Məhsuldar alim, yorulmaz tədqiqatçı
Filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı
elmi-ədəbi çevrələrdə daha çox ədəbiyyat
tarximizlə bağlı fundamental elmi tədqiqatların
müəllifi kimi tanınır. Çağdaş ədəbi
nəslin yaradıcılığına həsr etdiyi çoxsaylı
tənqidi məqalələri, elmi-fəlsəfi esseləri
ona ciddi və ədalətli tənqidçi imici
qazandırıb.
Nazif Qəhrəmanlı
həyatda əldə etdiyi bütün uğurlarını gərgin
əməksevərliyi hesabına qazanıb. Biz bir kənddənik. Amma bir-birimizlə
daha çox Bakıda təmasda olmuşuq. 1980-cı illərin əvvəllərində
Nazif müəllim Azərbaycan Ensiklopediyasında
işləyə-işləyə
elmi iş üzərində çalışırdı.
Onun yaşadığı
mənzilin yaxınlığında
mən Nazif müəllimin dostu, başqa bir həmkəndlim, istedadlı
riyaziyyatçı Bəybalaoğlu
ilə kirayədə
qalırdım. Seyidməmmədin vasitəsilə aramızda
sıx ünsiyyət
yaranmışdı, şəxsi
dostluq əlaqələrimiz
möhkəmləndikcə onun elmi, ədəbi-tənqidi əsərlərini,
qəzetlərdə dərc
olunmuş yazılarını
maraqla izləyərək
oxuyur, macal tapan kimi fikir
və düşüncələrimi
söyləyirdim. Nazif
müəllim başqalarının,
o cümlədən mənim fikirlərimə,
təklif və mülahizələrinə hörmətlə
yanaşır, hətta
fərqli yanaşmalar
olanda belə dözümlü münasibət
göstərirdi.
Nazif Qəhrəmanlı
60 il əvvəl Quba rayounun Birinci Nügədi kəndində
dünyaya göz açıb. Mənim təqribən 10-11
yaşım olanda özümdən 6-7 yaş böyük olan
Nazifi ilk dəfə anası ilə birlikdə Pir-Bəhyə
ocağı ziyarət etməyə gələndə
görmüşəm.
Təbii ki, o gün mən
məktəbin yuxarı siniflərində oxuyan Nazifin illər
sonra kəndimizdən çıxan iki professordan biri
olacağını ağlıma belə gətirə bilməzdim.
Lakin elə həmin illərdə Nazifin atası, kənddə sayılıb-seçilən
kişilərdən olan
Ələkbər dayının
həyatdan cavan yaşlarında köçməsi,
onun çox nəcib, xeyirxah insan olduğu barədə yaşa dolduqca eşitdiyim söhbətlər yaddaşımda
həkk olunmuşdu. Hər gün dərsdən
sonra əlində çoxlu dəftər-kitabla məktəbdən qayıdan Nazifin ona xas ağır
və təmkinli yerişlə mənim tez-tez baş çəkdiyim Balabikə
nənəmgilin evlərinin
qarşısındakı küçə
boyu öz evlərinə tərəf
üzüyuxarı addımladığı
da gözlərim önündədir. Onun sadə, daha dəqiq desəm, kasıb geyimindən ailələrinin
güzəran sıxıntısı
çəkdiyi aşkar
hiss olunurdu. Lakin Ələkbər kişinin o biri uşaqları kimi Nazifin də
yaxşı oxuması,
çox ağıllı,
tərbiyəli olması
bərədə ara-sıra eşitdiyim söhbətləri də
yaxşı xatırlayıram.
Nazif Qəhrəmanlının
elmin zirvələrinə gedən yolun həyatın çox
dolanbaclarından keçdiyini məxsusi qeyd etməyə, bəlkə
də, ehtiyac yoxdur. Sadəcə onun
avtobioqrafiyasına qısa
nəzər yetirmək
kifayətdir ki, hər şey oxuculara bir daha
aşkar olsun. 1966-cı ildə Birinci Nügədi kənd orta məktəbini əla qiymətlərlə bitirən
Nazif üz tutduğu paytaxtda ilk illər ailələrinin çətin
maddi durumunu nəzərə alıb sənədlərini
ali məktəbə deyil, Bakı Yeyinti Sənayesi Texnikumuna verir ki, buranın yataqxanasında qalaraq mümkün qədər tez iş tapıb
özünü dolandıra
bilsin. O texnikumu bitirəndən sonra işləyə-işləyə
hazırkı Bakı
Dövlət Universitetinin
filologiya fakültəsinin
axşam şöbəsinə
daxil olur. Burada ali təhsilini
başa vurana qədər əvvəlcə
Botanika İnstitutunda,
sonra isə tikintidə fəhlə, daha sonra yanğınsöndürən,
poçt operatoru, kinoteatrda nəzarətçi
işləyir. Universiteti
bitirdikdən sonra isə Bakı şəhər məktəblilərin
yaradıcılıq sarayında
metodist və şöbə müdiri vəzifələrində çalışır.
1973-1974-cü illərdə hərbi xidmət keçir.
Nazif müəllimin
taleyində xalq şairi Rəsul Rzanın rəhbərlik
etdiyi Azərbaycan Ensiklopediyasında 18 il (1975-1993) işləməsi
dərin iz buraxıb. O,
burada özünün
fəxrlə qeyd etdiyi kimi, "həyat və vətənpərvərlik dərsləri"
alıb. Kiçik redaktor kimi fəaliyyətə başlamış,
pillə-pillə yüksələrək redaktor,
elmi redaktor, böyük elmi redaktor, sonradan ensiklopediyanın ədəbi
nəzarət və komplektləşdirmə redaksiyasının,
1990-cı ildən isə Kütləvi nəşrlər və tərcümə redaksiyasının
müdiri olmuşdur.
N.Qəhrəmanlı Azərbaycan
Sovet Ensiklopediyasının on cildliyində getmiş bir
çox ədəbi, tarixi, hərbi mövzuda məqanin
müəllifi, həmçinin orada hazırlanmış elmi
və bədii tərcümə kitablarının redaktoru
olmuşdur. Bir çox elmi və bədii tərcümələrin də
müəllifidir. "Uşaq
ensiklopediyası"nın
(I-III cildlər) və
"Azərbaycan ədəbiyyatı
və incəsənəti
ensiklopediyası"nın
(I-III cildlər) hazırlanmasında
fəal iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyində
hazırlanmış və
Türkiyədə nəşr
olunmuş "Kitabi-Dədə Qorqud" ensiklopediyasının (2000-ci il)
və iki cildlik "Cümhuriyyət"
(2004-cü il) ensiklopediyyasının
müəllif və redaktorlarından biridir.
N.Qəhrəmanlı
1993-1996-cı illərdə Azərbaycan Milli Elmlər
Akademiyasının Milli Münasibətlər İnstitutunda
çalışmışdır. Burada əvvəlcə
elmi işçi,
2003-cü ildən AMEA-nın
Ədəbiyyat İnstitutunda
baş elmi işçidir. 1986-cı
ildə Nizami adına Ədəbiyyat İnstitutunda "Mikayıl
Rəfilinin ədəbi-tənqidi yaradıcılığı"
mövzusunda namizədlik,
1999-cu ildə həmin
institutda "Azərbaycan
ədəbiyyatı tarixçiliyi
(XIX-XX əsrlər)" mövzusunda
müvəffəqiyyətlə doktorluq dissertasiyalarını müdafiə
etmişdir.
Nazif Qəhrəmanlı
yorulmadan, məhsuldar yazıb-yaradan tədqiqatçı-alimlərdəndir.
Alimin
1999-cu ildə nəşr
olunmuş "Üç
budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım" (kitab
2007-ci ildə latin əlifbası ilə yenidən dərc olunmuşdur), Səməd
Mənsurun həyat və yaradıcılığına
həsr olunmuş
"Bir ömrün rəngləri" (2000), "Azərbacanda
ədəbi cəmiyyətlər.1920-30-cu
illər". (2007), "Nəsib
bəy nümunəsi"
(2008-ci il) və başqa elmi əsərləri dərin
maraq və rəğbət hissi ilə qarşılanıb.
Nazif Qəhrəmanlı
qələmini bədii
yaradıcılqda da sınayıb. Onun 1991-ci ildə nəşr olunmuş "Kəndimizin
yaddaşı" povest
və hekayələr
kitabı canlı və yaddaqalan obrazları, orijinal təhkiyə üslubu ilə seçilərək
ədəbi tənqidin
diqqətini cəlb edib. "Quba haqqında nəğmələr"
(2004), "Səkinə xanım
Axundzadə - müəllim,
teatr xadimi, dramaturq" kitablarının
(2005-ci il) kitablarının
tərtibçisidir. Bəzi
məqalələri rus
və türk dillərində də çap olunmuşdur. Tanınmış alim hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda
fəaliyyət göstərən
müdafiə şurasının
üzvüdür.
Bu qədər elmi, bədii,
publisistik əsərlərin müəllifi olan, elmi işlə
bərabər, pedaqoji sahədə də uğurla
çalışan, yüzlərlə tələbəyə ədəbiyyatımızın
tarixini tədris edərək, onların sevimli müəllimlərindən
birinə çevrilən Nazif Qəhrəmanlı həyatda
çox sadə, xeyirxah, iddiasız bir insandır. Lakin ədəbiyyat
tariximizdən, müasir
ədəbiyyatşünaslığın
nəzəri və təcrübi problemlərindən
söz düşəndə
mövqeyini açıq
deməyi də, əsaslandırmağı da
bacarır. Professor Nazif Qəhrəmanlını
ömrünün 60-cı
baharı münasibətilə
təbrik edir, ona cansağlı və yaradıcılığında
uğurlar arzulayırıq.
Məsaim ABDULLAYEV
Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 6.