Görkəmli ədibin hekayələr kitabı alman dilində

 

Görkəmli yazıçı, ədəbiyyatşünas-alim və pedaqoq Mir Cəlalın hekayələri ilk dəfə alman dilində kitab şəklində çapdan çıxıb.

Ədibin bu il bütün dünyada qeyd edilən 100 illik yubileyi münasibətilə tərtib edilmiş "Azərbaycandan hekayələr" adlı kitab almandilli məkanda nüfuzlu nəşriyyatlardan sayılan "Amalthea" nəşriyyatında işıq üzü görüb.

Müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyan tanınmış ədiblər nəslinə mənsub Mir Cəlal çoxcəhətli insan olduğu kimi, əsərləri də öz rəngarəngliyi- janr müxtəlifliyi, mövzu zənginliyi, ana dilimizin lüğət tərkibindən məharətlə istifadə bacarığı, bir sözlə, geniş üslub və bədii forma imkanları ilə seçilir.

Mir Cəlal bədii yaradıcılığa gənc yaşlarında şeirlə başlasa da, o, qələmindən çıxmış roman janrının dəyərli nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoyub. Yazıçı romanlarında həyatı geniş epik lövhələrlə təsvir etdiyi kimi, sadə və aydın süjetli hekayələrində də müşahidə etdiyi tarixi hadisələrə, ictimai-siyasi və əxlaqi-tərbiyəvi mövzulara işıq salıb. Bununla da bütün şüurlu həyatını ədəbi, elmi və ictimai-pedaqoji fəaliyyətə həsr etmiş qüdrətli söz ustası ölməz romanların, monoqrafiyaların, oçerklərin müəllifi olduğu qədər də Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafına əvəzsiz töhfələr verib.

Görkəmli nasirin qızı, ədəbiyyatşünas-alim Ədibə Paşayeva, avstriyalı azərbaycanşünas xanım Liliane Qrimm və AzərTAc-ın Avstriyadakı xüsusi müxbirinin birgə səyi nəticəsində ərsəyə gəlmiş "Azərbaycandan hekayələr" kitabında Mir Cəlalın yaradıcılığının müxtəlif dövrlərini əhatə edən incə yumor və kəskin satira, eləcə də dərin lirik hisslərlə yazılmış hekayələri toplanıb. Satirik hekayələrində ustad sənətkar yumor pərdəsi altında həssas oxucuya tipik obrazların timsalında ötən əsrdə Azərbaycanda hökm sürən sovet bürokratiyasını təqdim edir. Lirik notlarla qələmə alınmış hekayələrdə isə XX əsr zəhmətkeş Azərbaycan insanı, cəmiyyəti və dövrün aktual mövzuları bədii cizgilərlə təsvir olunur. Yazıçının bugünkü Avropa oxucusunun bədii zövqünə uyğun gələn, XX əsrdə Azərbaycan həyatının canlı mənzərəsini yaradan və yüksək bədii keyfiyyətə malik çoxsaylı hekayələrindən seçmə əsərlər kitaba daxil edilib.

Mir Cəlalın əsərləri dünyanın bir çox dillərində çapdan çıxıb. "Azərbaycandan hekayələr" kitabı isə almandilli oxucuların Azərbaycan ədəbiyyatı klassikinin əsərləri ilə ilk tanışlığıdır. Ümid edirik ki, bu tanışlıq geniş oxucu kütləsində maraq və rəğbət oyadacaq. Çünki bu kitab təkcə orijinal üsluba, qeyri-adi dəstxəttə malik bir yazıçının əsərlərini deyil, eyni zamanda, XX əsr Azəbaycan ədəbiyyatının inkişafında əhəmiyyətli bir mərhələni özündə ehtiva edir.

 

 

Mədəniyyət.-2008.-13 noyabr.-S. 2.