“Bəşəriyyətin xilası”na bəşəriyyət baxacaqmı?
Elxan Cəfərov: “Azərbaycan
kinosundan danışmaq olar, amma kino sistemindən
danışmaq hələ tezdir”
Son dövr Azərbaycan kino sahəsində ilk dəfə
olaraq dövlət sifarişi ilə tammetrajlı bədii film
çəkən rejissorlarımızdan biri də Elxan Cəfərovdur.
O, bu yaxınlarda “Qarabağdır Azərbaycan” adlı
qisametrajlı ekran əsərini tamamlayıb. “Bəşəriyyətin
xilası” filminın isə çəkilişlərinə
başlamağı planlaşdırır. Vəziyyətin nə
yerdə olduğunu öyrənmək üçün rejissorla
söhbət etdik.
- Söhbətə
“Qarabağdır Azərbaycan”dan başlayaq...
- “Qarabağdır Azərbaycan”
poetik filmi Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla
bağlı dövlət komissiyasının təşəbbüsü
ilə çəkilib. Komissiyanın sədri milli təhlükəsizlik
naziri Eldar Mahmudov, komissiyanın referenti isə Altay Səfərovdur. Bu 20 dəqiqəlik qısametrajlı film “Sine Allians” şirkətinin
istehsalıdır. Burada
sifarişçi yox, sadəcə təşəbbüsçü
və icraçı kampaniya var. Poetik ithaf adlandırdığımız
filmin üzərində
baş prodüser Əliağa Məmmədov
da böyük zəhmət çəkib.
“Qarabağdır Azərbaycan”
artıq 8 dilə tərcümə olunub.
Film Ankarada keçirilmiş
“Türk savaşlarının
türk mədəniyyətinə
təsiri” adlı simpoziumun açılışında,
Strasburqda Azərbaycana
aid bir qurumun iclasında nümayiş olunub.
- “Bəşəriyyətin xilası”nda işlər nə yerdədir?
- Filmin çəkilişləri
hələ başlamayıb.
“Bəşəriyyətin xilası”
şərti addır.
Ssenarisi Elza xanıma məxsusdur. Filmdəki zaman Sovet İttifaqının dağıldığı vaxtlara
təsadüf edir. Azərbaycan elmi tədqiqat institutlarından
birində hazırlanacaq
kimyəvi məhlulun üzərində iş aparılır. Müəyyən
bir müddət keçdikdən sonra həmin ixtiraçı alimlərdən biri məhlulu əldə edir. Bunun müsbət
və mənfi nəticələrini araşdırır.
Bu preparatın iki cür istifadə
forması var. Onun köməyi ilə insanın yaddaşının müəyyən
bir hissəsini silib ondan neqativ
işlərdə də
istifadə etmək olar. Eyni zamanda
bu yolla insaniyyəti narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Amma çox təəssüf
ki, bəşəriyyət
bu xilası qəbul etmək istəmir və öz qanunlarıyla yaşamaqda davam edir.
Məncə, bu, çox maraqlı və aktual bir mövzudur. Burada ən vacib məsələ ilk növbədə tamaşaçıda filmə
baxmağa maraq oyatmaqdır. Əgər hazırda çəkilən
filmləri - müəllif
və qeyri-müəllif filmləri adı altında iki qrupa bilsək,
bu film ikinci
qrupa aid olmalıdır. Detektiv janrında çəkilən
qeyri-müəllif filmidir. Çəkilişlər
dekabrın əvvəllərində
başlanacaq.
- Çəkiliş
qrupunda kimlər var?
- Çəkiliş
qrupumuza gəldikdə isə quruluşçu operator Nadir
Mehdiyev, rəssam Fikrət Ələkbərovdur. Bu film üçün də Azərbaycan Kaskadyorlar Assosiasiyasına müraciət
olunacaq. Çünki
burada da çətin və təhlükəli səhnələr
yer alıb. Mürəkkəb, dinamik bir istintaq xətti
və romantik sevgi macəraları paralel şəkildə inkişaf edəcək. Onu da qeyd
edim ki, film kommersiya xarakteri daşıyır.
İstehsalçı “24 kadr”
prodüser mərkəzidir.
İş dövlətlə
müştərək şəkildə
aparılır.
- Bəs “Bəşəriyyətin
xilası” bəşəriyyətin marağına səbəb
ola biləcək?
- Filmi başqa ekran əsərləri
ilə müqayisə etmək istəməzdim. Amma çalışırıq
ki, peşəkar rejissor və operator işi, professional aktyor oyununun köməyi ilə uğur əldə edək. Onu da deyim
ki, keçmiş
SSRİ ilə bağlı
olan filmlər əksər ölkələrdə
maraqla baxılır.
- Film əvvəl Mehriban Ələkbərzadəyə tapşırılmışdı.
Amma sonradan sizə həvalə olundu. Maraqlıdır, son zamanlar rejissorlarımız
öz mövzularından
çox, sifarişli layihələr üzərində
işləyirlər.
- Düzdür, bu filmi Mehriban xanım çəkəcəkdi.
O vaxtlar mənə bir-iki fərqli ssenari təqdim olunmuşdu. Məsələn, Ramiz Rövşənin
poetik xarakterli, melodram janrında bir ssenarisi vardı.
Mən o
ssenarini ekranlaşdırmağı
düşünürdüm. Lakin məni həmişə melodramdan çox dinamik filmlər maraqlandırıb. Mehriban xanım
isə melodrama üstünlük
verir. Fikirləşdik ki, biz qəribə
bir yerdəyişmə
edə bilərik və bunun heç
kimə ziyanı dəyməz. Buna görə də biz hər iki tərəfin
razılığı ilə
ssenariləri dəyişdirdik
ki, hərə öz istədiyi işi görsün.
Mehriban xanım da oktyabr
ayında o filmin üzərində işə
başlayacaq. Filmin şərti
adı “Xəyanət”dir.
Bu yerdəyişmənin həm
Mehriban xanıma, həm də mənə çox böyük xeyri oldu. Hər rejissorun öz
mövzusu, üslubu özünə qismət oldu.
- Bildiyimiz qədər,
bu filmdə Gülzar Qurbanova da çıxış edəcək.
- Gülzar xanım hazırda iki filmdə çəkilir. Onlardan biri Maqsud İbrahimbəyovun
eyniadlı əsəri
əsasında lentə
alınan “Ondan yaxşı qardaş yoxdur”, digəri isə Rüstəm İbrahimbəyovun “Kabusun
izi ilə” filmidir. Bunlardan əvvəl isə
o, gənc rejissorlardan
Fariz Əhmədovun “Bir addım” qisametrajlı filmində baş rollardan birini oynamışdı.
Bir il
ərzində beş filmə çəkilib.
- Əsasən uşaq
filmlərində ifa etdiyiniz rollarla yadda qalmısınız
desək, yəqin ki, səhv etmərik. Misal üçün,
“Şir evdən getdi”, “Mən nəğmə qoşuram”
və başqa filmlərdən danışa
bilərik. Bəs rejissor
kimi özünüz nə zamansa uşaq filmi çəkməyi düşünürsünüzmü?
- Uşaqlarla işləmək
çox qəliz məsələdir. Yəqin ki,
heç vaxt bu işlə məşğul olmaram.
Bu yaxınlarda uşaqlarla bağlı bir reklam çəkdim.
Düzdür, həmin uşaqlar
lap kiçik - 3-5 yaşlı
uşaqlar idi. Çəkiliş meydançasında 20-yə yaxın uşaq var idi və
bu zaman başa düşdüm ki, uşaqlarla işləmək mənim
işim deyil.
- Son zamanlar uşaq filmləri
yox dərəcəsindədir. Bu məsələyə
münasibətiniz necədir?
- Hazırda daha çox
serial istehsalına maraq çoxdur. Düşünürəm
ki, serial çəkmək uzaqdan asan görünür, lakin əslində
elə deyil. Amma bir həqiqət
də var ki, serial çəkmək
uşaq filmləri çəkmək qədər
çətin deyil. Yəqin elə bu səbəbdəndir
ki, uşaq filmlərimiz inkişaf etmir.
- Nəhayət, sonuncu sual. Azərbaycan kinosunun hazırkı
durumunu qaneedici saymaq olarmı?
- Sadəcə, onu deyə bilərəm ki, əvvəlki illərə baxanda vəziyyət pis deyil. Azərbaycan kinosundan bu gün də danışmaq olar. Amma Azərbaycanın kino sistemindən danışmaq
hələ tezdir.
Könül Nəcəfova
Mədəniyyət.- 2009.- 2 oktyabr.- S. 10.