Uşaqların sevimli bəstəkarı
Tanınmış bəstəkar Oqtay
Zülfüqarovun 80 illik yubileyi təntənəli şəkildə
qeyd edilir. Yubiley tədbirləri bir çox mədəniyyət
ocaqlarında, o cümlədən Musiqi Gimnaziyası, Muğam
Teatrı, Bakı Musiqi Akademiyasında, filarmoniya və digər
yerlərdə bəstəkarın ötən illər ərzində
yazıb-yaratdığı dəyərli musiqi əsərlərinin
səslənməsi ilə müşayiət olunmaqdadır.
Uşaq auditoriyası üçün məhsuldar işləmiş
sənətkarın «Meşə nağılı» operası,
«Pişik və sərçə», «Qız və ulduz» radio
operası, «Şəngülüm, Şüngülüm, Məngülüm»
oprettası azyaşlı uşaqların və məktəblilərin
sevimli tamaşasına çevrilmişdir.
300-ə qədər
uşaq mahnısı yazan bəstəkarın
yaradıcılıq «mətbəxindən» böyük səhnə
üçün də çox sayda əsərlər meydana
çıxmışdır. Onların arasında hələ
tələbəlik illərində yazdığı,
D.Şestokoviçə həsr edilmiş trio diqqəti cəlb
etmişdir. Daha sonra Sumqayıtın əzəmətli
tikintisinə həsr edilmiş 1¹-li «Sumqayıt» simfoniyası,
«Şənlən, mənim xalqım» üverturası, simli
kvartet, fleyta və simfonik violençel və simfonik orkestr
üçün konsertlər və nəhayət, yenicə
yazılmış 2¹-li simfoniya həyata vəsiqə
qazanmışdır. Fortepiano üçün bir çox
prelüd və romanslar yazmış bəstəkar öz
potensial imkanlarını çoxdan sübuta yetirib.
Yaradıcılıqla
bağlı sualları cavablandırarkən Oqtay müəllim
bunları söylədi: «Hər bir kəsin bir sevimli bəstəkarı
olur. Mənim də ən sevimli bəstəkarım Bizedir.
«Karmen» məni bəstəkar elədi. Baxmayaraq ki, mən
klassikləri sevmişəm, lakin heç kəsi təqlid etməmişəm.
Bəstəkarın öz siması olmalıdır. Məsələn,
mənim triom və ya «Şənlən, mənim xalqım»
üverturası səslənərkən deyirlər ki, bu,
Oqtaydır. Heç kimə bənzəməmək
yaradıcılıqda əsas şərtlərdən biridir.
Hər bəstəkarın öz mətbəxi var. İri
formalı əsərlər yazarkən etalon kimi hər
hansı bəstəkarı seçməyi qətiyyən
düzgün hesab etmirəm. Mən əsərlərimi əsasən
piano arxasında işləyirəm və bunu düzgün
hesab edirəm. Pianosuz işləyənlər də
çoxdur. Ancaq əvvəl-axır piano ilə
uyğunlaşdırmaq, yoxlamaq lazım gəlir. Tələbəlik
illərində Q.Qarayev bizə İ.Stravinskiyə, Prokofyevə,
Motsarta, Bethovenə qulaq asmağı tövsiyə edirdi.
Onların musiqi üslublarını bilirəm. Lakin bu dövr
çoxdan arxada qalıb və mənə lazım olan müəyyən
«baqaj» (və ya sandıqça) artıq dolub».
Bəstəkar yüzdən
çox uşaq mahnısının sözlərini də
özü yazıb. (Bax; O.Zülfüqarov «Oxuyur Aysel»,
Bakı, 2007).
Bəstəkar bir
çox tanınmış şairlərin şeirlərində
məharətlə düzəlişlər də edib.
Sənətkarın yeni
yazdığı 2¹-li simfoniya yaxın günlərdə
filarmoniyamızın səhnəsində səslənəcək.
Bu barədə isə müəllif söylədi ki, əsəri
2 ay müddətinə intensiv işləməklə yazıb
tamamlayıb. Simfoniya 4 hissəlidir. Partitura kompyuterlə səliqə
ilə yığılıb, ifa üçün
hazırdır. Sovet dövrünə xas olan not
köçürmələri artıq tələb olunmur.
80 yaşınız
mübarək, maestro. Saçınız ağarsa da, sizin qəlbiniz
yaradıcılıq eşqiylə doludur. Sənət
ilhamınız, duyğularla dolu enerjiniz çağlayan,
tükənməz, çoşqun dağ çayına bənzəyir.
Oqtay müəllim xoşbəxt bəstəkardır ki, onu
uşaqlar öz valideynləri, valideynlər isə öz
övladları qədər sevirlər.
Şahin Qarayev
Mədəniyyət.- 2009.- 10 may.- S. 11.