Turizmimiz Yaponiyada təbliğ edilib

 

Zöhrə Əliyeva: «Ölkəmizə sonsuz marağın şahidi olduq»

 

Ölkənin turizm potensialının beynəlxalq sərgilərdə təbliği turizm bazarının və səyahətlərin coğrafiyasının genişləndirilməsinə imkan verir. Məhz bu baxımdan da 2009-cu il başlayandan bu günə qədər Azərbaycan 12 beynəlxalq sərgidə iştirak edib. Bu sərgilərin sonuncusu Yaponiyanın paytaxtı Tokioda keçirilən “CATA-2009” Beynəlxalq Turizm Sərgisidir. Azərbaycan bu sərgidə Mədəniyyət Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, Analitik təhlil proqramlar təminatı şöbəsinin aparıcı məsləhətçisi, mətbuat katibi Zöhrə Əliyeva, həmin şöbənin məsləhətçisi Türkan İsmayılova, turizm şirkətlərindən «İmprotex Travel», «Geo Travel», «Alt Travel», «Ens Tours» Azərbaycan Dövlət Rəqs Ansamblının altı nəfərlik qrupla təmsil olunub.

 

Sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşən Zöhrə Əliyeva bildirdi ki, tarixi 2003-cü ildən başlayan və artıq dünyanın inteqrasiya prosesində əhəmiyyətli yer tutan “CATA” sərgisi sentyabrın 18-20-də Tokionun “TOKYO BiQ SİGT” adlı biznes mərkəzində keçirilib: «Builki göstəricilərə görə, Asiya qitəsinin ən böyük, rəsmi adı Beynəlxalq Turizm Konqresi və Səyahətlər Yarmarkası olan bu sərgidə 150 ölkə iştirak edirdi. Hər il konqresin yarmarkanın müəyyənləşdirilmiş mövzuları olur. Bu dəfə konqresin mövzusu Asiya, yarmarkanın mövzusu isə Afrika ölkələri idi. Sərgidə Asiyadan Koreya, Tayvan, Çin, Nepal, Şri-Lanka, İndoneziya, Butan, Özbəkistan, Qazaxıstan, Vyetnam, Sinqapur, Kamboca, Bali, Filippin, Bruney, Papua Yeni Qvineya, Mikroneziya, Hindistan, Şimali Cənubi Amerikadan Maldiv Havay adaları, ABŞ, Kuba, Venesuela, Qvatemala, Yamayka, Peru, Meksika, Afrikadan Keniya, Qana, Qabon, Tanzaniya, Tunis, Uqanda, Efiopiya, Zambiya, Zimbabve, Avropadan İtaliya, Belçika, İspaniya, Yunanıstan, Fransa, Rusiya, Avstriya, Bosniya-Hersoqovina, Xorvatiya, Bolqarıstan, Almaniya, İslandiya, Gürcüstan, Portuqaliya, Sloveniya, İsveçrə, Estoniya, Latviya, Çexiya, Rumıniya, Azərbaycan Türkiyə, Yaxın Şərqdən Qətər, BƏƏ, Oman, İran, İsrail, Yəmən Yaponiyanın, səyahət büroları, hava yolları turizm agentlikləri öz stendləri ilə çıxış edirdilər. CATA-nın Təşkilat komitəsinin iddialarına görə, bu il 100 minə yaxın ziyarətçi adıçəkilən sərgi vasitəsilə müxtəlif ölkələrin mədəniyyəti, yerli xarici şirkətlərin turizm potensialı, yeni turizm istiqamətləri ilə tanış olub».  

 

Turizm şirkətlərimiz yeni əməkdaşlıq müqavilələri imzalayıblar

 

Azərbaycanın bu sərgidə artıq üçüncü dəfə iştirak etdiyini deyən Zöhrə xanım bildirdi ki, nazirliyin və turizm şirkətlərinin nümayəndələri sərgidə ölkəmizin turizm potensialını əks etdirən hər biri 500 ədəd olmaqla, “İpək yolu və Azərbaycan”, “Azərbaycan xalçaları”, “Bakının əyləncə mərkəzləri və restoranları”, “Bakının hotelləri”, “Bakının teatr və muzeyləri”, “Azərbaycanın tarix və mədəniyyət abidələri”, “Qarabağ” və “Şuşa ” bukletlərini, Bakının bələdçi və turistlər üçün məlumat kitabçalarını, “Qobustan”, “Bakıda İçərişəhər”, “Azərbaycan kulinariyası” kitabçalarını və 150 ədəd Azərbaycan turist xəritəsini sərgi iştirakçılarına və ziyarətçilərə yapon və ingilis dillərində təqdim ediblər: «Eyni zamanda turizm şirkətləri özlərinin çap məhsullarını da ziyarətçilərə təqdim edirdilər. Stendimizlə tanış olan qonaqlar Azərbaycanın gözəl mənzərələrini həm bukletlərdə görür, həm CNN BBC kanallarında nümayiş olunan reklam çarxlarından izləyirdilər. Rəqslərimiz isə bütün Asiya Avropadan gələnlərin heyrətinə səbəb olmuşdu. Toplaşanlar Azərbaycan oğlan qızlarının gözəlliyindən, milli geyimlərimizin mətbəximizin zənginliyindən danışır, onlarla şəkil çəkdirmək üçün, demək olar ki, növbəyə düzülürdülər. Azərbaycan paxlavası, şəkərburası, yaponların özlərinin dediyinə görə, ağızlarını dada gətirmişdi. Rəqqasələrimiz ziyarətçiləri stendə dəvət edir, turizm şirkətlərinin nümayəndələri - Aleksandr Quliyev Lətifə xanım, Aydın Bağırlı, Emil Nəsibov, Gülçin Yetirmişli isə onlara Azərbaycanın xəritəsi, mədəniyyəti turizmi haqqında geniş məlumat verirdilər. Elə bunların nəticəsi olaraq da turizm şirkətlərimiz maraqlı təkliflər aldılar, bəzi şirkətlərlə isə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzaladılar».

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətini Yaponiyadakı səfirliyimizin əməkdaşları diqqətdən kənarda qoymayblar. Tokioda təhsil alan üç nəfər azərbaycanlı tələbənin ölkəmizin təmsilçilərinə yaxından kömək etməsi isə daha yaddaqalandır. Zöhrə xanım bildirir ki, Natəvan, Kəmalə Fərrux adlı tələbələr bütün sərgi boyu onlara dəstək olublar: «İngilis dilini çox pis bilən yaponlar başqa Asiya millətləri ilə biz əsasən onların vasitəsilə danışırdıq».

Müsahibimizin dediyinə görə, son iki ildə artıq üçüncü dəfədir ki, nazirliyin nümayəndəsi kimi ölkəmizi beynəlxalq sərgidə təmsil edir. Gəldiyi qənaət isə ondan ibarətdir ki, Azərbaycan turizminə, mədəniyyətinə, musiqisinə marağın getdikcə artdığının şahidi olur. «CATA-2009» sərgisinin davam etdiyi üç gün ərzində bu diqqətin şahidi olublar: «Hər dəfə Azərbaycan rəqqasları ya rəsmi səhnədə, ya da stendin qarşısında çıxış edərkən ətrafa xeyli adam toplaşır, fotolar videokameralar aramsız işləyirdi. Sərginin özəl məqamlarından biri Ermənistanın stendində sərgilənən qondarma Dağlıq Qarabağ Respublikasının xəritəsinin Yaponiyadakı Azərbaycan səfirliyinin Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsinin bəyanatı təkidi ilə stenddən yığışdırılması oldu».

 

Yeraltı şəhər: orada hər şey var

 

Zöhrə xanımın Tokio ilə bağlı təəssüratları maraqlı olduğu qədər də zəngindir. İlk baxışdan bu şəhəri bəyənmədiyini deyən müsahibimiz bildirir ki, sonradan Tokioya heyran olub: «Tokio əvvəlcə bir şəhər kimi xoşuma gəlmədi. Hətta düşünürdüm ki, Azərbaycana qayıtdıqdan sonra bir məqalə yazıb adını da «Tokionu bəyənmədim» qoyacam. Çünki istər-istəməz Azərbaycanın klassik memarlığına, açıq səmimiyyətinə öyrəşən insanlar üçün soyuq mədəni rəftar, gecə şəhəri az qala gündüz kimi göstərən möhtəşəm işıqlar, iki-üç mərtəbəli şəhər meydanları, yeraltı yerüstü qatarlar, içindən güclə baş açdığımız labirint metro, bəlkə hələ dünyanın heç yerində bu qədər gəlişməmiş modern memarlıq onunla yanaşı, az qala görünməz olan milli abidələr ilk baxışdan diqqəti cəlb etmir. Sonra isə hər addımda şahidi olursan ki, sənayenin intellektin təntənəsi insanın gözlərini qamaşdırır. Tokio metrosu o qədər böyükdür ki, sutkanın yarısını orada keçirsən , bunu hiss etmirsən. Təsəvvür edin ki, bir şəhər ordadır. Burada abidələr, fəvvarələr, yeməkxanalar, əyləncə mərkəzləri, bir sözlə, insanın istifadə etdiyi hər şey var».

Sonda Z.Əliyeva əminliklə bildirdi ki, Beynəlxalq Turizm Konqresi və Səyahətlər Yarmarkasının təşkilatçılarının dünya iqtisadiyyatının “bu mürəkkəb böhran dönəmində dünyanı yenidən canlandırmaq” kimi böyük iddialarının həyata keçməsində nəinki Azərbaycanın da payı var, hətta onsuz dünyanın mənzərəsi xeyli solğun görünər.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 8.