O, kinonu həyatı
qədər sevirdi
Düz 80 il bundan əvvəl Şəmkir rayonunun Seyfəli
kəndində dünyaya göz açan Fərəməz Səfiyev
burada boya-başa çatıb, 1952-ci ildə indiki Bakı
Dövlət Universitetini bitirmişdir. Həmin ildən də
«Azərbaycan pioneri» qəzetində xüsusi müxbir kimi əmək
fəaliyyətinə başlamış, qısa müddət
ərzində Azərbaycan Dövlət Radio Verilişləri
Komitəsinə müxbir, 1953-cü ildən təqaüdə
çıxana qədər, yəni 1994-cü ilə kimi
C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında xronika
şöbəsinin rəisi, daha sonra yaradıcılıq
birliyinin direktoru vəzifələrində işləmişdir.
Kino istehsalı
təşkilatçısı
40 ildən artıq bir təşkilata
rəhbərlik etmək o deməkdir ki, Fərəməz
müəllim kino istehsalının ən bacarıqlı təşkilatçısı
kimi hörmət qazanmışdı. O, kinematoqrafda çalışdığı dövrdə sənədli
filmlər istehsalının
texnologiyasını yaxşı
öyrənmişdi. Azərbaycanda
sənədli kinonun inkişafında onun xidmətləri böyükdür.
Xronikal-sənədli
filmlər birliyi kinostudiyanın ən çətin sahəsidir.
Kinostudiya rəhbərliyi
bu birliyə həmişə ikinci dərəcəli iş kimi baxıb. Birinci planda bədii filmlərin istehsalı durub. Ona görə də sənədli kino həmişə ləng inkişaf edib. Bu sahədə
uğur qazanan filmlərimiz çox olmayıb. Xronika operativliyi sevən bir sahədir. Bu sahəyə rəhbərlik
edən F.Səfiyevin özü də çevik, fəal və operativ idi, bütün təşkilati işlərdən
baş çıxarırdı.
Misal üçün,
respublikamızda dövlət
tədbirləri keçiriləndə
bununla əlaqədar bir neçə operator səfərbər edilirdi. Operatorları
eyni vaxtda şəhərin müxtəlif
guşələrində yerləşdirmək,
onları çəkiliş
aparatı, kinoplyonka ilə təchiz etmək, hamısını
da nəzarət altında saxlamaq çox çətin və olduqca məsuliyyətli məsələ
idi. Həm də çəkilmiş
materialların hamısı
keyfiyyətli olmalı
idi. Bunların hamısı birliyin direktorunun üzərinə
düşürdü. Belə
vaxtlarda Fərəməz
müəllim mümkün
olmayan işi görürdü. Yaxud gündəlik işləri
götürək. Səhərdən
axşama kimi F.Səfiyevin kabinetinin qapısı bağlanmırdı.
Həmişə də
kabineti adamla dolu olurdu. Biri
yeni ssenarisini təhvil verir, digəri çəkilişə
getmək üçün
maşın istəyir,
bir başqası isə çəkilmiş
materialların aşkarlanmasının
sürətləndirilməsini xahiş edirdi. Hərənin öz tələbi, hərənin
öz qayğısı.
Bütün bunlara cavab vermək, hər kəsin istəyini yerinə yetirmək rəhbər işçidən böyük
səbr və hövsələ tələb
edir. Fərəməz
müəllim də səbrlə hər bir işi yoluna
qoymağı bacarırdı.
Kinodramaturq
F.Səfiyev inzibati
işlərlə məşğul olmaqdan başqa, həm də
kinodramaturq idi. Onun ssenariləri əsasında
«Azərbaycanfilm» kinostudiyasında
və «Azərbaycantelefilm»
Yaradıcılıq Birliyində
50-dən artıq sənədli film çəkilmişdir. Bu filmlərdə Azərbaycanın
təbiəti, insanları-tanınmış şəxsiyyətləri,
zəhmət adamları
və s. mövzular öz əksini tapmışdır.
Misal üçün, Fərəməz
müəllimin ssenariləri üzrə «Tanınmış
şəxsiyyətlər» mövzusunda «General Həzi Aslanov»,
«Sürəyya», «Torpağın sahibi», «Azərbaycanın
bölgələri» mövzusunda «Xudafərin olan yerdə»,
«Sabirabad», «Azıx mağaraları», «Bakıda «Mosfilm» günləri»,
«Əməkçi insanlar» mövzusunda «Biz şimidçilərik»,
«Dalğalar dənizə qayıdır», «Şərəfli
yol», «Bizim qayğılarımız», «Bizim kolxoz», «Azərbaycan
idmanı» mövzusunda «Çempion», «Kamandar Olimpiya
çempionudur», «Azərbaycan idmanı dünən, bu
gün», «Varis», «Həyat mübarizədir», «Dissonans», «Azərbaycan
pəhləvanları», «Böyük Vətən müharibəsi»
mövzusunda «Bizim 416», «General Həzi Aslanov», «İgidliyin əbədidir
sənin» və s. filmlər yaradılmışdır.
«General Həzi Aslanov»
filmi istedadlı sərkərdə, Sovet İttifaqı Qəhrəmanı,
tank qoşunları general-mayoru Həzi Aslanovun Böyük Vətən
müharibəsi illərində şanlı döyüş
yoluna həsr olunmuşdur.
Döyüş
vaxtı arxadan xain düşmən gülləsinə tuş
gəlmiş qəhrəmanın obrazını yaratmaq məqsədilə
müharibə xronikasından, sərkərdənin
yaxınlarının, döyüş yoldaşları və
dostlarının sinxron xatirələrindən istifadə
olunmuşdur.
Böyük Vətən
müharibəsi illərində azərbaycanlılardan ibarət
məşhur 416-cı Taqanroq diviziyasının şanlı
döyüş yoluna həsr olunmuş «Bizim 416» filmində
şəhərlərin azad olunmasını əks etdirən
döyüş epizodları göstərilmişdir.
Vaxtilə
keçmiş Sovet İttifaqında məşhur olan
pambıq ustası, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
Sürəyya Kərimova haqqında şeirlər
yazılmış, mahnılar qoşulmuşdur. «Sürəyya»
sənədli filmi də manqa başçısı
adlı-sanlı pambıqçı, çoxuşaqlı
qəhrəman ana Sürəyya Kərimovaya
ithaf olunmuşdur. Filmdə onun fəaliyyəti hərtərəfli
işıqlandırılmışdır.
Azərbaycanda görməli,
gəzməli yerlər
çoxdur. Belə maraqlı yerlərdən biri Yuxarı Qarabağ ərazisində,
dəniz səviyyəsindən
900 m hündürlükdə
yerləşən Azıx
mağarasıdır. «Azıx
mağaraları» elmi-kütləvi filmində Azərbaycan arxeoloqları
tərəfindən aşkar
edilmiş Azıx mağaralarından bəhs
olunur. Filmdən öyrənirik ki, bu mağaralar öz böyüklüyünə
və tarixi əhəmiyyətinə görə
dünyada üçüncü,
sabiq SSRİ-də isə birinci böyük mağaradır.
Arxeoloji qazıntılar
zamanı tapılmış
nadir əşyalar və 500-600 min il bundan qabaq
həmin mağaralarda
qədim insanların yaşadığını bir
daha sübut edən insan sümükləri ekranda nümayiş etdirilir.
Azərbaycan kinosunda ən az toxunulan
mövzulardan biri də idmandır. Ona görə də «Dissonans» filminə maraqla baxılır. Həm də bu film
idman mövzusunda çəkilmiş ən
uğurlu kinolentlərdən
sayılır. Film Bakı İdman Malları Fabrikinin həndbolçu qızlarından,
daha doğrusu, onların çox gərgin keçən bir oyunundan bəhs
edir. Bir çox illər onların üzv olduğu «Spartak» komandası təkcə
SSRİ birinciliklərində deyil, beynəlxalq arenada da respublikamızın
idman şərəfini
qorumuşdur. Reportaj-filmdə həndbolçuların
oyunları dinamik və təsirli şəkildə əks olunmuşdur. «Dissonans»
filmi 1979-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) VII Ümumittifaq
idman filmləri kinofestivaında Qızıl
medal, həmçinin
Aşqabadda XII Ümumittifaq
kinofestivalında münsiflər
heyətinin diplomunu,
1980-ci ildə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının
prizini, 1982-ci ildə Budapeştdə qısametraşlı
filmlərin Beynəlxalq
kinofestivalında bürünc medal almışdır.
F.Səfiyev dövri
kinojurnallar üçün yüksək professional səviyyədə
yazılmış 150-dən artıq mətnin müəllifidir.
Bundan başqa, onun mətbuatda hekayələri, sənədli
kinonun problemləri və kino yaradıcıları barədə
çoxlu məqalələri çap edilmişdir.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2009.- 2 oktyabr.- S. 11.