Beynəlxalq Memarlar Günü
qeyd olundu
Oktyabrın 5-də
"Park İnn" hotelində Azərbaycan Memarlar
İttifaqı, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi və Azərbaycan Dövlət
Memarlıq və İnşaat Universitetinin təşəbbüsü
ilə Beynəlxalq Memarlar Günü qeyd edildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının
prezidenti, Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Abbas Ələsgərov əvvəlcə
Beynəlxalq Memarlar Günü və onun əhəmiyyəti haqda məlumat verdi: "Memarlar günü 1949-cu ildə Lozannada təsis edilib və həmin vaxtdan başlayaraq hər il oktyabr ayının
birinci bazar ertəsi günü qeyd edilir. Bu
gün bizə nə verir, nəyə çağırır?
Memarlar günü memarların birləşməsinə,
onların bir-biriləri ilə daha yaxından əməkdaşlıq etmələrinə,
təcrübələrindən yararlanmalarına imkan verir". Sonra bugünkü Memarlar
günü münasibətilə
üç tanınmış
memara Azərbaycan Memarlar İttifaqı, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin təsis etdiyi medallar təqdim olundu. Üçlüyə Azərbaycan
memarlıq sənətində
böyük rolu olan Şamil Fəttullayev, Rasim Əliyev, Yusif Qədimov daxil idilər. A.Ələsgərov
ömrünü Azərbaycan
memarlıq sənətinin
inkişafına həsr
edən üç memardan yalnız birinin tədbirdə iştirakına təəssüfləndiyini
bildirdi: "Bu mükafatlar ilk dəfədir ki, verilir. Təəssüf ki, onlardan ikisi
Rasim Əliyev və Yusif Qədimov
səhhəti ilə əlaqədar tədbirdə
iştirak edə bilmir. Şamil Fətullayevə gəlincə,
onun Azərbaycan tarixi memarlığının
öyrənilməsində və dünyaya yayılmasında əvəzsiz
rolu var. Biz onu özümüzə
ustad, ağsaqqal bilirik".
Medalı almasından
böyük qürur duyduğunu deyən Ş.Fətullayev
memarlığın ağır, ancaq şərəfli sənət
olduğunu diqqətə çəkdi.
Dövlət Memarlıq
və İnşaat Universitetinin rektoru Gülçöhrə
Məmmədova isə bildirdi ki, Beynəlxalq Memarlar
İttifaqı vaxtaşırı müxtəlif ölkələrdə
öz konqreslərini, simpoziumlarını keçirir: "O
konqreslər memarlığın bayramına çevrilir. Sonuncu belə tədbir 2008-ci ildə İtaliyanın Turin şəhərində keçirildi.
Toplantıya bütün
dünyadan minlərlə
memar toplaşmışdı.
Azərbaycan ilk dəfə olaraq bu konqresdə çox böyük nümayəndə heyəti
ilə iştirak edirdi. Tədbirə tələbələri də
aparmışdıq. Bu,
onlar üçün
çox böyük və maraqlı təcrübə oldu. Çünki onlar orda maraqlı informasiyalar aldılar, başqa ölkələrin
memarları ilə tanış oldular. Bir sözlə, Beynəlxalq Memarlar İttifaqı əməkdaşlıq,
təcrübə mübadiləsi,
sənətin inkişafına
xidmət edən beynəlxalq təşkilatdır".
Gülçöhrə
xanım Azərbaycan Memarlıq və İnşaat
Universitetinin son bir ildə əldə etdiyi uğurlardan da
danışdı: "Biz böyük ənənəsi olan
çoxsaylı memarlar hazırlayan ali təhsil
ocağıyıq. Çox maraqlıdır ki, bu il
Baloniya təhsil sisteminə keçdik. Birinci kurslarımız artıq kredit sistemi ilə təhsil alacaqlar. Bu kredit sistemi
onlara imkan verəcək ki, beynəlxalq əməkdaşlıqda
daha yaxından iştirak etsinlər. Bu da gələcəkdə
diplomların tanınması
üçün müəyyən
qədər onlara kömək edəcək və bir universitetdən
digərində təhsillərinə
davam etdirməyə imkan verəcək.
Əlbəttə bu, bütün problemləri həll eləmir. Amma bunun faydası
olacaq. Mən hesab edirəm ki, biz Baloniya
təhsil sisteminə uyğunlaşaraq memarlıq
təhsilimizin yeni mərhələsinə keçdik".
Bundan başqa,
universitetin beynəlxalq əlaqələrinin genişləndiyini
deyən rektor, hazırda bu əlaqələrin yaxşı səviyyədə
olduğunu diqqətə çəkdi.
Mehparə
Mədəniyyət.- 2009.- 7 oktyabr.- S. 3.