Müştərək elmi konfrans sona yetdi

 

Hələb müftisi Nəsiminin faciəli taleyinə və qəddarcasına

edamına görə Azərbaycan xalqından üzr istəyib

 

Xəbər verdiyimiz kimi, 11-12 noyabr tarixlərində Suriyanın Hələb şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçirilib.

Suriya tərəfi ilə əldə olunmuş razılığa əsasən gerçəkləşən konfransda iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin alimlər və mütəxəssislərdən ibarət 7 nəfərlik nümayəndə heyəti noyabrın 10-dan 17-dək bu ölkədə səfərdə olmuşlar.

Şairin 640 illik yubileyi ərəfəsində gerçəkləşən tədbirdə iştirak edən nümayəndə heyətinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev səfər təəssüratlarını bizimlə bölüşdü: «Səfər 10 noyabr tarixində nümayəndə heyətinin Nəsiminin qəbrini ziyarətilə  başladı. Qeyd edim ki, türbə qədim Hələb qalasının ətəyində, Nəsimi küçəsində yerləşir. Türbənin qapısının  açarı Nəsimi nəslinin nümayəndəsi Məhəmməd Məmduh Nəsimi və onun övladlarındadır. Türbənin həyətində həmin nəslin nümayəndələrinin qəbirləri və kiçik ibadətgah da mövcuddur. Böyük şairin qəbri türbənin mərkəzindədir. Türbədə Nəsiminin qulluqçusu, habelə, həmin dövrdə yaşamış Hələb valisinin həyat yoldaşı da dəfn olunmuşlar».

Hələbin qədim hissəsində yerləşən Nəsimi kompleksinin də YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edildiyini xatırladan F.Babayev tikilinin hazırkı durumundan da söz açdı: «Nəsiminin  məqbərəsinin bərpası  üzrə  Azərbaycan-Suriya müştərək komissiyasının  üzvü kimi nümayəndə heyətinin tərkibində Suriyaya səfər etmiş azərbaycanlı memar mütəxəssislər R.Muxtarov və T.Kərimlinin apardığı müşahidələr nəticəsində tikilinin qəza vəziyyətində olması müəyyənləşdirildi. Belə ki, türbənin tavanında, divarlarında və digər konstruksiyalarında məqbərənin uçmasına səbəb ola biləcək ciddi çatlar mövcuddur».

Şöbə müdiri bu faktın keçirilən görüşlərdə Suriyanın əlaqədar qurumlarının diqqətinə çatdırıldığını da dedi: «Noyabrın 11-də bizim Hələb şəhərinin mədəniyyət idarəsinin rəisi M. Qatlanla görüşümüz  oldu. Elə  həmin gün nümayəndə heyətini Hələb vilayətinin qubernatoru T.Hacci da qəbul etdi. Qubernator ilə görüşdən və onunla aparılan məsləhətləşmələrdən sonra meriyada müştərək komissiyanın geniş tərkibdə iclası keçirildi. Görüşdə Suriya tərəfindən Hələb qubernatorunun mədəniyyət məsələləri üzrə  müşaviri Məhəmməd Qacca, Abidələr və Muzeylər İdarəsinin rəisi Nədim Faqş, Vəfiqlər İdarəsinin rəisi Əhməd Qəddur və Qədim Şəhər İdarəsinin rəisi Ammar Gazal iştirak edirdilər. Toplantıda Azərbaycan tərəfini mənimlə  bərabər nazirliyin Mədəni irs şöbəsinin sektor müdiri Telman Kərimli,  habelə "Mədəni irsin qorunması, tədqiqatı va monitorinq mərkəzi" MMC-nin baş direktoru Rüstəm Muxtarov təmsil edirdilər.

Məqbərənin vəziyyətinin də müzakirə olunduğu bu görüşdə çıxış edən suriyalı mütəxəssislər maraqlı şərh verdilər. Onlar Hələbin 400 hektarıq qədim şəhər hissəsinin YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edildiyini və Nəsimi kompleksinin də memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısına salınmasını  əsas  götürərək nümunənin xarici görünüşündə yenidənqurma işlərini xüsusi plan üzrə YUNESKO ilə razılaşdırmaq şərtilə  aparmağın mümkün olduğunu dedilər.

Suriya tərəfi kompleksin genişləndirilməsi üçün ətrafdakı bir neçə tikilinin də yaradılacaq Nəsimi mərkəzinin tərkibinə qatılmasının mümkünlüyünü geyd etdilər.

Göriiş zamanı  abidənin qəza vəziyyətində olması azərbaycanlı mütəxəssislər tərəfindən suriyalı məmurların diqqətinə çatdırıldı. Cavab olaraq Suriya tərəfı şəhər rəhbərliyinin planlarında Nəsimi kompleksində möhkəmləndirmə işlərinin aparılmasını  nəzərdə tutulduğuını qeyd etdilər».

Nəsimi kompleksinin bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığının vacibliyinin də vurğulandığı görüşdə abidədə Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, interyerində Azərbaycan memarlıq üslubunda müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair razılıq da əldə olunub.

Fikrət müəllim Hələb Mədəniyyət İdarəsinin böyük zalında azərbaycanlı ve suriyalı alimlərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunmuş elmi konfrans barədə də ətraflı məlumat verdi: «Konfransın  ilk günü  Azərbaycan alimlərindən akademik Bəkir  Nəbiyev və AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, Suriya alimlərindən isə doktor Bəkri Şeyx Əmin və professor Məhəmməd Kamal çıxış etdilər.

12 noyabr tarixində konfransın Hələb   Universitetinin filologiya fakültəsinin akt  zalında keçirilmiş 2-ci günü Hələbin müftisi, doktor Mahmud Akkam, azarbaycanlı  professor Qəzənfər Paşayev, filologiya elmləri namizədi Səadət Şıxıyeva və Hələb  Universitetinin professoru  Hüseyn Əs-Sadiq çıxış etdilər.

Konfrans iştirakçıları Nəsiminin poeziyasının və fəlsəfi fıkirlərinin zənginliyini xüsusi qeyd edərək, şairin yaradıcılığında əsas yer tutan insanın azadlığı və ucalığına həsr olunmuş dəyərli şeirlərin Azərbaycan xalqının mədəniyyətini yüksək səviyyədə  təmsil etdiyini  vurğuladılar. Maraqlısı odur ki, Hələb müftisi çıxışında Nəsiminin faciəli taleyinə  və qəddarcasına edam  edilməsinə görə bir yüksək  rütbəli və səlahiyyətli din  xadimi  kimi Azərbaycan xalqından üzr istədi. O, Suriya  xalqının və  Hələb əhalisinin şairin edamına görə mənənəvi məsuliyyət daşımadığını, o zamankı şəhər müftilərinin Nəsiminin edamına etiraz etdiklərini və edam barəda qərarın böyük şairin düşmənləri simasında Misir hökmdarı Sultan Müəyyəd tərəfindən çıxarıldığı  da bildirdi”

Konfransın Hələb ictimaiyyəti və elmi dairələrində xüsusi maraqla qarşılandığını qeyd edən nazirlik rəsmisi tədbirdə Hələbdəki Türkiyə Baş Konsulluğunun əməkdaşları və vilayətdə məskunlaşmış böyük türkmən icmasının ziyalılarının da iştirak etdiyini diqqətə çatdırdı: “Noyabrın 13-ü  isə Dəməşqə getdik. Səfər zamanı nümayəndə heyəti Dəməşq Universitetinin rektoru  Vail Mualla, Suriya Ərəb Ensiklopediyası Komitəsinin baş direktoru, doktor Məhəmməd Əziz Şükri və Suriya Ərah Yazıçılar Birliyinin sədri, professor Hüseyn Cümə ilə görüşlər keçirdi.

Qeyd edim ki, konfransın  keçirilməsinə  böyük önəm  verən  Suriya tərəfi bunun üçün  xüsusi  hazırlıq görmüşdü. Belə ki, tədbirin  müvəffəqiyyətlə keçirilməsi üçün ölkə  rəhbərliyi tərəfindən aidiyyəti  qurumlara xüsusi tapşırıqlar verilmişdi. Bıı diqqət nümayəndə  heyətinin Suriyaya səfəri zamanı hər addımda hiss olunurdu.

Məhz Azərbaycan Respııblikasının  Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə qısa bir zaman kəsiyində  elmi konfransın keçirilməsi və  azarbaycanlı memarların suriyalı həmkarları ilə ilkin tədqiqatlara başlaması Suriya  siyasi və mədəni dairələrində  geniş rezonansa səbəb olmuşdur. Onun  bu addımı Azərbaycanda mədəni irsə diqqətin bariz nümunəsi kimi qiymətləndirilmişdir».

Şöbə müdiri elmi konfrans və görüşlərdə Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfiri Mahir Əliyevin də iştirak etdiyini bildirdi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.-2008.-20 noyabr.-S.2.