Kulinariya festivalı dünya mətbəx mədəniyyətinə
töhfədir
Hər zaman zəngin,
çoxçeşidli mətbəxi və qonaqpərvərliyi
ilə dünyada məşhur olan Azərbaycan növbəti
beynəlxalq tədbirə - müxtəlif ölkələrin
kulinarları və peşəkar aşpazlarının bir
araya gəldiyi "İslam Mətbəxi" Beynəlxalq
Kulinariya Festivalına ev sahibliyi edir.
Bir neçə
gündür öz işinə start verən kulinariya
festivalı çərçivəsində 15-dən çox
ölkədən olan aşpazlar və kulinarlar öz məharətlərini
nümayiş etdirirlər. Onu da nəzərə
çatdıraq ki, festivalda İslam ölkələri ilə
yanaşı, Avropa ölkələrinin də bu sahədə
çalışan peşəkarları iştirak edir. Festival
çərçivəsində müxtəlif ölkələri
təmsil edən aşpazların hər biri İslam
qaydaları əsasında milli mətbəxlərini təqdim
edirlər. Hazırlanan yeməklər və içkilərdə
spirt tərkibli maddələrdən və donuz ətindən
istifadə olunmayacaq. Ağ rəngli sülh göyərçinini
xatırladan ağ geyimli aşpazların təmsil olunduğu
festival ölkəmizdə ilk dəfə keçirilməsinə
baxmayaraq, hər kəsdə böyük bir çoşqu
yaradıb. Tədbirin keçirildiyi İdman Sarayının
foyesində təşkil edilən sərgidə milli mədəniyyətimizi
təmsil edən dəyərli sənət nümunələri
və əl işlərinin nümayişi festivalı daha da rəngarəng
edib. Bugünlərdə YUNESKO-nun Maddi-Mənəvi İrs
siyahısına daxil olan, festival boyu səslənən
aşıq sənətinin gözəl nümunələri və
gənc modelyer Minarə Quliyevanın bölgələrimizə
məxsus ornametlərini özündə cəmləmiş
geyim kolleksiyasının nümayişi də festival
iştirakçılarının böyük marağına
səbəb olan məqamlardan biridir.
«Yeddi medalın hamısını ölkəmizə
aparmaq istəyirik»
Festivalda daha çox
maraq doğuran xüsusi zövqlə bəzədilmiş və
üzərində muzey eksponatlarını xatırladan, ancaq ərzaq
məhsullarından hazırlanan yemək və şirniyyat
nümunələrinin yer aldığı süfrə
Türkiyəyə aiddir. Buraya gələn hər bir ziyarətçini
memarlıq abidələrini xatırladan, yağdan və
şirin xəmirdən hazırlanmış bu heykəllər
cəlb edirdi.
Bizim ilk müsahibimiz bu
sənət əsərlərinin müəlliflərindən
biri olan Ümid Yümendir. Ustanın dediyinə görə,
yeddi nəfərlik nümayəndə heyəti ilə
festivala qatılıblar: "Biz bu festivalda 12 yarışmada
iştirak edəcəyik. Əsas məqsədimiz də odur
ki, bu sahədə bacarığımızı nümayiş
etdirək və 7 medalı ölkəmizə aparaq. Bundan əvvəl
Krımda keçirilən kulinariya festivalında 4
qızıl, 3 gümüş, 7 bürünc medal
qazanmışdıq».
Ölkəmizin
kulinarları ilə səkkiz ildən artıqdır ki,
yaxından əməkdaşlıq etdiklərini deyən
Ü.Yümin bildirdi ki, Azərbaycanın zəngin mətbəxi
var: "Mən sizin milli yeməklərdən daha çox iki
daş arasında bişən ətli yeməyi (kababı)
çox sevirəm».
Türkiyəli kulinar
bildirdi ki, süfrələrində yer almış əjdaha
heykəli badamlı xəmirdən, son tamamlama işləri
Bakıda başa çatan qız heykəli isə marqarin
yağından hazırlanıb.
Qardaş ölkənin
mətbəxinin ikinci təmsilçisi isə peşəkar
şirniyyat ustası Erdal Elverendir. Onun dediyinə görə,
hazırladığı üzəri güllərlə bəzədilmiş
iki toy şirniyyatı festivalda yer alıb. Erdal Azərbaycanı
və xüsusilə də bizim ölkə vətəndaşlarını
çox sevdiyini bildirdi: "Festivalın Bakıda
keçirilməsini yüksək qiymətləndirirəm. Bu
festivalın keçirilməsinin müsbət tərəflərindən
biri də odur ki, çox zaman qapalı bir qutu kimi
bağlı qalan İslam ölkələrinə mətbəx
mədəniyyətlərini göstərmək imkanı
verir. Eyni zamanda festivalda mütəxəssislər bir-biri ilə
təcrübə mübadiləsini bölüşmək
fürsəti əldə edirlər".
Mətbəxinizdən öyrəndiyim maraqlı yeməkləri
ölkəmə qayıdanda hazırlayacam»
Süfrələri
miniatür soyuq desertlərlə bəzənmiş belaruslu
kulinar Aleksandr Çkilevski ilk dəfə Azərbaycana gəldiyini
bildirdi. O, ölkəmizdə özünə və həmkarlarına
qarşı xoş münasibət gördüyünü
etiraf etdi və xörəklərimizi bəyəndiyini dedi:
"Xüsusilə də ət və düyü ilə
hazırlanmış yeməkləri daha çox sevirəm".
Qonaq onu da vurğuladı ki, Azərbaycan mətbəxində
öyrəndiyi maraqlı yeməkləri ölkəsinə
qayıdan kimi hazırlayıb, belaruslulara təqdim edəcək.
İran İslam
Respublikasını təmsil edən, əslən Təbriz
şəhərindən olan Mahrux Həsənəlizadə
bildirdi ki, kulinariya sahəsində uzun müddətdir
çalışır. Onun dediyinə görə,
təmsil etdiyi ölkə Ümumdünya
Kulinariya Təşkilatları
Assosiasiyasının üzvü
olmadığı üçün
onlar bu festivala xüsusi dəvət əsasında
qatılmayıblar: "Biz
sözügedən festival
haqqında bir dostumuzdan məlumat aldıq və qatılmaq üçün
müraciət edik. Biz dövlət tərəfindən yox, müstəqil şəkildə
bu festivalda iştirak edirik". Altı ildən çoxdur ki, kulinariya sahəsində dərs verən M.Həsənəlizadə
söylədi ki, yetirmələrinə İranın
qədim və müasir yeməklərinin
bişirilmə qaydasını
öyrətməklə yanaşı,
Avropa yeməklərinin
də hazırlanma qaydalarını öyrədirlər:
"Uzun illərdir ki, bu sahədə
çalışmağıma baxmayaraq, ilk dəfədir ki, beynəlxalq festivalda iştirak edirik. Bu yaxınlarda Türkiyədə keçiriləcək
başqa bir festivala dəvət almışıq. Belə
festivalların keçirilməsini
çox yüksək
qiymətləndirirəm. Çünki
bu cür festivallarda bilmədiyimiz çox şeyləri öyrənirik, dünya aşpazları ilə ünsiyyətdə oluruq və aramızda iş əlaqəsi yaranır». Festival çərçivəsində İran yeməklərinin yer aldığı süfrəni təqdim etməklə yanaşı,
yarışmada ətli
yemək hazırlayacaqlarını
deyən iranlı kulinar bildirdi ki, Azərbaycan yeməklərindən daha
çox lülə kababı sevir.
Azərbaycan kulinarların əl işləri xüsusilə
fərqlənir
Festivalda xüsusi maraqla
qarşılanan mətbəx nümunələri
sırasında Azərbaycan təmsilçilərinin əl
işləri də vardı. Onların arasında
təcrübəli və
gənc ustalar tərəfindən xəmirdən
hazırlanmış muğam
ifaçılarının təsviri, Bakının görünüşü və
bəzi tərəvəzlər
üzərində tanınmış
yerli və xarici alim, şair
və hökmdarların
təsviri idi. Qarpız üzərində hazırlanmış
Azərbaycan xəritəsinin
təsviri isə orijinal olduğu qədər də maraqlı qarşılanırdı.
Tərəvəzlər
üzərində maraqlı fiqurlar və heykəllər
yaratmış Emin Qurbanov bildirdi ki, bu yarışa çox
güclü və təcrübəli aşpazlar
qatılıb: "Amma əminəm ki, biz qalib gələcəyik.
Karvinq sənəti
ilə, yəni tərəvəzlərdən istifadə
edərək maraqlı
soyuq qəlyanaltılar
hazırlayıram. Bu işlər 4-5 günə
hazır olur. Tərəvəzlər arasında
balqabaqla işləmək
daha asandır. Buradakı işlərim arasında görkəmli şairimiz Molla Pənah Vaqifin portretini qarpız üzərində işləmişəm,
Roma imperatorı və başqa bir sıra tanınmış
şəxsiyyətləri yaratmışam".
Respublikamızın məşhur
simalarını da festivalda görmək olardı. Onlardan biri
də öz əl işləri ilə festivala qatılan əməkdar
artist Suğra Bağırzadə bildirdi ki, Azərbaycan Milli
Kulinariya Mərkəzinin keçirdiyi bir çox
yarışlarda iştirak edib: "Amma bu sərginin özəlliyi
ondadır ki, Azərbaycanla yanaşı, başqa ölkələrin
də mətbəx mədəniyyətləriylə
yaxından tanış olmaq mümkündür".
Sərgidə Türkiyə
süfrəsinin onun diqqətini cəlb etdiyini deyən əməkdar
artist bildirdi ki, türk ustalarının yağdan
hazırlanmış işlərini daha çox bəyənib
və bu, onun heyrətinə səbəb olub: "Bu işlər
o qədər incə və cazibədardır ki, adam
inanmır ki, yemək məhsullarından belə bir gözəllik
yaratmaq olar. Yaponlar deyirlər ki,
ərzaq gözəllikdir
ki, onu dərhal
məhv etmək lazımdır. Bu fikrə əsasən bilirsən ki, vaxt gələcək bu gözəlliklər məhv olacaq".
«Burada ölkələr bir-birinin
mətbəx dünyası
ilə
İştirakçılardan
ayrılıb festivalın təşkilatçılarına
yaxınlaşırıq. Azərbaycan Milli Kulinariya
Mərkəzinin direktoru,
Kulinariya Assosiasiyasının
prezidenti Tahir Əmiraslanov Azərbaycanda
keçirilən festivalın
böyük əhəmiyyət
kəsb etdiyini vurğuladı. Onun sözlərinə
görə, festivalın
keçirilməsi Azərbaycanda
çoxdan gözlənilirdi
və nəhayət, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi. Tahir müəllim onu da bildirdi ki,
tədbirdə ayrı-ayrı
ölkələri təmsil
edən aşpazlar 9 nominasiya üzrə öz bacarıqlarını
nümayiş etdirəcəklər
və onların işini Beynəlxalq Kulinarlar Federasiyasının
nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Azərbaycanın
yüksək və zəngin mədəniyyətə malik
olduğunu deyən Ümumdünya Kulinariya Təşkilatları
Assosiasiyasının prezidenti Qissur Qudmundsson bildirdi ki,
Bakıda ilk dəfə keçirilən festival dünya mətbəx
mədəniyyətinə öz töhfəsini verəcək:
"Çünki bu festivalda müxtəlif ölkələrin
mətbəx mədəniyyətləri təqdim edilir. Bu hal
da imkan verir ki, ölkələr bir-birinin mətbəx
dünyası ilə yaxından tanış olsun və nələrisə
öyrənsinlər».
Azərbaycan mədəniyyət
və incəsənətinin zənginliyindən danışan
Ümumdünya Folklor Sənəti Təşkilatının
prezidenti Karmen Padilya bildirdi ki, bugünlərdə Azərbaycan
aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Maddi-Mənəvi
İrs siyahısına salınıb. Onun sözlərinə
görə, bu hal Azərbaycan mədəniyyətinin uğurudur.
Qeyd edək ki,
iştirakçılara fərdi yarışlar
üçün 30 dəqiqə, komanda yarışları
üçün isə 90 dəqiqə vaxt verilir. Yarışda
qalib olan iştirakçılar üç qızıl,
gümüş və bürünc medalla
mükafatlandırılacaqlar.
Oktyabrın 10-dək
davam edəcək festivalda maraqlı yarışlar olacaq, eyni
zamanda "Kulinariyanın cəmiyyətdə rolu: inkişaf
perspektivləri" ilə bağlı dəyirmi masa
keçiriləcək və tədbirin son günü Azərbaycanın
incəsənət xadimlərinin iştirakı ilə qala-
konsert olacaq.
F.ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 9 oktyabr.- S. 9.