Operatorun dediklərindən...

 

Elşən Əliyev: “Qalsa sənət qalacaq, qalanı boş şeydir”

 

O hamını filimə həmişə çəkir: filmə. Bu dəfə isə biz onu çəkdik: sorğu- suala. Söhbət “Salnamə” sənədli filmlər studiyasının gənc operatoru Elşən Əliyevdən gedir.

 

- Sözə operatorluq sənətinə doğru atdığınız ilk addımdan başlayaq... O addımı atdığınız an, məkan, zaman maraqlıdır.

- İlk dəfə 1992-ci ildə, yəni orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasına gəlmişəm. Öncə işıq sexində işıqçı olaraq işə başladım. Əvvəllər II dərəcəli assistent idim. Hərbi xidmətə gedənə qədər işlədiyim 1 il ərzində isə artıq IV dərəcəyə gəlib çıxmışdım. Əsgərliyi başa vurub yenidən işıq sexinə geri döndüm. 2 ildən sonra mən artıq VIII dərəcəli assistent hesab olunurdum. Daha sonra isə kinooperator qrupu daxilində operatorluğa “start” dedim. 2 ilə yaxın bir müddət ərzində də orada teleoperatorluqla məşğul oldum.

- Belə demək mümkünsə, kinooperatorluq məktəbini AzTV-də keçməyə başladınız?!

- Bəli, AzTV-də başladım, Lider-də davam etdirdim. Əvvəllər bir verilişin teleoperatorlar qrupu daxilində çalışırdım. Bu da azı 4-5 nəfərdən ibarət bir qrup olurdu. Bizimlə birgə Rəşad Nuriyev, Nüsrət Süleymanov, Vüqar Şıxəliyev kimi gənc operatorlar işləyirdi. Lakin sonralar mən təkbaşıma, yəni fərdi olaraq, çalışırdım.

- İlk filminiz?

- Operator işi tamamilə mənə məxsus ilk filmim, Ramiz Əsgərovun rejissoru olduğu, Səyavuş Aslana həsr olunmuş “1-dən 70-ə, 70-dən 1-ə” adlı sənədli film olub. Bu filmə qədər işlədiyim bütün filmlərin operator işinə tək yox, həmkarlarımla birgə baxırdım. “1-dən 70-ə, 70-dən 1-ə” mənim ilkim oldu.

Rəhbərimiz hörmətli müəllimim Rafiq Quliyev idi. Ümumiyyətlə, mən elə düşünürəm ki, Rafiq müəllimin məktəbini keçmək mənim gələcək karyeram üçün çox şey demək oldu. Düzdür, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bir işi görən zaman daim məsuliyyətli olmağa çalışıram. Lakin Rafiq Quliyevin komandasında çalışan gənc bir operator kimi, bu məsuliyyətin ağırlığını öz çiyinlərimdə çox qabarıq bir şəkildə hiss edirdim. Rafiq müəllimin məndən başqa Rəşad Nuriyev, Cavid Əliyev, Vüqar Şıxəliyev kimi bir çox tələbəsi vardı. Hansı ki, onların hər biri operatorluğa başlamazdan əvvəl bunun üçün ali təhsil almışdılar. Düşündüm ki, mən də ali savad almalı, sənətimin hər bir xırdalığına yiyələnmək üçün ali məktəbə qəbul olunmalıyam. Bu devizimdəki qətiyyətim tez bir zamanda mənə tələbə statusunu qazandırdı. İmtahanlara cəmi 3 ay qalmış hazırlaşmağa başladığıma baxmayaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum.

- Əvvəl praktika, sonra ali təhsil. Əvvəllə sonra arasında nə kimi fərqlər hiss olundu?

- Sözsüz ki, hər bir işdə əsas olan təcrübədir. Mənim praktiki təcrübəm də pis deyildi. Amma bəzən nəzəri biliklərə də ehtiyacımın olduğu ortaya çıxırdı. Məsələn, mən bir işi layiqincə yerinə yetirirdim, amma hərdən gördüyüm işin adının nədən ibarət olduğunu bilmirdim. Bu mənada ali təhsil mənim imdadıma çatdı. Bədii və nəzəri biliklərim praktiki təcrübəmi tamamlamış oldu.

- Bəs “Salnamə”yə gəlişiniz necə baş tutdu?

- Məni buraya İqbal Məmmədəliyev dəvət etdi və mən də sevə- sevə razılığımı bildirdim. “Salnamə”də ilk işimə rejissor Tahir Əliyevlə birgə başladım. “Təxəllüsü Mixaylo” adlı sənədli filmimiz haqda yəqin ki, eşitmisiniz. Bu film Moskvada və Sevastopolda keçirilən festivallarda mükafatlara layiq görüldü.

Bundan başqa “Salnamə” sənədli filmlər studiyasında operatoru olduğum digər filmlərə, rejissor Tahir Əliyevin “Şöhrət” ordenli Sofiya Hüseynovaya aid 15 dəqiqəlik “Sofiya”, Naxçıvan Dövlət Teatrının 125 illiyinə həsr olunmuş “125 illik yol” filmlərini, M. F. Axundov adına Milli Kitabxanaya aid çəkdiyimiz sənədli filmi misal gətirə bilərəm. Ən son filmimiz rejissor Nicat Feyzullayevin “Milli mətbəximizin rəngləri” filmidir. Hazırda isə Şamil Əliyevlə birgə Abşeronun Qala kəndinə aid “Qala” sənədli filmi üzərində işləyirik. Filmin təxminən 50 %-i demək olar ki, hazır vəziyyətdədir.

- Nə vaxtsa, rejissorsuz film çəkməyi düşünürsünüzmü?

- Mümkünsüz heç bir şey yoxdur. Hər şeyi zaman göstərər.

- Məqsəd: pul, şöhrət, sənət?

- Əlbəttə ki, sənət! Qalsa sənət qalacaq, qalanı boş şeydir. Bir məqsədim da var. Gələcəkdə tammetrajlı bədii bir film çəkmək!

 

 

Könül NƏCƏFOVA

 

Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 10.