Mədəniyyət və dialoq
İslam Konfransı Təşkilatına üzv
dövlətlərin Mədəniyyət Nazirlərinin VI
Konfransında əsas muzakirə mövzusudur
Tədbirə Şimali
Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş,
Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair,
Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən Ərəb
Respublikası, Tatarıstan, Başqırdıstan, Xakasiya və
digər ölkələrin mədəniyyət nazirləri,
İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının
rəhbəri, Oman Respublikası kral ailəsinin üzvü, mədəniyyət
naziri, İSESKO, İRSİKA, Avropa Şurası və
TÜRKSOY təşkilatlarının baş direktorları,
Avstriya, Vatikan və Gürcüstanın mədəniyyət
nazirliklərinin nümayəndələri, bir sıra
universitet və akademiyaların rəhbərləri, bir
çox beynəlxalq təşkilatların Azərbaycanda
akkreditə olunmuş nümayəndə və səfirləri,
Azərbaycan hökumətinin nümayəndələri
qatılıb. Konfransın
işində 45-dən çox dövlətdən 25 nazir, 11
nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi
- ümumilikdə 200-dən çox qonaq iştirak edir. Tədbirdə
əvvəlcə Qurani-Kərimdən ayələr oxundu.
Sonra baş nazirin birinci
müavini Elçin Əfəndiyev ölkə
başçısı İlham Əliyevin konfrans
iştirakçılarına təbrik məktubunu oxudu.
Dövlət
başçısı məktubunda 2009-cu il üçün
Bakının İslam mədəniyyətinin paytaxtı elan
edilməsini müxtəlif sivilizasiyaların qovuşağunda
yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə
verilən yüksək qiymət kimi dəyərləndirir: «
Bu il ərzində gerçəkləşən tədbirlər
İslam Konfransı Təşkilatı çərçivəsində
mədəni əlaqələrimizin inkişafına layiqli
töhfələr vermiş, bir daha Azərbaycanın
böyük İslam mədəniyyətinin
formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb
etmişdir.
Respublikamızda hökm
sürən tolerantlıq mühitini biz böyük tarixi
nailiyyətimiz kimi dəyərləndirir, bu ənənələri
davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər
arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət
yetiririk. Əminəm ki, sizin konfransınız da müxtəlif
sivilizasiyaların ortaq mənəvi-mədəni dəyərlərə
əsaslanan səmərəli əməkdaşlıq səylərinə
köməyini əsirgəməyəcəkdir.
Azərbaycan
özünün maddi və qeyri-maddi mədəni irsinin
qorunması və təbliğinə dair beynəlxalq
miqyaslı bir çox layihələri həyata keçirir. Lakin iyirmi ildən
artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində erməni
silahlı birləşmələri tərəfindən
işğala məruz qalmış torpaqlarımızdakı
İslam mədəniyyətinə aid bütün nümunələr,
o cümlədən dini məbədlər, məscidlər və abidələr
dağıdılmışdır. Məruz
qaldığımız bu təcavüzlə bağlı
olaraq daim İslam Konfransı Təşkilatına üzv
dövlətlər tərəfindən Azərbaycanın haqq
mövqeyinin dəstəklənməsi ölkəmizdə həmişə
təqdirlə qarşılanmışdır».
Məktubda konfransın
İslam dünyası mədəniyyətinin aktual məsələlərinə
dair ətraflı müzakirələr aparılacağına,
ölkələrimiz və xalqlarımız arasında
qarşılıqlı mədəni əməkdaşlığın
yeni inkişaf yollarının müəyyən ediləcəyinə
inam ifadə olunur.
Məktubun oxunuşundan
sonra çıxış üçün söz İslam
Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə
verildi. Nitqinə
yüksək təşkilatçılığa və qonaqpərvərliyə
görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan
xalqına təşəkkürlə başlayan qonaq mədəniyyətlərin
qovuşuğunda yerləşən Azərbaycanın
sivilizasiyalararası dialoqa böyük töhfələr
verdiyini dedi. Ölkəmizin İSESKO ilə əməkdaşlığını yüksək
qiymətləndirən Əbdüləziz bin Osman əl-Tuveycri
ölkəmizin müdrik rəhbəri ilə daha da
böyük uğurlar qazanacağına inam ifadə etdi.
İKT-yə üzv
ölkələrin mədəniyyət istiqamətində əlaqələrinin
daha dərinləşməsi üçün bir neçə
proqram hazırlandığını diqqətə
çatdıran baş direktor, eyni zamanda, turizm sahəsində
də əməkdaşlığı genişləndirməyin
əhəmiyyətini vurğuladı.
Əbdüləziz bin
Osman əl-Tuveycri İslam Konfransı Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
VI Konfransının mədəniyyət sahəsində əməkdaşlığı
dərinləşdirmək baxımından əhəmiyyətini
vurğuladı.
İslam Konfransı Təşkilatına
üzv dövlətlərin Mədəniyyət Nazirlərinin
V Konfransına sədrlik etmiş Liviyanın mədəniyyət
idarəsinin baş komitəsinin rəhbəri Nuri Əl Həmidi
çıxışına «İslam mədəniyyəti bəşəriyyət
üçün mayakdır» cümləsi ilə başlayaraq
konfransa sədrlik etdikləri müddətdə görülən
işlərdən danışdı. Natiq İslam mədəniyyətinin
inkişafı və təbliği istiqamətində qarşıda
görüləcək işlərin çox olduğunu da
diqqətə çatdırdı. Sonra İslam ölkələri
mədəniyyət nazirlərinə sədrliyin Liviyadan Azərbaycana
keçdiyi elan olundu.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev müzakirələrdə
İslam irsinin qorunması məsələsinə xüsusi
diqqət ayrılmasının vacibliyini bildirərək,
ölkəmizdə tarixi irs nümunələrinin qorunması
istiqamətində tədbirlərin ən yüksək səviyyədə
keçirildiyini dedi: «Bu gün isə biz İslam mədəniyyəti
tarixində və islam xalqlarını mədəni həyatında
çox mühüm bir hadisəni - nazirlər
konfransını keçiririk. İnanıram ki, burada
müzakirə olunan məsələlər müsəlman
xalqlarının həyatında inkişafa doğru yeni pəncərə
açacaq və qəbul ediləcək qərarlar ölkələrimiz
arasında əməkdaşlığın daha da dərinləşməsinə
öz töhfələrini verəcəkdir.
Konfransın ən
yüksək səviyyədə təşkil edilməsində
göstərdiyi dəstəyə görə mən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü
bildirmək istərdim. Prezident İlham Əliyevin konfrans
iştirakçılarına ünvanladığı
müraciətində səslənən fikirlər bir daha təsdiqləyir
ki, Azərbaycan dövlətinin siyasətində İslam
dünyası ilə əməkdaşlıq prioritet istiqamətlərdən
biridir.
Ölkəmizin
İSESKO ilə əməkdaşlığının
inkişafında hər iki tərəfin
qarşılıqlı təşəbbüsləri
mühüm rol oynayır. İSESKO-nun dəstəyi ilə «Bakı-İslam Mədəniyyətinin
Paytaxtı - 2009» Mədəniyyət ili paytaxtımızda il
boyunca bayram kimi qeyd olunmaqdadır. Bununla əlaqədar olaraq
«Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009» Mədəniyyət
ilinin proqramına 100-dən artıq milli və beynəlxalq
miqyaslı tədbir daxil edilmişdir.
Tədbirlər
sırasında cənab Prezident İlham Əliyev və cənab
Əl-Tuveycrinin iştirakı ilə keçirilən Mədəniyyət
ilinin açılış mərasimi, Beynəlxalq Muğam
Festivalı, Azərbaycanda Mərakeş
Krallığının, Qətər dövlətinin, İordaniyanın
Mədəniyyət Günləri, «Şərq-Qərb» Beynəlxalq
Kinofestivalı, İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin Milli Kitabxana direktorlarının II
Konfransı, İSESKO-ya üzv dövlətlərin, Şərq-Qərb
Beynəlxalq Rəqs Festivalı, İslam Mətbəxi I Beynəlxalq
Kulinariya Festivalı, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
və İslam Konfransı Təşkilatına üzv dövlətlərin
Mədəniyyət Nazirilərinin VI Konfransı, Türkdilli
dövlətlərin mədəniyyət nazirlərinin
toplantısı və digərləri mühüm yer tutur. Bununla
yanaşı, müxtəlif sahələrdə bir sıra
regional və milli seminarları da qeyd etmək olar. Ümumilikdə
bütün Azərbaycan xalqı bu bayram tədbirlərini
öz həyatında hiss edir və islam dəyərlərinin
xalqımızın mədəniyyətinin
formalaşmasında oynadığı rolu yüksək qiymətləndirir.
Bildiyiniz kimi, 2008-ci ilin
2-3 dekabr tarixində Bakıda Azərbaycan Hökuməti və
Avropa Şurasının birgə təşkilatçılığı
ilə «Mədəniyyətlərarası dialoq: Avropa və
onun qonşu regionlarında sülhün və davamlı
inkişafın əsasıdır» mövzusunda Avropa və
onun qonşu regionlarının mədəniyyət nazirlərinin
konfransı keçirilmişdir. Konfransda Azərbaycanın təşəbbüsü
ilə İSESKO-ya üzv olan 10-a yaxın dövlət və
islam təşkilatları iştirak etmişdir. Konfransda
müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqini nəzərdə
tutan Bakı Prosesinin əsası qoyulmuş və biz qərara
almışdıq ki, bu ənənəni davam etdirərək
bugünkü konfransa bir sıra Avropa dövlətlərini dəvət
edək.
Mən çox şadam
ki, burada həmçinin bir sıra Avropa dövlətlərinin
nümayəndələri və xarici dövlətlərin Azərbaycandakı
səfirlikləri təmsil olunurlar».
Bu gün ölkəmizin
öz inkişaf dövrünü yaşadığını
və bu inkişafın bütün sahələrdə
özünü göstərdiyini diqqətə
çatdıran natiq dövlətimizin öz imkanlarından
istifadə edərək mədəniyyət sahəsində
islahatlar həyata keçirdiyini, bütün mədəniyyət
müəssisələrində yenidənqurma və bərpa
işlərinin aparıldığını, onların ən
müasir texnologiyalarla təchiz edilməkdə olduğunu da
konfrans iştirakçılarının diqqətinə
çatdırdı: «Biz bu istiqamətdə həm Avropa
dövlətlərinin, həm də İslam ölkələrinin
təcrübələrini öyrənir və müvafiq
formada onu tətbiq etməyə çalışırıq.
Bununla yanaşı, biz
müzakirələrimizdə İslam irsinin qorunması məsələləri
üzərində də dayanmalıyıq. Bu irsin qorunması bizim tariximizə və
bu günümüzə verdiyimiz dəyərdir. Biz bunu birlikdə
etməliyik. Azərbaycan dövləti öz daxili siyasətində
islam mədəniyyətinə aid bütün abidələrin,
tarixi irs nümunələrinin qorunması və mühafizəsi
istiqamətində ən yüksək səviyyədə tədbirlər
həyata keçirir. Təəssüflər
olsun ki, biz bu tədbirləri ölkəmizin bütün ərazisində
həyata keçirə bilmirik. Çünki - sizə də
məlum olduğu kimi, Azərbaycan torpaqlarının 20%-i Ermənistan
tərəfindən işğal edilmiş və orada İslam
mədəniyyətinə aid bütün muzeylər, məscidlər,
abidələr dağıdılmışdır. Mən
xüsusi ilə vurğulamaq istərdim ki, həmin mədəniyyət
nümunələri tək Azərbaycan xalqının deyil,
bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə
aiddir. Bu, bəşər mədəniyyətinə
qarşı təcavüzdür. Biz bu kimi məsələlərə
bu prizmadan yanaşmalı, birgə tədbirlər həyata
keçirməliyik.
Ona görə də mən
təklif edərdim ki, Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Dağlıq Qarabağ və ətraf
rayonlarında islam mədəniyyətinə aid abidələrə
qarşı vandalizm fəaliyyətləri pislənməli və
konfransın yekun sənədində bununla bağlı
müvafiq bəndlər öz əksini tapmalıdır. Əminəm ki,
İslam ölkələri həmişə olduğu kimi bu təklifin
qəbul edilməsində həmrəylik nümayiş etdirəcəklər.
Çünki müəyyən tarixi dövr ərzində bu
və ya digər xalqın milli düşüncəsinin, həyat
tərzinin əsas parçası olan mədəniyyət -
maddi və
qeyri-maddi formalarda cəmiyyətin ən ali dəyərlərini
ifadə edərək nəinki tarixlə, bugünü,
keçmiş nəsillərlə indiki nəsilləri, eyni
zamanda müxtəlif xalqların mənsub olduqları
sivilizasiyaları bir-birinə qovuşdurur. Bunu
tarixən yüksək estetik məzmuna malik sərvətləri
yaradan islam dəyərləri ilə yanaşı, ümumən
dünyanın qədim və çağdaş mədəniyyətlərini
özündə birləşdirən Azərbaycan mədəniyyətinin
timsalında aydın görmək olar.
İslam mədəniyyəti
bizim xalqlarımızın tarixi keçmişi, bu
günü və gələcək həyatıdır. Bu həyatı quranlar və bu həyatı
yaşayanlar özümüz olduğumuz üçün onun
dəyərli olması məqsədilə birgə
çalışmalı və konkret tədbirlər həyata
keçirməliyik. Bu istiqamətdə İslam
dünyası üçün müştərək mədəniyyət
strategiyası qarşılıqlı əməkdaşlığın
nəzəri əsaslarını müəyyənləşdirir
və mən həmin sənədi hazırlayan - başda cənab
Əl-Tuveycri olmaqla, İSESKO katibliyinə təşəkkür
etmək istərdim.
İslam milyonlarla insanın inandığı, etiqad
etdiyi dindir. Din isə mədəniyyətdir. Çünki mədəniyyət bizim hər
birimizin düşüncə tərzini, həyata
baxışını, mənəvi prinsiplərimizin və ən
əsası - daxili dünyamızın dəyərini müəyyənləşdirən
məfhumdur. Bu baxımdan mədəni əlaqələr
xalqların bir-birini yaxından tanımasına, hörmət
etməsinə və bir-birini qəbul etməsinə əhəmiyyətli
təsir göstərir. Mədəniyyət
sahəsi yeganə sahədir ki, onun mənbəyi heç vaxt
tükənmir, əksinə, daimi yeniləşən nəsillər
onu zənginləşdirir və əməkdaşlıq
üçün hər zaman əsaslar yaradır.
Qeyd etdiyim bu
faktorları nəzər alaraq, Azərbaycan dövləti
bütün islam ölkələri ilə mədəniyyət
sahəsində əməkdaşlıq etməkdə
maraqlıdır və bizim İslam ölkələrinin əksiyyəti
ilə həm ikitərəfli, həm çoxtərəfli
formada sıx və nümunəvi əməkdaşlığımız
mövcuddur».
Nazir həmçinin mədəni
turizm və mədəniyyətlərarası dialoq məsələlərinin
müzakirəsinin, bununla bağlı səsləndiriləcək
təklif və təşəbbüslərin ölkələrimiz
və xalqlarımız arasında əməkdaşlıq
üçün yeni imkanlar açılmasına səbəb
olacağına əminlik ifadə etdi. Bu baxımdan mədəni
turizm xalqların bir-birini tanımasına, bir-birilərinin mədəniyyətlərini
öyrənməsinə şərait
yaratdığını diqqətə çatdırdı.
Bu yöndə fəaliyyətin
digər mühüm istiqaməti mədəniyyətlərarası
dialoqla bağlı olduğunu deyən nazir əldə olunan hər
hansı irəliləyişi ümumilikdə xalqların və
millətlərin mənafeyinə xidmət kimi dəyərləndirdi.
İSESKO-nun nümayəndəsi
Abdel Moez Bouxari isə çıxışında Azərbaycanın
İslam mədəniyyətinin tarixində özünəməxsus
yeri olduğunu vurğuladı. Milli və müasir sivilizasiyaların qovuşuğunda yerləşən
ölkəmizin İslam mədəniyyətinə əvəzsiz
töhfələr verdiyini bildirdi. Natiq təhsil sahəsində
əməkdaşlığa diqqətin
artırılmasının vacibliyini vurğuladı: «Bakı konfransında mədəniyyət, mədəniyyətlərarası
dialoq, mədəni turizm, incəsənət, mədəni irs
və digər sahələrdə regional və beynəlxalq
layihələrin həyata keçirilməsinə təşəbbüs
göstərməli və bu sahələrdə olan problemlərimizin
həlli istiqamətində konkret addımlar
atmalıyıq».
Avropa
Şurasının Mədəniyyət və Mədəni
İrs Direktorluğunun rəhbəri Robert Palmer isə
müzakirələrdə irəli sürülən fikirlərin
müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə
öz töhfələrini verəcəyinə əmin
olduğunu dedi: «Bunun üçün biz real işlər və
konkret tədbirlər həyata keçirməliyik. Biz artıq “Dialoq Paytaxtı”
ideyası üzərində düşünməliyik.
Bakı şəhəri “Dialoq Paytaxtı” statusunu ilk olaraq
öz üzərinə götürə bilər. Bu,
böyük məsuliyyətdir, çünki bu statusun
vacibliyini təsdiqləmək böyük məsuliyyət tələb
edir. İnanıram ki, bu təklif iştirakçılar tərəfindən
müsbət qiymətləndiriləcək. Azərbaycan
dövləti bu təşəbbüsləri daha da inkişaf
etdirərək 2011-ci ildə “Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu” təşkil edəcək. Mən hər birinizi bu
qlobal təşəbbüsə dəstək verməyə və
təşkilində yaxından iştirak etməyə dəvət
edirəm”.
Qarşılıqlı
əməkdaşlıq, əlaqələrin sonrakı
inkişaf tendensiyasının görülən işlərə
nəzərən müzakirə edildiyi dəyirmi masanın
ardınca konfrans iştirakçıları İslam
dünyası üçün mədəni strategiyanın həyata
keçirilməsi sahəsindəki səylər barədə
müzakirələr apardılar.
Dialoq və mədəni
müxtəliflik məsələlərinə geniş diqqətin
ayrıldığı konfrans öz işinə oktyabrın
15-də yekun vuracaq.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2009.- 14 oktyabr.- S. 2.