Bakıda II Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi keçirilir

 

Noyabrın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında türk xalqları ədəbiyyatı çərçivəsində II Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi öz işinə başlayıb. Tədbir Çağ Öyrətim İşləmələri Qafqaz Universiteti, Azərbaycan və Türkiyə Yazıçılar Birliyi və TÜRKSOY-un təşkilatçılığı ilə keçirilir.

Konqres iştirakçıları əvvəlcə Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Sonra onlar Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhid oğul və qızlarımızın da xatirəsini yad ediblər.

Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Ukrayna və Rusiyadan 200-dək nümayəndə iştirak edir. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Türkiyə Yazıçılar Birliyi uşaq ədəbiyyatı bölməsinin müdiri Rıfkı Kaymaz, Azərbaycan Yazıçılar Birliyi uşaq ədəbiyyatı bölməsinin müdiri şair Qəşəm Nəcəfzadə, TÜRKSOY-un baş direktorunun müavini Firat Purtaş və digər natiqlər türk dünyası və onun gələcəyi üçün qardaş ölkələrin ədəbiyyatları arasında bir-birini tanımanın vacibliyini bildiriblər. Qeyd edilib ki, ortaq mədəniyyətlərin inkişafına kömək göstərmək, gələcəkdə də bunu inkişaf etdirmək tarixi bir borc kimi bugünkü yazıçı və şairlərin vəzifəsidir, böyüməkdə olan nəslə bunu təlqin etmək vacibdir.

Tədbirdə ASYA bankı, "Azərsun Holdinq'" şirkətlər qrupu, Texnikabank və Kaynak kültür yayım klubuna türk xalqları mədəniyyətlərinin yayılmasına göstərdikləri xidmətlərinə görə diplomlar təqdim olunub. Sonda professor İlhan Özkececinin rəhbərliyi ilə klassik türk musiqisindən ibarət konsert proqramı nümayiş etdirilib.

Konqres bu gün də daxil olmaqla Qafqaz Universitetində öz işini davam etdirəcək, "Uşaq ədəbiyyatı və çağdaş təmayüllər", "Uşaq və folklor", "Uşaq və dil bölməsi" və digər mövzular üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

 

 

         Mədəniyyət.-2008.-15 noyabr.- S.2.