"Uça-uça gələrəm, Allah yol versə əgər"
O, çoxdanın adamıdı. Köhnə kişidi.
Yaşı, keçdiyi həyat yolu, xasiyyəti,
oturuşu-duruşu, özünü aparmağı belə deməyə
əsas verir. Hələ Bakıdaykən Ələddin Abbasov
haqqında fikirləşəndə ilk ağlıma gələn
bayaq söylədiklərim oldu. Gəncədə teatrda, səhnənin
beş addımlığında pəncərədən
düşən işığın altında qabaq-qənşər
oturub, çatılmış qaşları, sivri burnuyla
qartalı xatırladan Ələddin müəllimlə
söhbətləşəndə haqqında bir az əvvəl
verdiyim qiymət yadıma düşdü. Yanılmamışdım,
bu dünyagörmüş kişi necə səciyyələndirmişdimsə
eləcəydi.
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatırının qərb bölgəsinə
səfəri zamanı Şəmkirdən Gəncəyə
gedib Ələddin Abbasovla görüşmək istəyi əvvəlcədən
beynimə girmişdi. Hələ
səfərə çıxmaq xəbərini eşidən
gündən. Və görünür qismətimdə
varmış. Qastrolun axırıncı günü iki
daşın arasında ağsaqqal sənətkarla
görüşmək, məncə, bir naxış məsələsiydi
ki, Yaradan taleyimə yazmışdı. Bir gün əvvəldən
Gəncə teatrının direktoru Əli Qasımovla
danışıb vədələşmişdik. Sağ olsun,
son vaxtlar səhhətiylə əlaqədar teatra müntəzəm
gələ bilməyən Ələddin müəllimi
razı salmışdı. Bircə qalırdı, Şəmkirdə
keçirəcəyim son saatlardan ən azı ikicəciyini
qurban vermək, buna da razıydım. Beləliklə, səfər
yoldaşlarım qalaya ekskursiyadaykən, üzümü tutdum
Gəncəyə. Məni ora aparıb-gətirməyəsə
taksi sürməkdən tutmuş, əkib-becərməyə,
dükan işlətməyəcən hər nə desən
bacaran Elmidar razılıq verdi.
Biz teatra yetişəndə
qəhrəmanım artıq ordaydı, oğlu Oqtayla yolumu
gözləyirdi. Əli
Qasımov gəlib çatdığıma, ağsaqqala nahaq əziyyət
vermədiyinə görə sevindi. Bir kömək lazım
olub-olmadığını dəqiqləşdirdikdən sonra
harasa getdi. Ələddin müəllimlə baş-başa
qaldıq:
-Sənətkar,
bağışlayın ki, nabələdliyimdən vaxtı məsafəyə
uyğun hesablayammamışam deyə, yolda bir az
yubanmışam...
-Bay, qadan alım
(şirin Gəncə ləhcəsiylə deyir bu sözləri-S.E),
ayıb döyülmü? Sən ki, məni sayıf, ordan bura
gəlifsən, hər şeyə dəyər.
-Allah razı olsun. Necəsiz,
canınız-başınız yaxşıdımı?
-Qoja adam nejə olar, eləyəm
(Gülürük). Düşmüşəm, ta həminki
adam döyüləm. Əl-ayağım sözümə
baxmır. Gördün də, oğlum qoluma girməsə,
beş-on pilləkəni çıxammırdım. Beləydimmi
mən? (Başını bulaya-bulaya dediklərini təsdiq
edir). Yaman şeymiş qojalıx.
-Yox, elə
deməyin, maşallah huşunuz-başınız yerindədi.
-(Xəfifcə
gülümsəyir). Hə, yaddaşım hələ ki, məni
darda qoymur. Sağlığına, hər şey xatirimdədi.
-Məsələn,
teatra gəlişiniz… (Sözüm ağzımda qalır).
-O yan, bu
yanı yoxdu. Elə xatırlayıram, sanki dünəniydi.
Amma üstündən yetmiş il keçif ey. 1938-ci ilin
axırında truppaya, sınaq müddətinə
götürdülər. Bir neçə ay sonra təsdiqləndim.
İlk rolum da yadıma gəlir, inqilabi mövzuda
tamaşadaydı. Əvvəl-əvvəl təzəydim,
ikinci, üçüncü dərəcəli rollar
oynayırdım. Sonra təcrübəm artdı, baş və
əsas qəhrəmanları rejissorlar mana etibar elədilər.
-Arada
müharibəyə getməyə də vaxt tapmısız.
-Vaxtı,
baxtı deyəmmərəm, amma müharibə bizi
tapmışdı (Gülürük). Ayə, heç onu da
düz-əməlli yarıdammadım. Yaralandım,
qayıdıb gəldim teatrın üstünə.
-Yaxşı
söz oldu bu. Teatrın üstünə gəlməyinizi
deyirəm. Müharibə sizsiz keçinərdi, səhnəsə
çətin.
-Sağ ol,
qiymətinə görə. Kim itirdi, kim qazandı deyəmmərəm,
həyatım belə gətirib.
-Bəlkə,
bu dəfə də xatirələrinizin diliylə, o illərə,
burda baş verənlərə biz şahid olaq.
-Gözüm
üstə. Bir-iksi olar, yoxsa, yetmiş ilin, sənətdə
keçən ömrümü deyirəm ha, yaşımı
yox, əhvalatlarını danışmaqla qurtarmaz...
Teatrımızda o vədə "Böyük ürək"
tamaşası varıydı. Bakıya aparmışdıq.
1958-ci ilin söhbətini eləyirəm. Hökumət
adamları hamısı ordaydı. Mən də kolxoz sədriydim
tamaşada. Nə başını ağrıdım,
oynadıq qurtardıq, bəs, dedilər ki, İmam müəllim
səni lojaya çağırır. Getdim, gördüm
oturuf, böyründə də Vəli Axundov. Bilirsən də,
İmam müəllim kim oluf?
-İmam
Daşdəmir oğlu Mustafayev 1954-59-cu illərdə Azərbaycana
rəhbərlik eləyib.
-Ay
maşallah, deyirəm də sən hər şeyi bilirsən (
Gülürük). Hə, orda qaldım axı, İmam müəllim
nazirlər sovetinin sədri Vəli Axundovla yanaşı
oturmuşdu. Ayağa duruf mənnən görüşdülər.
Dedi ki, rolun xoşuma gəldi. Yəqin həyatda çox
kolxoz sədrləri gördüyümü, onların
qabarıq cəhətlərini öyrəndiyimi xəbər
aldı. Bir də soruşdu ki, haralısan?
Qorxusuz-hürküsüz dedim, gəncəliyəm. O vaxt bura
Bu
görüş nəticəsiz qalmadı. Elə Bakıdaca mənə
"əməkdar artist" verdilər. Onda fəxri ad
halva-halva döyüldü.
-Xalq artisti
fəxri adınasa 1971-ci ildə layiq görüldüz.
-Teatrımızın
altmış, altmış nəydi ə (Səsi
xırıldayır, yox əslində bayaqdan
xırıldayırdı, sanki xəbərsiziydi), əlli
illiyində veriflər.
-Siz, indi
haqq dünyasında olan böyük sənətkarlarla- Mehdi Məmmədov,
Ələkbər Seyfi, Məmmədrza Şeyxzamanov, Əşrəf
Yusifzadə, Məmmədəli Bürcəliyev,
Zülfüqar Baratzadə, Sədayə Mustafayeva, Muxtar
Avşarov və başqalarıyla işləmisiz...
-Mehdi Məmmədov
rəhmətlik müəllimim oluf. Bizdə teatrın nəzdində
studiya varıydı, orda dərs deyif mana. Çətin
vaxtlarıydı, kadr çatışmırdı. Studiyada studiyaydı
ey, vallah institutdan geri qalan döyüldü. Nəzəriyyəynən
təcrübə bir yerdəydi deyə, aktyor əməlli-başlı
püxtələşirdi. Allah rəhmət eləsin, o
adlarını çəkdiklərinin hamısını
müəllim hesab eləyirəm özümə.
Yaxşı bilərsən, sənət
yoldaşlarının güclü olmağı nə deməkdi.
Onda rolu yaxşı oynamaqdan savayı yolun qalmır.
-Necə
deyərlər, göydəki yox, yerdəkilər əlacını
kəsir.
-(Gülür).
Yaxşı mənada sən deyəndi. Bu sözləri hardan
tapıb çıxardırsan, a qardaş?
-(Sualını
cavabsız qoyuram) Bəlkə, Cahandar ağadan danışaq,
sizi aləmdə məşhur edən roldan.
-"Dəli
Kür"dən qabaq çəkilmişdim. İlk filmim
"Doğma xalqıma" olub.
- Rəhmətlik
Hüseyn Seyidzadəylə birinci filmdən
tanışıydız. Ona görə də "Dəli
Kür"ü çəkməyə başlayan kimi, bu rolu
Sizə...
-Yox,
tapşırmadı. Başqa adamlar varıydı rola namizəd.
Mən də çəkiləcəyimdən əlimi
üzüb, kinostudiyadakılardan xəbərsiz öz
işimdəydim. Teatrnan Tiflisdə qastroldaydım. Xəbər
gəldi ki, təcili Bakıya getməliyəm. Qayıtdım
Gəncəyə, görüm bu nə məsələdi.
Öyrəndim, sən demə, kinostudiyada gözləyirdilər.
Düzü, bilmirəm niyə, amma Seyidzadənin məni bu
rola çəkəcəyinə inanmırdım. Ta xəbərim
yox ki, o birilərnən alınmadığına görə,
bayaq bir söz dedin ey, əlacı kəsilifmiş. Qərəz,
gəldim Bakıya. Studiyaya girəndə hal-xoş eləməyə
də qoymadılar. Qaçaraq qrimləyib kamera
qabağına çıxartdılar.
Fotosınaqsız-zadsız birbaşa kinolentə çəkib
yoxladılar. Onda "Azərbaycanfilm"in direktoru Adil İsgəndərovuydu.
Heç yadımdan çıxmaz, rəhmətlik gəldi mənnən
bağlı sınaq çəkilişinə baxdı, bəyəndi.
Rəhmətlik Leyla Bədirbəyli də ordaydı. Adil
müəllim onun fikrini soruşdu. Leyla xanım bircə
cümlə dedi: "Əsl Cahandar ağadı, adam belə
kişinin arvadı olmaq istəyər". Bunnan da məsələ
mənim xeyrimə düzəldi. Sən görəydin rəhmətlik
İsmayıl Şıxlı nətəhər uşaq kimi
sevinir, "Ayə, sənin qadan alım, nə yaxşı gəlif
çıxmısan" deyif məni qucaqlayır...
Natura
çəkilişləri əsasən Şamaxının Dədəgünəş
kəndində, bir qismisə Qazaxda aparıldı.
Kinostudiyanın pavilyonunda yaxşı dekorasiya qurmuşdular. Bəzi
çəkilişlər də orda oldu...
- Cahandar
ağa neçə-neçə filmlərə yol
açdı. Necə deyərlər, bu rolun ayağı
sayalıymış. "Qatır Məmməd",
"Qocalar, qocalar", "Köhnə bərə",
"Qətl günü", "Özgə vaxt" və
"Məkanın melodiyası"nda çəkildiz. İşinizin
keyfiyyətinə söz yoxdu. Amma qırx il üçün
siyahı uzun deyil.
-Bay, sənin
qadan alım, burda yaşamağı nə bilmisən... Rəhmətlik
Turabov oynadığı Gəray bəy var ey, Bakıda
olsaydım bəlkə də mən çəkilərdim o
rola. Yaxud Qaçaq Nəbiyə. Teatrda o rolları
oynamışam. Deyilənə görə, çox yaxşı
alınıf. Ümumiyyətlə, mən sənə deyim ki,
aktyor səhnədə yetişir. Bu baxımdan milli
dramaturgiyamızda Cəfər Cabbarlı
yaradıcılığının böyük əhəmiyyəti
var. Mən o kişinin bütün əsərlərində
çıxış eləmişəm.
-Ələddin
müəllim, artıq 87-ni də yola saldız. Allah
ömür versin, bu gün Azərbaycan səhnəsinin və
ekranının ağsaqqalısız. Ötənlərə
boylananda nədənsə peşmançılıq çəkmirsiz?
-Səhvsiz
insan yoxdu. Elə şeylər var ki, cavanlıqdanmı, ya nədənsə
oluf. İndi bu yaşda "gərək belə
olmayaydı" deyirsən. Amma bütövlükdə,
yaşadığım ömrə peşiman deyiləm.
-Sizə
dövlət və xalqımız qiymət verib. Xalq artisti,
Prezident təqaüdçüsüsüz, üstəlik də
millət sevgisi. Ailə sarıdan nə qazanmısız?
-Şükür,
pis deyil. İki oğlum, bir qızım, səkkiz nəvəm
və üç nəticəm var. Oğlanlarıma Cəfər
Cabbarlıya məhəbbətimin xatirinə Aydın və
Oqtay adı qoymuşam. İkisi də burda teatrda işləyir.
Biri işıq üzrə rəssam, o biri quruluş hissə
müdiridi, aktyorluğu da var. Oqtayın oğlu Samirsə
hazırda Gəncənin tanınan gənclərindəndi.
Teatrın aparıcı aktyorudu. Nəticələrimin ikisi
qızımnandı, Bakıda yaşayırlar. Allah
hamınınkıları saxlasın, mana yaxşı
baxırlar. Di gəl, darıxıram. Bilirsən niyə? Bax,
bura üçün darıxıram...
Dərindən
köks ötürür. Pauzadan istifadə eləyib şəklini
çəkirəm. Toxtayır. Beş-on addım o yanda
işıqları sönmüş, ahənrüba kimi
adamı özünə çəkən səhnəni
göstərib, soruşuram ki, Allah imkan versə, yenidən
bura çıxarmı? Cavabında:
- Bə nədi, 70 ilim
keçif bu səhnədə. Uça-uça gələrəm,
bircə Allah yol verərsə əgər...
Buracan mənlikiydi.
Allah bağışlasın, bircə yol, bircə
anlığa Allah ola bilsəydim...
Seymur ELSEVƏR
Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 10.