Xeyriyyəçi qadınlarımız...
Onlar xalq üçün həyata
keçirdikləri işlərdə heç də neft
maqnatlarımızdan geri qalmayıblar
XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycanda milli burjuaziyanın meydana çıxması ilə
eyni vaxtda xeyriyyəçilik ənənələrinin də əsası
qoyuldu. Sözügedən dövrdə meydana gələn
burjuaziya təbəqəsi xalqın həyatında
mühüm əhəmiyyət kəsb etmişdi. Hər
şeydən əvvəl onlar ölkənin inkişafı ilə
əlaqədar çoxlu xeyriyyə işləri görüblər
və xalqın qayğısına qalıblar. Sovet
dövründə Azərbaycan milli burjuaziyasının
nümayəndələri və onların gördükləri
işlərdən danışmaq
və yazmaq qəti qadağan olunduğundan, onların fəaliyyəti
uzun müddət xalqa məlum olmayıb. Lakin sovet
imperiyası dağıldıqdan sonra bu insanların
keçdikləri həyat yolu və fəaliyyətləri araşdırılmağa
başlandı. Nəticədə bizə Zeynalabdin
Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev,
Musa Nağıyev kimi mesenatların həqiqi fəaliyyətləri
və xalq üçün elədikləri bəlli oldu.
Bu yerdə onu
qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən
neft maqnatları ilə yanaşı, onların
xanımları da geniş ictimai fəaliyyətlə ve eyni
zamanda xeyriyyəçiliklə məşğul olublar. Müəyyən
araşdırmalar əsasında məlum olub ki, kübar
xanımlarımız hətta Azərbaycanda qadın hərəkatının
başlanğıcını qoyublar. Təəssüf ki, bu
günə qədər həmin qadınların tariximizdə,
elə milli burjuaziyanın ömrü qədər az müddətdə
gördüyü işlər araşdırılmayıb. Azərbaycan
Tarix Muzeyindən verilən məlumata görə, arxivlərdə
material olmadığından, sözügedən sahənin
araşdırılmasına səy göstərilmir. Əslində, kübar
xanımların fəaliyyəti çoxşaxəli olub və
bu dövrün araşdırılması Azərbaycan tarixinin
öyrənilməsi baxımından çox əhəmiyyətli
olardı. Təəssüf ki, bu haqda geniş material tapmaq
çətindir.
Neft bumu qadın hərəkatına
təkan verdi
Böyük hadisələr,
inqilablar, müharibələr və hətta hərəkatlar
belə müəyyən tarixi şəraitdə baş verir.
Azərbaycanda isə qadın hərəkatı məhz
Bakının neft möcüzəsi şəhərinə
çevrilməsindən və milli burjuaziyanın
formalaşmasından sonra meydana gəldi. Bəs Azərbaycanda
qadın hərəkatının əsasını qoyan
kübar xanımlarımızın əsas fəaliyyət
istiqamətləri nələrdən ibarət olub?
Tədqiqatçıların
bildirdiyinə görə, bu fəaliyyət təkcə
xeyriyyəçiliklə məhdudlaşmayıb. Onlar
Bakıda ilk qadın məktəblərinin,
yığıncaqlarının və klublarının
yaradılması vasitəsilə digər fəal qadın
qruplarının əmələ gəlməsinin təşəbbüsçüsü
olublar. Maraqlıdır ki, Azərbaycanda qadın fəallığı,
maarifçilik və xeyriyyəçilik ideyalarının
yayılmasından və həyata keçirilməsindən
başlayırdı. Bir sözlə, onların fəaliyyətinin
əsası millətin maarifləndirilməsinə söykənirdi.
Neft bumu isə sözün əsl mənasında qadın hərəkatının
güclənməsinə təkan verdi.
Dövrün
araşdırmaçıları hesab edir ki, qəyyumluq,
xeyriyyəçilik, ilk növbədə gənc azərbaycanlı
qızların təhsilinə xeyli güc və vəsait sərf
edən kübar qadınlar demokratik azadlıq uğrunda
mübarizədən uzaqda dayansalar da, Azərbaycanda qadın hərəkatının
başlanğıcını qoyublar. Məsələn, fəlsəfə
elmləri doktoru və gender məsələləri üzrə
mütəxəssis Rəna Mirzəzadə deyir ki, bəzən
şahzadə Diananı, Tereza ananı misal çəkir,
onların gördükləri işlər
qarşısında öz heyrətimizi gizlədə bilmirik.
Lakin əgər tarixin dərinliklərinə baş vursaq,
görərik ki, əslində hələ adıçəkilən
bu qadınlar olmayanda, bizdə nə qədər belə
xeyriyyəçi xanımlar olub: "Təəssüf ki,
tarixin bu səhifəsi açılmadığından, biz
onları tanımırıq.
Halbuki o zaman yer üzündə nə şahzadə Diana, nə
də Tereza ana var idi".
Azərbaycanda
ilk qadın xeyriyyə cəmiyyəti
Azərbaycanda ilk
qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və
təsadüfı deyil ki, bu qadın təşkilatının
yaradılmasının təşəbbüsçüşü
Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin
xanımı Hənifə Məlikova olub. Zadəgan ailəsində
böyümüş, ömründə heç bir çətinliklə
qarşılaşmayan Hənifə
xanım, xalqın maarifləndirilməsi yolunda olmazın əziyyətlərə
qatlaşıb. O, öz mənzilində uşaqlara dərs deməklə yanaşı, oba-oba, ev-ev gəzib
qadınlara tikmək, yazıb-oxumaq öyrədib. Eyni zamanda Hənifə xanım rus
dilindən nağıllar tərcümə edib
danışır, mənzil-mənzil dolaşıb
uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları
təşkil edirdi. Deyilənlərə görə, o, Zərdab
əhlindən 132 nəfəri ömürlük kor olmaqdan
xilas edib. Həsən bəy Zərdabinin ən böyük
arzularından biri də Bakıda müsəlman qız məktəbinin
açılması olub. Onun bu arzusunu böyük xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev
həyata keçirir. Belə ki, onun şəxsi hesabına Bakıda qız məktəbi
tikilir. Məktəbdə müdirə kimi işləmək
üçün müsəlman qadın yox idi. Bundan bu elə
bir dövr idi ki, məktəbdə işləmək və təhsil
almaq təhlükəli idi. Məsələn, deyilənlərə
görə, Bakıda, İçərişəhərdə
Axund Hacı Abuturab ağa iki qızını bu məktəbə
yazdırdığına görə onu namaz üstə
öldürüblər. Belə bir mühitdə Hənifə
xanım heç nədən, heç kimdən qorxmadan
qız məktəbində müdirə işləməyi
öz üzərinə götürərək, burada oxuyan
qızlara mənəvi ana olmuşdu.
Bu sırada qadın
xeyriyyə cəmiyyətinin ilk fəxri sədri, məşhur
sahibkar Murtuza Muxtarovun xanımı Liza Tuqanovanın fəaliyyəti
xüsusilə diqqət çəkir. Tədqiqatçılar
bildirir ki, tanınmış zadəgan ailəsindən
çıxmış Tuqanova-Muxtarovanın adı Azərbaycanda
məşhur adamların xeyriyyəçilik fəaliyyətindən
söhbət açan məşhur Bakı qəzetlərinin
səhifələrində tez-tez çəkilirdi. Deyilənlərə
görə, Liza xanım ictimai fəaliyyətə hələ
gənclik illərindən qoşulmuşdu. O, vərəmlə
mübarizə cəmiyyətinin fəal üzvü olmaqla
yanaşı, Bakı müsəlman maarifçilik cəmiyyəti
"Nicat"da gərgin iş aparır, xüsusi uşaq xəstəxanasının
yaradılmasında həm maddi, həm də təşkilati cəhətdən
iştirak edirdi. Eyni zamanda Birinci Dünya müharibəsinin əvvəlində
Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə rəhbərlik
etmişdi.
Liza xanım bu cəmiyyətin
sıralarında Rəhilə
Qaziyeva, Sara Vəzirova, Pəri Topçubaşova və
bir çox başqalarını birləşdirə bildi. Araşdırmalar
göstərir ki, bu qadınların qəyyumluq obyektləri
kasıb ailələrdən olan qızlar olub. Liza
Tuqanova-Muxtarova üçün məhz pedaqoji, maarifçilik fəaliyyəti
əsas idi. O, özünün Persidski küçəsindəki
(indiki M.Muxtarov küçəsi) möhtəşəm
sarayında yetim müsəlman qızlar üçün
özünəməxsus pansion təşkil etmişdi. Cəmiyyətin
bütün məsələləri, görüləcək
işlər onun evində müzakirə olunur, məhz onun təşəbbüsü
ilə tez-tez mədəni tədbirlər həyata
keçirilirdi. Bundan başqa, qız məktəbində
tamaşalar təşkil edir, qızlara ana qayğısı
ilə yanaşırdı. Təəssüf ki, Liza
xanımın taleyi ilə neft
maqnatlarının taleyi kimi acı sonluqla bitdi. İzi qürbətdə,
mühacirətdə itdi.
Xələfləri
onları böyük minnətdarlıqla xatırlayır
Qeyd edək ki, XIX əsrin
sonu, XX əsrin əvvəllərində Azərbaycan
qadınlarının fəaliyyəti təkcə yuxarıda
adları çəkilən qadınların
gördüyü işlərlə məhdudlaşmırdı.
Məsələn, deyilənlərə görə, ianəçilər-
Şəmsi və Mariya Əsədullayevlər Azərbaycanda
və Rusiyada məşhur sənayeçi və mesenat hesab olunublar. Həyat
yoldaşının ölümündən sonra Mariya Petrovna
bütün işləri öz üzərinə götürür
və cəsarətli,
müvəffəqiyyətli sahibkar olur. Özünün
xeyriyyə aksiyaları ilə o dövr Rusiyasının
özünəməxsus ensiklopediyası olan "Romanovlar
evinin 300 illiyi" nəşrinin səhifələrində
Əsədullayevlər ailəsi "həyat mübarizəsi
ilə bir bütövdə birləşən ruhən nəhənglər"
kimi verilir. Bu cütlük Moskva müsəlmanlarına
böyük yardımlar etmişdi. Və yaxud götürək
məşhur Aşurbəyovlar nəslindən olan İsmət
xanım Aşurbəyova-Sultanovanı. Tiflisdə yaşayan
bir çox yoxsul müsəlman ailəsindən olan tələbələr
onun vəsaiti hesabına təhsil alıblar. Deyilənlərə
görə, kasıb ailələrdən olan gənclər
tez-tez İsmət xanımın salonunda qonaq olurdular. Burada ana
dili ilə birlikdə rus, fransız, alman dilləri səslənirdi.
Fars poeziyasnın gözəl bilicisi olan ev sahibəsi Ömər
Xəyyamın şeirlərini qonaqlara fars dilində oxuyurdu.
Sonda onu qeyd edək ki,
XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın
kübar qadınlarının fəaliyyəti haqqında
geniş bilgilər əldə etmək mümkün olmasa da,
hətta məhdud məlumatlar əsasında belə məlum
olur ki, onlar xalq üçün həyata keçirdikləri
işlərdə heç də öz həyat
yoldaşlarından, yəni neft maqnatlarımızdan geri
qalmayıblar. Xüsusilə də bu dövrdə fəaliyyət
göstərən xeyriyyə cəmiyyətləri
xalqımızın maariflənməsində, yoxsul
uşaqların təhsil almasında çox böyük rol
oynayıb. Eyni zamanda, xalqımızın dünya mədəniyyətinə
yaxınlaşmasında və ona qovuşmasında əvəzsiz
xidmətlər göstərib. Belə demək mümkünsə,
onlar, bir növ mədəni inkişafımızı şərtləndiriblər.
Bir sözlə, qısa
bir dönəmdə, məhdud zaman çərçivəsində
kübar xanımlarımız elə böyük işlər
görüblər ki, gələcək nəsillər
onları hələ də
böyük minnətdarlıqla xatırlayır. Onların fəaliyyəti
geniş şəkildə araşdırılmasa belə..
ZÜMRÜD
Mədəniyyət.-2008.-13
noyabr.-S.14.