Qarabağın «toy otağına»
qayıdacağıq
Onda bu yerlərin axar-baxarlı,
çal-çağırlı çağları idi,
Qarabağ ağ günlərini yaşayırdı. Bu gözəl
məkanın “toy otağı” sayılan Ağdam
günü-gündən çiçəklənirdi.
Xındırıstan kənd Mədəniyyət Evinin 450 nəfərlik
klubunda "Cənnət görmək istəyən Azərbaycana
gəlsin" - deyən balaca Mətanət də hələ
Qarabağın qara günlərindən çox uzaq idi.
O vaxtdan illər
keçib. Məcburi köçkünlük həyatı
yaşayan, hazırda Qaradağ rayonunun Müşfiqabad Mədəniyyət
Evinin bədii rəhbəri işləyən Mətanət Cəfərova
o günləri belə xatırlayır:
- Onda mən hələ
orta məktəbin Vlll sinfində oxuyurdum. Dərs əlaçısı
idim. Məktəb və mədəniyyət evi bədii
özfəaliyyət dərnəyinin fəal üzvlərindən
biri kimi tez-tez kollektivlər qarşısında milli rəqslərlə
çıxış edirdim. Xındırıstan kənd
Musiqi məktəbində fortepiano sinfində təhsil
alırdım. Bütün qarabağlılar kimi bizim ailədə
də musiqiyə xüsusi maraq var idi. Böyük
qardaşım Əli tar, o biri qardaşım Mahir qarmon sinfində
oxuyurdu, kiçik qardaşım Şahin də nağara
çalırdı. Tez-tez evdə birlikdə məşq
edirdik... Onda hələ bilmirdik ki, qarşıda bizi hansı
faciələr gözləyir.
- Ailəmiz təhsilə
, xüsusilə qızların təhsilinə böyük
önəm verirdi. Böyük bacılarımın hər
ikisi Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
oxuyurdu. Mən də özümə sənət seçmək
üçün çox fikirləşirdim. Atam məni həkim
görmək istəyirdi. Nədənsə, qızlar
üçün əlverişli sayılan həkimlik və
müəllimlik sənəti məni
maraqlandırmırdı. Bir dəfə rus dili müəllimimiz
Allahverdi Əsədov uşaqlardan kimin hansı ixtisası seçəcəyini
soruşurdu. Növbə mənə çatanda dedi:
“Yaxşı olar sən mədəniyyət işçisi
olasan". Onun bu təklifi məndə maraq oyatdı. Orta məktəbi
əla qiymətlərlə bitirib Bakıya gəldim. Burda
İncəsənət İnstitutu haqqında məlumat
öyrəndim. Bacımla məsləhətləşib sənədlərimi
ADİİ-yə verdim və instituta qəbul olundum. Bu
addımımı ailəmizin necə
qarşılayacağı məni çox narahat edirdi.
Xoşbəxtlikdən onlar da məni dəstəklədilər.
Ümumiyyətlə, bütün addımlarımda valideynlərimin
xeyir-duasını başım üzərində hiss eləmişəm.
Bu isə məndə böyük inam hissi yaradıb.
...Mətanət Cəfərova
1979-cu ildə M.Əliyev adına ADİİ-nun mədəni
maarif fakültəsinə daxil olmuş, 1983-cü ildə həmin
institutu əla qiymətlərlə bitirmişdir Tələbəlik
illərində ictimai işlərdə fəal
iştirakına və təhsildə müvəffəqiyyətlərinə
görə institut rəhbərliyinin fəxri fərmanları
ilə verilmişdir.
Mətanət təyinatla
Ağdam Rayon Mədəniyyət Şöbəsinə
göndərilmiş, həmin il Xındırıstan kənd
Mədəniyyət Evinə bədii rəhbər təyin
olunmuşdur. Onun işgüzarlığı, təşkilatçılıq
bacarığı Mədəniyyət şöbəsi rəhbərliyinin
diqqətindən yayınmamış, az sonra o,
Xındırıstan Mədəniyyət Evinin müdiri vəzifəsinə
təyin edilmişdir.
Erməni təcavüzü
ilə əlaqədar olaraq Bakı şəhərinə
köçən M.Cəfərova 1993-cü ildən
Müşfiqabad Mədəniyyət Evinin bədii rəhbəri
vəzifəsində işləyir. Keçən ilin yekununa
görə Mətanət Cəfərovaya Mədəniyyət
və Turizm İdarəsi tərəfindən "Ən
yaxşı mədəni-maarif işçisi" diplomu və
pul mükafatı verilmişdir.
M.Cəfərova rayon səviyyəsində
, qəsəbə daxilində keçirilən mədəni -
kütləvi tədbirlərdə və ictimai işlərdə
göstərdiyi fəallığa görə qəsəbə
sakinlərinin hörmətini qazanmışdır. M.Cəfərova
həm də 11 saylı Qaradağ Seçki Dairəsi, 28
saylı Məntəqə Seçki Komissiyasının
üzvü kimi seçkilərin keçirilməsində fəal
iştirak etmişdir.
Mətanət xanım
ailəlidir, iki övladı var. Həyat yoldaşı ali təhsilli
əmtəəşünasdır. İxtisası üzrə
işləyir. Qızı Sevinc Milli Konservatoriyanın nəzdində
Musiqi Kollecinin məzunu, Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Musiqi Akademiyasının fortepiano fakültəsinin
qiyabi şöbəsinin ll kurs tələbəsidir.
X.Şuşinski adına Ağdam Muğam-Musiqi Məktəbində
müəllimə işləyir. Oğlu İlham yaxşı
tar çalır, Azərbaycan İqtisad Universitetinin lV kurs tələbəsidir.
Mətanət Cəfərova
deyir:
- Mən sadə,
mehriban, səmimi bir ailədə böyümüşəm.
Ailəmiz 9 nəfərdən ibarət olub. Nənəm
Gülüstan xanım ərəb-fars dilində mükəmməl
təhsil görmüş zabitəli, ləyaqətli bir
xanım idi. Qanlı-qadalı repressiyanın babamı
udduğu o ağır illərdə 4 körpə uşaqla tək
qalmış nənəm bütün çətinliklərə,
əzab-əziyyətlərə qatlaşaraq
övladlarını oxutmuş, onları ləyaqət və
halallıq prinsiplərinə sadiq tərbiyələndirmişdir.
Bizim də ailədə
atamın halallığı, düzlüyü, anamın
mehribanlığı, səmimiyyəti hamımız
üçün bir meyar olmuşdur. Həyatda ən
böyük arzum işğal olmuş torpaqlarımıza, o
cümlədən - Qarabağın «toy otağı» olan
Ağdama qayıtmaqdır.
Canalı Mirzəliyev
Mədəniyyət.- 2009.- 27 may.- S. 6.