Son gediş
Həyatda məni tanımayanlar tanıyanlardan, mənim
tanımadıqlarım isə, tanıdıqlarımdan
çoxdur. Elə həyatın qəribəliyi və gözəlliyi
də bundadır; bir gün tanımadığın,
varlığı haqqında anlayışın
olmadığı insanlar sənin rastına
çıxır, tanışına çevrilir, dostluğun
yaranır, möhkəmlənir və hətta sənin gələcək
yaşamında müstəsna rol oynayır. Taleyinin yolunda
izini salır və gözləmədiyin bir anda həyatdan
köçüb gedir. Gəlişi kimi, gedişinin də sənin
taleyinə dəxli olur. Öz adındakı mənaya
uyğun Köçəri kimi, kinooperator Köçəri Məmmədov
sayaq. Həcc ziyarətində olduğu üçün
hamı hörmətlə ona Hacı da deyirdi. Mənim ona
xitabım isə, sadəcə "Köçəri
dayı" idi.
Mən kinostudiyaya gələnə
qədər onu tanımırdım. Özünü göz
önündə, diqqət mərkəzində
saxlamağı sevən adam deyildi. Tanışlığımız
da uzun sürmədi - cəmi 7-8 ay iş
yoldaşlığımız oldu. Onun haqq dünyasına qəflətən
köçməsi isə mənimçün uzun bir gözlənilməzlik,
ağır bir mənəvi zərbə oldu. Onun
dünyasını dəyişməsi, sanki dadını bilmədiyim
ata duyğusunu, valideyn məsuliyyətini mənə azca
daddırıb, dərhal da bundan amansızcasına imtina
etmiş kimi oldu.
Mən onu az
tanıdım. Çox az. Ancaq bu "az", onun şəxsiyyəti,
kimliyi haqda dolğun təsəvvür yaratmağa, onun
qarşısında mənəvi borcumu ödəməyə
kifayət etdi. İllər ötəcək, amma onun
üstümdəki haqqı unudulmayacaq.
Haqqında daha
dolğun, daha səmimi təəssüratlarını
bölüşmək üçün, onu məndən daha
yaxşı tanıyanlara - uzun illər bir yerdə
çörək kəsdiyi, iş
bölüşdürdüyü, ağrılı da, sevincli
də günlərinin şahidi olan dost-tanışlarına
müraciət etdim.
Xamis Muradov – kinorejissor
- Köçəri Məmmədov
mənim gözümün qarşısında
böyüyüb. Onun böyük qardaşı
Tofiqlə bir yerdə oxumuşuq. İnstituta gəldiyimiz ilk gündən dostluq münasibəti yaranıb və bu münasibət təxminən 47 ildir davam edir. Bu
dostluq ailəvi münasibətə keçib.
Köçəri bizdən
5-10 bayram kiçik idi. Səfalı Cədəbəydə doğulmuşdu.
Onların evində çox olmuşam. Həmişə deyirdim, mən həm qaxlıyam, həm də gədəbəyli.
Ata-anasını yaxşı tanıyırdım.
Xeyir-şərlərində
həmişə iştirak
etmişəm.
Kinostudiyaya gələndə
əvvəl başqa şöbədə işləyirdi,
sonra biz onu elmi-kütləvi,
sənədli filmlər
birliyinə assistent götürdük. Operator
kimi ilk işi mənimlə olub, bu peşədə
formalaşmasında köməyimi
əsirgəməmişəm. Çox çəkilişlərdə
yol yoldaşı olmuşuq. Mənimçün
sənətkarlıqla insanlıq
eyni dərəcədədir.
Ona görə də mən Köçəriylə işləməyə
daha çox üstünlük verirdim.
Vısotskinin bir
sözü var, deyir, dost o deyil ki, çörək kəsirsən,
yola çıxırsan, birgə iş görürsən,
dost odur ki, ona kəndiri etibar edib alpinist kimi dağa
dırmaşa bilirsən. Çünki o
kəndiri buraxsa, həyatın məhv olar. Bu baxımdan mən hacı Köçəriyə çox
etibar edirdim.
Onun işə münasibəti, milliliyi həmişə özünü
büruzə verib. Həmişə çox axtarışda idi. Bir kadrdan ötrü,
lazımdırsa, dağa
da dırmaşırdı,
suya da girirdi.
Yadımdadır ki,
"Aşıq Ələsgər"
filminin bir epizodunu Tərtər çayında çəkirdik.
Gəlin paltarında bir xanım şəlalənin altından
keçməliydi. Heç
bir qız ora girməyə cəsarət etməzdi. Köçəri özü
gəlin paltarını
geyinib suya girdi…
Mən kinostudiyaya direktor gələndə, Köçəri başqa
yerdə işləyirdi.
Onu studiyaya yenidən cəlb etdim. Onun xəmiri
kinostudiyada yoğrulmuşdu,
burda özünü daha yaxşı hiss edirdi. Operator
şöbəsinin rəisi
idi. Köçəri
ilə hər görüş xoş idi, bizi Həcc
yoldaşlığı da
birləşdirirdi. Biz
onunla Ərəfat düzənliyində, Məkkə-Mədinə ziyarətində
yan-yana durub dualar etmişik.
Yəqin onunla yenə
görüşəsiyik; Həcc qardaşları istər bu
dünyada, istər o dünyada - bir yerdə olurlar...
90-cı illərdə kinostudiyada
bir ştab yaratmışdım (onda "Salnamə" sənədli
filmlər) studiyasına rəhbərlik edirdim). Hadisələrin gedişi bunu tələb edirdi və biz müharibəni lentə almalıydıq. Gündüzlər hamımız
işləyirdik, axşamlar
isə kinostudiyada növbətçi qalırdı
ki, təcili çəkiliş lazım
ola bilər. Yanvarın 19-da studiyada işləri yerbəyer edib getdik evə.
Saat 9 idi, mənə zəng etdilər ki, ordu Bakıya girəcək. Onda biz Köçəriylə
Əhmədlidə olurduq.
Tez Köçərini
çağırdım ki,
gəl, məni də götür, gedək. Karl Marks heykəlini keçəndə artıq
güllələr atırdılar.
Gəldik gördük
studiyada camaat bizi gözləyir. Tez adamları bölüşdürdük, hərəni
bir tərəfə yolladıq. Köçərinin
payına filarmoniyanın
yanı düşdü.
Sonra film elədik: "Azadlığa gedən yol". O dövrdə AzTV-ni partlatmışdılar,
hadisələri lentə
alan ancaq
"Salnamə" studiyası
idi. Bu tarixin
çəkilməsində Köçərinin də
danılmaz xidməti oldu.
Eldar Quliyev - kinorejissor
- Çox peşəkar
operator idi. Rejissorun fikrini yaxşı
başa düşürdü.
Kömək edirdi, onda
"yox" və ya "eləmək olmaz" sözü yox idi. Lazım olanda vertolyota da qalxırdı, tankın altına da girirdi. Çox dinamik, aktiv, zövqlü və məsuliyyətli kinoçu
idi.
Biz Köçəriylə
bir neçə sənədli film hazırladıq - "Vətənin
keşiyində", "Mədəniyyətimizin hamisi". İnsan
kimi çox ürəyi açıq idi, həmişə
adamı görəndə üzü gülürdü.
O, çəkiliş texnikası
sexinə rəhbərlik
edirdi. Tez bir zamanda oranı səliqəyə
saldı, hər şeyə hazır və hazırlayan idi. Kinostudiyanı ürəkdən sevirdi. Bu, çox
vacibdir. Çox təəssüf
ki, bir qism
insanlar var, kinostudiyaya vurula bilmirlər, ancaq Köçəri kinostudiyanı
çox sevirdi, öz sənətini sevirdi.
Sərdar Vəliyev – kinooperator
Biz Köçəriylə
dost-qardaş olmuşuq, uzun illər bir yerdə işləmişik.
1968-ci ildə kinostudiyaya gələndə
cavan bir oğlan idi. Mənim assistentim olarkən rayonlara gedirdik. Sonra operator vəzifəsinə gəldi,
bir yerdə işlədik. Onunla birlikdə
səkkiz sənədli
film çəkmişik.
Hər bir insana yaxşılıq
eləməyə çalışırdı.
Bu studiyada kimdən
soruşsanız, belə
deyəcək.
Dostluqda, qardaşlıqda çox möhkəm idi. Bu studiyada onun
zəhməti çoxdu.
Onun çəkdiyi filmlər tarixdə qalacaq, baxıldıqca, o da xatırlanacaq. Bir dəfə
çəkilişlərdən birində, Lənkəranda
qəzaya uğradıq,
gözümü açanda
gördüm ki, xəstəxanadayıq. 6 nəfər idik, hamımız xəsarət
almışdıq. Özü də
yaralanmasına baxmayaraq,
Köçəri bizi
danışdırır, güldürür,
qəzaya düşməyimizi
lətifə kimi danışıb, kefimizi açır, ağrılarımızı
yüngülləşdirməyə çalışırdı.
Bax, bu otaqda həmişə
bir yerdə oturmuşuq. O, dünyasını
dəyişəndən sonra
bu otağa girə bilmirdim. Qapını
açanda, elə bil nəsə çatışmırdı. Belə adamı, belə dostu itirmək mənimçün
çox ağırdı...
Cəmil Quliyev – kinorejissor
- Köçəri Məmmədov
mənimçün çox əziz dost idi, eyni zamanda peşəkar
bir sənətkar idi. Təsadüf belə gətirmişdi
ki, biz onunla "Mozalan" satirik kinojurnalında işlədik.
İşlədiyimiz zaman
ərzində mən
hiss etdim ki, Köçəri, operatora
xas olan bütün müsbət cəhətlərə malik
olan bir sənətkardır. O, çəkiliş
prosesində sənədli
kinooperator kimi çox çevik, çox operativ idi. Materialı yaxşı duyur,
rejissoru dərhal hiss edir, maraqlı kadrlar, qururdu. Onun çəkiliş materialına
xüsusi, yaradıcı
münasibəti vardı.
Köçərini çəkiliş anlarında bir vətəndaş kimi, cəsur insan kimi də xatırlayıram.
"Mozalan" kinojurnalına süjet çəkən zaman, 15 gün idi ki,
20 Yanvar hadisələri
vaş vermişdi və şəhərdə
komendant saatı elan edilmişdi. Buna baxmayaraq biz onunla
bir yerdə süjeti çəkməliydik.
Çəkilişlərin birində bizi
həbs edib komendaturaya apardılar.
Həmin
anda gördüm ki, Köçəri son anlarına qədər çəkiliş kamerasına
görə mübarizə
aparırdı. Bizdən materialı,
kameranı almaq istəyirdilər. O, əsgərlərlə,
zabitlərlə əlbəyəxaya
keçmişdi. Təbii ki,
onların sayı bizdən çox idi və kameranı
müsadirə etdilər.
Biz təxminən bir neçə saat orda komendaturada
qaldıq. Həmin anlarda
o özünü Azərbaycan
vətəndaşına layiq
apardı. Zabitlər özlərini
çox sərt, kobud aparmaqlarına baxmayaraq, Köçəri
heç nədən qorxmayaraq, onlara layiqli cavab verə
bilirdi. Sonra bizi azad etdilər və bir neçə gündən sonra kamera kinostudiyaya qaytarıldı. Bu maraqlı epizod heç vaxt yadımdan çıxmır.
Eşidəndə ki, Köçəri
Məmmədov vəfat
edib, çox kədərləndim. Həyatın acı bir təsadüfü
də o idi ki, həmin gün mənim atam da ağır
xəstə idi.
Atam mənə dedi ki, mütləq
getmək lazımdır,
sən bu gün mütləq getməsən, mən ki, bu vəziyyətdəyəm,
sabah gec
olar... Həmin gün mən
Köçərigilə yollandım.
Doğrudan da həmin günün axşamı mənim atam da vəfat
etdi... Kinostudiyada elə insanlar
var ki, onlar
ömrümün axırınadək
xatirəmdə qalacaqlar
və mən onları çox böyük məhəbbət
hissiylə yada salacam. Onlardan biri də Köçəri Məmmədovdur.
Heyif ki, o vaxtsız getdi. Allah ona rəhmət eləsin!
Kəmalə MUSAZADƏ
Mədəniyyət.- 2009.- 16 oktyabr.- S. 10.