"Həyatım mənim, kinematoqraf!"
Bu sözləri söyləmiş
ilk professional Azərbaycan kinorejissorunun 100 yaşı tamam olur
I yazı
Səməd Mərdanov
1909-cu ildə Tiflis (indiki Tbilisi) şəhərində anadan
olmuşdur. O, görkəmli kino və teatr xadimi Mustafa Mərdanovun
qardaşıdır. 1935-ci ildə ÜİDKİ-nin
rejissorluq fakültəsini (S.Eyzenşteynin
emalatxanasını) bitirmişdir. S.Mərdanovun institutu bitirməsi
tarixi barədə məlumat müxtəlif mənbələrdə
ayrı-ayrı rəqəmlərlə oxuculara təqdim
olunmuşdur. Məsələn,
"Kommunist" qəzetində (6 avqust 1939-cu il) bu rəqəm
1931-ci il, "Azərbaycan Sovet Ensiklopediyası"nda (1982,
Bakı, VI cild) 1935-ci il, "İstoriəya sovetskoqo kino"
fundamental kitabında (1973, Moskva, II cild) 1936-cı il qeyd
olunmuş, 1986 və 1970-ci illərdə Moskvada çapdan
çıxmış "Kinoslovar"larda isə bu barədə
ümumiyyətlə heç bir rəqəm göstərilməmişdir.
S.Mərdanovun yaradıcılığı milli kino sənətimizin
inkişafına əhəmiyyətli təsir göstərmişdir.
O, hələ tələbə ikən ilk dəfə
"Köçərilər" (1933) sənədli filmini
çəkmişdir. İlk Azərbaycan səsli kinosu və
kinokomediyalarından olan "Mavi dənizin sahilində"
(1935, quruluşçu rejissor B.Barnet, "Azərfilm" və
"Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə
istehsalı) filminin rejissorudur. Nədənsə,
"İstoriya sovetskoqo kino" kitabının 2-ci cildində
(müəllif Azərbaycan alimi N.Hacınskayadır) "Mavi
dənizin sahilində" filmində yalnız qəhrəmanlardan
birinin -Yusifin azərbaycanlı olması ilə əlaqədar
belə fikir səslənir ki, guya bu, milli film ola bilməz.
Ona görə də müəllif rejissor V.Turinin çəkdiyi
"Bakılılar"ı (1938) ilk milli səsli bədii
film hesab edir. Digər azərbaycanlı alim Ə.Əliyeva da
"Elm" nəşriyyatının çapdan
buraxdığı "Rassvet Azerbaydjanskoqo Sovetskoqo
İskusstva" toplusunda (1986) N.Hacınskayaya istinad edib belə
bir hökm verir ki, Azərbaycan kinosunun ilk səsli bədii
filmi "Bakılılar"dır. S.Mərdanovu
isə "Mavi dənizin sahilində" filminin ssenari müəlliflərindən
biri kimi təqdim etmişdir. İki studiyanın birgə
istehsalı olduğu üçün Azərbaycanda ilk səsli
bədii filmin tarixinin süni şəkildə bir neçə
il geri çəkilməsinə heç bir lüzum yox idi.
1935-ci il aprelin 23-də "Ədəbiyyat qəzeti"ndə
dərc edilmiş xəbərin son cümlələrinə
diqqət yetirək: "Bu şəkli (yəni filmi - A.K.)
"Azərkino" ilə "Mejrabpomfilm" birlikdə
çəkir. Bu, "Azərkino"nun ilk böyük səsli
şəkli olacaq". Əlavə izahata ehtiyac yoxdur.
Bundan sonra S.Mərdanov müstəqil olaraq "Kəndlilər"
bədii filminə (1939) quruluş vermişdir. Bu bədii film
Azərbaycan kinosunun qızıl fonduna daxil olmuşdur.
S.Mərdanov 1939-cu il avqustun 6-da Bakıda vəfat
etmişdir. Çox təəssüf ki, bu filmi ekranda görmək
quruluşçu rejissora müyəssər
olmamışdır.
Kinorejissor S.Mərdanovun adına bu gün kinematoqrafiya ilə
bağlı nəşrlərin səhifələrində
nadir hallarda rast gəlirik. Yalnız çox nadir hallarda
nümayiş olunan 30-cu illərdə istehsal edilmiş filmlərin
müəllifləri sırasında onun adı
görünür. Halbuki çox az film yaratmasına baxmayaraq,
onu sağlığında nəinki Azərbaycanda, həm də
keçmiş Sovetlər İttifaqında yaxşı
tanıyır və sevirdilər. Təkcə
ona görə yox ki, yaradıcılıq bioqrafiyasında bir
neçə mükəmməl filmin adı
yazılmışdı. Həm də ona görə ki, hələ
tələbəlik illərindən incəsənət aləmində
ağıllı, savadlı, yüksək mədəniyyətli
gənc sənətkar kimi tanınmışdı. Əgər
belə olmasaydı tələbə rejissoru Moskvadan
çağırtdırıb "Köçərilər"
sənədli filminin çəkilişini ona
tapşırmazdılar. Və yaxud dövrünün görkəmli
teatr rejissoru V.Meyerxold S.Mərdanovu yeni
hazırladığı "Sonuncu həlledici"
tamaşasında işləmək üçün
truppasına dəvət etməzdi.
O, Moskvada təkcə məşhur kino ustalarından
kinematoqrafın incəliklərini əxz etməklə kifayətlənmirdi,
incəsənətin başqa sahələri ilə də
maraqlanırdı. Bununla əlaqədar kinorejissor
M.Mikayılovun "Axtarışlarla keçən
ömür" məqaləsindən bir parçanı yada
salmaq yerinə düşərdi: "…Bir gün Tretyakov
qalereyasına getmişdim. Tablolardan birinin qarşısında
dayanıb baxırdım. Salonda adam çox olsa da, sakitlik idi.
Birdən Azərbaycan dilində astadan danışan bir
adamın xoş səsi qulağıma dəydi: "Nə
gözəl kompozisiya! Rənglərə bax! Adamı valeh
edir! Bu şəkil deyildir, həyatın özüdür! Əhsən
sənətkara! Kaş ki, bizim də belə rəssamlarımız
olaydı!" Dönüb baxdım. Bu sözləri öz
yoldaşına deyən gur, qara saçlı, orta boylu,
xoşsifət, sadə geyinmiş bir gənc idi. Onlara
yaxınlaşıb salam verdim. Gənc salamımı alıb
gülümsündü. Tanış olduq. Salonu gəzə-gəzə
gəlib gözəl rus rəssamı Repinin böyük bir
lövhəsi qarşısında dayandıq. Səməd iri,
qara gözlərini qıyaraq dalğın-dalğın tabloya
baxmağa başladı: -Dünyada qəribə sənətkarlar
olubdur, -dedi. Sonra məlum oldu ki, Səməd nəinki rəsmlər
çəkir, həm də musiqi ilə məşğul olur
və gözəl tar çalır…"
Azərbaycan kinosunun yaradıcılarından A.M.Şərifzadə,
A.Quliyev, M.Mikayılov ilk günlərdən onu qayğı ilə
əhatə etdilər. Bu şəxsiyyətlər hələ
o vaxt S.Mərdanovun simasında Azərbaycan kinosunun gələcəyini
görürdülər. Keçirilən hər bir
yığıncaq və konfransda S.Mərdanov barəsində
böyük yaradıcılıq potensialına malik perspektivli
sənətkar kimi danışırdılar. Nadir hallarda bunun əksi
də olurdu. 1937-ci il martın 4-də "Azərfilm"
studiyasında keçirilmiş geniş istehsalat
müşavirəsində kinooperator M.Mustafayev
çıxış edərək demişdir: "Mərdanov
burada əyləşib. Deyin görək, niyə
yaradıcı kollektiv Mərdanova diqqət yetirmir? O, 1932-ci
ildə Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Nəyə
görə beş il ərzində heç bir iş görməyib?
Beşinci ssenarini yenidən işləyir, deməli, onun qəti
iş üsulu yoxdur. Beş ildir ki, veyil-veyil gəzir. Beş
il ərzində yəqin ki, öyrəndiklərini, hətta
montajı belə unudub. Bu məsələ ilə məşğul
olmaq lazımdır".
Əvvəla
S.Mərdanov 1932-ci ildə yox, 1935-ci ildə institutu
bitirmişdir. İkincisi isə tələbəlik illərində
o, "Köçərilər" sənədli və
"Mavi dənizin sahilində" bədii (B.Barnetlə birgə)
filmlərini çəkmişdi. "Kəndlilər" haqqında
isə götür-qoy edirdi. Gələcəkdə
S.Vurğunun "Xanlar"ını, M.F.Axundzadənin
"Aldanmış kəvakib"ini ekrana çıxarmaq istəyirdi.
Diqqət verin, bu sözlər Azərbaycanda qanlı
repressiyanın tüğyan etməyə
başladığı bir vaxtda deyilirdi. İkincisi də bu
gözəl və mehriban insan haqqında "beş ildir ki,
veyil-veyil gəzir. Bu məsələ ilə məşğul
olmaq lazımdır" eyhamları ictimai kürsüdən səslənirdi.
Bu elə ağır və müdhiş dövr idi ki, bir
yandan "oxuma, tar, səni sevməyir proletar" deyilirdisə,
əks tərəfdən "oxu, tar, oxu, tar, səni kim
unudar?...misraları dildən-dilə gəzirdi. S.Mərdanovun
tarından qopan muğamın melodiyaları isə məhz bu
vaxt onun Saraykin küçəsindəki mənzilindən pərdə-pərdə
ətrafa yayılırdı.
Səməd mülayim və təmkinli bir insan idi. Onun bu xasiyyəti nəinki həyatda, elə yaradıcılığında da köməyinə çatırdı. "Boris Barnetin həyatı və filmləri" kitabında belə sətirlər vardır: "Çəkiliş qrupuna Azərbaycan studiyasının nümayəndələri daxil edilmişdi - ikinci rejissor Səməd Mərdanov, ikinci operator M.Mustafayev, iki rejissor assistenti. Bunlar seçmə adamlar idilər: gözəl, təvazökar və işə canyandıran.
Təsadüfi deyil ki, görkəmli kinorejissor T.Tağızadə ilə söhbətlərimin birində o, S.Mərdanovdan söhbət açaraq belə demişdir: "Özümüzünkülərdən mərhum rejissor S.Mərdanovun mənim yaradıcılığıma təsiri böyükdür. Çox istedadlı sənətkar idi. Heyif ki, dünyasını tez dəyişdi. O, B.Barnetlə "Mavi dənizin sahilində", özü müstəqil "Kəndlilər" filmlərini çəkmişdir. Əgər yadınızdadırsa, birinci filmin qəhrəmanı Yusifin dəniz sahilində ayağına tikan batır. O, ufuldayıb ayağını yuxarı qaldırır və klarnetdə şux Azərbaycan oyun havasının ahənginə uyğun axsaya-axsaya yeriməyə başlayır: bu, əla rejissor tapıntısı idi. Elə bilirsən bunlar Borisin ağlına gələ bilərdi? Bu, Mərdanovun tapıntısı idi. Onun filmlərində belə tapıntılar çoxdur. Bu baxımdan mən onu özümə müəllim hesab edirəm".
Səməd Mərdanovun vəfatından bir neçə gün sonra, yəni avqustun 2-də "Kino" qəzetində (Moskva) mərhumun xatirəsinə nekroloq dərc olunmuşdu. Nekroloqu Bakı və Moskva kinematoqrafçıları imzalamışdılar. Burada yazılmışdı: "Bakı studiyasının gənc kino rejissoru Səməd Haşım oğlu Mərdanov Azərbaycan xalqının istedadlı oğullarından biridir. Xəstəlik Mərdanovu "Kəndlilər" filminin çəkilişinin qızğın çağında haqladı. Səməd Haşım oğlu xəstəliyi inadla özündən uzaqlaşdırmağa çalışaraq, film üzərindəki işini ömrünün son günlərinə kimi demək olar ki, dayandırmadı. Hələ bu yaxınlarda o özünün yaradıcılıq planlarından qızğınlıqla danışırdı. O, səmimi, istedadlı, hərtərəfli biliyə malik sənətkar idi. Qoy sənətkarın ilhamı, həyatının məğlubedilməz qüvvəsi, Mərdanovun inadkarlığı və yaradıcılıq prinsipiallığı Azərbaycan kinematoqrafiyasının işçiləri üçün nümunə olsun".
Səməd Mərdanov cəmisi 29 il ömür sürdü. Bu qısa ömrün səkkiz ilini kinematoqrafa həsr etdi.Təsadüfi deyil ki, həmkarları arasında kinodan söz düşəndə o, qürur hissi ilə "həyatım mənim, kinematoqraf!" deyirdi.
Aydın
KAZIMZADƏ,
əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2009.- 14
oktyabr.- S. 11.