Qazax Müəllimlər
Seminariyası: milli təhsilimizin başlanğıc
dövrü
19-cu yüzilin axırları, 20-ci yüzilin əvvəllərində
Azərbaycanda milli təhsilin əsaslarının
yaranmasında Qori Müəllimlər Seminariyasının
yetişdirdiyi kadrların əvəzsiz rolu olub.
Filologiya elmləri namizədi,
araşdırmaçı Fazil Əliyev deyir ki, Qori Müəllimlər
Seminariyasının tatar şöbəsinin fəaliyyəti
milli təhsil tariximizin öyrənilməsi sarıdan
çox əhəmiyyətlidir.
Görkəmli ədəbiyyatşünas
Əziz Şərif isə yazır: "Çar Rusiyasında
heç bir təhsil ocağı Qori Müəllimlər
Seminariyası qədər Azərbaycana mədəniyyət
xadimi verməyib".
Qori Müəllimlər
Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində
250 müəllim hazırlayıb. Bu məzunlar arasında
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy
Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, Teymur bəy
Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və
başqa onlarla görkəmli şəxsiyyətlər var.
1879-cu ildə rus, gürcü və ermənilər üçün açılmış seminariyanın direktoru D.D.Semyonov olmuşdu. Seminariyanın tatar şöbəsinin direktoru vəzifəsinə isə A.O.Çernyayevski təyin edilmişdi. Seminariyanın ilk direktoru D.D.Semyonov və A.O.Çernyayevski öz hərəkətləri ilə mütərəqqi fikirli şəxslər kimi tanınmışdılar. F.Əliyev daha sonra bildirir ki, Qori Müəllimlər Seminariyasının hazırladığı müəllimlərdə (musiqi, təbiət elmləri, riyaziyyat, rus dilinin öyrənilməsi, məişət məsələləri, davranış və intizam və s.) hərtərəfli keyfiyyətlərin yaradılmasına xüsusi əhəmiyyət verilirdi. Çarizmin özünə xidmət göstərən "qüvvətli şəxsiyyətlər" tərbiyə etmək planı yerli xalqların müqavimətinə rast gəlirdi. Qori seminariyasının məzunları özlərinin milli-mənəvi dəyərlərini qorumaq və yaşatmaq qətiyyətilə seçilirdilər: "Bu, Qori Müəllimlər Seminariyasının xalqımıza göstərdiyi tarixi xidmətin birincisidir. Qori Müəllimlər Seminariyasının ikinci ən böyük xidməti Azərbaycanda ana dilində təhsilin canlanması istiqamətində görülən işlərlə əlaqədardır".
Hələ müəllimlərin 1906-cı ildə 1-ci və 2-ci qurultaylarında Firidun bəy Köçərli
milliləşdirməyə təhsilin məzmunundan başlamaq ideyasını
irəli sürmüşdü.
Ancaq 1918-ci ildə Azərbaycan
Demokratik Respublikasının
qələbəsindən sonra
təhsilin milli əsaslar üzərində
qurulmasına böyük
imkan yaranmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazağa
köçürülməsini təmin etmişdi. Milli Hökumətin
Gəncə xəzinəsindən
5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə
əldə olunmuş
razılıq, habelə
böyük millətsevər,
maarifçi Firidun bəy Köçərlinin
fədakarlığı bu
işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının
Ağstafa vağzalından
Qazağa köçürülməsində
çox böyük fədakarlıq göstərən
Qazağın camaatı,
Qori seminariyasının
Qazaxdakı keçmiş
məzunları yaxından
iştirak etmişlər.
Özünün 17 otağı
olan mülkünü seminariyaya
bağışlayan Qazağın
Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə
fərəhli, bugünkü
nəsillərə nümunə
ola biləcək hadisə kimi xatırlanmağa layiqdir".
F.Köçərli
"Azərbaycan" qəzetində Qazax əhalisinin Qori
seminariyasının Azərbaycan şöbəsinə 10
desyatin yer ayıracağı, birdəfəlik 3 min manat və
hər il min manat pul verəcəyi haqqında ADR hökumətinin
qarşısında məsələ
qaldırdığından bəhs edib. Nəhayət, ADR
hökuməti 1918-ci il 10 iyul saylı iclasının qərarı
ilə qazaxlıların arzusunu yerinə yetirmişdi".
ADR-in 22 iyun 1918-ci ildə
Qori seminariyasının Azərbaycana köçürülməsi
haqqında qərarından sonra Qazağa
köçürülən seminariyanın təntənəli
açılışı 1918-ci il noyabrın 10-da baş
tutdu. Qazax Müəllimlər Seminariyasının
açılışı Qazaxda və bütün Azərbaycanda
əsl milli bayram kimi qarşılandı: "Təntənəli
açılışda Qazaxda yerləşən türk
ordusunun komendantı Səbri bəy çıxış edərək
"Müəllimlərsiz, bu təmənnasız fədailərsiz
millətin gücü və qüvvəsi ola bilməz".
İbrahim Əfəndi
Qayibzadə giriş nitqi söylədi. Qarnizon rəisi, polkovnik Camal bəy Azərbaycan gəncliyinə müraciətində
"Vətəni ancaq
iti qılıncla deyil, həm də elmlə, əqillə qorumaq lazımdır. Belə adamlar isə bu məktəbdə cücərib yetişəcəkdir"-deyərək alovlu çıxış etdi.
Qazaxlıların təhsilə,
maarifə maddi və mənəvi köməyi ADR hökumətinin
daha qətiyyətli addımlar atmasına təkan vermiş
oldu. Hökumət Gəncədə
fəaliyyət göstərdiyi
3 ay ərzində (17.06.1918,
17.09.1918) təhsil sistemində
milliləşdirmək kimi
müqəddəs bir
işi həyata keçirməyə başladı.
Bunun üçün
təhsilin milliləşdirilməsinin
hüquqi bazasını
yaratmaq lazım idi. ADR hökuməti bu məqsədlə "Türk dilinin dövlət dili elan edilməsi haqqında" 1918-ci il iyul ayının 27-də qərar qəbul etdi. Şərqdə ilk türk-müsəlman respublikası ADR-in qəbul etdiyi bu qərar minilliklərin
dərinliyindən qaynaqlanan
türk ruhunun canlanmasına, milli özünüdərk
şüurunun inkişafına
zəmin yaratdı".
- F.Köçərli
Qazax Müəllimlər Seminariyasının müdiri kimi fəaliyyət
göstərdiyi dövrdə özünün istək və
arzularını həyata keçirməyə
çalışırdı. F.Köçərli
milliləşdirməyə təhsilin məzmunundan başlamaq ideyasını
irəli sürmüşdü.
ADR-in maarif naziri Həmid bəy Şahtaxtinski köhnə proqramları yeni dövrün tələblərinə uyğun
olaraq yenidən tərtib etmək məqsədilə F.Köçərliyə
göndərmişdi. Köçərli təhsildə milliləşmə
ilə əlaqədar
proqramlarda Azərbaycan
türkcəsinə uyğun
gəlməyən bəzi
sözləri redaktə
etməklə kifayətlənməmiş,
ADR-in "Azərbaycan
tarixi" kursunun proqramını qəbul etmiş, tarix dərslərini həmin proqramma əsaslanaraq keçirməyi təklif
etmişdi. Proqramda türk
qəbilələri və
xalqları, qədim türk dövlətləri,
Mahmud Qəznəvi sülaləsinin hökmranlığı
dövrü, türk səlcuqları və onların mədəni xidmətləri, Azərbaycan
haqqında tarixi arayış, Şah Abbas, Nadir şah,
Şirvan xanları və s. haqqında
biliklər açıqlamaq və müəyyən məlumatlar
vermək nəzərdə
tutulmuşdu. Qeyd olunan
proqram göstərir ki, Azərbaycan türklərinin tarixinin hərtərəfli öyrənilməsi
üçün ortaq
türk tarixinə müraciət olunmasının
əhəmiyyətli cəhətləri
ADR-in Maarif Nazirliyinin nəzərindən
qaçmamışdı. Çünki
minillər ərzində
yaranmış tarixi həqiqətləri parçalayaraq
gənc nəslə mənimsətmək üçün
"yeni tarix" inşa etməyə ehtiyac duyulmamışdı.
Lakin Azərbaycan tarixində 15-17-ci yüzillərdən
başlayaraq müəyyən
tarixi faktların ayrılıqda tədris olunması nəzərdə
tutulmuşdu. Qazax Müəllimlər Seminariyası
ADR-də təhsil sisteminin milli əsaslar üzərində
qurulmasında həqiqi
mənada bir təcrübə, dayaq rolu oynaması ilə tarixi vəzifəni yerinə yetirdi.
"Azərbaycan
tarixi" proqramı haqqında F.Köçərlinin tənqid
və izahlarının nəzərə alınması
doğma diyarı öyrənərkən əsas gücün
elmi ekskursiyalara verilməsi, uşaqlara tarixi
keçmişimizin əyani şəkildə öyrədilməsi
məqsədilə seminariyada muzeyin yaradılması və s.
işlər də bu fikrin doğruluğunu təsdiq edir. F.Köçərlinin
səyi nəticəsində
Qazax Müəllimlər
Seminariyası qısa
müddətdə respublikada
böyük şöhrət
qazandı. Bu seminariya metodik mərkəzə çevrildi".
Seminariya müəllimlərinin
köməyilə yaşlılar üçün savad
kursları açıldı. Maarif nazirinin göstərişilə türk
dilində ədəbiyyat
toplamaq və yaymaq üçün oxu dərnəkləri yaradıldı. ADR 1920-ci il
fevralın 2-də 4 seminariyanın açılmasına
icazə verdi. Belə seminariyalardan biri də Zaqatalada
qızlar üçün
açılmışdı. Qeyd edək ki, açılan müəllim kursları və seminariyalarda Qazax Müəllimlər Seminariyasının təcrübəsindən
geniş şəkildə
istifadə olunurdu. Qazax Müəllimlər Seminariyası 20 nəfərə
yaxın əməkdar
müəllim verib. Seminariyanın müdiri F.Köçərli
Qazaxda çox geniş fəaliyyət göstərərək təkcə
maarif və mədəniyyət xadimi kimi deyil, həm
də dövrün görkəmli ictimai xadimi kimi də
məşhurlaşmışdı. Yaşlılar üçün
savad kursları açmış, yetimlər
evi təsis etmiş, erməni-rus dilbirliyinin qurbanı olmuş qaçqınlara
yardım fondu təşkil etmişdi".
Elçin QALİBOĞLU
Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 4.