Londonda Azərbaycan dilində iki məktəb açılıb
"Caspian-Xəzri" cəmiyyəti layihələrinin
sayını artırır
Son dövrlər siyasi
müstəvidə qarşılaşdıqlarımız əyani
şəkildə diktə edir ki, xarici ölkələrdə
yaşayan soydaşlarımız bir-biriləri ilə sıx
birləşməli və Azərbaycan haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasında
yaxından əməkdaşlıq etməlidirlər. Eyni
zamanda onlar çalışmalıdırlar ki, ölkəmizin
tarixi, mədəniyyəti, adət-ənənələri
haqqında yaşadıqları ölkələrin
insanlarında müəyyən təsəvvürlər olsun.
Onu da qeyd edək ki, son vaxtlar yuxarıda
sadaladığımız məqsədlərlə
yaradılan və öz fəaliyyətlərini getdikcə
genişləndirən bir çox cəmiyyətlər var ki,
qəzet olaraq onların gördükləri işlər
haqqında yazmağı özümüzə borc bilirik. Belə
qurumlardan biri də artıq bir ildir Böyük Britaniyanın
London şəhərində fəaliyyət göstərən
«Caspian-Xəzri» cəmiyyətidir. Həmin cəmiyyətin
üzvü, eyni zamanda «Qadın və uşaqların sosial təminatı»
İctimai Birliyinin gənclərlə iş üzrə sədr
müavini Könül Əliyeva bugünlərdə redaksiyamızın
qonağı oldu. O, «Caspian-Xəzri» cəmiyyətinin fəaliyyəti
ilə bağlı danışaraq bildirdi ki, qurum bir il ərzində
artıq üç böyük layihə həyata
keçirib: «Cəmiyyəti yaratmaqda əsas məqsədimiz
Londonda yaşayan azərbaycanlıları bir araya gətirməkdir.
Ən əsası isə bu şəhərə təhsil
almaq məqsədilə yeni gələn, nə edəcəyini
ilk baxışdan bilməyən gənclərə kömək
edirik. Çünki böyük bir şəhərə yenicə
düşən gənclərimiz çaşqınlıq
içində olurlar. Xüsusilə bakalavr təhsili almaq istəyənlərə
yerləşməkdə, təhsil alacaqları universitetlərin
yolunu-izini öyrənməkdə, hətta
tanımadıqları ərzaqlardan yemək hazırlamaqda belə
kömək lazım olur. Bunları qarşımıza məqsəd
qoyub bu cəmiyyəti yaratdıq. Cəmiyyəti
yaratdıqdan sonra qarşılaşdığımız
problemlər göstərdi ki, biz fəaliyyətimizi daha
geniş sferada qurmalıyıq. Ona görə də bir
sıra layihələr həyata keçirməyə
başladıq. Bunlardan birincisi odur ki, Londonda yaşayan azərbaycanlı
ailələrin övladları üçün ana dillimizdə
iki məktəb açdıq. Bu məktəblər Avropada
ilk Azərbaycan məktəbləri hesab edilir. Səbəb isə
odur ki, burada yaşayan azərbaycanlı ailələrlə
yaxından tanış olduqdan sonra gördük ki, bu ailələrdə
valideynlərlə uşaqlar arasında sanki bir baryer
yaranıb. Belə ki, uşaq ingilisdilli məktəbdə
oxuyur, Qərb üslubunda böyüyür, ingilis dilində
danışır, Azərbaycanın mədəniyyəti,
tarixi, adət-ənənələri haqqında tamamilə
bilgisiz olur. Bu məktəblərdə belə uşaqlar
üçün kurslar keçilir. Kurslarda uşaqlara Azərbaycan
dili, ədəbiyyatı, tarixi, coğrafiyası tədris
edilir. Bundan əlavə, uşaqlara kulinariyamız, rəqslərimiz,
milli adət-ənənələrimiz haqqında bilgilər
verilir».
K.Əliyevanın dediyinə
görə, valideynlər uşaqlarının bu kurslarda təhsil
almasında çox maraqlıdırlar. Məktəblərin fəaliyyəti
üçün lazım olan maddi vəsaiti Avropa-Azərbaycan
cəmiyyəti verir. Dərsliklər isə ölkəmizin
Böyük Britaniyadakı səfirliyinin köməyi ilə
Azərbaycandan aparılır.
«Caspian-Xəzri» cəmiyyətinin
həyata keçirdiyi ikinci böyük layihə «Sara Xatun»
qadın cəmiyyətinin qurulmasıdır. Könül
xanım bildirir ki, bu cəmiyyəti yaratmaqda da məqsədləri
orda yaşayan azərbaycanlı qadınları bir araya gətirməkdir:
«Azərbaycanlı ailələrə yaxınlaşdıqda məlum
oldu ki, qadınların biri stomatoloqdur, biri ginekoloqdur, biri
kosmetoloqdur və s. Yəni onların hər birinin öz sənəti
var. Biz də «Sara Xatun» cəmiyyətini yaratmaqla istədik ki,
bu qadınları həmin qurumda bir araya gətirək və
onlar bir-birilərinin bacarıqlarından istifadə edə
bilsinlər. Üstəlik də, birinin bir problemi olanda digərləri
ilə məsləhətləşsin və köməkli həll
etsinlər. Beləliklə, onlar getdikcə daha çox
yaxınlaşırlar və aralarında birlik yaranır».
K.Əliyevanın dediyinə
görə, təşkilatlarının həyata
keçirdiyi üçüncü layihə «Buta»
ansamblının yaradılması ilə bağlıdır:
«Hazırda mən həmin ansamblın bədii rəhbəriyəm.
Bu ansamblı yaratmaqda xüsusi bir marağımız var. Bu da
ondan ibarətdir ki, milli rəqslərimizlə,
ifalarımızla, geyimimizlə Azərbaycan mədəniyyətini
Avropada tanıdırıq. Rəqs zamanı istifadə
etdiyimiz bütün paltarları Azərbaycandan sifariş
etmişik. Qrupumuz 16 nəfərdən ibarətdir. Böyük
Britaniyanın, demək olar ki, bütün bölgələrində
çıxış etmişik. Bundan əlavə, oradakı
azərbaycanlı icmalar bizi özlərinin müxtəlif tədbirlərinə
dəvət edirlər».
Qeyd edək ki, «Caspian-Xəzri»
cəmiyyəti bu üç böyük layihədən əlavə,
kiçik layihələr də həyata keçirir. Məsələn,
bu yaxınlarda «Odlar Yurdu» cəmiyyəti ilə birlikdə «Azərbaycan
gözəli» yarışmasını keçiriblər. Bundan
əlavə, cəmiyyətin üzvləri milli
bayramımız olan Novruzu təntənəli qeyd edir,
Xocalı soyqırımı günü müxtəlif
toplantılar, tədbirlər keçirirlər.
Gələcək
planlarından da danışan K.Əliyeva bildirdi ki, «Caspian-Xəzri»
cəmiyyəti artıq Azərbaycan dilində
üçüncü məktəbi açmaq üzrədir. Bu
isə Şotlandiyada reallaşdırılır.
Sonda müsahibimiz həyata
keçirməyi planlaşdırdıqları daha bir layihə
ilə bağlı da məlumat verdi. Könül
xanımın dediyinə görə, bu layihə Londonda təhsil
alan azərbaycanlı tələbələrin himayə edilməsi
və onların valideynləri ilə əlaqələndirilməsi
üçün nəzərdə tutulur. Belə ki, cəmiyyət
üzvləri həmin tələbələrin universitetə
gedib, gəlməsinə, kimlərlə qalmasına, gün ərzində
hansı işlərlə məşğul olmasına nəzarət
edəcəklər. Bunun da nəticəsində valideynlər
Azərbaycanda ola-ola Böyük Britaniyada təhsil alan
övladlarına nəzarət edəcəklər.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 14 oktyabr.- S. 14.