Yazarlarımız mükafatlandırıldı
Noyabrın 14-də Azərbaycan
Yazıçılar Birliyində Mahmud Kaşğarinin 1000
illiyi münasibətilə keçirilən beynəlxalq hekayə
müsabiqəsinin Azərbaycan üzrə qaliblərinin
mükafatlandırma mərasimi reallaşdı.
Tədbirdə
çıxış edən "Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəyli, AYB -nin sədri,
xalq yazıçısı Anar və başqaları belə
müsabiqələrin əhəmiyyətindən söz açdılar.
Bildirdilər ki, müsabiqəyə
36 yazar müraciət edib. Onların 3-ü yarışma
şərtlərini pozduğuna görə müsabiqəyə
buraxılmayıb.
İntiqam Qasımzadə, Bəsti
Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və
Elçin Hüseynbəylinin təmsil olunduğu münsiflər
heyəti 33 yazarın 43 hekayəsini 10 ballıq cədvəl
üzrə qiymətləndirib.
Daha sonra birinci (Zakir Sadatlı
"Salam baça"), ikinci (Fəxri Uğurlu "Dirilmə"),
üçüncü (Eyvaz Zeynalov "Mənim
tanımadığım Moskva") və xüsusi yer (Vəsilə
Usubova "Poloneza") tutanlara diplom və pul
mükafatları təqdim olundu.
Qeyd edək ki, müsabiqənin
yerli mərhələsi bu il aprelin 1-dən 30-na kimi
keçirildi və qaliblərin adı avqustun 7-də Azərbaycanda
Atatürk Mərkəzində keçirilmiş mətbuat
konfransında açıqlandı.
Beynəlxalq hekayə müsabiqəsinin
mükafat fondu təxminən 50 min avrodur və 24 türkdilli
subyektin yazarları arasında keçirilir. Azərbaycan tərəfındən
təşkilatçı "Ulduz" jurnalıdır.
Müsabiqənin ikinci mərhələsi
İstanbulda keçiriləcək və subyektlərdə
birinci yeri qazanmış 24 yazar öz aralarında
yarışacaq. Qaliblər aşağıdakı məbləğdə
pul mükafatı qazanacaq. Birinci yer - 6000 avro, ikinci yer - 4000
avro, üçüncü yer -2000 avro. Üç həvəsləndirici
mükafatın hərəsi
- 1000 avrodur.
Qaliblərin adı bu il dekabrın
sonunda Ankarada
açıqlanacaq. Azərbaycan tərəfdən
İstanbul mərhələsində münsiflər heyətinin
üzvü AYB-nin sədri, xalq
yazıçısı Anardır.
Turan
Mədəniyyət.-2008.-15
noyabr.-S.2.