Yusif və Esfir
Cavan və istedadlı sənətkar dostum Mikayıl
Mirzəyevə ithaf edirəm
Hekayə
Bəni-İsrail Yusiflə
arvadı Esfir gözəl, səfalı düzənliklə
sakit-sakit axan, suyu gün işığında almaz kimi
parlayan bir çayın sahilində balaca, səliqəli evlərində
yaşayırdılar. Onların həyatı da həmin o
çay kimi sakitcə axıb gedirdi.
Qırx il
idi ki, Yusif Allaha ibadət edirdi. Daşa Girən Kahin
İbrahim demişdi ki, kim qırx il hər gün, hər gecə
Allaha ibadət eləsə, Allah onun üç xahişini
yerinə yetirər. Yusif bir gün də ibadətinin
vaxtını keçirmirdi. Xoşqılıq, həvəsli
bir qadın olan Esfir həyətlərində toyuq-cücə,
qaz saxlayır, bütün günü həvəslə
ev-eşiklə məşğul olur, Yusifin çaydan
tutduğu balıqlardan ləzzətli xörəklər
bişirirdi və sütunlarına sarmaşıqlar
sarmaşmış eyvanda əyləşib rahatca nahar eləyirdilər.
Sonra Yusif ibadətə başlayır, Esfir isə axşam
çayda çimməyə gələn gənclərə
tamaşa etməyə gedirdi.
Cavan qızların,
oğlanların şən gülüşlərlə
çayın almaz kimi parlayan suyunda bir-biriləri ilə
zarafatlaşmaları, oğlanların gözəl
qızları suda qovub, tutub öpmələri, sonra sahildə
isti qumun üstündə oturub, qədim bəni-İsrail
mahnıları oxumaları Esfirə həsrətli bir zövq
verirdi. Həsrət onun həyatının
keçmişi ilə bağlı idi. Onun gəncliyi bu gənclərin
həyatı kimi belə şən, qayğısız
keçməmişdi. Yeddi uşağı olan kasıb
ata-anası onu mişovul pişiyi kimi qızıl üstə
yatan sələmçi Salomona qulluqçu vermişdi. Salomonun
arvadı Raxil də zalım qadın idi. Esfirlə şirin
dillə mehriban rəftar edir, amma o şirin dillə də hey
işlədir, bir dəqiqə də nəfəsini dərməyə
imkan vermirdi.
Yusif
Salomonun gözəl bağında bağban işləyirdi. Özü
də bir könüldən min könülə Esfirə
aşiq idi. Neçə dəfə girəvəyə
salıb, ürəyini qıza açmışdısa da,
Esfir ah çəkib başını bulamışdı. Esfir
Yusifin yaxşı oğlan olduğuna, onu da səmimi qəlbdən
istədiyinə inanırdı. Ancaq bu yaxşı
oğlanın xarici görünüşü, dərinlikdə
işıldayan balaca, yaşıl gözləri, lap ucunda ziyil
olan iri burnu sanki hər dəfə Yusiflə
qarşılaşanda qızı geri itələyirdi. Amma neyləyəsən
ki, digər oğlanlar da gözəl qədd-qaməti, cazibədar
göz-qaşı olan, gündə on adamın işini
görən Esfiri sanki görmürdülər.
Bir dəfə Esfir evin
tozunu aldığı zaman Salomonun qızı Saranın
şit, dələduz bir oğlan olan nişanlısı onun
biləyindən tutub demişdi:
- Mənimlə
dost ol, hər ay sənə burda aldığından on qat
artıq verim.
Esfir də onun burnunun
üstünə elə bir yumruq vurmuşdu ki, uzun müddət
qanı kəsilməmişdi.
İnsan dərdini
yaxın bir adamına deməyəndə rahat ola bilmir. Esfirin
də Yusifdən başqa yaxın adamı kim idi ki?.. Qız
bağa qaçıb, yana-yana ağlayaraq, bu əhvalatı
Yusifə danışdı. Ağır bir sükutdan sonra
Yusif dedi:
- Axı sən nə
vaxta qədər araba atı kimi əclaflara işləyəcəksən?
Onlardan bundan artıq nə gözləyirsən? Niyə
mənim arvadım olmaq istəmirsən? Axı bilirsən ki,
səni nə qədər istəyirəm. Neçə
vaxtdır mən də işləyirəm, azdan-çoxdan
geriyə qoymuşam. Qanunla evlənərik, yer alıb balaca
bir ev tikərik, bağ salarıq. Bütün ağacların
dilini bilirəm. Gözəl uşaqlarımız olar.
Yusif belə
deyəndə, Esfir ah çəkib Yusifin ziyil olan burnuna
baxdı... Və nə üçünsə ağladı.
Və o gecə
uzun zaman yata bilmədi... Fikirləşdi ki, illər
keçib gedir... On doqquz yaşın içindəyəm. Mən
arzu elədiyim oğlanların heç biri mənimlə
maraqlanmadı. Maraqlanan da ancaq müvəqqəti əyləncə
üçün... Yusifə getsəm, heç olmasa, öz
ev-eşiyim olar. Bəlkə Allah gözəl bir övlad da
verdi...
Esfir ah
çəkib, yuxuya getdi.
...Və üç
gündən sonra Yusif məclis paltarını geyib, Salomonun
hüzuruna gedərək, ədəb-ərkanla ona bildirdi ki,
Esfirlə evlənmək istəyir.
Həddindən artıq
kök, xoşsifət bir kişi olan Salomon arvadı kimi rəhmsiz
deyildi. İnsanlara yaxşılıq etməkdən ləzzət
alırdı. Yusiflə Esfirin evlənmək əhvalatını
xoşhallıqla qarşıladı, hətta hər birinə
üç aylıq alacaqları qədər də
ayın-oyun bağışladı.
Yusiflə Esfir evlənəndən
sonra indi içində yaşadıqları
kürsülü, səliqəli evi tikdilər. Ər-arvad
gecə-gündüz işləyərək, gözəl
bağ düzəltdilər. Sonra övlad gözləməyə
başladılar. Lakin illər keçir, böyük intizarla
gözlədikləri oğlan, ya qız gəlib
çıxmırdı ki, çıxmırdı...
Gözlədikləri
övladın taleyi haqqında hər kəsin öz arzusu var
idi. Yusif istəyirdi ki, oğlu olsun, oxusun, Salomon kimi tacir
olsun.
Esfir istəyirdi ki,
gözəl bir qızı gəlsin dünyaya, ona gözəl
rəqslər öyrətsin və həzrət Yusif kimi
(atası Yusif kimi yox!) gözəl bir oğlana ərə
getsin.
Lakin illər
keçirdi... Nə oğlan gəlirdi, nə qız...
O zaman Yusif, Daşa Girən
Kahin İbrahimin yanına gedib, əhvalatı ona
danışdı. Kahin İbrahim dedi:
- Kim qırx il, hər
gün, hər gecə Allaha ibadət eləsə, Allah onun
üç arzusunu yerinə yetirər...
...Və o gündən
Yusif başladı gecə-gündüz Allaha ibadət etməyə.
Esfir çayda çimib-şənlənən gənclərə
tamaşa eləyib, evə gələndə, güzgüdə
özünə baxanda, ona çoxdan vida etmiş o gözəlliyi
haqqında düşünərək ah çəkirdi.
...Budur qırx il də
keçdi. Yusif birinci arzunu diləyib, Allahdan övlad istəməyə
hazırlaşırdı və gözlənilmədən
Esfir ona yalvardı ki, Yusif Allahdan ona, yəni arvadı Esfirə
bir gözəllik istəsin!..
Esfirin qəfil bəyan
etdiyi bu arzu Yusifin bütün fikirlərini alt-üst etdi. Onu
o qədər həyəcanlandırdı ki, artıq heç
nə haqqında sakit düşünə bilmədi. Məsələ
onda idi ki, Yusif Esfirin keçmiş gözəlliyinin həsrətini
çox çəkirdi... Bir də elə canla görüşmək,
o zövq-səfanı hiss etmək ona hardan nəsib ola bilərdi?
Esfir kimi gözəl, taleyin ona qismət etdiyi yeganə bəxşiş
idi. İndi əgər Allah-təala Esfirin keçmiş
gözəlliyini, gəncliyini özünə qaytarsa, demək,
həyat onun da, Yusifin də üzünə təzədən
güləcək və Yusif sonra Allahdan diləyəcək
ki, bu gənc, gözəl arvadından ona bir övlad versin...
...Və Yusif
üç diləkdən birincisini bəyan edib, Allahdan Esfirin
on səkkiz yaşındakı gözəlliyini özünə
qaytarmasını rica etdi.
Və Allah Esfirin on səkkiz
yaşındakı gözəlliyini ona qaytardı.
Esfir
güzgünün qabağında durub, özünə
tamaşa edirdi. Yusif heyran-heyran ona baxaraq biləyindən tutdu.
Ancaq Esfir biləyini cəld onun əlindən qopararaq, Yusifi
birinci dəfə görürmüş kimi, sərt nəzərlə
burnuna baxdı və dedi:
- Neyləyirsən,
utanmırsan, qoca kişisən!..
Yusif elə bildi ki, Esfir
zarafat eləyir, şad-xürrəm gülüb dedi:
- Gərək sənə
indi bədəninə görə paltar tikdirək. Yaşlı
vaxtında kökəldiyin üçün, paltarlar çox
gen olur.
Esfir
çox ciddi ifadə ilə dedi:
- Düz deyirsən, gedək
dərzinin yanına. Ancaq mən adamların yanında sənə
ata deyəcəyəm, yoxsa fikirləşərlər ki, qoca
kişi nə münasibətlə bu cavan, gözəl
qıza paltar alır?..
Yusif elə başa
düşdü ki, Esfir yenə zarafat eləyir, bərkdən
gülüb:
- Nə olar, - dedi, - elə
olsun...
...Və Esfir təzə
paltarı geyib, güzgü qabağında dayananda, o qədər
gözəl, o qədər cazibədar göründü ki,
Yusif həyəcanla irəliləyib qızı qucaqladı. Esfir
çevir hərəkətlə sivişib, onun qolları
arasından çıxaraq:
- Nə qayırırsan?
- dedi. - Qoca kişisən, utanmırsan?..
Esfir bunu deyib,
çayın sahilinə - cavanların həmişə
çimib, rəqs elədikləri meydançaya
qaçdı. Yusif yenə də təyin eləyə bilmədi
ki, Esfir zarafat eləyir, yoxsa...
...Oradakı cavanlar
birinci dəfə gördükləri bu gözələ
heyran oldular. Məşhur zərgər Zəraxın ərköyün
oğlu onu rəqsə dəvət elədi və Esfir
çoxdan həsrətində olduğu bu rəqsi elə məharətlə,
elə cazibədarlıqla ifa etdi ki, qızlar paxıllıqla
qısqandı, oğlanların isə hamısı ona
vuruldu...
Yusif də kənardan o
gözəl qıza baxıb o qədər heyran olmuşdu ki,
Allahdan edəcəyi ikinci xahişi də yadından
çıxarmışdı.
Axşam da zərgər
Zəraxın oğlu gəlib, Yusifə əhəmiyyət
vermədən qızı qonaq apardı.
Zərax çox
hörmətli və dövlətli bir zərgər
olduğundan, Yusif qızın getməsinə mane olmağa cəsarət
etmədi. Amma yaman əsəbiləşdi. Esfir gələndə
özündən çıxıb:
- Bu nə hərəkətdi?
- deyə qışqırdı. - Ərini evdə qoyub, yad
oğlanla qonaq gedirsən?
Esfir heç
halını pozmadan:
- Bəs neyləyim? -
dedi. - Qoca kişisən, sənin yanını kəsdirib
oturmayacağam ki, cavan qızam.
Yusif nə qədər
elədisə, qızı cavan oğlanlardan uzaqlaşdıra
bilmədi. Esfir bir ər kimi də onun
yaxınlığını rədd etdikdə Yusif dedi:
- Axı mən Allahdan
övlad istəməliyəm.
Esfir dedi:
- Qoca kişisən, neyləyirsən
övladı!
Yusif yanıb
tökülərək, birdən-birə o qədər hirsləndi:
- Ya Allah, -
dedi. - Sən bu Esfiri ayı elə! (Nə üçün məhz
ayı? Demək çətindir...)
Bu da
İsrail əhli Yusifin Allah-təaladan ikinci təvəqqəsi
oldu.
Çay
qırağına gələn cavanlar təəccüblə
gördülər ki, gözəl qız birdən-birə yox
olub. Onu da gördülər ki, bu yerlərdə bir
ayı peyda olub, səhərdən-axşamacan gəlib Yusifin
qapısında yatır. Özü də heç kəsə
toxunmur. Elə bil ki, heç kəsi görmür.
Ayı
Yusifin bağçasından kənar heç yerə getmirdi.
Bütün günü həyət qapısının
qabağında oturub, gözlərini zilləyirdi evə. Sanki
Yusfin heç bir hərəkətini gözdən qoymaq istəmirdi.
Yusif hirslənib ona qışqırdı:
- Niyə
çıxıb meşədəki qohumlarının
yanına getmirsən?
Ayı isə susaraq
bütün günü eləcə baxırdı və onun
ayı gözlərinin dərinliyində keçmək bilməyən
bir kədər var idi. Yusif acıqlı-acıqlı gətirib
onu qabağına yemək qoyurdu. Bir gün də lap
özündən çıxaraq dedi:
- Mən hər gün sənə
bal, armud, qoz tapıb verə bilmərəm!
Yusif xəsis deyildi və
bu sözləri də xəsis olduğu üçün
demirdi. Bu sözlərdən sonra ayı daha Yusifin
qoyduğu yeməkləri yemədi. Bu isə Yusifi daha
çox pərişan edirdi.
Ayının hər
gün evinin qabağında oturub, məzlum-məzlum ona
tamaşa etməsi Yusifin ürəyinə təsir edirdi. Ona
görə də Yusif hirsləndi, yana-yana ayıya dedi:
- Nə var? Niyə
yazı-yazıq baxırsan? Allah mənim arzumla səni gözəl
eləyəndə niyə birdən-birə elə zalım
oldun? Niyə fikirləşmədin ki, axı Yusif o gözəlliyi
sənə qaytarmaq üçün qırx il hər gün
Allaha dua eləyib? Allahın köməkliyi ilə səndən
övlad gözləyib! Hə?! Niyə dinmirsən, zalım,
vəfasız qadın?
Nəhayət, bir
gün zərgər Zəraxın ərköyün oğlu gəlib
Yusifdən soruşdu:
- Bəs sənin gözəl
qızın haradadır?
Yusif əncir
ağacının kölgəsində uzanan ayını
göstərib qəzəblə dedi:
- Odur ey!..
Zəraxın ərköyün
oğlu hirslənib dedi:
- Axmaq qoca, məni ələ
salırsan?!
O «axmaq» sözü sanki
Yusifin ürəyində bu oğlana qarşı qaynayan qəzəbə,
nifrətə yol açdı. Yusif irəliləyib
oğlana sillə vurdu. Zəraxın ərköyün
oğlu güclü cavan idi. Ömründə birinci dəfə
sillə yeyirdi. Bir əli ilə Yusifin xirtdəyindən
yapışıb, o biri əli ilə də sillələməyə
başladı. Bu zaman ayı qalxıb onlara yaxınlaşaraq,
pəncəsi ilə oğlanı vurub kənara tulladı.
Oğlan bərk yerə dəydi, qalxıb darvazadan
çıxmağa da macal tapmayaraq hasardan tullanıb
qaçdı. Sonra ayı dinməzcə gəlib yenə də
o əncir ağacının kölgəsində uzandı.
Yusif də onun yaxınlığındakı köhnə
taxta kətildə əyləşdi.
On beş
günlük Ay dünyanı sakit, mehriban bir nura qərq
etmişdi.
Ayı ilə
insan bir-birinə baxırdı. Birdən nə
üçünsə Yusifi ağlamaq tutdu. Və ona elə gəldi
ki, ayının Ay işığında işıldayan balaca
gözlərində də yaş göründü.
Və bəni-İsrailin
mömin bəndəsi Yusif əllərini göyə
qaldıraraq:
- Ey böyük Allah! -
dedi. - Sən Esfiri mənim qırxillik arvadım olduğu
vaxtındakı şəklinə qaytar!..
Böyük Allah Yusifin
üçüncü arzusunu gözləyirdi. Ona görə
də Esfiri neçə ay bundan əvvəlki şəklinə
saldı.
Gün
işığında almaz kimi parıldayan o çayın
sahilində yenə o qoca kişi və qarısı idi.
Beləliklə, Daşa
Girən Kahin İbrahimin dediyi kimi, Allah bəni-İsrail
Yusifin qırx illik ibadəti əvəzinə vəd
olunmuş üç diləyinin üçünü də
yerinə yetirdi.
1991
İlyas Əfəndiyev
Mədəniyyət.- 2009.- 2 oktyabr.- S. 13.