«Düyməcik»
- bu dəfə Opera və Balet Teatrında
Bu məqaləni uşaqlara həsr edirəm. Bununla Azərbaycanda
elan edilən “2009-cu il uşaq ili” layihəsinə bir vətəndaş
kimi qoşulur və töhfəmi vermiş oluram. Məndən
başqa Opera və Balet Teatrı da prezidentin sərəncamını
dəstəkləyir və yeni “Düyməcik” tamaşası
ilə “Uşaq ili”nə öz töhfəsini vermiş olur.
Uşaqların bilmələri
üçün deyim ki, “Düyməcik” baleti dünya
şöhrətli Avstriya bəstəkarı İohann
Ştrausun musiqisi və məşhur nağılçı
Hans Xristian Andersonun nağılları əsasında səhnələşdirilmişdi.Tamaşa
başlar - başlamaz sizi nağıllar aləminə apara biləcək
füsunkar bir tərtibat görəcəksiniz. Bu tərtibata
görə siz uşaqların adından mən Rusiya Akademik
Böyük Teatrın rəssamı Dmitri Çerbadjinə təşəkkür
edirəm. Rəssam tərəfindən hazırlanan dekorasiya rəngarəng
işlənmişdi, zaman və məkana uyğun olaraq dəyişirdi.
Rəssamın digər işi hazırladığı kostyum
eskizləri idi ki, tam harmoniya yaradırdı; zaman, məkan
ritmi qorunub saxlanılırdı. Fakt üçün qeyd edim
ki, bu, Rusiya rəssamının sözügedən teatrda
artıq ikinci işidir. O, “Yeddi gözəl” baletinin də
quruluşçu rəssamı idi.
Tamaşaya quruluş verən
xoreoqraf, xalq artisti Liva Sabitova da Rusiyadan məhz bu tamaşa
üçün dəvət almışdı. Xoreoqraf
tamaşaya sürətli, dinamik quruluş versə də, səhnədə
səliqəsizlik var idi. Əlbəttə, səhnədəki
bu səliqəsizyi tamaşanın növbəti günlərində
aradan qaldırmaq mümkündür.
Tamaşa haqqında
danışanda dahi Ştrausun musiqilərini qeyd etməmək
bağışlanılmaz səhv olardı. Möhtəşəm
musiqilər müəllifi Ştrausun əsərlərini
peşəkar səviyyədə ifa etmək olduqca çətin
və məsuliyyətli işdir. Elə bu səbəbdən
orkestrə drijorluq missiyasını teatrın baş dirijoru,
xalq artisti Cavanşir Cəfərov yerinə yetirirdi. Lakin Opera
və Balet Teatrının orkestrinə məxsus alətlərin
texniki cəhətdən istənilən səviyyədə
olmaması musiqinin dinləmə tempini nisbətən
aşağı salırdı.
Balet tamaşasında
solistlərin oyunları da çox böyük əhəmiyyət
daşıyırdı. Əsas rollarda - düyməcik
şahzadə (əməkdar artist K.Hüseynova), pərilər
şahzadəsi (əməkdar artist G.Mirzəyev) çox
böyük peşəkarlıqla çıxış edirdilər.
Tamaşaya baxan hər
bir uşaq özünün bədii-estetik zövqünün
formalaşmasına imkan yaradacaq, öz dünyasından
nağıllar dünyasına səyahət edəcək. Bu
tamaşa “Uşaq ili”ndə uşaqlara ünvanlanmış ən
yaxşı hədiyyədir.
Aygün
Mədəniyyət. - 2009.- 2 oktyabr.- S. 7.