Azərbaycan «Vokruq sveta»da
Layihə çərçivəsində bələdçi
kataloqu hazırlanıb
Azərbaycanın turizm
potensialının xarici nəşrlərin adı altında
beynəlxalq auditoriyaya çatdırılması
üçün Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə bələdçi kataloqu hazırlanır. Nazirliyin Beynəlxalq
əlaqələr və
mədəniyyət proqramları
şöbəsinin müdiri
Nazim Səmədovun qəzetimizə verdiyi məlumata görə, təmsil etdiyi qurum tərəfindən geniş oxucu auditoriyası olan 70-ə yaxın xarici nəşrə müraciətlər ünvanlanıb: «Bu nəşrlərin əksəriyyəti
müraciətlərə müsbət
cavab verib. Hazırda nazirliyin bu təklifi ilə razılaşan ölkələr arasında
Amerika (2 nəşr),
İngiltərə (1), Fransa
(1), Almaniya (1), Rusiya
(4 ), Birləşmiş
Ərəb Əmirlikləri
(1) və İsveçrə
(1) var».
Layihə çərçivəsində
Rusiyada nəşr edilən «Vokruq sveta» nəşriyyatı ilə
razılaşmaya görə 260 səhifəlik bələdçi
kataloqu hazırlanıb. Qeyd edək ki, «Vokruq sveta»nın
qrifi ilə 100-ə yaxın ölkə haqqında bələdçi kitabı
nəşr edilib. Azərbaycan haqqında bələdçi kataloqu
seriyanın 100-cü nəşri
olacaq. Nazim müəllim bildirir
ki, bu ilin
iyununda Rusiya Federasiyasında keçirilən
Azərbaycan Mədəniyyəti
Günlərində mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və «Vokruq sveta» jurnalının
rəhbərliyinin imzaladığı
sənəd əsasında
belə bir kataloqun nəşr edilməsi ilə bağlı razılığa gəlinib.
Nazirlik bu məqsədlə həmin
jurnalın müvafiq mətni yazacaq əməkdaşının Azərbaycana
gəlməsini və
regionları gəzməsini
təklif edib: «May ayında jurnalın əməkdaşı
Yuliya Şukinanın ölkəmizə səfərini
təşkil etdik. Müəllif kataloqda adları keçən mədəniyyət abidələrimizi
öz gözləri ilə gördü, rayonlarımızı gəzdi
və bizim də köməyimizlə
kitabın mətnini hazırladı». N.Səmədovun
dediyinə görə,
nazirliyin nəzarəti
olmadan xarici nəşrlər bu tipli layihələri həyata keçirəndə
ciddi səhvlərə
yol verirlər. Məsələn, xəritələr
düzgün tərtib
olunmur, hansısa məlumatlar dəqiqləşdirilmədən
yerləşdirilir və
s. Buna görə
də Mədəniyyət
və Turizm Nazirliyi həmin layihələrin reallaşması
üçün sponsorluqla
yanaşı, mətnlərin
hazırlanmasında da
iştirak edir.
Nazirlik
sözçüsü onu da dedi ki, «Vokruq sveta» jurnalı ilə
layihəni tamamlamaq üzrədirlər: «Artıq kataloqun
maketini razılaşdırmışıq. Oktyabrın 15-dək bu kataloqun nəşr
edilməsi və yayılması nəzərdə
tutulur. Həmin vaxt həm Moskvada,
həm də Azərbaycanda təqdimatını
edəcəyik. Kataloq
Rusiyanı və keçmiş postsovet məkanını əhatə
edəcək. Birinci mərhələdə kataloq
5 min nüsxə ilə nəşr ediləcək».
Nazim müəllim
maraqlı bir məlumatı da diqqətimizə
çatdırdı ki, hazırlanacaq kataloqlar təkrar nəşr
edilə bilər. Amma bir şərtlə
ki, ötən müddət ərzində
Azərbaycan turizmində
baş verən yeniliklər, dəyişikliklər
burada öz əksini tapmış olsun: «Məsələn, gələn il həmin kataloqa tikilməkdə olan xalça muzeyi, Opera və Balet
Teatrının rekonstruksiyası
başa çatdığından
onun daha geniş imkanları haqqında məlumatlar həmin kataloqa daxil ediləcək». Nəfis və rəngli tərtibatda hazırlanan kataloqun üzərində Azərbaycan
xalçası nümunəsinın
görüntüsü öz
əksini tapıb. Maraqlıdır ki, müxtəlif ornamentli xalçalarımızın görüntüləri
içəri səhifələrdə
də yerləşdirilib.
N.Səmədov bunun səbəbini onunla izah etdi ki,
Azərbaycan xalçaları
bütün dünyada
yayılıb: «Amma xalçalarımız başqa-başqa
adlar altında təqdim edilir. Məsələn, sadəcə
“Qafqaz” və ya «Quba» adı
ilə. Qubanın isə harada yerləşməsi, hansı
ölkəyə mənsub
olması göstərilmir.
Xalça ilə maraqlanan əcnəbi nə bilsin ki, Quba haradır.
Ona görə də belə anlaşılmazlıqları aradan
qaldırmaq üçün
biz bu variantı
fikirləşmişik».
Bu layihəni davam etdirmək
niyyətində olduqlarını deyən N.Səmədov, bu səbəbdən
də müxtəlif xarici ölkələrin bəzi nəşrləri
ilə razılığa gəldiklərini söylədi:
«Fransada nəşr edilən «Mondeos» nəşriyyatı ilə
(İsveçrə, Belçika və başqa fransızdilli
ölkələrdə yayımlanacaq) artıq müqavilə
imzalamışıq. Razılaşmamıza əsasən
bu brend altında hazırlanacaq bələdçi kitabı
2010-cu ilin mart ayında, yəni gələn ilin turist mövsümünün
başlanmasından əvvəl
hazır olmalıdır.
Bundan başqa, Böyük Britaniyanın tanınmış
nəşrlərindən olan
«Hedonist» nəşriyyatı
(ABŞ və digər
ingilisdilli ölkələrdə
yayımlanacaq), Birləşmiş
Ərəb Əmirliklərinin
«Explorer Publishing» (ərəb ölkələrini
əhatə edəcək)
jurnalları ilə müqavilə bağlamışıq.
Almaniyanın «Rother Wanderfuhrer» (bir sıra Avropanın almandilli ölkələrində
yayılacaq) nəşrinə
isə belə bir layihə təklifi ilə müraciət etmişik».
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 9 oktyabr.- S. 8.