Kitablar arasında keçən ömür

 

Elə insanlar var ki, onlar öz işləri ilə çoxlarına fayda gətirirlər. Belə peşə sahiblərindən biri də kitabxanaçı-biblioqraf, öz işinin vurğunu olan Zemfira xanım Qəhrəmanovadır. 50 ilə yaxındır ki, o, M.F.Axundov adına Milli Kitabxanada sorğu-informasiya şöbəsində bölmə müdiri vəzifəsində çalışır. Bu dediklərim onun bütün fəaliyyətini əks etdirmir. Düşünürəm ki, bu sadə, zəhmətkeş xanımın kitabxana və oxucular üçün gördüyü işlərlə bir az da yaxından tanışlığımız maraqlı olardı.

 

Zemfira Əliheydər qızı Qəhrəmanova 1938-ci il mart ayının 11-də Bakı şəhərində dünyaya göz açıb. O, 18 saylı orta məktəbi bitirdikdən sonra 1958-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna daxil olur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirir.

1960-cı ildən ömrünü M.F.Axundov adına Milli Kitabxanaya bağlayan Zemfira xanım, kitabxananın komplektləşdirmə və xidmət şöbəsində çalışıb. 1974-cü ildən isə sorğu-informasiya şöbəsində bölmə müdiri vəzifəsində işləyir.

1990-cı illərin əvvəllərində - elmə, mədəniyyətə, kitab və kitabxanaya diqqətin azaldığı bir zamanda Zemfira xanımın əli işdən soyumayıb. Əksinə o, çətin günlərdə harada çalışdığını və hansı məsuliyyəti daşıdığını çox gözəl başa düşürdü. Deyir ki, M.F.Axundov adına kitabxananın Azərbaycanda yeganə dövlət kitabsaxlayıcısı olduğunu anlayırdım. Elə həmin dövrdə kitabxanaya daxil olan az-çox dövri mətbuat üzrə materialların biblioqrafik işlənməsinin nə qədər vacib olduğunu bu gün həmin mövzulara dair sorğular da təsdiqləyir. Həmin materialların vaxtında işlənməməsi bu gün onların ölü fonda çevrilməsinə səbəb olardı. Öz işinin müasir bilicisi kimi bu zəhmətkeş xanım söyləyir ki, kitabxanaya daxil olan oxucu sorğularının operativ və dolğun şəkildə yerinə yetirilməsi məlumat-biblioqrafiya aparatının mükəmməlliyindən asılıdır.

Azərbaycanda 1990-cı illərdə mexanizmləşdirmə və avtomatlaşdırma prosesi başlandı. Zemfira xanım bu prosesi yaxından izləyir və başa düşürdü ki, bu vacib, qaçılmaz bir sistemdir və vaxtında kitabxanaçılar da buna hazır olmalıdırlar. Sərbəst şəkildə o, kompyuterləşmə və inteqrasiya ilə bağlı məlumatları əldə edir. Məlumat bazasının yaradılması, elektron və rəqəmsal kitabxanalar, onların kataloqları və digər məlumatları toplamağa başlayır. Kitabxana sahəsində yeni keçid dövrü başlamışdı. Yeni rubrikalar, mövzular meydana gəlirdi. O, topladığı məlumat əsasında yığılan bazanın kartotekasını formalaşdırır. Beləliklə, bütün dövri mətbuatı - qəzet-jurnalların, mütəmadi buraxılan çap vəsaitlərinin kartotekasını yaradır. Mövzular artıq zamanın və maraqların dəyişməsi ilə bağlı idi. Zemfira xanım əmin idi ki, bu iş lazım olacaq. Səhv etməmişdi. Kitabxana kompyuterləşməyə doğru gedir və müəyyən bazaların yaradılmasında onun yığdığı məlumatlar fond üçün gərəkli olur. Çəkdiyi gərgin, ancaq faydalı işdən fərəh hissi keçirən fədakar kitabxanaçı, həyatının kitabxanaya həsr etməsindən peşman deyil.

Zemfira xanım söyləyir ki, bu gün oxucuların kitaba marağı xeyli azalıb. O, bunu texnogen əsrinin başlanması ilə daha çox bağlayır. M.F.Axundov adına kitabxanada bu gün oxucuların əksəriyyətini tələbələr təşkil edir. Buna görə də daha çox dərsliklərdən istifadə edilir.

Zemfira Qəhrəmanova 1985-ci ildə «Əmək veteranı» medalına, 2008-ci ildə M.F.Axundov adına Milli Kitabxananın 85 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.  

 

 

Mina RƏŞİD

 

Mədəniyyət.- 2009.- 27 may.- S. 6.