsuz da o, hər an
qurban verilməyə hazır piyadadır. Vaxtı çatanda ipi kəsiləcək.
«Yol əhvalatı» filmindəki şikayətçi
də, «Rəqiblər»dəki Eldəniz də, «Bir cənub
şəhəri»ndəki
Tofiq də kəndli Kazımın şəklini dəyişmiş,
yeni şəraitə
adaptasiya olunmuş təsviridir. «Bəyin
oğurlanması» filmində
hətta ona müvəqqəti olaraq bəzi səlahiyyətlər
də veriblər.
O isə əlinə düşmüş ani fürsətdən yararlanır
və qarşısında
can-dildən oynayaraq onu razı salmağa
çalışanlardan daha
çox «emosiya» tələb edir. Vaqif Mustafayevin «Yerlə göy arasında» filmində isə artıq elə yorulub ki, hər
şey onun üçün «ləhlülüyə»
çevrilir.
İntiqam
Mədəniyyət.- 2009.- 27 may.- S. 11.