Bakıda
II Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi
keçirilir
Noyabrın 13-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
türk xalqları ədəbiyyatı çərçivəsində
II Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi öz
işinə başlayıb. Tədbir Çağ Öyrətim
İşləmələri Qafqaz Universiteti, Azərbaycan və
Türkiyə Yazıçılar Birliyi və TÜRKSOY-un təşkilatçılığı
ilə keçirilir.
Konqres
iştirakçıları əvvəlcə Fəxri Xiyabanda
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini
ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Qonaqlar görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı
üzərinə gül-çiçək dəstələri
düzüblər.
Sonra onlar Şəhidlər
Xiyabanına gələrək torpaqlarımızın
azadlığı və müstəqilliyi uğrunda canlarını
qurban vermiş şəhid oğul və
qızlarımızın da xatirəsini yad ediblər.
Konqresdə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Tacikistan, Ukrayna və Rusiyadan 200-dək nümayəndə
iştirak edir. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç,
Türkiyə Yazıçılar Birliyi uşaq ədəbiyyatı
bölməsinin müdiri Rıfkı Kaymaz, Azərbaycan
Yazıçılar Birliyi uşaq ədəbiyyatı
bölməsinin müdiri şair Qəşəm Nəcəfzadə,
TÜRKSOY-un baş direktorunun müavini Firat Purtaş və
digər natiqlər türk dünyası və onun gələcəyi
üçün qardaş ölkələrin ədəbiyyatları
arasında bir-birini tanımanın vacibliyini bildiriblər. Qeyd
edilib ki, ortaq mədəniyyətlərin inkişafına
kömək göstərmək, gələcəkdə də
bunu inkişaf etdirmək tarixi bir borc kimi bugünkü
yazıçı və şairlərin vəzifəsidir,
böyüməkdə olan nəslə bunu təlqin etmək
vacibdir.
Tədbirdə ASYA bankı, "Azərsun
Holdinq'" şirkətlər qrupu, Texnikabank və Kaynak
kültür yayım klubuna türk xalqları mədəniyyətlərinin
yayılmasına göstərdikləri xidmətlərinə
görə diplomlar təqdim olunub. Sonda professor İlhan
Özkececinin rəhbərliyi ilə klassik türk musiqisindən
ibarət konsert proqramı nümayiş etdirilib.
Konqres bu gün də daxil olmaqla
Qafqaz Universitetində öz işini davam etdirəcək,
"Uşaq ədəbiyyatı və çağdaş təmayüllər",
"Uşaq və folklor", "Uşaq və dil bölməsi"
və digər mövzular üzrə məruzələr dinləniləcək,
müzakirələr aparılacaq.
Mədəniyyət.-2008.-15
noyabr.- S.2.