Azərbaycan elminin solmaz çiçəyi
… Hələ bir neçə gün əvvəldən
televiziyadakı reklam çarxları, şəhərdəki
bilbordlar bu barədə məlumat vermişdilər. Yəni maraqlanan hər kəs bilirdi ki, paytaxtımızda
«Şərq və Qərb: Ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr» adlı simpozium
keçiriləcək. Professor Aida İmanquliyevanın 70
illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi
simpoziumu həqiqətən də təkcə sözə, ədəbiyyata,
fəlsəfəyə ömür həsr edənlər
üçün yox, özünü adıçəkilən
bu sahələrə bir köynək yaxın bilənlərin
hamısına maraqlı idi. Həm Azərbaycanda ərəbşünaslıq
üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida
İmanquliyevanın elmi araşdırmaları və şəxsiyyəti,
həmçinin azərbaycandilli ədəbiyyat həvəslisinin
İbn Ərəbiyə, eləcə də XX əsr ərəb
məhcər ədəbiyyatına maraqlarını nəzərə
alsaq, simpoziuma həsr etdiyimiz yazıya həm Aida xanım, həm
də İbn Ərəbi barədə qısa məlumatlarla
başlamaq istəyirik.
«Tənqidçinin vəzifəsi zövqü
inkişaf etdirməkdir»
Birbaşa sənətə
dəxli olan bu kəlamın müəllifi bugünlərdə
70 illiyini qeyd etdiyimiz görkəmli şərqşünas
Aida İmanquliyevadır. Azərbaycan şərqşünaslığında
yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı
və ilk azərbaycanlı ərəbşünas-qadın,
elmlər doktoru Aida İmanquliyeva milli şərqşünaslıq
məktəbində çağdaş ərəb ədəbiyyatının
tədqiqinin təməlini qoyub.
1962-ci ildə o
vaxtkı Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq
fakültəsini bitirən Aida xanım 1966-cı ildə namizədlik,
1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə
edib. Azərbaycan EA
Şərqşünaslıq İnstitutunda kiçik elmi
işçi kimi fəaliyyətə başlayan Aida
İmanquliyeva elmi fəaliyyət və təşkilatçılıq
yollarında pillə-pillə institutun direktoru vəzifəsinədək
yüksəlib. Keçmiş SSRİ-də Şərşünaslıq
Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının
Tədqiqi üzrə Əlaqələndirmə
Şurasının üzvü olub. Elmi işlərilə
yanaşı, həm də sovetlər birliyində və
respublikamızda yeni ərəb ədəbiyyatı kursunun əsas
yaradıcılarından sayılır.
Çoxşaxəli və
geniş elmi fəaliyyətlə məşğul olan Aida
xanımın elmi əsərlərində Qərb və Şərq
mədəni ənənələrinin sintezi,
yaradıcılıq üslubunun inkişafı və yeni bədii
cərəyanların təşəkkül tapması
araşdırılıb. Üç monoqrafiya («Mixail Nüaymə
və «Qələmlər birliyi», M., 1975; «Cübran Xəlil
Cübran», B., 1975; «Yeni ərəb ədəbiyyatının
korifeyləri», B., 1991) və 70-dən artıq elmi məqalənin
müəllifi olan Aida İmanquliyeva Şərq
filologiyasına dair bir çox elmi əsərlərə
redaktorluq edib.
Tədqiqatçıların
qeyd etdiyi kimi, Aida xanım bu gün də beynəlxalq aləmdə
ərəb məhcər ədəbiyyatının ən
görkəmli, ən sanballı
araşdırıcılarından sayılır. Bu fikri nəinki
Azərbaycan və postsovet məkanında yaşayıb
çalışan ərəbşünaslar, hətta
avropalı mütəxəssislər, ərəb
filoloqları da etiraf edirlər.
Şair missiyası - görücü, həqiqət
carçısı və peyğəmbər missiyasıdır»
Bir qəzet məqaləsində,
daha doğrusu, möhtəşəm elmi-mədəni tədbirə
həsr olunmuş bir yazıda müsəlman
renessansının yaranışı dövründə XII əsrin
dühalarından olan, vəhdəti-vücud nəzəriyyəsinin
müəllifi İbn Ərəbi barədə geniş
danışmaq mümkünsüz olsa da, «Şərq və Qərb:
Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr»
adını daşıyan simpoziumun əhəmiyyətini
çatdırmaqdan ötrü onun barəsində eşidib
öyrəndiklərmizi oxucularımızla paylaşmaq istərdik.
«Şeyxül-əkbər»
adlandırılan İbn Ərəbinin təlimi demək olar
ki, bütün dünya xalqları tərəfindən dinlər
arasında körpü, vahid din ideyasının təməl
prinsipi kimi qəbul edilir. İbn Ərəbi təliminin izlərinə Azərbaycan ədəbi-bədii
fəlsəfi fikrində orta əsrlər dövründə də
rast gəlinir. İbn Ərəbi və Nəsimi poeziyasında
tez-tez rast gəlinən Haqqın eşqlə, eşqin gözəlliklə,
gözəlliyin də məhz insan gözəlliyi ilə əlaqələndirilməsi
əslində bütün Şərq poeziyasında ortaq ənənələrin
mövcudluğunu göstərir. İbn Ərəbinin təqdim
etdiyi «İNSAN» əslində cismani aləmin bir parçası
kimi götürülməklə yanaşı, ilahi ruhun
daşıyıcısı kimi qəbul olunur. Həm islamda, həm
də xristianlıqda qəbul olunan universal sevgi prinsipi
bütün insanlara mərhəmət və məhəbbət
çağırışından keçərək tək
Allaha məhəbbət ideyasına gətirir.
Şərq poeziyasında
gözəlliklə həqiqətin eyniyyətindən
çıxış edildiyinə görə, Haqqa
çatmaq, eyni zamanda, Xeyrə, Gözəlliyə, Ədalətə
qovuşmaq deməkdir. Dinin yüksək mənada dərk edilməsi
dini hissin məhəbbətlə, sevgi ilə eyniliyini də
üzə çıxarır.
İbn Ərəbi
«gördüyüm gözəllik idraka sığmır»
deyir. Gözəlliyin yalnız bir sıra əlamətləri
ağıl, idrak güzgüsündə əks oluna bilir,
qalanları - onun sirli-sehrli tərəfi qəlbə
çökür, ürəyi fəth edir, amma dərk oluna
bilmir. Şərq və Qərb romantik poeziyasını tədqiq
edən Aida İmanquliyeva da hisslə ağlın vəhdətinə
xüsusi əhəmiyyət verir: «Romantik şair
ağılı intuisiya ilə, hisslə birləşdirir…
dünyanı ilhamla, «bədii şəkildə» mənimsəyir».
Avropa poeziyası və
fəlsəfəsi təməlini İbn Ərəbinin
qoyduğu vəhdəti-vücud, kamil insan anlayışına
yalnız XVIII-XIX əsrlərdə gəlib çıxsa da,
bu təlimin elmi şəkildə öyrənilməsinə qərblilər
şərqlilərdən daha çox önəm vermişlər.
Ötən əsrin
yetmişinci illərində, daha dəqiq desək, 1977-ci ildə
Böyük Britaniyada, Oksfordda «Mühyiddin İbn Ərəbi
cəmiyyəti» yaradıldı. Bu cəmiyyət 1984-cü ildən
Böyük Britaniyada, 1987-ci ildən başlayaraq ABŞ-da hər
il İbn Ərəbinin yaradıcılığına həsr
edilmiş simpoziumlar keçirir. Elə bu səbəbdən
belə bir sanballı simpoziumun bizim ölkəmizdə
keçirilməsi, dünyanın adlı-sanlı şərqşünas-alimlərinin,
filosoflarının Şərqə, Azərbaycana böyük
məhəbbətlə ölkəmizə toplaşması
bizim üçün böyük şərəfdir.
«...Əsl tənqidçi cəmiyyətin tərbiyəçisi
və müəllimi olur»
Əgər insan bildiyini
öyrətməsə, onun cismani ömrü başa çatandan
sonra kimsənin yadına düşməz, rəhmətlə
xatırlanmaz. Elmin,
biliyin yaşayıb inkişaf etməyinin, çiçəklənməyinin
bir yolu da savadını özündən sonra gələn nəslə
ötürməkdir. Gənc nəslin həyatın sürəkli
ritminə uyğun olaraq nəticəsi daha tez görünən
(ötəri olsa belə) sahələrə meyilləndiyi bir
zamanda yeni nəsil şərqşünaslarını tədqiqat
işinə həvəsləndirməyin bir yolu da onları
Aida xanım kimi yorulmaz tədqiqatçılardan, alimlərdən
örnək almağa həvəsləndirməkdir.
Elə «Şərq və
Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni
əlaqələr» beynəlxalq simpoziumu ərəfəsində
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi ilə AMEA-nın Şərqşünaslıq
İnstitutunun görkəmli şərqşünas-alim,
professor Aida İmanquliyevanın 70 illik yubileyi münasibətilə
gənc tədqiqatçılar arasında keçirdiyi
müsabiqəyə yekun vuruldu.
Komitənin sədri
Hicran Hüseynova XX əsrin görkəmli
ziyalılarından, elm təşkilatçılarından
sayılan Aida xanımın şərqşünaslıq elminə
böyük töhfələr verdiyi kimi, öz
ardıcıllarını da yetişdirdiyini, gənc alimlərə
daim diqqət və qayğı ilə
yanaşdığını, onların elmi potensialının
üzə çıxmasına həmişə dəstək
olduğunu xatırlatdı. «Ərəb filologiyası sahəsində
gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri»
adlı müsabiqənin də görkəmli alimin xatirəsinə
həsr olunduğunu bildirdi.
Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər
Baxşəliyeva Azərbaycanda ərəbşünaslıq
üzrə ilk qadın filologiya elmləri doktoru Aida
İmanquliyevanın elmi fəaliyyəti ilə yanaşı,
həm də bu elm ocağına rəhbərlik etdiyi illərdə
gördüyü təşkilati işlər, yetişdirdiyi tələbələr
barədə danışdı.
Bütün bilik və
bacarığını Azərbaycan elminin tərəqqisinə
həsr etmiş Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
olunmuş «Ərəb filologiyası sahəsində gənc
alimlərin ən yaxşı elmi-tədqiqat əsəri»
adlı müsabiqədə magistr, aspirant, dissertant və gənc
alimlər iştirak edib. Nüfuzlu ərəbşünas alimlərdən, təcrübəli
elm xadimlərindən ibarət münsiflər heyəti
müsabiqəyə təqdim edilmiş 15 elmi
araşdırmadan üçünü seçərək ən
yaxşı elmi işlərin müəlliflərini müəyyən
ediblər. Birinci mükafata filologiya elmləri namizədi Bəsirə
Əzizəliyeva layiq görülüb.
«Dünyanın dərki əslində qəlbin dərinliklərindəki
gizli qatların oyanışı sayəsində mümkün
olur»
Bəşəriyyətin
ən qədim insan məskənlərindən sayılan
Qobustan bu dəfə də ömrünü Şərqə həsr
edən elm adamlarını qarşıladı… Ayın 9-da səhər-səhər
qonaqlarımıza Qobustan qoruğu oktyabr ayı
üçün nadir olan küləksiz günəşli
hava, buludsuz səma ilə «xoş gəldiniz» dedi.
Əvvəlcə
qonaqlara ingilis dilində Qobustan barədə sənədli film
göstərildi.
(Davamı səh. 5-də)
(Əvvəli səh.
4-də)
Yaşı minilliklərlə
ölçülən bu yaşayış məskəni barədə
ətraflı məlumat alandan sonra onları qədim dövrə
canlı səyahət gözləyirdi.
Əcdadlarımızın
sığınacağı olmuş mağaralar, onların
güzəranını, həyat fəaliyyətini, məşğuliyyətini,
arzularını yaşadan qayaüstü rəsmlərə
tamaşa etmək onlar üçün maraqlı idi. Dünyanın çox yerlərini
gəzmiş alimlər etiraf edirdilər ki, belə qədim
yaşayış məskənində ilk dəfədir ki,
olurlar. Amma desək ki, qavaldaşdan çıxan, səslənişinə
görə müasir zərb alətlərinin, xüsusən də
nağaranın səsindən demək olar ki, fərqlənməyən
ritmik musiqi onları valeh etdi. «Natiq» ritm qrupunun damarlarda
qanı coşduran şux ifası hər kəsi xoş ovqata
köklədi. Qobustanla belə musiqili salamlaşmadan sonra
qonaqlarımızın bəzisi hətta mahir ifaçı
Natiq Şirinovun köməyilə qavaldaşda nəsə
çalmağa, daha dəqiq desək, hansısa ritmi
tutmağa çalışdılar.
Doğrudan da, elm
adamları ilə uşaqların arasında bir oxşarlıq
var - hər şeyi şəxsən görüb sınaqdan
keçirmək həvəsi, öz əllərilə yoxlamaq
istəyi…
Lakin onların
heyranlığı Qobustanda bitmədi… Qədim dünya
sivilizasiyasından üzübəri gələn yol onları
- Azərbaycanın memarlıq incisi İçərişəhərə
aparırdı… İçərişəhəri gəzib
dolaşan qonaqlarımız bir daha əmin oldular ki, bizim məmləkətdə
insan əməyinə, elminə hörmət tarixin qədim
qatlarına olan ehtiramdan qidalanır…
«Məhəbbət və gözəllik elə mənəvi
işıqdır ki, qəlbi nurlandırır»
Elə həmin gün
«Şərq və Qərb: Ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr» mövzusunda Beynəlxalq
İbn Ərəbi simpoziumunun iştirakçıları,
elmi ictimaiyyətin nümayəndələri və elm fədaisinin
ailə üzvləri İkinci Fəxri xiyabanda professor Aida
xanım İmanquliyevanın xatirəsini yad edərək, məzarı
üstünə əklillər qoyub, gül-çiçək
dəstələri düzdülər…
Görkəmli alimin
qızı, ölkənin birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva da
anım mərasiminin iştirakçıları arasında
idi.
Anım mərasimində
çııxış edən akademik Vasim Məmmədəliyev
Azərbaycan ədəbiyyatı tarixində xususi yeri olan Aida
İmanquliyevanın həyatı, elmi irsi və
yaradıcılığı barədə məlumat verdi. Alimin
«Yeni ərəb ədəbiyyatı korifeyləri»
monoqrafiyasının keçmiş ittifaq, həmçinin Azərbaycan
şərqşünaslığında əhəmiyyətini
itirməyəcək mühüm hadisə olduğunu
xatırlatdı.
Sonra Aida xanımın və
onunla yanaşı uyuyan valideynlərinin ruhuna dualar oxundu.
«Şərqdə həyatın təkmilləşməsi
üçün yalnız qəlbin həyatı və fəlsəfi
idrakın dərinliyi bəs olmadığı kimi, mədəni
nailiyyətlər və texniki tərəqqi də hələ
insanın mənəvi və sosial dirçəlişi
üçün kifayət deyil»
Nəhayət,
10 oktyabr. Bakı, «Buta» sarayı. XX əsrin görkəmli
şərqşünas-alimi, pedaqoq, filologiya elmləri doktoru,
professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
edilən «Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr» mövzusunda Beynəlxalq
İbn Ərəbi simpoziumu işə başladı.
Azərbaycan Milli Elmlər
Akademiyasının və Böyük Britaniyanın Oksford
Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı
ilə keçirilən simpoziumda dünyanın humanitar və
ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri
olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin,
Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar
İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir,
Böyük Britaniya, Türkiyə, İran, Suriya, Əlcəzair,
Latviya, Qazaxıstan və başqa ölkələrin
tanınmış alimləri, elm adamları, ölkəmizin
dövlət və hökumət nümayəndələri də
iştirak edirdilər.
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, alimin qızı Mehriban Əliyeva da elmi məclisin
qonaqları arasında idi.
Simpoziumu giriş
sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
söylədi ki, bu tədbir mədəniyyətlərarası
dialoqun davamıdır. Simpoziumun professor Aida
İmanquliyevanın 70 illik yubileyinə həsr
olunmasının dərin rəmzi mənası var. Azərbaycan
Şərqlə Qərbin qovuşuğunda yerləşdiyindən
həm Qərbi, həm də Şərqi qavramaq
üçün nadir imkanlar mövcuddur. Azərbaycanın
ictimai həyatı və mədəniyyəti həm Şərqin,
həm də Qərbin mütərəqqi ideya və dəyərlərini
özündə yaşadır.
İbn Ərəbi Cəmiyyətinin
sədri Qrenvil Kollinz (Böyük Britaniya) təbrik
sözündə Azərbaycanda da İbn Ərəbi
yaradıcılığının geniş tədqiq
olunduğunu təqdir etdiyini söylədi.
Akademik Aleksandr Kudelin
Rusiya EA-nın prezidenti Yuri Osipovun təbrik məktubunu
simpozium iştirakçılarına çatdırdı. Prezdent
bu simpoziumu dünyada sivilizasiyalararası dialoqun məntiqi
davamı kimi dəyərləndirərək gündəliyə
daxil olan mövzuların XXI əsrdə Şərq ilə Qərb
arasında bərabərhüquqlu münasibətlərin təşəkkülünə
xidmət etdiyini də vurğuladı.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar milli ədəbiyyatımızda
Şərq-Qərb dialoqu mövzusundan bəhs edərək
qonaqların nəzərinə çatdırdı ki, Şərqdə
ilk dram əsərləri, ilk opera, ilk teatr məhz Azərbaycanda
yaranıb. Bu isə göstərir ki, Azərbaycan Qərb dəyərlərini,
Şərq ruhunu birləşdirən məkandır.
Azərbaycanda İbn Ərəbi
yaradıcılığının geniş tədqiq
olunmasını müsbət hal kimi qiymətləndirən
amerikalı professor Seyyid Hüseyn Nasr görkəmli alim Aida
İmanquliyevanın xatirəsinə həsr olunan bu simpoziumun əhəmiyyətindən
danışdı.
İslam Konfransı Təşkilatı
Parlament Assambleyasının baş katibi professor Mahmud Erol
Kılıc isə cənab Nasrın fikirlərinin davamı
kimi söylədi ki, Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının
tədqiqinə böyük töhfələr verən
görkəmli Azərbaycan alimidir. Bu simpozium isə
insanlığın, Azərbaycanın, bütün elm
adamlarının xeyrinə xidmət edən bir tədbirdir.
Aida İmanquliyevanın
qızı, Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, professor Nərgiz Paşayeva görkəmli
şərqşünasın şərəfli ömür
yolu, nəsil şəcərəsi, təhsili, elmi və
pedaqoji fəaliyyəti, təşkilatçılıq və
idarəçilik bacarığı barədə dolğun
çıxış edərək Aida xanımı şəxsən
tanımaq şərəfinə nail olmayanların xəyalında
bu xanımın sözlü portretini yaratdı.
* * *
Tam iki gün,
oktyabrın 10-u və 11-i həm «Buta» sarayında, həm də
Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
və Milli Azərbaycan Tarixi Muzeyində keçirilən
plenar və bölmə iclaslarında hətta dinləyici
qismində iştirak edənlər belə zənginləşdilər.
Ruha, qəlbə qida verən fəlsəfi düşüncəyə
yaxınlaşmaq, insanı yaradılmışların əşrəfi
səviyyəsinə yüksəldən fikirlərin
karvanına hətta piyada qoşulmaq da kamilləşməyin,
guya bizi bədbəxt edən, sıxan maddi
sıxıntıların fövqünə yüksəlməyin
yalnız elm qazanmaq, bilik əldə etmək yolu ilə
mümkünlüyünü bir daha sübut etdi.
«Gözəlliyin qavramı insanı yüksəldir və
nəcibləşdirir, onu xeyirxahlığa və təmənnasızlığa
qovuşdurur»
XX əsrdə ya ideoloji
basqının nəticəsində, ya da həyatın ritminin
itiləşməsi sayəsində Azərbaycan
insanının gözəllik və məhəbbət barədə
anlayışları xeyli deqradasiyaya uğrayaraq, praqmatikləşdi
və bəsitləşdi… Əsrlərlə nəsilbənəsil
ötürülən ən böyük sevginin Ulu Yaradana
olduğunu, ən böyük gözəlliyinsə qəlb,
ruh gözəlliyi olduğunu az qala unutduq. Bunu sürətli qərbləşmənin
boynuna yıxmaq da olar, amma hər halda… Olsun ki, bu xüsusda
bizim əsl ruhi qida olacaq əsərlərin, kamil insan
olmağa çağıran esselərin, traktatların
doğma dilimizdə yoxluğu, islam dəyərlərini din
dünyagörüşündən daha çox ibadət və
ayin kimi qavramağımız daha çox günahkardır.
Nə gizlədək,
bizim Milli Elmlər Akademiyasının Məhəmməd
Füzili adına Əlyazmalar İnstitutunda görkəmli
şair və filosof İbn Ərəbinin əlyazmalarının
saxlandığını bilmək nəinki bizim şərq
ruhlu alim qonaqlarımız üçün, elə bizim
özümüz üçün də maraqlı idi. Filosofun
«Zahiri və batini elmlər haqqında», «Örtüyün
qaldırılması» əsərlərinin əlyazmaları,
«Hərflərin sirri haqqında» əsərinin əlyazmasının
çap variantı kimi nadir nüsxələrin yaşı
350 ildən çoxdur.
* * *
Simpoziumun ikinci
günü Nizami muzeyinin böyük zalında keçirilən
bölmə iclasından sonra həmin salonda Azərbaycan və
Rusiya alimləri Səlahəddin Xəlilovun, Aleksandr Kudelinin,
Gövhər Baxşəliyevanın, Natalya Priqarinanın
maraqlı məruzələrini dinləməklə
yanaşı, həm də görkəmli şərqşünas
Aida İmanquliyevanın 70 illik yubileyi ərəfəsində
«Şərq-Qərb Tədqiqat Mərkəzi»ndə çap
olunmuş «Şərq ruhunun Qərb həyatı»,
Cübranın «Sükutun poeziyası», həmçinin
professor Səlahəddin Xəlilovun Türkiyədə
çap olunmuş «Romantik Doğu Batı meseleleri» və
Rusiyada nəşr edilmiş «Romantiçeskaya poeziya v kontekste
vostoçno-zapadnoy problematiki» kitablarının təqdimatı
oldu.
Biz də gözəl
fikirlərdən daha arxayın vaxtda təkrar-təkrar zənginləşmək
imkanından bəhrələnmək imkanını
ötürmədik.
Yeri gəlmişkən,
Moskva Dövlət Universitetinin Bakı filialının kitabxanası
da Şərq və Qafqaz tarixinə aid bir neçə kitabla
zənginləşdi. Rusiya Elmlər Akademiyasının M.Qorki
adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru,
akademik Aleksandr Kudelin həmin kitabları filialın rektoru,
professor Nərgiz Paşayevaya təqdim etdi.
«Romantiklərdə gözəllik və məhəbbət
şairin ürəyini və təxəyyülünü
işıqlandıran mənəviyyat nurudur»
«Şərq və Qərb:
Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr»
adlı simpoziumun iştirakçılarının
siyahısını biləndən sonra virtual məkanda axtarışa
çıxdım.
(Davamı səh. 6-da)
(Əvvəli səh. 5-də)
Nə gizlədim, elm
adamları barədə material tapmaq demə təkcə, bizim
doğma dilimizdə müşkül iş deyilmiş. Amma iranşünas, professor,
şairə Natalya Priqarina barədə məlumat toplamaq, onun
fars, urdu, puştu dillərində yazıb-yaratmış
böyük Şərq şairlərindən rus dilinə
poetik tərcümələrini oxumaq imkanım oldu. Üstəlik,
Natalya İliçnanın «Şərq ədəbiyyatında
romantizmə dair» məruzəsini dinləyəndən sonra bu
məlahətli xanımla qısa söhbətə mövzu
tapıldı.
- Natalya
İliçna, sizin məruzənizi diqqətlə dinlədim,
çox maraqlı paralellər aparmısız. Amma bir oxucu kimi deyə bilərəm
ki, sizin Şərq şairlərindən etdiyiniz tərcümələr
yaddaşımda iz buraxdı. Onlarda mən Sergey Yeseninin
«İran nəğmələri»nin şeriyyətini duydum…
- Bu da təbiidir… Sergey
Yesenin İranda olmamışdı, amma Şərq
poeziyasını, xüsusən də Sədini çox
sevirdi, buna görə də Sədi, Dəhləvi kimi
böyük şairlərin ruhu onun nəğmələrində
duyula bilər.
- Deyəsən, mən
fikrimi düzgün izah edə bilmədim. Sizin tərcüməniz
poetik zənginlik baxımından Yesenin poeziyasına
yaxındır…
- Çox sağ olun. Yəqin
Şərq poeziyasını Yesenin qədər sevdiyimdən tərcümələrim
sizə bu cür təsir bağışlayıb.
- Ola bilər. Amma mən
istərdim ki, siz bir şərqşünas-alim kimi iştirakçısı
olduğunuz simpozium barədə də fikirlərinizi
bölüşəsiniz.
- Dinlədiyim mühazirələr
məndə belə bir fikir doğurdu ki, qədim və
müasir dövrlərin arasında heç bir fərq yoxdur. XII
əsrdə yaşamış İbn Ərəbi XXI əsrdə də aktualdır.
Mənim fikrimcə, Şərq mədəniyyətində, o
cümlədən islam mədəniyyətində zaman bizim
alışdığımız sürətlə keçmir…
Bu mədəniyyətdə bir zaman meyarı var - əbədiyyət.
Odur ki, bu mədəniyyətin ayrılmaz və əsas
parçası olan Şərq poeziyası da əbədidir.
- Bildiyimə
görə, siz həm də Aida xanımla şəxsən
- Yox, biz,
sadəcə, həmkar,
«Romantiklər
dünyanı ilhamla, yaradıcı şəkildə tərənnüm
edir, hadisə və predmetlərin üzərindən adilik pərdəsini
götürərək, onların arxasındakı gözəlliyi
aşkara çıxarırlar»
Görkəmli
şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru,
professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
edilən «Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr» mövzusunda Beynəlxalq
İbn Ərəbi simpoziumu başa çatdı və tarixi
fakta çevrildi. Hər bir
mühüm tədbir araşdırmalar, tədqiqatlar zəncirində
bir mərhələyə yekun vurub, yenisinə təkan verməlidir.
Bu səbəbdən də adı çəkilən
simpoziumdakı bölmə həmsədrlərindən biri,
AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun
fikirlərini öyrənmək məqsədilə simpoziumun
ertəsi günü onun rəhbərlik etdiyi «Şərq-Qərb
Tədqiqat Mərkəzi»nə yollandıq. Səlahəddin
müəllim öz fikirlərini «Mədəniyyət» qəzetinin
oxucuları ilə bölüşdü:
- Bəli,
simpozium başa çatdı, çox maraqlı məruzələr
dinlənildi… Kütləvi informasiya vasitələri də tədbiri
geniş işıqlandırdılar. Amma məncə, görkəmli alim Aida
İmanquliyevanın irsinin öyrənilməsi yubiley
münasibətilə görülən işlərlə bitməməlidi.
Həmin elmi məclisdə iştirak edən insanlar, xüsusən
də dünyanın müxtəlif ölkələrindən
gəlmiş alimlərlə təmasda olmuş, onları dinləmiş
ali məktəb müəllimləri eşitdiklərini öz
tələbələrinə də
çatdırmalıdırlar. Elmi ictimaiyyət belə bir
böyük tədbirdən sonra müasir Azərbaycan fəlsəfəsinin,
ədəbiyyatının gələcək inkişaf istiqamətlərini
müəyyənləşdirmək üçün ortaq fikir
məxrəcinə gəlməlidir. Simpoziumda təqdim edilən
kitablardan dərs prosesində necə istifadə edilməsi barədə
də düşünmək lazımdır. Çünki
ölkədə keçirilən hər hansı yüksək
səviyyəli, beynəlxalq miqyaslı tədbirdən həm
təhsildə, həm mədəniyyətdə, həm də
gənclərin mənəvi tərbiyəsi baxımından
faydalanmaq lazımdır. Əslində bütün bunlar
böyük miqyasda mədəniyyət hadisəsidir. Bu hadisə
də davamlı proses olmalıdır ki, elmimiz, mədəniyyətimiz
daha geniş planda faydalana bilsin. Gənclərimizin
dünyagörüşünün genişlənməsi,
onların elmi axtarışlara həvəsləndirilməsi
üçün belə imkanlardan maksimum bəhrələnmək
lazımdır.
Söhbətimizin
bu yerində simpoziumun qonaqlarından ikisi «Şərq-Qərb
Tədqiqat Mərkəzi»nə gəldilər. Professor Pol Ballanfat (Fransa) və professor
Bəkri Əlaəddin (Suriya). Şən xasiyyətli,
zarafatcıl müsyö Ballanfat öz cazibəsi ilə sakit
təbiətli suriyalı həmkarının
danışmasına heç imkan vermədi. Hələ bu
harasıdır, doğma fransızcasında bizim fikir söyləmək
cəhdlərimizi mədəni surətdə kəsərək
Türkiyə türkcəsində danışmağı
xoşladığını bildirdi. Son iki ildə
İstanbulun Qalatasaray Universitetində çalışan
müsyö Pol Ballanfat sufizmlə, təsəvvüflə
daha çox maraqlanır. İslam dönəmində
formalaşan dünyagörüşünün Qərbə təsirini
öyrənir.
- Müsyö Pol, bəlkə
simpozium barədə fikirlərinizi söyləyəsiniz?
- Bilirsiniz,
bütün konfranslarda xeyli maraqlı fikir eşidirsən,
özün də çıxış edirsən, amma
eşitdiklərin barədə fikir söyləməyə,
elmi müzakirələr açmağa imkan olmur. Buna görə də, mən
qatıldığım bütün konfranslarda çıxışlardan
kənar müzakirələrə, tanışlıqlara daha
çox önəm verirəm. Azərbaycan mədəniyyəti,
elmi üçün belə konfransların keçirilməsi,
böyük alimlərin buraya gəlişi hadisədir.
Düzünü deyim ki, sizin müsafirpərvərliyiniz,
kübarlığınız məni elə məftun edib ki, simpoziumdakı
məruzələr barədə fikirlərim pərən-pərən
düşüb.
- Deməli, Azərbaycana ilk gəlişinizdi?
- Əvət. Dəvət edərsinizsə,
yenə gələrəm. Düzünü deyim ki, Azərbaycanda
daha çox qalmaq, Bakını, bölgələri gəzmək
istərdim.
- Müsyö Pol, kənardan baxanda
Azərbaycan necə görünür?
- Azərbaycan
mənim üçün indiki coğrafi sərhədlərinə
sığmayan ölkə kimi maraqlıdır. Sizin ölkənizi Türkiyə ilə
müqayisə etməzdim. Azərbaycan Qərb və Şərq
sivilizasiyalarının qovuşuğundadır, burada milliliyin,
qafqazlılığın, İranın və
türkçülüyün təsiri altında tamam yeni,
ümumtürk məkanındakına bənzəməyən
bir mədəniyyət yaranıb.
- Siz də
digər qonaqlarımız kimi «Leyli və Məcnun»a tamaşa
etdinizmi?
- Yox,
düzünü deyim ki, operaya baxmadım. Mən Məcnun
olub öz Leylamı bulmaq istərəm…
- Nə deyək,
sizə uğurlar!
-
İnşaallah, gələn səfərlərimdə fikirlərimi
türk dilində daha səlist çatdıraram!
- Siz tez-tez
gəlin, biz sizə Azərbaycan türkcəsini də öyrədərik!
- İnşaallah!
* * *
Gözəl
xasiyyətli, gözəl görünüşlü
insanları yalnız kədərlə xatirlamazlar. Onsuz da kim bilmir ki, mələk xislətli
insanlar bu fani dünyada çox yaşamır? Xeyirxah məramlarını
Allah rizası ilə yerinə yetirib, yaxşı ad
qazanıb, xoş xatirə qoyaraq, elə bir gün də mələk
kimi qanad çalıb haqq dünyasına qovuşurlar. Qədim
inklərin inançına görə gözəl qadınlar
bu dünyanı vaxtsız tərk edəndə yer
üzündə yeni bir çiçək peyda olur. Həmin
çiçək ömrünü yaşatdığı
xanımın xislətinə uyğun missiya
daşıyır. Ya acı dadır, ya şirin ətirli, ya
da şəfalı bitki kimi dərdlərə dərman olur.
Görən, Aida xanım İmanquliyevaya bu inancın
prizmasından baxsaq, onu hansı çiçəyə bənzətmək
olar… Məncə, o, Azərbaycan elminin solmaz çiçəyidir.
Əbədi dəyərlərin öyrənilməsinə
ömür həsr etmiş gözəl xanımın xislətinə
yaraşan çiçək.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2009.-14 oktyabr.- S. 4;6.