Abidələr şəhəri – Ordubad
Tarixi abidələrlə
zəngin Ordubad qoruq şəhəridir. Ordubad Dövlət
Tarix-Memarlıq qoruğunun direktoru Nəzakət Qasımova ilə
görüşüb, bu barədə ətraflı məlumat
verilməsini xahiş etdik:
-Özünün orta əsr
milli memarlıq və şəhərsalma quruluşunu
qoruyub-saxladığına görə Ordubad şəhəri
İçərişəhər, Şuşa və Şəki
şəhərləri ilə birlikdə dövlət tərəfindən
hələ 1977-ci ildən qoruq elan olunub. Ordubad dünyanın
ən qədim insan məskənlərindən biridir.
Ordubad Tarix-Memarlıq
qoruğu rayon mədəniyyət şöbəsinin nəzdində
1979-cu ildən fəaliyyət göstərməyə
başlayıb.
Ümumiyyətlə,
Ordubad rayon üzrə 600-dən artıq irili-xırdalı
tarix- mədəniyyət abidəsi mövcuddur.
19-cu əsrin 30-40-cı
illərindəki məlumata görə, Ordubad şəhəri
5 hissəyə bölünmüşdür: Ambaras, Kürdətal,
Mingis, Sərşəhər və Üçtürləngə.
Bütün küçələr boyu relyefdən
asılı olaraq müxtəlif yüksəkliklərdə
2-3, bəzən isə 4 kiçik meydan yerləşir. Bu
meydanlar ensiz, qəribə, əyri-üyrü, 3-4
küçənin qovuşuğunda yerləşib. Hər belə
meydan özündə bir sıra xidmətediji elementləri
birləşdirir. Bura kiçik məscid (məhəllə məscidi),
çeşmə və meydanı öz çətiri ilə
örtən çinarlar aiddir. İndiyə qədər də
məhəllə meydanları öz əhəmiyyətini
saxlayır.
Həmin meydanlarda yerləşən
məhəllə məscidlərinin minarəsi olmur. Minarəni
məscidin damında yerləşən səki əvəz
edir. Ora kiçik pilləkənlə qalxmaq olur. Ordubad məscidlərinin
yerini uzaqdan onların qarşısında ucalan çinarlarla
təyin etmək olar. Şəhərin baş
magistralını qədim küçə təşkil edir.
Bu küçə indi də əsas küçə kimi
öz əhəmiyyətini saxlayaraq şəhərin mərkəzini
dəmiryol vağzalı ilə birləşdirir.
Şəhərin
ümumi panoramasını yaratmış yaşayış
binaları şəhəri Azərbaycanın başqa şəhərlərindən
xeyli fərqləndirir. Məhəllələr ikimərtəbəli
şəhər evləri və səkkizbucaqlı daxili həyətə
malik kiçik memarlıq elementləri ilə zəngin olan
binalardan təşkil olunub. Onu da qeyd edim ki, şəhərin
əsas sənaye memarlığı ünsürü onun
yeraltı kəhriz sistemi ilə əhatələnməsidir.
17-ci əsrdə 70 bulaq şəhəri su ilə təchiz
etmişdir. Bu kəhriz sistemi bir-biri ilə əlaqəli
şəkildə şəhəri büsbütün əhatə
edir. Kəhrizlərin əksəriyyətinin uçulub
tökülməsi, onların bəzilərinin gözlərinin
tutulmasına, ovdanların dağılmasına səbəb
olmuşdur. Bacarıqlı kankanların köməyi ilə
bir neçə çeşmə, ovdan təmizlənib bərpa
olunmuşdur. "Dilbər", "Mədrəsə",
"Şayi" bulaqları buna misal ola bilər.
Əməkdaşlarımız
tarix-memarlıq abidələrinin mühafizəsi, məqsədli
istifadə olunmasına, təbliğinə, bərpa işlərinə
məsuldurlar. Bu məqsədlə bir sıra tədbirlər
işləyib hazırlamışıq. Rayonun bütün
müəssisə və təşkilatlarında Ordubadın
tarixi abidələri və onların qorunması barədə
mühazirələr oxuyur, rayon qəzetində
vaxtaşırı çıxış edirik. Qoruğun nəzdində
"Tarix və mədəniyyət abidələrinin
mühafizəsi", "Xalq mədəniyyət universiteti"
və "Yurd" divar qəzeti fəaliyyət göstərir.
Az öyrənilmiş abidələrin
pasportlaşdırılması işi davam etdirilir.
Bütün abidələrə qoruma-unvan lövhələri
vurulub. Bir çox tarixi abidələrdə, o cümlədən
"Əngəş", "Qırxpillə", "Meyrəmçə"
və "Yetim" məhəllə məscidlərində təmir-bərpa
işləri aparmışıq.
2005-ci ildə
"Yuxarı Ambaras" və "Sultan Murad" məscidi
yerli sakinlərin dəstəyi ilə əsaslı təmir
olundu, Dədə Qorqud küçəsində yerləşən
"Yetim" məscidində şəhər
camaatının köməkliyi sayəsində əsaslı təmir-bərpa
işləri aparılıb.
80-ci illərdə
Ordubad tarix və mədəniyyət abidələrinin bərpa
emalatxanası fəaliyyət göstərmişdir. 1990-cı
ilə qədər onlar bir çox abidələrin bərpası
məşğul olmuşdular. 17-ci əsrin tarix-memarlıq
kompleksi olan "Zorxana"nı, 18-ci əsr tarixi abidəsi
"Sərşəhər" məscidinin, 16-cı əsrin
yadigarı "Yuxarı Ambaras" məscidini, 14-cü əsrdə
"Buzxana"nı, 16-cı əsrdə inşa edilmiş
"Came" məscidini, 18-ci əsrdə
ucaldılmış "Malik İbrahim" və "Dilbər"
məscidləri, 1826-cı ildə Aza çayı üzərində
tikilmiş körpünü, Yuxarı Əylis kəndindəki
17-ci əsrin nişanəsi olan Şah Abbas məscidini tamamilə
bərpa edib həyata qaytarmışlar. Burada bir xeyirxah
işi də qeyd etmək yerinə düşərdi. 9-cu əsr
tarix memarlıq abidəsi Mingis məscidi el ağsaqqalı
Hüseyn Əliqulu oğlu Qənbərovun adına hörmət
və ehtiram əlaməti olaraq övladları tərəfindən
2001-ci ildə yenidən tikilib bərpa edilmişdir.
Tariximizin ulu
yadigarlarını göz bəbəyi kimi qorumaq, yurd yerimizi gələcək
nəsillərə olduğu kimi əmanət etmək hər
birimizin borcudur.
Mədəniyyət.- 2009.- 9 oktyabr.- S. 16.