Kamera Musiqi
Salonu açıldı
Sentyabrın 28-də Azərbaycan Bəstəkarlar
İttifaqının (ABİ) yeni istifadəyə verilmiş
inzibati binasında Üzeyir Hacıbəyli adına Kamera
Musiqi Salonunun açılış mərasimi keçirildi. Tədbir
iştirakçılarını salamlayan ittifaqın sədri,
xalq artisti Firəngiz Əlizadə yeni mövsümə dahi
Üzeyir bəyin adını daşıyan Kamera Musiqi
Salonunun açılışına həsr olunan konsertlə
başlandığını qeyd etdi.
Sədr bildirdi ki,
ABİ-nin 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli
memarlıq abidəsi Prezident İlham Əliyevin təşəbbüsü
ilə əsaslı şəkildə yenidən qurularaq bəstəkarların
istifadəsinə verilib. Onun sözlərinə görə,
müasir avadanlıqla
təchiz olunmuş bu binada yaradıcılıq
gecələri, müəllif
konsertləri, beynəlxalq
tədbirlər təşkil
ediləcək, sənət
adamları ilə görüşlər keçiriləcəkdir.
Yeni üslubda yaradıcılıq mərkəzinə
çevriləcək binada
sənətlə bağlı
fikirlərin müzakirəsinə
geniş yer veriləcəkdir. Bəstəkarlar İttifaqının 75 illik
yubileyi ərəfəsində
inzibati binanın yenidən istifadəyə
verilməsini yüksək
tarixi hadisə kimi qiymətləndirən
natiq yubiley tədbirlərinə noyabrda
start veriləcəyini
və silsilə proqramlar təşkil olunacağını da diqqətə çatdırdı.
Hazırda ittifaqın
bir çox musiqi layihələrində yaxından iştirak
etdiyini bildirən qurum sədri “Muğam” və “Üzeyir
dünyası” layihələri çərçivəsində
artıq bir çox işlər görüldüyünü
də dedi.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev ABİ-nin üzvlərini təşkilatın
əsaslı təmirdən yenicə təhvil verilən
binasında keçirilən ilk tədbir münasibətilə
təbrik etdi: «Nəhayət, uzun illərdən sonra Azərbaycan
bəstəkarları öz doğma ünvanlarına
toplaşıblar. Bu gözəl hadisə
münasibətilə bəstəkarımızı
təbrik edirəm və onların adından bu dəstəyə görə
ölkə başçısı
cənab İlham Əliyevə minnətdarlığımı
bildirirəm. Fərəhləndirici
haldır ki, ittifaqın yeni ünvanda keçirdiyi tədbir Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Bu belə də olmalıdır. Biz çox sevinirik ki, bu
gün bir çox beynəlxalq tədbirlərdə, məşhur
musiqi salonlarında dahi Üzeyir bəyin əsərləri
səslənir. Bakıda Üzeyir
Hacıbəylinin TÜRKSOY-un
layihəsi əsasında
səhnələşdirilmiş “Koroğlu” operasının
nümayişi, Üzeyir
Musiqi Gününün
təntənəli açılışı,
“Beynəlxalq musiqi həftəsi” çərçivəsində
silsilə tədbirlərin
keçirilməsi bir
daha ölkəmizdə
mədəniyyətin, ədəbiyyatın, musiqinin
təbliğinə, inkişafına
mühüm əhəmiyyət
verilməsinin əyani
sübutu olmuşdur».
Nazir, həmçinin,
dövlətimizin başçısının Azərbaycan Bəstəkarlar
İttifaqının 75 illik yubileyinin keçirilməsi
haqqında müvafiq sərəncamına uyğun olaraq tədbirlər
planı hazırlandığını və məqsədyönlü
işlərə start verildiyini də vurğuladı:
«ABİ-nin son iki ildəki fəaliyyətinə nəzər
salmaq istəyirəm. Uzun illər Bəstəkarlar
İttifaqının qurultayı
keçirilmirdi. Nəhayət,
qurultay keçirildi, təşkilatın yeni rəhbərliyi seçildi.
Yeni rəhbərlik son iki ildə
ittifaqın fəaliyyətinin
nizama salınması üçün böyük
işlər görmüşdür.
Bu fəaliyyətin uğurlu
nəticəsi kimi, hörmətli prezidentimiz Bəstəkarlar İttifaqının
75 illiyinin dövlət
səviyyəsində təntənə
ilə qeyd olunması barədə sərəncam imzaladı.
Mənə elə gəlir, bu il Bətəkarlar İttifaqı üçün
bir hesabat ilidir».
Sonra sədr Firəngiz Əlizadə
ittifaqa qəbul olunan yeni üzvlər- bəstəkarlar Firidun
Allahverdi, Rena Geli, həmçinin musiqişünas Ellada
Hüsenovaya üzvlük kitabçalarını təqdim
etdi.
Daha sonra «Üzeyir
dünyası» layihəsinin iştirakçıları - sənətşünaslıq
doktoru Fərəh Əliyeva, Ü.Hacıbəylinin ev
muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar
Fərəcov, sənətşünaslıq namizədləri
Kamilə Dadaşzadə, Fəttah Xalıqzadə, həmçinin
«Pəncərə» jurnalının baş redaktoru Günel
Anarqızı layihə barədə məlumat verdilər.
Tədbirdə Azərbaycan
Dövlət Simli Kvarteti, həmçinin, xalq artisti Zəhra
Quliyeva, tanınmış pianoçu əməkdar artist Murad
Hüseynov, vokalçılar Nərgiz Kərimova, əməkdar
artistlər- Gülnaz İsmayılova, Həsən Ənami,
dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf
Zeynallı, Aqşin Əlizadə və Firəngiz Əlizadənin
əsərlərini ifa etdilər.
İltifat HACIXANOĞLU
Mədəniyyət.- 2009.- 2 oktyabr.- S. 3.